» » » Əməkhaqqıdan tutulmaların aparılması qaydası

Əməkhaqqıdan tutulmaların aparılması qaydası

posted in: Xəbər | 0
birbank biznes

Əməkhaqqıdan icbari ödənişlərin tutulması qaydaları işçi və işəgötürənlər, eyni zamanda insan resursları sahəsində çalışanlar və mühasiblər üçün ən çox maraq doğuran mövzulardandır. Əmək qanunvericiliyi üzrə ekspert Nüsrət Xəlilov 2024-cü ildən əməkhaqqıdan tutulmaların aparılması qaydasını şərh edir.

Qüvvədə olan qanunvericiliyə əsasən, hazırda əməkhaqqıdan aşağıdakı icbari ödənişlərin tutulması aparılır:

1. Fiziki şəxslərin gəlir vergisi üzrə tutulma – fiziki şəxsin gəliri əsasında müəyyən olunmuş qayda və dərəcədə tutularaq dövlət büdcəsinə ödənilən vəsait.

2. Məcburi dövlət sosial sığorta haqqı üzrə tutulma – sığortalamaya görə sığortaçıya verilən pul vəsaitidir. Şəxsin pensiya kapitalının formaşlaması və müəyyən olunmuş müavinətlərdən istifadə etməsinə hüquq verən ödəniş.

3. İşsizlikdən sığorta haqqı üzrə tutulma – nəzərdə tutulmuş hallarda sığortaolunanların itirilmiş əməkhaqlarının kompensasiya edilməsinə yönəldilmiş təminat forması;

4. İcbari tibbi sığorta haqqı üzrə tutulma – xidmətlər zərfinə daxil olan tibbi xidmətlərdən istifadə etmək üçün ilkin səhiyyə xidmətlərinin, təcili və təxirəsalınmaz tibbi yardımın göstərilməsinə təminat verən ödəniş forması.

Fiziki şəxslərin gəlir vergisi üzrə tutulma

Fiziki şəxslərin muzdlu işdən aylıq gəlirlərindən vergi aşağıdakı cədvələ uyğun olaraq tutulur:

• Neft-qaz sahəsində fəaliyyəti olan və dövlət sektoruna aid edilən vergi ödəyicilərində

 

Vergi tutulan aylıq gəlirin məbləği Verginin məbləği
2500 manatadək 14 faiz
2500 manatdan çox olduqda 350 manat + 2500 manatdan çox olan məbləğin 25 faizi

 

• Neft-qaz sahəsində fəaliyyəti olmayan və qeyri-dövlət sektoruna aid edilən vergi ödəyicilərində (2019-cu il yanvarın 1-dən 7 il müddətində)

 

Vergiyə cəlb edilən aylıq gəlir Verginin dərəcəsi
8000 manatadək 0 faiz
8000 manatdan çox olduqda 8000 manatdan çox olan məbləğin

14 faizi

 

Məcburi dövlət sosial sığorta haqqı üzrə tutulma

Məcburi dövlət sosial sığortasında sığorta haqqı əmək ödənişinə (gəlirə) nisbətdə faizlə müəyyən edilir, sığortaedənin və sığortaolunanın vəsaiti hesabına ödənilir.

Neft-qaz sahəsində fəaliyyəti olan və dövlət sektoruna aid edilən vergi ödəyicilərində

• sığortaedən tərəfindən ödənilən sığorta haqqı – hesablanmış əməyin ödənişi fondunun və məcburi dövlət sosial sığortasına cəlb olunan digər gəlirlərin 22 faizi;

• sığortaolunan tərəfindən ödənilən sığorta haqqı – işçinin əməkhaqqının və məcburi dövlət sosial sığortasına cəlb olunan digər gəlirlərinin 3 faizi.

Neft-qaz sahəsində fəaliyyəti olmayan və qeyri-dövlət sektoruna aid edilən vergi ödəyicilərində (2019-cu il yanvarın 1-dən 7 il müddətində)

 

Sığorta haqqına cəlb edilən aylıq gəlir sosial sığorta haqqı dərəcəsi
cəmi sığortaolunanın gəlirlərindən tutulan sığortaedənin vəsaiti hesabına ödənilən
200 manatadək 25 faiz 3 faiz 22 faiz
200 manatdan çox olduqda 25 faiz 6 manat + 200 manatdan çox olan hissənin 10 faizi 44 manat + 200 manatdan çox olan hissənin 15 faizi

 

İşsizlikdən sığorta haqqı üzrə tutulma

İşsizlikdən sığorta üzrə sığorta tarifləri aşağıdakı faiz dərəcələri ilə müəyyən edilir:

• sığortaedən tərəfindən ödənilən sığorta haqqı üzrə – hesablanmış əməyin ödənişi fondunun 0,5 faizi;

• sığortaolunan tərəfindən ödənilən sığorta haqqı üzrə – işçinin əməkhaqqının 0,5 faizi.

