» » » İşğaldan azad edilmiş ərazilərdə fəaliyyət göstərən sahibkarlar üçün yeni imkan

İşğaldan azad edilmiş ərazilərdə fəaliyyət göstərən sahibkarlar üçün yeni imkan

posted in: Uncategorized | 0
birbank biznes

Fevralın 1-dən etibarən işğaldan azad edilmiş ərazilərdə fəaliyyət göstərən sahibkarlar üçün zəmanət və subsidiya mexanizmi üzrə müraciət imkanı yaradılıb.

Bunu Sahibkarlığın İnkişafı Fondunun İdarə Heyətinin sədri Osman Xaliyev bildirib.

Onun sözlərinə görə, işğaldan azad edilmiş ərazilərdə fəaliyyət göstərən sahibkarların biznes kreditlərinin 90%-dək hissəsinə dövlət zəmanəti verilir. Sahibkarlar E-gov.az portalı və edf.gov.az saytı üzərindən “Elektron kredit və zəmanət” informasiya sistemində qeydiyyatdan keçərək mexanizmdən yararlanmaq üçün müraciət edə bilərlər. Mexanizm çərçivəsində bu ərazilərdə investisiya layihəsi həyata keçirən sahibkarların məbləği 5 milyon manatadək, müddəti 7 ilədək, illik faiz dərəcəsi 15%-dək olan biznes kreditlərinin 90%-dək hissəsinə dövlət zəmanəti verilir. Bununla yanaşı, həmin kreditlərin illik faiz dərəcəsinin 10% bəndi 36 aya qədər müddətdə dövlət tərəfindən subsidiyalaşdırılır və kreditin müddətinin yarısından çox olmamaqla, 36 aya qədər güzəşt müddəti tətbiq edilir.

O.Xaliyev bildirib ki, işğaldan azad edilmiş ərazilərdə fəaliyyət göstərən sahibkarlar istənilən sahə üzrə kredit almaq üçün müraciət edə bilərlər. Qeyd edək ki, “İşğaldan azad edilmiş ərazilərdə fəaliyyət göstərən sahibkarlara dəstək” mexanizmi İqtisadiyyat Nazirliyinin Sahibkarlığın İnkişafı Fondu tərəfindən bu ərazilərdə iqtisadi aktivliyin bərpa olunması və investisiya qoyuluşlarının sürətlənməsinə dəstək məqsədilə həyata keçirilir. Mexanizm həmin ərazilərdə qeyri-neft sektoru üzrə qanunla qadağan olunmayan bütün iqtisadi sahələrdə fəaliyyət göstərən sahibkarlar üçün nəzərdə tutulub.

Mənbə: vergiler.az

Əmtəəsiz əməliyyatlara görə maliyyə sanksiyası tətbiq ediləcək