Kreativ uçot və mühasibin peşəkar mühakiməsi (1-ci hissə)
![]()
Mühasibat uçotu sahəsində elmi fikir mühasibat uçotunun təkmilləşdirilməsi məqsədləri üçün yaradıcı yanaşma mövqeyindən daim inkişaf edir. İqtisadi ədəbiyyatda uçot prosesinə və hesabatına təsir edən peşəkar mühakimədə diskussiya xarakterli fikirlər ortaya çıxıb. Bununla əlaqədar olaraq, xarici ədəbiyyatda kreativ uçot anlayışı yaranıb ki, bu da müxtəlif ölkələrin alimləri tərəfindən fərqli nöqteyi-nəzər və mövqelərdən nəzərdən keçirilir.
Kreativ və ya yaradıcı uçot, öz adını creative – yaradıcı ingilis sözündən götürmüşdür. Hesab edilir ki, o, qanuni metodların məcmusudur, bu metodlar vasitəsilə mühasib öz peşəkar biliyindən istifadə edərək, maraqlı şəxslər üçün maliyyə hesabatlarının cəlbediciliyini artırır və işlədiyi şirkət üçün vergi yükünü azaldır. Beləliklə, hesab edilir ki, dövlət nöqteyi-nəzərindən mühasibin yaradıcılıq başlanğıcı büdcə və təşkilatın qarşılıqlı münasibətlərinə vergi xəzinəsinin artırılması mövqeyindən mənfi təsir göstərir.
M. R. Metyus və M. X. B. Perera iddia edirlər ki, kreativ uçot “ən yaxşı təzahürlərində – hamı tərəfindən qəbul edilmiş praktikaya və ya müəyyən edilmiş standartlara və prinsiplərə uyğun gəlməyən istənilən uçot üsuludur. Ən pis təzahürlərində isə, bu, müəssisənin hesablarını səhmdarların, investorların və digər maraqlı istifadəçilərin gözündə öz fəaliyyətlərini daha məqbul və faydalı bir şəkildə təmsil etmələri üçün tənzimləmə prosesidir”.
Uçotun kreativliyi informasiyanın istiqamətindən və idarəetmədə ondan istifadə edilməsindən asılı deyil, mühasibin idarəetmənin məqsədləri üçün uçotun təşkili və aparılmasına göstərdiyi təsiri xarakterizə edir. Bizim nöqteyi-nəzərdən, kreativ uçotu, mühasibin peşəkar mülahizəsinin məqsədindən asılı olaraq uçotun düzgün, keyfiyyətli aparılmasına və hesabatların tərtib edilməsinə təsiri baxımından nəzərdən keçirmək lazımdır.
Hazırda iqtisadi ədəbiyyatda kreativ uçot, əsasən, təşkilatın həqiqi maliyyə vəziyyətini yaxşılaşdıran alət kimi nəzərdən keçirilir. Bununla əlaqədar olaraq, mühasibat hesabatlarında iki növ səhvi qabardırlar – ört-basdır etmə və saxtalaşdırma. İddia edilir ki, səhvlərin ört-basdır edilməsi heç də həmişə şüurlu şəkildə baş vermir və balans tərtibçilərinin bilməməzliyi və ya səliqəsizliyi nəticəsində yarana bilər, lakin bir qayda olaraq, qəsdən törədilir. Saxtakarlıq isə investisiyaları cəlb etmək məqsədilə şüurlu və məqsədli şəkildə həyata keçirilir.