» » » Aksiz vergisi

Aksiz vergisi

posted in: Vergi | 0
birbank biznes

Aksiz və aksizli mallar anlayışı

Aksiz – aksizli malların satış qiymətinə daxil edilən dolayı (istehlak) vergi növüdür.

Azərbaycan Respublikasında aksizli mallara aşağıdakılar aid edilir:

  • içməli spirt, pivə və spirtli içkilərin bütün növləri;
  • tütün məmulatları;
  • neft məhsulları;
  • minik avtomobilləri (xüsusi nişan və avadanlıqlarla təchiz olunmuş xüsusi təyinatlı avtonəqliyyat vasitələri istisna olmaqla);
  • istirahət və ya idman üçün yaxtalar və bu məqsədlər üçün nəzərdə tutulan digər üzən vasitələr;
  • idxal olunan platin, qızıl, ondan hazırlanmış zərgərlik və digər məişət məmulatları, emal olunmuş, çeşidlənmiş, çərçivəyə salınmış və bərkidilmiş almaz;
  • idxal olunan xəz-dəri məmulatları.

Vergi ödəyiciləri kimlərdir?

  • Azərbaycan Respublikasında aksizli malların istehsalçıları;
  • Azərbaycan Respublikasına aksizli malların idxalçıları;
  • Azərbaycan Respublikasının hüdudlarından kənarda bilavasitə özü və ya podratçı vasitəsilə aksizli malları istehsal edən və istehsal etdiyi yerdə vergi ödəyicisi kimi uçotda olmayan Azərbaycan Respublikasının rezidentləri;

Aksizli mallar sifarişçinin göndərdiyi xammaldan Azərbaycan Respublikası ərazisində istehsal edildiyi hallarda, malların istehsalçısı (podratçı) aksizin ödəyicisidir. Bu halda istehsalçı (podratçı) aksiz məbləğlərini sifarişçidən almalıdır.

Aksizli malların istehsalçısı və sifarişçisi qarşılıqlı surətdə asılı olan rezident şəxslər olduqda, malın sahibi (sifarişçi) aksizin ödəyicisidir.

Vergitutma obyekti

  • Respublika ərazisində istehsal edilən aksizli malların istehsal binasının hüdudlarından kənara buraxılması (istehsal binalarına istehsalın olduğu ərazidə yerləşən anbarlar, köməkçi anbar sahələri və digər oxşar binalar aiddir);
  • idxal edilən aksizli malların gömrük xidmətinin nəzarətindən çıxması.

Vergi tutulan əməliyyatın məbləği

Respublika ərazisində istehsal olunan mallar üzrə:

  1. neft məhsulları üçün – vergi ödəyicisinin müştəridən və ya hər hansı digər şəxsdən, o cümlədən barter əsasında aldığı və ya almalı olduğu haqqın topdansatış bazar qiymətindən (aksiz, yol vergisi və ƏDV çıxılmaqla) aşağı olmayan məbləği;
  2. digər aksizli mallar üçün – istehsal olunan malların miqdarı.

Respublikaya idxal olunan mallar üzrə:

  1. minik avtomobilləri, istirahət və ya idman üçün yaxtalar və bu məqsədlər üçün nəzərdə tutulan digər üzən vasitələr üçün – onların mühərrikinin həcmi;
  2. platinə görə vergi tutulan əməliyyat platinin hər qramı; qızıla, ondan hazırlanmış zərgərlik və digər məişət məmulatlarına görə – qızılın min çəki vahidindəki miqdarı; emal olunmuş, çeşidlənmiş, çərçivəyə salınmış və bərkidilmiş almaza görə – almazın karatı;
  3. digər idxal malları üçün – topdansatış bazar qiymətindən aşağı olmayan malların gömrük dəyəridir (aksiz, yol vergisi və ƏDV çıxılmaqla).

Vergi tutulan əməliyyatın vaxtı

Respublika ərazisində istehsal olunan mallar üçün – malların istehsal binasının hüdudlarından kənara buraxıldığı vaxt;

İdxal edilən mallar üçün – malların gömrük xidmətinin nəzarətindən çıxdığı vaxt.

