1. Normativ sənədlər: Azərbaycan Respublikasının Vergi Məcəlləsi, “Fiziki şəxslərin vergi uçotuna alınması, yenidən uçota alınması və uçotdan çıxarılması Qaydaları”, “Dövlət vergi orqanlarında kommersiya qurumlarının dövlət qeydiyyatının və vergi ödəyicilərinin uçotunun ləğv edilməsi Qaydaları”.
2. Müraciət forması: Kağız (əlbəəl və ya poçt vasitəsi ilə) və ya elektron.
Təqdim edilən ərizənin forması Azərbaycan Respublikasının Vergilər Nazirliyi tərəfindən müəyyən edilir.
Vergi orqanına təqdim edilən ərizələr yalnız fiziki şəxs, onun səlahiyyətli nümayəndəsi (notarial qaydada təsdiq edilmiş etibarnamə əsasında səlahiyyət verilmiş şəxs) və ya varisi (himayəçisi və ya qəyyumu) tərəfindən imzalanaraq təqdim edilə bilər.
2.1. Kağız daşıyıcısında ərizə bilavasitə uçotda olduğu vergi orqanına gəlməklə (vergi orqanlarının xidmət sturkturlarına) və ya poçt vasitəsilə təqdim edilir.
2.2. Elektron formada isə İnternet Vergi idarəsinin (www.taxes.gov.az) saytı üzərindən vergi orqanına göndərilə bilər.
3. Uçotdan çıxarılma halları: Vergi Məcəlləsinin 34.7.3-cü maddəsinə əsasən fiziki şəxsin uçotdan çıxarılması aşağıdakı hallarda mümkündür:
3.1. fiziki şəxsin fəaliyyətinə xitam verildikdə;
3.2. fiziki şəxs məhkəmə tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada ölmüş, itkin düşmüş və ya fəaliyyət qabiliyyətini itirmiş sayıldıqda;
3.3. fiziki şəxs vəfat etdikdə.
4. Təqdim edilən sənədlər:
4.1. fiziki şəxsin fəaliyyətinə xitam verildikdə – “Fiziki şəxsin vergi uçotundan çıxarılması haqqında ərizə” forması və vergi ödəyicisinin uçota alınması barədə fiziki şəxsin vergi uçotu haqqında şəhadətnamənin (vergi orqanından təhvil götürüldüyü halda) əsli.
4.2. fiziki şəxs ölmüş, itkin düşmüş və ya fəaliyyət qabiliyyətini itirmiş sayıldıqda – məhkəmənin müvafiq qərarı və vergi ödəyicisinin uçota alınması barədə fiziki şəxsin vergi uçotu haqqında şəhadətnamənin (vergi orqanından təhvil götürüldüyü halda) əsli.
4.3. fiziki şəxs vəfat etdikdə – ölüm haqqında şəhadətnamə və vergi ödəyicisinin uçota alınması barədə fiziki şəxsin vergi uçotu haqqında şəhadətnamənin (vergi orqanından təhvil götürüldüyü halda) əsli.
Ərizə elektron formada təqdim edildikdə fiziki şəxsin vergi uçotu haqqında şəhadətnamə fiziki şəxs vergi uçotundan çıxarılanadək vergi orqanına təhvil verilməlidir.
Vergi uçotundan çıxarılan fiziki şəxsin sahibkarlıq uçotu haqqında şəhadətnaməsi itmişdirsə, bu barədə fiziki şəxs və ya onun səlahiyyətli nümayəndəsi vergi orqanına məlumat verir. Fiziki şəxs ölmüş, itkin düşmüş və ya fəaliyyət qabiliyyətini itirmiş sayıldığı və ya fiziki şəxs vəfat etdiyi hallarda fiziki şəxsin varisi (himayəçisi və ya qəyyumu) olmadıqda və fiziki şəxsin sahibkarlıq uçotu haqqında şəhadətnaməsi tapılmadıqda onun vergi uçotundan çıxarılması üçün şəhadətnamənin vergi orqanına təqdim edilməsi tələb edilmir.
5. Ərizənin qəbulu zamanı yoxlanılmalı və məlumatlandırılmalı məsələlər: Vergi ödəyicilərinin uçot məlumat bazasında vergi uçotundan çıxarılan şəxs barədə aşağıdakı halların (aktiv uçot vahidlərinin) mövcud olub-olmaması yoxlanılmalı və yoxlamanın nəticəsi olaraq məlumatlandırılmalıdır:
5.1. fiziki şəxsin əlavə dəyər vergisinin məqsədləri üçün qeydiyyatının ləğv edilməsi barədə ərizənin təqdim edilməsi;
5.2. fiziki şəxsin təsərrüfat subyektinin (obyektin) uçotdan çıxarılması barədə ərizənin təqdim edilməsi;
5.3. fiziki şəxsin təsərrüfat subyektində (obyektində) qeydiyyata alınmış nəzarət-kassa aparatlarının qeydiyyatdan çıxarılması barədə ərizənin təqdim edilməsi;
5.4. fiziki şəxsin təsərrüfat subyektində (obyektində) olduğu yer üzrə qeydiyyata alınmış Pos-terminalların qeydiyyatdan çıxarılması;
5.5. fiziki şəxsin aktiv bank hesablarının bağlanılması;
5.6. müraciətin edilməsi tarixinə, fiziki şəxsin dövlət büdcəsinə vergi borcunun ödənilməsi;
5.7. təqdim edilməmiş bəyannamələrin (hesabatların) vergi orqanına təqdim edilməsi.
6. Vergi uçotundan çıxarılma barədə ərizə ilə əlaqədar vergi ödəyicisi tərəfindən yerinə yetirilən proseduralar:
5.1.-5.7-ci bənddə göstərilən hallardan biri olduqda fiziki şəxs tərəfindən həmin halların aradan qaldırılması ilə əlaqədar zəruri işlər (Aktiv uçot vahidlərinin bağlanılması ilə əlaqədar ərizə və sənədləri, təqdim edilməmiş bəyannamələri təqdim etmək, dövlət büdcəsinə vergi borcunun ödənilməsi) görülməlidir.
7. Nəticə: Qeyd olunan normativ hüquqi aktlara əsasən vergi orqanında müvafiq prosedurlar (aktiv bank hesablarının bağlanılması, vergi ödəyicisinin nəzarət-kassa aparatının, təsərrüfat subyektinin (obyektinin) uçotdan çıxarılması, vergi ödəyicisinin dövlət büdcəsinə vergi borcunun ödənilməsi, təqdim edilməmiş bəyannamələrinin təqdim edilməsi, son səyyar vergi yoxlaması və s.) başa çatdırıldıqdan sonra fiziki şəxs vergi uçotundan çıxarılır və bu barədə ona məktub göndərilir.