Daha çox8
Daha çox8

İnzibati Xətalar Məcəlləsinə kiçik dəyişiklik edilib

posted in: Qanun, Xəbər | 0

İnzibati Xətalar Məcəlləsinə kiçik dəyişiklik edilib.

Azərbaycan Respublikasının İnzibati Xətalar

Məcəlləsində dəyişiklik edilməsi haqqında

Azərbaycan Respublikasının Qanunu

 

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 17-ci bəndini rəhbər tutaraq qərara alır:

Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016, № 2 (I kitab), maddə 202, № 3, maddələr 397, 403, 429, № 4, maddələr 631, 647, 654, № 5, maddələr 835, 846, № 6, maddələr 997, 1010, № 7, maddələr 1247, 1249, № 10, maddə 1608, № 11, maddələr 1769, 1774, 1781, 1783, 1786, 1788, № 12, maddələr 1984, 2000, 2009, 2024, 2049; 2017, № 1, maddə 21, № 2, maddələr 139, 147, 152, 162, № 3, maddələr 331, 344; № 5, maddələr 698, 701, 734, 749, 754, № 6, maddələr 1020, 1033, 1036, №7, maddələr 1273, 1296, 1297, 1299, № 11, maddələr 1964, 1966, 1969, 1979; № 12 (I kitab), maddələr 2214, 2217, 2220, 2233, 2237, 2240, 2253, 2256, 2266; 2018, № 1, maddə 19; № 2, maddələr 160, 162, 163, № 3, maddələr 383, 401, 404, № 4, maddə 646; № 5, maddələr 857, 860, 862, 876, 883, № 6, maddələr 1153, 1188, № 7 (I kitab), maddələr 1435, 1437, 1438; №10, maddə 1963, №11, maddələr 2188, 2191, 2214, 2217, 2231; Azərbaycan Respublikasının 2018-ci il 30 oktyabr tarixli 1317-VQD nömrəli, 2 noyabr tarixli 1326-VQD nömrəli, 30 noyabr tarixli 1357-VQD, 1371-VQD və 1377-VQD nömrəli, 7 dekabr tarixli 1382–VQD və 1384-VQD nömrəli, 18 dekabr tarixli 1395-VQD və 1398-VQD nömrəli, 28 dekabr tarixli 1406-VQD, 1427-VQD və 1432-VQD nömrəli qanunları) aşağıdakı dəyişikliklər edilsin:

1. 43.1-ci maddəyə hər iki halda “açıq məkanda” sözlərindən əvvəl “tikintisinə icazə tələb olunan” sözləri əlavə edilsin.

2. 394.0.7-ci maddəyə “habelə” sözündən sonra “tikintisinə icazə tələb olunan açıq məkanda” sözləri əlavə edilsin.

3. 395.1-1-ci maddədə “ölçülərindən asılı olmayaraq” sözləri “tikintisinə icazə tələb olunan” sözləri ilə əvəz edilsin.

4. 395.2-ci maddəyə “açıq məkanda” sözlərindən əvvəl “tikintisinə icazə tələb olunan” sözləri əlavə edilsin.

5. 428.7.1-ci maddədən “, texniki şərtlər pasportu və icazə müqaviləsi” sözləri çıxarılsın və “onların” sözü “onun” sözü ilə əvəz edilsin.

6. 428.7.3-cü maddəyə “sahəsində” sözündən sonra “(o cümlədən tikintisinə icazə tələb olunmayan açıq məkanda reklam qurğularının quraşdırılması və sökülməsi sahəsində)” sözləri əlavə edilsin.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 5 mart 2019-cu il.

Mənbə: president.az


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Aylıq müavinətlər artırıldı

posted in: Sərəncam, Xəbər | 0

aylıq müavinətlərAylıq müavinətlər artırıldı


Bu gündən Prezident İlham Əliyevin imzaladığı “Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün vahid aylıq müavinətin artırılması haqqında” sərəncam qüvvəyə minib.

Sərəncamla məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün vahid aylıq müavinətin məbləği 2019-cu il aprelin 1-dən 50 faiz artırılıb. Yəni müavinət 40 manatdan 60 manata çatdırılıb.

Vahid aylıq müavinətin artımı 496 557 nəfər məcburi köçkünə şamil olunacaq.

