» » » Cari ildə ödənilən və əvəzləşdirilməyən ƏDV məbləğləri gəlirdən çıxıla bilərmi?

Cari ildə ödənilən və əvəzləşdirilməyən ƏDV məbləğləri gəlirdən çıxıla bilərmi?

posted in: Xəbər | 0

Təcrübədə vergi ödəyiciləri tərəfindən əsas məbləğ ödənilən vaxt əlavə dəyər vergisinin (ƏDV) ödənişinin qaydalara uyğun olmayaraq həyata keçirilməsi hallarına rast gəlirik. Bəs cari ildə ödənilən və əvəzləşdirilməyən ƏDV-lərin aqibəti necə olur? Məsələyə sərbəst auditor Altay Cəfərov aydınlıq gətirir.

Məsələni sadə formada nəzərdən keçirsək, görürür ki, Vergi Məcəlləsinin tələblərinə görə, əsas məbləğ alıcı tərəfindən satıcının bank hesabına, 18% ƏDV isə alıcının ƏDV depozit hesabından və ya bank hesabından satıcının ƏDV depozit hesabına ödənilməlidir. Ancaq bir çox hallarda ödənişlər qaydalara uyğun həyata keçirilmir və ödənilən ƏDV əvəzləşdirilmir.

Ən maraqlısı odur ki, əvvəlki illərdən qalan kreditor borclarına görə cari ildə ödənilən və əvəzləşdirilməyən ƏDV-lərin aqibəti necə olur. Məsələni tam başa düşmək üçün bir neçə misal üzərində nəzərdən keçirək.

Misal 1: “AA” MMC 2023-cü ilin noyabr ayında 10.000 manatlıq (ƏDV-siz), 1.800 manat ƏDV məbləği ilə birlikdə malları əldə edib. Həmçinin, malların ümumi dəyərini 2023-cü ilin bank hesabından satıcının bank hesabına ödəyib. Yəni bütün 11.800 manatın hamısı qarşı tərəfin bank hesabına ödənilib.

Biznes hesabi

Misal 2: “AA” MMC 2022-ci ilin noyabr ayında 10.000 manatlıq (ƏDV-siz), 1.800 manat 18% ƏDV ilə birlikdə malları əldə edib. Şirkət aldığı malların dəyərini ödəməyib və 2022-ci ildə malları satıb. Həmçinin, malların ümumi dəyərini 2023-cü ilin may ayında bank hesabından satıcının bank hesabına ödəyib. Yəni bütün 11.800 manatın hamısını qarşı tərəfin bank hesabına ödəyib.

Misal 3: “AA” MMC 2022-ci ilin noyabr ayında 10.000 manatlıq (ƏDV-siz), 1.800 manat 18% ƏDV-si ilə birlikdə xidmətlər əldə edib. MMC əldə etdiyi xidmətlərin dəyərini ödəməyib. Və 2022-ci ildə xidməti xərc maddəsi kimi silib. Həmçinin, xidmətin ümumi dəyərini 2023-cü ilin may ayında nağd formada satıcının kassasına ödəyib. Yəni bütün 11.800 manatın hamısını qarşı tərəfin kassasına ödəyib.

Misal 4: “AA” MMC 2022-ci ilin noyabr ayında 10.000 manatlıq (ƏDV-siz), 1.800 manat 18% ƏDV ilə birlikdə xammal əldə edib. Cəmiyyət əldə etdiyi xammalın dəyərini ödəməyib və 2022-ci ildə xammal istehsala silinib. Hazır məhsul əldə edilib. Hazır məhsul 2022-ci ildə qalıqda qalıb və 2023-cü ilin fevral ayında satılıb. Həmçinin, xammalın ümumi dəyərini 2023-cü ilin may ayında nağd formada satıcının kassasına ödəyib. Yəni bütün 11.800 manatın hamısını qarşı tərəfin kassasına ödəyib.

Misallarda göstərilən hallarda nəzərdə tutulmuş qaydalara uyğun ödənilməyən ƏDV-nin aqibəti necə olacaq?

Vergi Məcəlləsinin 175.1-ci maddəsində qeyd edilib ki, bu maddədə başqa hallar nəzərdə tutulmayıbsa, ƏDV tutulan əməliyyatlar üçün malların (işlərin, xidmətlərin) alışı zamanı ödənilmiş ƏDV məbləği əməliyyatın dəyəri alıcının bank və digər ödəniş hesabından həmin malları (işləri, xidmətləri) təqdim edən şəxsin bank və digər ödəniş hesabına, ƏDV məbləği ƏDV-nin depozit hesabına ödənildikdə əvəzləşdirilir.

Birinci misalımızda nəticə daha sadədir. Belə ki, 1.800 manat ƏDV qaydalara uyğun ödənilmədiyindən əvəzləşdirilməyəcək və noyabr ayında alınmış malların maya dəyərinə daxil ediləcək.

İkinci misalımızda məsələ çox çətinləşir. MMC 2022-ci ildə 10.000 manatlıq malları alıb və bu malları 2022-ci ildə də satıb. Eyni zamanda, aldığı malların 1.800 manat ƏDV-sini hələki əvəzləşdirməyib və 241 saylı balans hesabında qalıq kimi saxlayıb. Yəni bu həm mühasibat uçotununun, həm də vergi uçotunun tələbləridir.

Odur ki, 01.01.2023-cü il tarixinə MMC-nin vergi və mühasibat uçotunda mal qalığı qalmayacaq. Amma 11.800 manat kreditor borcu və 1.800 manat əvəzləşdiriləcək ƏDV qalığı qalacaq. Nəticə odur ki, şirkət 11.800 manatı qaydalara uyğun ödəyəndə artıq 1.800 manat ƏDV də əvəzləşdiriləcək.

