» » » İşğaldan azad edilmiş ərazilərdə tətbiq olunan vergitutmanın xüsusiyyətləri

İşğaldan azad edilmiş ərazilərdə tətbiq olunan vergitutmanın xüsusiyyətləri

posted in: Xəbər | 0
birbank biznes

vergitutmaVergi Məcəlləsinə əlavə edilmiş “İşğaldan azad edilmiş ərazilərdə tətbiq edilən vergitutmanın xüsusiyyətləri” adlı yeni 19-cu fəsildə işğaldan azad edilmiş ərazilərin rezidentlərinə verilən vergi azadolmaları, həmin azadolmaların tətbiq edildiyi subyektlərin və əməliyyatların dairəsi ilə bağlı məsələlərin tənzimlənməsi öz əksini tapıb. Bu yeniliklə bağlı əmək qanunvericiliyi eksperti Nüsrət Xəlilov şərh bildirir.

İşğaldan azad edilmiş ərazilərdə vergitutma ilə bağlı bütün digər məsələlər Vergi Məcəlləsinin I – XVII fəsillərinə uyğun olaraq tənzimlənir. Yeni əlavə edilmiş fəsildə “işğaldan azad edilmiş ərazinin rezidenti” adlı ifadədən istifadə edilib.

Vergi Məcəlləsinin 226.2-ci maddəsinə əsasən, bu fəslin məqsədləri üçün işğaldan azad edilmiş ərazinin rezidenti dedikdə, işğaldan azad edilmiş ərazilərdə vergi uçotuna alınan və bilavasitə həmin ərazilərdə fəaliyyət göstərən hüquqi və fiziki şəxslər başa düşülür.

Vergi Məcəlləsinin 226.3-cü maddəsinə əsasən, bu fəsildə müəyyən edilən vergi azadolmalarının aşağıdakı fəaliyyət növləri və əməliyyatlara şamil edilmədiyi öz əksini tapıb:

  • maliyyə xidmətlərinin göstərilməsi sahəsində fəaliyyət;
  • avtonəqliyyat vasitələri ilə yük daşıma xidmətləri;
  • dövlət büdcəsinin vəsaitləri hesabına podratçı (işğaldan azad edilmiş ərazi daxilində istehsal fəaliyyətini həyata keçirən rezident podratçılar istisna olmaqla) tərəfindən malların,işlərin və xidmətlərin) təqdim edilməsi.

Məcəlləyə əlavə edilmiş 227-ci maddədə işğaldan azad edilmiş ərazilərin rezidenti üçün aşağıdakı azadolmalar nəzərdə tutulur:

  • işğaldan azad edilmiş ərazinin rezidentləri 2023-cü il yanvarın 1-dən etibarən 10 il müddətində mənfəət (gəlir), əmlak, torpaq və sadələşdirilmiş vergi” dən azaddırlar;
  • ƏDV-nin məqsədləri üçün qeydiyyatda olan işğaldan azad edilmiş ərazinin rezidentləri tərəfindən siyahısı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq edilmiş iqtisadi fəaliyyət sahələri və mal nomenklaturaları üzrə texnikanın, texnoloji avadanlıqların və qurğuların, habelə xammal və materialların idxalı 2023-cü il yanvarın 1-dən etibarən 10 il müddətində ƏDV-dən azaddır. Bu maddənin müddəaları müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilmiş qaydada verilmiş təsdiqedici sənəd əsasında tətbiq edilir;
  • işğaldan azad edilmiş ərazinin rezidenti olan hüquqi şəxslərin səhmdarlarının (payçılarının) dividend gəlirləri 2023-cü il yanvarın 1-dən etibarən 10 il müddətində vergidən azaddır.