Mənbə: report.az


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Yaponiyada muhasibat uçotu (1-ci hissə)

posted in: Məqalə, Xəbər | 0

muhasibat uçotuYaponiyada mühasibat uçotu

1-ci hissə

Yaponiyaya köçüb, orada yaşayıb, işləyən Natalya Xaratanın məqaləsini qısa ixtisarla sizlərə təqdim edirik.

Avropa konsepsiyalarına görə Yaponiya uzaq və sirli, sakinləri sanki ziddiyyətlərdən toxunmuş bir ölkədir.  Yəqin ki, bir çox hallarda bu, yapon xalqında ənənələrin əhəmiyyətinin qeyri-adi dərəcədə böyük olması ilə bağlıdır. Lakin, bizim həmvətənlərimiz hətta bu cür qeyri-adi ənənələrə də uğurla uyğunlaşa bilirlər.

Yaponiya ənənələri

“Mən Tokioya demək olar ki, on il əvvəl gəlmişəm, – Natalya Xarata nəql edir, – öz ixtisasım üzrə təhsil almışam – yapon dilini də öyrənmişəm. Başlanğıcda bu ölkədə qalmaq məqsədim yox idi, amma, bir müddət yaşadıqdan sonra mən bu ölkəyə vuruldum, sonra isə yerli sakinlə ailə qurdum”.

Yaponiya əcnəbilər üçün son dərəcə sirli bir ölkədir, burada ənənələr o qədər güclüdür ki, bəzən Qərb insanı üçün onların bəziləri anlaşılmaz olaraq qalır.  Misal üçün, uğurlu bir insan hesab olunmaq və həmkarlarının hörmətini qazanmaq istəyirsənsə,  bütün həyatın boyu eyni şirkətdə çalışmalısan. Təbii ki, bunun müsbət cəhətləri də var, belə ki, rəhbərlik bir qayda olaraq həmin insanlara qarşılıqlı sədaqət nümayiş etdirir, çoxdan çalışan adamların yüksək vəzifələrə təyin olunması şansları da az deyil.

Stabillik bir tərəfdən yaxşıdır, digər tərəfdən bu cür sərt çərçivələr yaradıcı eksperimentlərə və inkişafa mane də ola bilər.

Yapon gəncləri arasında təhsil üçün xaricə getmək təcrübəsi qəbul olunmur – belə davranış qaydalardan kənar hesab olunur. Gündoğar ölkədə hətta ən yaxşı əcnəbi diplomun olsa belə, yenə də ehtiyat etməli olursan, çünki burada işəgötürənlər xarici diplomlara çəpəki baxırlar. Səbəb də birdir, bu diplomlar vətəndən kənarda qazanılıb. Xaricdə işləmək təcrübəsi də Yaponiyada iş axtaranlara heç bir üstünlük qazandırmır.

Gündoğar ölkədə mühasib olmaq çox asandır. Hər bir xırdalıq, hər bir nüans qaydalarda öz əksini tapıb, hansı ki, mənim həmişə ora baxmaq imkanım olur. Bu isə işləri çox sadələşdirir.

Burada həyat təcrübəsi olan insanlara hörmət edirlər, iş yerində yaşca və vəzifəcə böyük insanlara sözsüz qulaq asırlar, hətta onların haqsız olduqlarını bilsələr belə, bu bir qaydadır. Misal üçün, Amerikada və ya Avropada tabeçilikdə olan şəxs ofisdə rəhbərliyin səhvlərini arqumentli şəkildə onların üzünə deyə bilər. Yaponiyada isə belə hallar istisnadır.

Mühasibatlığın xüsusiyyətləri

“Mənə gəldikdə, həmən deməliyəm ki, bütün bu məqamlara baxmayaraq, bu ölkədə işləmək və buranı özüm üçün bir vətən kimi qəbul etmək istəyirəm, – Natalya belə nəql edir, – Öncə bələdçi, sonra tərcüməçi kimi işə başladım, ardınca da maşınlar üçün detallar istehsal edən kiçik bir şirkətdə işləməyə başladım. Kiçik assisent vəzifəsinə düzəldim, sonra katibə kimi çalışdım, ardınca menecer və bir qədər sonra isə mühasib olaraq fəaliyyətə başladım. Belə bir karyera yüksəlişi üç il yarıma başa gəldi. Yaponların mentallığını nəzərə alaraq, hesab edirəm ki, əcnəbi üçün bu çox sürətli yüksəlişdir. Axı, yapon dilində işləmək lazım gəlir!