Ancaq sonradan aydın olur ki, 2023-cü ilin mayında 11.800 manat qaydalara uyğun ödənilməyıb. Nəticədə 1.800 manat əvəzləşdirilməyəcək.
Bu halda “AA” MMC əvəzləşdirilməyən 1.800 manatı xərc kimi tanımalıdır, yoxsa başqa mənbədən silməlidir?

Vergi Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, aşağıdakı vergilərin, faizlərin, maliyyə sanksiyalarının və cərimələrin gəlirdən çıxılmasına yol verilmir:

– Azərbaycan Respublikasının və ya digər dövlətlərin ərazilərində ödənilmiş mənfəət vergisi və ya gəlirdən hesablanan hər hansı digər vergi.

Məcəllənin 119-cu maddəsinə əsasən, mənfəət və gəlirdən hesablanan digər vergilər gəlirdən çıxılmır, yerdə qalan digər vergilər gəlirdən çıxıla bilər. Yəni məhduddiyyət qoyulmayıb. Odur ki, ƏDV ya əvəzləşdirilməlidir, ya da əvəzləşdirilmədikdə gəlirdən çıxılan xərc kimi nəzərə alına bilər.

İlkin olaraq belə görünür ki, “AA” MMC-nin noyabr ayında əvəzləşdirmədiyi 1.800 manat ƏDV məbləği xərcə salınmalıdır. Ancaq məsələyə bir az da dərindən nəzər yetirməliyik. Vergi Məcəlləsində xərclərin tanınma vaxtı müəyyənləşdirilib. Məcəllənin 136.1-ci maddəsində göstərilib ki, vergi ödəyicisi vergi uçotunun aparılması üçün hesablama metodundan istifadə etdikdə, əqdlə bağlı olan xərcin çəkilməsi vaxtı, bu maddədə başqa hallar nəzərdə tutulmamışdırsa, aşağıda sadalanan şərtlərin hamısına əməl edildiyi vaxt sayılır:

  • vergi ödəyicisi birmənalı olaraq maliyyə öhdəliklərini qəbul edir;
  • maliyyə öhdəliklərinin məbləği dəqiq qiymətləndirilir;
  • əqddə və ya müqavilədə iştirak edən bütün tərəflər əqd və ya müqavilə üzrə özlərinin bütün öhdəliklərini yerinə yetirmişlər, yaxud müvafiq məbləğlər qeyd-şərtsiz ödənilməlidir.

Maddənin tələblərindən aydın olur ki, “AA” MMC üçün xərcin tanınması vaxtı noyabr 2022-ci il üçün olacaq.

Bundan əlavə, Vergi Məcəlləsinin 108.1-ci maddəsində qeyd olunub ki, bu fəsilə uyğun olaraq gəlirdən çıxılmayan xərclərdən başqa, gəlirin əldə edilməsi ilə bağlı olan bütün xərclər, həmçinin qanunla nəzərdə tutulmuş icbari ödənişlər gəlirdən çıxılır. Gəlirdən çıxılan xərclər qanunla müəyyən edilmiş qaydada rəsmiləşdirilməlidir. Qanunla müəyyən edilmiş qaydada rəsmiləşdirilməyən xərclərin gəlirdən çıxılmasına yol verilmir.

Burdan da görünür ki, gəlirin əldə olunması ilə bağlı olan xərc gəlirdən çıxılır. Şirkət də gəliri 2022-ci ildə əldə edib və həmin dövrdə də xərci gəlirdən çıxmalıdır.

Nəticə olaraq aydın olur ki, MMC 2023-cü ilin mayında əvəzləşdirə bilmədiyi 1.800 manat ƏDV-ni 2023-cü ildə gəlirdən çıxa bilməz.

Şirkətin qəbul edəcəyi qərar:

  • Birinci variant kimi 2022-ci ilin mənfəət vergisi bəyannaməsini dəqiqləşdirilmiş təqdim etməklə 1.800 manatı xərc kimi tanıya bilər.
  • İkinci variant kimi heç bir dəqiqləşdirmə etməməklə 1.800 manatı 2023-cü ilin mənfəət bəyannaməsində xalis mənfəətdən silə bilər.

Adətən praktikada ikinci variant daha effektiv olur.

3-cü misal ikinci misal ilə analojidir, sadəcə, burada xidmətlər üzrə yaranıb.

Dördüncü misalda vəziyyət başqa formadadır. Misaldan da görünür ki, cəmiyyət tərəfindən məhsul istehsal edilib və satılıb, artıq qalıqda hazır məhsul qalmayıb. Ancaq satış əməliyyatları və ƏDV-nin əvəzləşdirilməməsi 2023-cü ildə olduğundan cəmiyyət 1.800 manatı 2023-cü ilin fevral ayında hazır məhsulun maya dəyəri kimi tanıya bilər və gəlirdən çıxa bilər.

Sonda aydın olur ki, hər bir vergi ödəyicisi müvafiq əvəzləşdirmələr apara bilməsi üçün Vergi Məcəlləsinin 175.1-ci maddəsinin tələblərinə uyğun olaraq ƏDV üzrə ödənişləri həyata keçirməlidir. Əks təqdirdə yuxarıdakı kimi problemlərlə üzləşəcəkdir.

Mənbə: vergiler.az

İcbari ödənişlərlə bağlı xəzinə hesablarının rekvizitləri yenilənib