Vergi Məcəlləsinin 227.4-cü maddəsinə əsasən, bu maddədə nəzərdə tutulan vergi azadolmaları aşağıdakı şərtlər daxilində tətbiq edilir:

  • istehsal, o cümlədən emal və hasilat fəaliyyəti sahəsi üzrə vergi azadolması işğaldan azad edilmiş ərazidə vergi uçotuna alınan və həmin ərazilərdə bu fəaliyyəti göstərən vergi ödəyicilərinə münasibətdə tətbiq edilir. Bu maddədə nəzərdə tutulan vergi azadolması istehsal, o cümlədən emal və ya hasil edilərək işğaldan azad edilmiş ərazi daxilində və ya həmin ərazidən kənara təqdim edilən, habelə Azərbaycan Respublikasının ərazisindən ixrac edilən mallara görə əldə olunan gəlirlərə şamil edilir;
  • topdansatış ticarət, tikinti və xidmət (əhaliyə göstərilən xidmətlər istisna olmaqla) sahələri üzrə vergi azadolması işğaldan azad edilmiş ərazidə vergi uçotuna alınan və malları, işləri, xidmətləri) işğaldan azad edilmiş ərazinin rezidentlərinə təqdim edən hüquqi və fiziki şəxslərə münasibətdə tətbiq edilir.

Həmin şəxslər malları (işləri, xidmətləri) işğaldan azad edilmiş ərazidən kənarda fəaliyyət göstərən şəxslərə təqdim etdikləri, o cümlədən Azərbaycan Respublikası ərazisindən ixrac etdikləri halda, bu maddədə nəzərdə tutulan vergi azadolmaları həmin şəxslərə şamil edilmir;

  • turizm, pərakəndə ticarət, ictimai iaşə və digər əhaliyə xidmət sahələri üzrə vergi azadolması işğaldan azad edilmiş ərazidə vergi uçotuna alınan və həmin ərazilərdə fəaliyyət göstərən vergi ödəyicilərinə münasibətdə tətbiq edilir;
  • Vergi Məcəlləsinin 227.4.1 – 227.4.3-cü maddələrində nəzərdə tutulan fəaliyyət növləri ilə məşğul olan işğaldan azad edilmiş ərazinin rezidenti işğaldan azad edilmiş ərazi ilə yanaşı, həmin ərazidən kənarda da (Azərbaycan Respublikası ərazisi daxilində) eyni növ fəaliyyəti həyata keçirdiyi halda, bu maddədə nəzərdə tutulan vergi azadolmaları həmin şəxslərə şamil edilmir;
  • Məcəllənin 227.4.1 – 227.4.3-cü maddələrində nəzərdə tutulan fəaliyyət növləri ilə məşğul olan işğaldan azad edilmiş ərazinin rezidenti işğaldan azad edilmiş ərazi ilə yanaşı, həmin ərazidən kənarda, o cümlədən Azərbaycan Respublikasının hüdudlarından kənarda digər fəaliyyət növü həyata keçirdiyi halda işğaldan azad edilmiş ərazidə göstərilən fəaliyyətlə həmin ərazilərdən kənarda göstərilən digər fəaliyyət növləri üzrə əldə edilən gəlirlərin və xərclərin uçotu hər bir fəaliyyət növü üzrə ayrılıqda aparılır;
  • bu maddədə nəzərdə tutulan vergi azadolmaları işğaldan azad edilmiş ərazinin rezidentinin həmin ərazidəki fəaliyyəti ilə bağlı əldə olunan satışdankənar gəlirlərinə də şamil edilir.

Vergi Məcəlləsinin 228-ci maddəsində göstərilir ki, fiziki şəxs olan istehlakçılar tərəfindən işğaldan azad edilmiş ərazilər daxilındə yerləşmə vasitələri hesab edilən mehmanxanalar (hotellər) tərəfindən göstərilən gecələmə və qalma xidmətlərinə (digər əlavə xidmətlər istisna olmaqla) görə nağdsız qaydada ödənilən ƏDV-nın 30 faizi, nağd qaydada ödənilən ƏDV-nin 5 faizi geri qaytarılır. Bu maddə üzrə ƏDV-nin qaytarılması qaydası və şərtləri bu Məcəllənin 165.5-ci maddəsinə uyğun olaraq müəyyən edilir.

Məcəllənin 229-cu maddəsinə əsasən, işğaldan azad edilmiş ərazinin rezidenti həmin ərazidəki fəaliyyəti ilə bağlı vergi hesabatlarını bu Məcəllədə nəzərdə tutulan qaydada və müddətlərdə vergi orqanına təqdim edir.

Mənbə: Nüsrət Xəlilov. “Əmək qanunvericiliyi: Testlər və praktiki məsələlər toplusu” kitabı.

Mənbə: vergiler.az