» » » 500 milyard dollarlıq şəhər

500 milyard dollarlıq şəhər

posted in: Xəbər | 0
birbank biznes

Səudiyyə Ərəbistanı 500 milyard dollara gələcəyin şəhərini inşa edəcək.

Robotlar, bərpa olunan enerji və öz qanunları ilə idarə olunacaq şəhər ölkəni və onun iqtisadiyyatını modernləşdirməyə hesablanıb.

Səudiyyə Ərəbistanının şahzadəsi, vəliəhd Məhəmməd ibn Salman krallığın XXI əsr ölkəsinə çevrilməsinə kömək edəcək futurizm üslubunda olan layihəni Səudiyyə Ərəbistanında reallaşdırmaq üçün Alcoa və Siemens şirkətinin keçmiş baş direktorunu Ər-Riyada dəvət edib. Şahzadə həmçinin vəd edib ki, dövlət islamın daha tolerant formasına keçid edəcək və bütün dünya dinləri və ənənələrinə öz qapılarını açıq elan edəcək, beləliklə, Səudiyyə Ərəbistanı öz iqtisadiyyatının diversifikasiyasını həyata keçirəcək və bura sərmayəçilər dəvət olunacaqlar.

Neom adı verilmiş və ölkənin şimali-qərbində, İordaniya və Misir sərhədləri yaxınlığında, Qırmızı dəniz sahilində yerləşəcək şəhərin ümumi sahəsi 25 000 kv. km, layihənin dəyəri isə 500 milyard ABŞ dolları təşkil edəcək. Layihə Səudiyyə Ərəbistanının Public İnvestment Fund (PIF) suveren fondu və  özəl investorlar tərəfindən maliyyələşdiriləcək. Layihəyə Alcoa, ondan əvvəl isə Siemens şirkətinin baş direktoru işləmiş Klaus Klyainfeld rəhbərlik edəcək.

Neom – Fars körfəzi ölkələrinin iqtisadiyyatını neft asılılığından qurtara biləcək və  sıfırdan başlanılmaqla inşası nəzərdə tutulan ilk nəhəng şəhər layihəsi deyil. Hələ 2006-cı ildə Abu-Dabi Masdar şəhərinin tikintisinə başlayıb. Bu şəhərin təxminən 50 000 nəfər sakini olacağı və orada elektik enerjisinin bərpa olunan mənbələr hesabına əldə ediləcəyi nəzərdə tutulub. Lakin, şəhərin tikintisi hələ də başa çatdırılmayıb. Bundan əlavə, iki il əvvəl Misir də ölkə paytaxtını Qahirədən şərqdə salmaq planını elan edib, amma 300 milyard dollarlıq bu layihə hələ də ləngidilməkdədir.

Neom nəinki indiki Səudiyyə Ərəbistanından, eləcə də istənilən digər şəhrlərdən kəskin fərqlənməlidir. Güman olunur ki, şəhərdə robotlar insanlardan çox olacaq, onlardan müxtəlif sahələrdə – səhiyyədən tutmuş təhlükəsizliyin təminatına qədər, istifadə olunacaq. Avtomobillər avtopilotla hərəkət edəcək, şəhəri elektrik enerjisi ilə günəş və külək stansiyaları təmin edəcək. Şahzadə Məhəmməd mövcud layihənin həyata keçirilməsinin asan olmayacağını etiraf edib: “Arzu etmək asandır, arzuları reallığa çevirmək isə çox çətindir”.

Neom öz qanunları ilə idarə olunacaq, biznesə açıq olacaq və əcnəbi sakinlərə daha dostyana münasibət sərgilənəcək. Layihənin təqdimatı zamanı göstərilən video-rolikdə yoqa və balerinalıqla məşğul olan qadınlar göstərilib (halbuki Səudiyyə Ərəbistanında ictimai yerlərdə qadınlar başdan ayağa qapalı geyimdə görünə bilərlər).

Şəhər Səudiyyə iqtisadiyyatını neft asılılığından xilas edəcək “2030-cu ilə baxış” ambisiyalı islahat planının bir hissəsi hesab olunur. Plana əsasən PİF Saudi Aramco dövlət neft şirkətinin vəsaitləri hesabına ölkə hüdudlarından kənarda da iri layihələrə sərmayələr yatırmağı düşünür.  Krallıq sözügedən şirkətin 5 faizlik payını satmaqla 100 milyard dollar vəsait cəlb etmək istəyir.

Layihə şahzadə Məhəmmədin təkcə iqtisadiyyatı deyil, eləcə də Səudiyyə Ərəbistanı cəmiyyətini liberallaşdırmaq arzusundan xəbər verir. Bu ilin sentyabr ayında artıq ölkədə qadınların avtomobil sürməsinə qoyulan qadağa aradan qaldırılıb. “Biz normal həyat yaşamaq istəyirik, hansı ki, dini dözümlülüyümüz, bizim xoş adət və ənələrimizi əks etdirir, sülh içərisində yaşamaq, ölkəmizin inkişafına töhfə vermək niyyətimizdən xəbər verir”, – şahzadə belə bəyan edib.

 

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.