Azadolmalar

Fiziki şəxsin fərdi istehlakı üçün 3 litr alkoqollu içkinin və 600 ədəd siqaretin, 20 qram qızılın, ondan hazırlanmış zərgərlik və digər məişət məmulatlarının, emal olunmuş, çeşidlənmiş, çərçivəyə salınmış və bərkidilmiş 0,5 karat almazın idxalı;

Azərbaycan Respublikası Mərkəzi Bankının aktivlərində yerləşdirilmək üçün idxal olunan platin, qızıl və emal olunmuş, çeşidlənmiş, çərçivəyə salınmış və bərkidilmiş almaz, Azərbaycan Respublikası Dövlət Neft Fondunun aktivlərində yerləşdirilmək üçün idxal olunan qızıl;

Azərbaycan Respublikasına avtomobillərlə gələn şəxslər üçün avtomobilin texniki pasportu ilə nəzərdə tutulmuş bakındakı yanacaq;

Respublika ərazisindən tranzitlə daşınan mallar;

Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 192-ci və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda, malların respublika ərazisinə müvəqqəti idxalı.

İstehsal ehtiyacları üçün aksizlərin əvəzləşdirilməsi

Aksizli malları (xammal və materialları) alan və bu malları vergi tu-tulan digər aksizli malların istehsalı üçün istifadə edən şəxs ödənilmiş aksizin məbləğini əvəzləşdirmək və ya geri almaq hüququna malikdir.

Ödənilmiş aksizin əvəzləşdirilməsi və ya geri qaytarılması üçün vergi ödəyicisi vergi orqanına aksizin ödənildiyini təsdiq edən elektron vergi hesab – fakturasını və ya müvafiq idxal sənədlərini təqdim etməlidir.

Artıq ödənilən verginin məbləği sənədlər vergi orqanına verildikdən sonra 45 gün ərzində qaytarılır.

Əvəzləşdirmə üçün ərizə aksizin ödənilməsinə dair bəyannamə ilə birlikdə vergi orqanına verilir.

Təkrar ixrac zamanı aksizin qaytarılması

Sonradan təkrar ixrac məqsədi ilə idxal olunan mallar üçün aksiz malların idxal vaxtı ödənilir və sonradan təkrar ixracın faktiki həcminə müvafiq məbləğdə aksizi almış gömrük orqanları tərəfindən 15 gün ərzində geri qaytarılır.

Bu rejim aksizlərdən azad edilən – təkrar ixrac üçün nəzərdə tutulan və girovla təminat verilən idxal mallarına tətbiq edilmir.

İxracın vergiyə cəlb olunması

Aksizli malların ixracı sıfır (0) dərəcəsi ilə vergiyə cəlb olunur.

Elektron vergi hesab-fakturasının verilməsi

Aksizli malları göndərən vergi ödəyicisi malı qəbul edənə müvafiq qaydada tərtib olunmuş elektron vergi hesab-fakturasını verməlidir.

Mallar pərakəndə qaydada göndərildiyi hallarda elektron vergi hesab- fakturası əvəzinə qəbz və ya çek də verilə bilər.

Qəbzlər, çeklər, müəyyən edilmiş qaydada tərtib edilməyən elektron vergi hesab-fakturaları və nağd aparılan əməliyyatların rəsmiləşdirildiyi sənədlər istehsal ehtiyacları üçün aksizin əvəzləşdirilməsinə əsas vermir və aparılan əvəzləşdirmə etibarsız hesab edilir.

Aksizin bəyan edilməsi

İstehsalçılar hesabat dövrü olan hər hesabat ayı üçün mövcud olmuş vergi tutulan əməliyyatlar barədə bəyannaməni növbəti ayın 20-dən gec olmayaraq vergi orqanına bilavasitə, poçt və ya elektron formatda İnternet vasitəsilə təqdim etməlidirlər. Hesabat ayı ərzində vergi tutulan əməliyyat olmadıqda vergi orqanına müvafiq arayış forması təqdim olunmalıdır.

Vergi ödəyicisinin ləğvi (onun fəaliyyətinə xitam verilməsi) zamanı hesabat ayının əvvəlindən fəaliyyəti dayandırılan günə qədər olan dövrü əhatə edən bəyannamə vergi orqanına növbəti ayın 20-dən gec olmamaqla 30 gün müddətində təqdim olunmalıdır.

İdxalçılar idxal edilən malları gömrük qanunvericiliyinə uyğun olaraq gömrük orqanlarında bəyan edirlər.

Aksizin ödənilməsi:

İstehsalçılar hər hesabat ayı üçün vergi tutulan əməliyyatlar üzrə aksizləri növbəti ayın 20-dən gec olmayaraq dövlət büdcəsinə ödəməlidirlər.

Ödəyicinin aksizin ödənişi üzrə borcu olduqda, həmin borc yaranandan ödənilənədək həyata keçirilən vergi tutulan əməliyyatlar üzrə aksizlər sözügedən əməliyyatların aparıldığı vaxt ödənilir. Əks təqdirdə, yəni ödəniş aparmadıqda ödəyicinin malları istehsal binasının hüdudlarından kənara çıxartmağa hüququ yoxdur. Malların idxalı zamanı aksiz gömrük orqanları tərəfindən gömrük rüsumlarının tutulduğu qaydada tutulur.

