» » » İcarəyə götürülən əsas vəsaitlərin təmirinə çəkilən xərclərin gəlirdən çıxılmasında yenilik

İcarəyə götürülən əsas vəsaitlərin təmirinə çəkilən xərclərin gəlirdən çıxılmasında yenilik

posted in: Xəbər | 0
birbank biznes

2024-cü il yanvarın 1-dən Vergi Məcəlləsində edilən dəyişikliklərdən biri də icarəyə götürülən əsas vəsaitlərin təmirinə çəkilən xərclərin gəlirdən çıxılması ilə bağlıdır. İqtisadçı ekspert Mahmud Abasquliyev qanunvericilikdə edilən dəyişikliyi şərh edir.

Bununla bağlı Vergi Məcəlləsinin 115.6-1-ci maddəsində dəyişiklik edilib. 2024-cü il yanvarın 1-dən müqavilə əsasında icarəyə götürülən daşınar və daşınmaz əmlaklara görə çəkilmiş təmir xərclərinin gəlirdən çıxılması prosesi dəyişib.

Məcəllənin 115.6-1-ci maddəsinə əsasən, icarəçinin balansında uçota alınmayan əsas vəsaitlərin təmirinə çəkilən və icarə haqqı ilə əvəzləşdirilməyən, yaxud icarəyə verən tərəfindən əvəzi ödənilməyən xərclər bağlanmış müqavilə müddəti ərzində, lakin 5 ildən az olmayaraq, illər üzrə mütənasib məbləğlərdə amortizasiya olunmaqla gəlirdən çıxılır. İcarəyə götürülmüş əsas vəsaitlərin təmirinə çəkilən xərclər hər il üzrə ayrıca olaraq kapitallaşdırılır və bu maddə ilə müəyyən edilmiş qaydada amortizasiya olunur.

2023-cü ilin sonuna qədər həmin təmir xərcləri kapitallaşdırılıb sahibkarlıq subyektinin uyğun olduğu meyara əsasən amortizasiya edilirdi. Mikro sahibkarlarda 2, kiçik sahibkarlarda isə 1,5 əmsala vurmaqla hesablanırdı. 2024-cü ildən isə icarə müqavilələri üzrə çəkilən təmir xərclərinin amortizasiyası düz xətt metoduna uyğun illərə mütənasib olaraq amortizasiya ediləcək.

Misal 1: Tutaq ki, müəssisə 2023-cü ildə 5 illik icarə müqaviləsi bağlayıb. Götürdüyü daşınmaz əmlaka 10.000 manat məbləğində təmir xərci çəkib. 2023-cü ildə mikro sahibkarlıq subyekti olaraq həmin əmlaka 7% amortizasiya hesablanıb və 2 əmsaldan istifadə edərək xərclər gəlirdən çıxılıb. 2024-cü ildən etibarən kapitalda qalan qalığı 4 ilə bölərək hər ilə mütənasib olaraq gəlirdən çıxılan xərc kimi hesablayaraq çıxılacaq.

Misal 2: Müəssisə 2024-cü ildə daşınmaz əmlakın icarəsi üzrə yeni müqavilə bağlayıb. Həmin əmlaka 10.000 manat təmir xərci çəkilib. Müqavilənin müddəti 2 ildir. Ancaq həmin vəsaiti 5 il müddətinə xərc kimi gəlirdən çıxa biləcək. Bu halda hər ilə 2000 manat məbləğində vəsait gəlirdən çıxılacaq:

10000 : 5 = 2000 manat.

Misal 3: Müəssisə 2024-cü ildə daşınmaz əmlak üçün icarə müqaviləsi bağlayıb. Həmin obyektə 10.000 manatlıq təmir xərci çəkilib. Müqavilə 5 illik bağlanıb.

10000 : 5 = 2000 manat.

Sonuncu il müqavilənin müddəti daha 2 il uzadılıb. Bu zaman həmin qalan 2000 manat yenidən 3 ilə görə kapitallaşdırılıb xərc kimi gəlirdən çıxılacaq.

Müqavilənin müddəti uzandıqca gəlirdən çıxılan xərclərin çıxılması müddəti də uzanır.

Misal 4: Müəssisə 5 illik icarə müqaviləsi bağlayıb. Birinci il 10.000 manat təmir xərci çəkib. Hər il 2000 manat xərc kimi gəlirdən çıxılır. 3-cü ildə yenidən 10.000 manatlıq təmir xərci çəkilir. Bu zaman amortizasiya edilərək gəlirdən çıxılacaq məbləğ 16.000 manat olacaq:

10000 – 2000 – 2000 = 6000 manat.

6000 + 10000 = 16000 manat.

Müqavilənin geri qalan müddəti 3 il olduğu üçün həmin məbləğ 3-ə bölünərək gəlirdən çıxılacaq.

16000: 3 = 5333 manat.

Mənbə: vergiler.az

2024-cü il üçün əməkhaqqı cədvəli – əməkhaqqıdan tutulmalar necə hesablanacaq?