İcbari tibbi sığorta haqqı üzrə tutulma

İcbari tibbi sığorta haqqı üzrə tutulma aşağıdakı şəkildə aparılır:

Azərbaycan Respublikasının Əmək Məcəlləsinə uyğun olaraq bağlanmış və hüquqi qüvvəyə minmiş əmək müqaviləsinə əsasən işləyən şəxslərin gəlirlərindən

• sığortalı tərəfindən

– işçinin əməkhaqqının 8000 manatadək olan hissəsindən 2 faiz,

– 8000 manatdan yuxarı olan hissəsindən 0,5 faiz,

• sığortaolunan tərəfindən

– əməkhaqqının 8000 manatadək olan hissəsindən 2 faiz,

– 8000 manatdan yuxarı olan hissəsindən 0,5 faiz;

2024-cü ildən muzdla işləyən şəxslərin gəlirlərindən tutulmalar eyni şəkildə aparılacaq. Hazırkı vəziyyətdə növbəti il üçün qeyd edilən tutulmaların dərəcələrinə hər hansı dəyişikliyin edilməsi gözlənilmir.

İndi isə bir neçə nümunə ilə tutulmaların aparılmasına nəzər salaq:

Neft-qaz sahəsində fəaliyyəti olan və dövlət sektoruna aid edilən vergi ödəyicilərində

Misal 1: Hesablanan aylıq əməkhaqqı: – 600 manat

Vergiyə cəlb olunan məbləğ: – 600 manat

Gəlir vergisi: 56 manat (600-200) x14%)

DSMF ayırmaları: 18 manat (600 x 3%)

İşsizlikdən sığorta haqqı: 3 manat (600 x 0.5%)

İcbari tibbi sığorta haqqı: 12 manat (600 x 2%)

“NETT” əməkhaqqı: 511 manat (600-56-18-3-12)

Misal 2 : Hesablanan aylıq əməkhaqqı: – 3.000 manat;

Vergiyə cəlb olunan məbləğ: – 3.000 manat;

Gəlir vergisi: 475 manat (2500 x14%) + (3000-2500) x 25%)

DSMF ayırmaları: 90 manat (3000 x 3%)

İşsizlikdən sığorta haqqı: 15 manat (3000 x 0.5%)

İcbari tibbi sığorta haqqı: 60 manat (3000 x 2%)

“NETT” əməkhaqqı: 2.360 manat (3000 – 475 – 90 – 15 – 60)

Misal 3: Hesablanan aylıq əməkhaqqı: – 8.500 manat;

Vergiyə cəlb olunan məbləğ: – 8500 manat;

Gəlir vergisi: 1.850 manat (2500 x14%) + (8500-2500) x 25%)

DSMF ayırmaları: 255 manat (8500 x 3%)

İşsizlikdən sığorta haqqı: 42,50 manat (8500 x 0.5%)

İcbari tibbi sığorta haqqı: 162,50 manat (8000 x 2%) + (8500 – 8000) x 0.5%)

“NETT” əməkhaqqı: 6.190 manat (8500 -1850 – 255 – 42.5 – 162.5)

Neft-qaz sahəsində fəaliyyəti olmayan və qeyri-dövlət sektoruna aid edilən vergi ödəyicilərində

Misal 4: Hesablanan aylıq əməkhaqqı: – 600 manat;

Vergiyə cəlb olunan məbləğ: – 600 manat;

Gəlir vergisi: 0 manat (8000 manatadək 0 faiz)

DSMF ayırmaları:46 manat (200 x 3%) + (600 – 200) x 10%)

İşsizlikdən sığorta haqqı: 3 manat (600 x 0.5%)

İcbari tibbi sığorta haqqı: 12 manat (600 x 2%)

“NETT” əməkhaqqı: 539 manat (600 – 46 – 3 -12)

Misal 5: Hesablanan aylıq əməkhaqqı: 3.000 manat;

Vergiyə cəlb olunan məbləğ: – 3.000 manat;

Gəlir vergisi0 manat (8000 manatadək 0 faiz)

DSMF ayırmaları: 286 manat (200 x 3%) + (3000 – 200) x 10%

İşsizlikdən sığorta haqqı: 15 manat (3000 x 0.5%)

İcbari tibbi sığorta haqqı: 60 manat (3000 x 2%)

“NETT” əməkhaqqı: 2.639 manat (3000 – 286 -15 – 60)

Misal 6: Hesablanan aylıq əməkhaqqı: 8.500 manat;

Vergiyə cəlb olunan məbləğ: – 8.500 manat;

Gəlir vergisi: 70 manat (8500 – 8000) x 14%)

DSMF ayırmaları: 836 manat (200 x 3%) + (8500 – 200) x 10%)

İşsizlikdən sığorta haqqı: 42,50 manat (8500 x 0.5%)

İcbari tibbi sığorta haqqı: 162,50 manat (8000 x 2%) + (8500 – 8000) x 0.5%)

“NETT” əməkhaqqı: 7.389 manat (8500 – 70 – 836 – 42.5 -162.5)

Mənbə: vergiler.az

ƏDV hansı halda ticarət əlavəsindən yox, ümumi dövriyyədən tutulur?