Aksizli malların üzərində vergi nəzarəti

Vergi orqanları aksizli malların markalanmasına nəzarəti ödəyicilərin müvafiq binalarında nəzarət postları, ölçü cihazları, plomblar qurmaqla və digər tədbirlər görməklə həyata keçirir.

Plombların vurulması və açılması arasındakı müddətdə nəzarət-ölçü cihazlarının göstəricilərində dəyişikliklərin edilməsinə, texnoloji avadanlıqlardakı plombların zədələnməsinə, istehsal olunmuş məhsulların aksiz markası ilə markalanmamasına, tam uçota alınmamasına, aksiz markaların inventarizasiyasında kənarlaşmalara yolverilməsinə, eləcə də hazır məhsulun istehsal sahəsindən kənara çıxarılmasına görə Vergi Məcəlləsinin müddəalarına uyğun olaraq vergi ödəyicisinə 5000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilir.

İnzibati Xətalar və Cinayət Məcəllələrinin müddəalarına uyğun olaraq qanun pozuntusuna yol vermiş şəxslərə qarşı aşağıdakı cəza tədbirləri görülə bilər:

  • aksizli məhsulların (malların) aksiz markası olmadan az miqdarda, yəni 500 manatadək olan məbləğdə satılmasına, satış məqsədi ilə saxlanmasına və ya istehsal binasının hüdudlarından kənara çıxarılmasına görə həmin məhsullar (mallar) müsadirə edilməklə fiziki şəxslər 150 manatdan 250 manatadək miqdarda, vəzifəli şəxslər 300 manatdan 500 manatadək miqdarda, hüquqi şəxslər isə 1.500 manatdan 2.500 manatadək miqdarda cərimə edilir;
  • aksizli məhsulların (malların) aksiz markası olmadan xeyli miqdarda, yəni 500 manatdan 2000 manatadək olan məbləğdə satışı, satış məqsədi ilə saxlanması, istehsal binasının hüdudlarından kənara çıxarılması və ya idxal edilməsi 1000 manatdan 3000 manatadək miqdarda cərimə və ya 1 ilədək müddətə islah işləri və ya 2 ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır;
  • eyni əməllər külli miqdarda, yəni 2000 manatdan yuxarı olan məbləğdə, təkrarən və ya qabaqcan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə 5 ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır;
  • pərakəndə satışı istisna olmaqla, aksiz markası ilə markalanmalı olan məhsulları (malları) nağd qaydada xeyli miqdarda, yəni 50 manatdan 1.000 manatadək olan məbləğdə satma, belə məhsulları (malları) satış məqsədləri üçün nağd qaydada xeyli miqdarda, yəni 50 manatdan 1.000 manatadək olan məbləğdə alma 1.000 manatdan 2.000 manatadək miqdarda cərimə və ya 1 ilədək müddətə islah işləri və ya 1 ilədək azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Bu əməllər külli miqdarda, yəni 1.000 manatdan yuxarı olan məbləğdə törədildikdə 2 ilədək müddətə islah işləri və ya 2 ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır.

Maliyyə sanksiyaları və faizlər

Aksiz bəyannaməsi və ya vergi öhdəliyinin yaranmaması barədə müvafiq arayışı əsas olmadan vaxtında təqdim etməyən vergi ödəyicisinə vergi orqanının qərarına əsasən 40 manat məbləğində maliyyə sanksiyası tətbiq edilir.

Verginin hesabatda göstərilən məbləği verginin hesabatda göstərilməli olan məbləğinə nisbətən azaldılmışdırsa, habelə büdcəyə çatası vergi məbləği hesabat təqdim etməməklə yayındırılmışdırsa, vergi ödəyicisinə azaldılmış və ya yayındırılmış vergi məbləğinin (kameral vergi yoxlaması nəticəsində hesablanmış əlavə vergi məbləği istisna olmaqla) 50 faizi miqdarında maliyyə sanksiyası tətbiq edilir.

Aksizli malların satış qiymətinə daxil edilən vergi qanunla müəyyən edilmiş müddətdə ödənilmədikdə, ödəmə müddətindən sonrakı hər bir ötmüş gün üçün vergi ödəyicilərindən ödənilməmiş vergi ödəməsi məbləğinin 0,1 faizi miqdarında faiz tutulur. Bu faiz vergi ödənişlərinə münasibətdə bütün ötmüş müddətə, ancaq bir ildən çox olmamaq şərti ilə tətbiq edilir.

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.