» » » Mühasib fırıldaqları (6-cı sxem)

Mühasib fırıldaqları (6-cı sxem)

posted in: muhasibat, Məqalə, Xəbər | 0
birbank biznes

 

Mühasibat – istənilən biznesin mühüm tərkib hissədir. Həm nəhəng müəssisələr, həm də kiçik şirkətlər öz fəaliyyətlərində mühasibsiz keçinə bilməzlər. Bununla yanaşı, mühasiblərdən bəziləri öz rifah hallarını işlədikləri şirkətlərin hesabına artırmaqdan əl çəkmirlər. Bundan ötrü çoxlu sayda variantlar mövcuddur, axı, öz təşkilatlarının bütün maliyyə axınının “nəbzini öz əllərində” məhz, mühasiblər tuturlar.

Bu bölmədə biz mühasiblərin bəzi saxta sxemlərini nəzərdən keçirəcəyik, hansı ki, bunların sayəsində şirkətin gəlirləri əhəmiyyətli dərəcədə azala bilər, eləcə də həmin müəssisənin nüfuzuna xələl gələ bilər.

6-cı sxem
Kontragentlərlə hesablaşma zamanı fırıldaqçılıq

Bir çox müəssisələrdə zəruri cari ödənişləri etməkdən ötrü bəzən pul vəsaitlərinin çatışmazlığı məsələsi kəskin şəkildə özünü büruzə verir.

Belə deyək ki, istehsal müəssisəsinə cari həftə ərzində A və B tədarükçülərinə xammala görə ödəniş etmək, C müştərisinə isə artıq ödədiyi məbləği geri qaytarmaq lazımdır. Bundan əlavə, istehsal sahələri, anbar və ofisin icarəsinə görə ödəniş etmək və həmçinin vergiləri də ödəmək lazımdır. Zəruri ödəniləsi ümumi məbləğ deyək ki, 250 min manat təşkil edir, müəssisə isə yalnız 200 min manat ödəmək iqtidarındadır.

Belə hallarda fırıldaqçılıq etmək üçün mühasibdən ötrü yaxşı imkanlar ortaya çıxır. Sözügedən vəziyyətdə vergilər ən zəruri ödənişlər hesab olunur, çünki vaxtında ödənilməsə, cərimələrdən can qurtarmaq mümkün olmayacaq. Qalan ödənişləri etmək üçün isə mühasibin qarşısında seçim imkanları yaranır, əlbəttə, əgər rəhbərlikdən hər hansı konkret göstəriş yoxdursa.

Mühasib A tədarükçüsünə zəng edərək üzrxahlıq edir və söyləyir ki, ödənişi yalnız 10 gündən sonra etmək iqtidarındadırlar. Ola bilsin ki, A tədarükçüsü buna qarşı çıxmasın, lakin o, belə vəziyyətdə xammal göndərişinin baş tutmayacağı ilə bağlı xəbərdarlıq edəcək. Mühasib B tədarükçüsünə də zəng edir, amma burada başqa söhbət gedir.

Tədarükçü ödənişin ertələnməsinə qəti şəkildə etiraz edir, çünki o, bu pulların indi lazım olduğunu, özlərinin də təcili şəkildə nələr üçünsə ödəniş etməli olduqlarını bildirir. Belə olan halda ola bilsin ki, yaranmış vəziyyəti müzakirə etməklə bağlı mühasibə qarşılıqlı təklif edilsin.

Şəxsi söhbət zamanı mühasibə ödəniləcək məbləğin təxminən 3% həcmində “mükafat” təklif oluna bilər. Əgər, ödəniləcək məbləğ 50 min manat təşkil edirsə, mühasibə 1500 manat çatacaq. Özü də bu məbləği əldə etməkdən ötrü mühasib fövqəladə bir şey etməyəcək, yalnız öz xidməti vəzifəsini yerinə yetirəcək, yəni, tədarükçüyə çatası pulları onun hesabına köçürəcək.

Bəzən isə vicdansız mühasiblər belə vəziyyəti süni şəkildə özləri yaradırlar, baxmayaraq ki, ödənişləri etmək üçün müəssisənin hesabında kifayət qədər vəsait var. Belə halda mühasib təcili şəkildə pula ehtiyac duyan partnyorlarla “əlaqə” qurur. Sonra o, söyləyir ki, müəssisədə hazırda pul yoxdur və təəssüflər olsun ki, lazımi vəsaitin nə vaxt olacağı hələ məlum deyil.

Öz faydasını götürmək naminə bədniyyət mühasib nəinki təkcə doğma müəssisənin maraqlarını yaddan çıxarır, hətta öz kollektivini də zərbə altına qoyur.  Məsələr, olur ki, mühasib kontragentə iri məbləğdə pul köçürür (özünə çatacaq “mükafatı” aldığına görə), digər ödənişləri, məsələn, vergiləri ödəmək üçün hesabda pul saxlamır.

Bəzən asan qazanca çatmaq mühasibin gözlərini o qədər bağlayır ki, hətta ödənişi savadlı şəkildə tərtib etməyi belə unudur. Sənədlərlə təsdiq olunmamış bu cür ödənişlər isə nəzarətedici orqanlarla ciddi xoşagəlməzliklər yaranmasına gətirib çıxara bilər.

Bu növ saxtakarlıqları həyata keçirməkdən ötrü mühasib bir çox hallarda müəssisənin digər əməkdaşları, əsasən təchizatçılarla sövdələşməyə girir. Həmin əməkdaş bu maxinasiyalarda təşəbbüskar rolunda da çıxış edə bilər. Çünki, tədarükçülərlə daha sıx iş birliyində olur və bu cür incə məsələlərdə araçı rolunda çıxış etmək ondan ötrü elə də çətinlik törətmir.

Belə ki, o bir qayda olaraq tədarükçülərin maliyyə çətinlikləri ilə bağlı məlumatlı olur. Çox hallarda tədarükçü ilə danışıqlara da o başlayır və yalnız bundan sonra konkret təkliflə mühasibə müraciət edir.

Məqalənin 5-ci hissəsini bu linkə daxil olaraq oxuya bilərsiniz.

Mühasibat və Audit xidmətləri üçün bizə müraciət edin
+994 12 598 20 70
+994 50 210 07 15
info@audit.az