Maraqlı olsa da rəhbərlik lap əvvəldən mənə simpatiya ilə yanaşdı, mənim səylərimi qiymətləndirdilər, onlar mənim sədaqətli bir əməkdaş olacağıma inandılar, axı mən yapona ərə getmişdim, deməli burada yaşayıb, işləyəcəyimə əmin oldular. Mən onların etimadını sarsıtmamağa çalışıram, baxmayaraq ki, nə vaxtsa mən fəaliyyət sahəmi və şirkətimi dəyişəcəyimi istisna etmirəm.

Rusiyada mən heç vaxt uçot sahəsində işləməmişdim. Bəs necə oldu ki, mən mühasib kimi çalışmağa başladım? İş ondadır ki, şirkətdə müvafiq mütəxəssis axtarırdılar və kənarda bunu tapmaqdansa, məni bu sahəyə təyin etmək barədə qərar qəbul etdilər. Təbii ki, mühasib təyin olunana kimi mənə uçot işləri ilə bağlı hər şeyi öyrətməyə başladılar. Özüm də bu işə maraq göstərirdim, uçotla bağlı bilikləri sürətlə qavaramağa çalışırdım, təbii ki, ilk vaxtlarda az səhvlərə yol vermirdim. Lakin, burada belə hallara dözümlü yanaşırlar və insana ikinci, üçüncü və onuncu şansı belə verirlər. Hətta gülməli alınsa belə deməliyəm ki, bimirəm insan nə etməlidir ki, səni işdən qovsunlar! Hətta vergi müfəttişliyində belə hər şeyi çox səbirlə, hörmətlə və gülümsəyərək izah edirlər”

Yaponlar həddən ziyadə zəhmətsevərdilər, ofisdən saat altıda və ya yeddidə getmək onlara görə yaxşı şey deyil, baxmayaraq ki, heç kimi iş yerində zorla saxlayan yoxdur. İş günü adətən saat altıda başa çatır, hətta əməkdaşların işi olmasa belə, onlar daha bir neçə saat iş yerində qalmağa sanki vərdiş ediblər. İşə yarım saat əvvəl gəlmək də burada artıq bir vərdişə çevrilib. Yeri gəlmişkən, bu heç də o demək deyil ki, yaponlar yalnız işləyirlər, onlar əylənməyi də bacarırlar və çox sevirlər. “Burada axşamlar barda olub səhərə kimi əylənmək və sonra evə gedib 3 saat yatandan sonra xoş əhvalla işə gəlmək normal hesab edilir. Burada heyrətlənəcək bir şey də yoxdur”, – Natalya belə söyləyir.


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Daha bir elektron xidmət vətəndaşların istifadəsinə verilib

posted in: Vergi, Xidmət, Xəbər | 0

Daha bir elektron xidmət vətəndaşların istifadəsinə verilib.

Vergilər Nazirliyi vətəndaşların istifadəsinə daha bir elektron xidmət verib. Bu xidmət sayəsində yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyətlər elektron imza olmadan mobil nömrə və FİN koddan istifadə edərək online qaydada dövlət qeydiyyatına alınacaq.

Elektron imzası olmayan istifadəçi İnternet Vergi İdarəsinin “Onlayn Kargüzarlıq” bölməsinə daxil olmaq üçün mobil telefon nömrəsini və FİN kodunu daxil edib “daxil ol” düyməsini sıxmalıdır. Daxil edilən mobil nömrənin həmin FİN koda aid olması yoxlanılır, uyğunsuzluq olduğu halda vətəndaşın sistemə daxil olmaq imkanı məhdudlaşdırılır. Bu barədə ekranda “Siz bu mobil nömrənin sahibi deyilsiniz. Dəqiqləşdirilməsi üçün mobil operatora müraciət etməyiniz tövsiyə olunur” yazısı çıxır.

