Müxtəlif nəzəri məktəblər tərəfindən pulun mənşəyi məsələsi, ilk növbədə, mübadilə prosesi ilə əlaqələndirilir.
Pulun mənşəyini öyrənmək ticarətin inkişafı, mübadilə proseslərini, yəni Fridrix Hayekin “insan əməkdaşlığının geniş üsulu” adlandırdığı insan sivilizasiyasının meydana gəlməsini araşdırmaqdır.
Mübadilənin ən primitiv forması bir əmtəənin digər əmtəəyə birbaşa mübadiləsini təmsil edən barterdir. Məsələn, bir maldar sahibi olduğu inəyi, torpaq sahibinin 600 kq taxılına dəyişdirir. Lakin, barter əməliyyatları yalnız məhdud mübadilə edilmiş mal dəsti ilə həyata keçirilə bilər. Barter mübadiləsində iştirak edənlərin sayı da məhduddur. Bazara getdikcə daha çox yeni iştirakçı daxil olduqda, mübadilə ciddi çətinliklərlə qarşılaşır. Məsələn, kartofunuzu bir taxta çəlləyə dəyişdirmək istəyirsiniz, amma çəllək sahibinin kartofunuza ehtiyacı yoxdur. İstədiyiniz taxta çəlləyə sahib olmazdan əvvəl bir çox aralıq sövdələşmələri həyata keçirməlisiniz.
Karl Menqerin qeyd etdiyi kimi, əgər “hər şeyin təbiətində müstəqil və heç bir razılaşma və ya məcburiyyət olmadan” bu çətinliyin həllinə gətirib çıxaran vəsait olmadan” həmin problem qarşısıalınmaz görünə bilərdi. Fakt budur ki, mübadilə prosesi inkişaf etdikcə maksimum satış qabiliyyətinə və ya müasir dillə desək, maksimum likvidliyə malik olan müəyyən bir mal ayrılır. Likvid məhsul – bu, asanlıqla satılan bir məhsuldur. Bəs bir məhsulun satış qabiliyyətini və ya likvidliyini nə müəyyənləşdirir?