Sual: Cəmiyyətimiz topdansatış fəaliyyəti ilə məşğuldur və ƏDV ödəyicisidir. 28.12.2019-cu il tarixdə elektron qaimə-faktura əsasında dəyəri 10.000 manat olan avadanlıq satıb, lakin bu zaman elektron vergi hesab-fakturası (EVHF) təqdim edilməyib.
Məlum olduğu kimi, yeni dəyişikliklərə əsasən, 1 yanvar 2020-ci il tarixdən etibarən malların satışına görə yalnız elektron qaimə-faktura verilir. Bilmək istərdik ki, 28.12.2019-cu il tarixdə təqdim etdiyimiz mallara görə 2020-ci ilin yanvar ayında elektron vergi hesab-fakturası təqdim etməliyikmi?
Cavab: 1 yanvar 2020-ci il tarixdən təqdim olunmuş mallara (işlərə, xidmətlərə) görə elektron vergi hesab-fakturasının verilməsi ləğv edilib. Həmin tarixdən etibarən təqdim edilmiş mallara (işlərə, xidmətlərə) görə ƏDV ödəyiciləri tərəfindən yalnız elektron qaimə-faktura təqdim olunur. 2020-ci ilin 1 yanvar tarixinədək təqdim edilmiş mallara (işlərə, xidmətlərə) görə isə elektron qaimə-faktura ilə yanaşı, elektron vergi hesab-fakturası da təqdim edilir.
Belə ki, qanunvericiliyə əsasən, 2020-ci il 1 yanvar tarixinədək alınmış mallara (işlərə, xidmətlərə) görə ödənilən ƏDV-nin əvəzləşdirilməsi 01.01.2020- ci ilədək mövcud olan qaydada həyata keçirilir. Qeyd olunanlara əsasən, 2019-cu ilin dekabr ayında elektron qaimə-faktura əsasında təqdim edilmiş mallara görə malların alıcısına elektron vergi hesab-fakturası təqdim olunmalıdır.
Əsas: Vergi Məcəlləsi, 71-1-ci, 175.1-ci maddələr və “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 29 noyabr 2019-cu il tarixli 1704-VQD nömrəli Qanunu , 2.1-ci maddə.
Mənbə: taxes.gov.az