Daxil edilən mobil nömrənin həmin FİN koda aid olduğu halda mobil nömrəyə 6 rəqəmli təsdiqləmə kodu göndərilir və həmin kodu açılan xanaya daxil etmək lazımdır. Təsdiq kodu ekrana gəlmədiyi halda yenidən təsdiq kodunu tələb etmək imkanı yaradılır. Təsdiqləmə kodu daxil edildikdən sonra “Qəbul” düyməsi sıxılır və istifadəçi “Onlayn Kargüzarlıq” bölməsinə daxil olur. Burada ərizə növü kimi “H/Ş elektron qeydiyyatı” seçilir və “Adi qeydiyyat ərizəsi (elektron imza olmadan)” bölməsinə klik edilir.

Hüquqi şəxsin elektron qeydiyyatı ekranı açılır və tələb olunan məlumatlar – MMC-nin adı, nizamnamə kapitalının məbləği və təsisçiləri, MMC-nin hüquqi ünvanı və idarəetmə orqanları, müşahidə şurası və MMC-nin fəaliyyət sahəsi barədə məlumatlar ardıcıllıqla sistemə daxil edilməlidir.

Növbəti səhifəyə cəmiyyətin vergi mükəlləfiyyəti daxil edilir və əgər ƏDV qeydiyyatı seçilmişdirsə o zaman qeydiyyatın qüvvəyə minmə tarixi qeyd olunur. Həmin səhifəyə açılmalı olan bank hesabı(ları) barədə məlumatlar (bankın və bank filialının adı, hesabın növü və valyutası) daxil edilir.

İstifadəçi işçilərlə bağladığı əmək müqavilələrinin məlumatlarını da sistemə daxil etməlidir. Ən azı bir müqavilə-təmsilçinin (rəhbərin) müqaviləsi daxil edilməlidir.

Növbəti mərhələdə şəxsi və qeydiyyata alınacaq yeni hüquqi şəxs üzrə Biznes Asan İmza sertifikatının əldə edilməsi üçün təmsilçinin mobil telefon nömrəsi sistemə daxil edilir. MMC-nin yaradılmasına dair təsisçilər və rəhbər tərəfdən kağız formatda imzalanmış ərizə (PDF) sistemə yüklənir.

Məlumatlar daxil edildikdən sonra istifadəçi (rəhbər) “İrəli” düyməsini sıxır, daxil edilən məlumatlara əsasən avtomatik hazırlanan “Ərizə” və “Nizamnamə” sənədləri ilə tanış olur. İstifadəçi (təmsilçi) “Təsdiqləyəcək şəxslər” düyməsinə klik etdikdə MMC-nin qeydiyyat ərizəsi və nizamnaməsi təsisçi(lər) və təmsilçinin “Təsdiqlənəcəklər” qovluğunda əks olunur, təsisçi(lər) və təmsilçi tərəfindən “Təsdiq” edildikdən sonra təmsilçi qeydiyyat ərizəsini göndərir. Əlavə olaraq, istifadəçinin “Təsdiqləyəcək şəxslər” ekranı vasitəsilə həmin ərizənin təsdiq olunub-olunmamasına baxmaq imkanı olur. Rəhbər və təsisçi eyni şəxs olduqda, ərizənin “Təsdiqləyəcək şəxslər” bölməsinə göndərilməsinə ehtiyac olmadan “Təsdiqlə və göndər” düyməsinə klik etmək kifayətdir.

Qeydiyyat ərizəsi göndərildikdən sonra “Yerli investisiyalı Məhdud Məsuliyyətli Cəmiyyətin dövlət qeydiyyatı haqqında elektron ərizənin qəbul edilməsi barədə” bildiriş ekranda əks olunur. Bildirişdə MMC-nin dövlət qeydiyyatına alınmasını təsdiq edən VÖEN və ərizənin Vergilər Nazirliyinin “Bir Pəncərə” sistemində qeydiyyata alındığı kargüzarlıq nömrəsi görünür.

Ərizə qeydiyyat orqanında yoxlanılıb təsdiq edildikdən sonra Hüquqi şəxsin şəhadətnaməsi, Hüquqi şəxsin nizamnaməsi və Dövlət reyestrindən çıxarış, eyni zamanda MMC-nin qeydiyyata alınması barədə Məlumat VÖEN-in elektron kabinetinə göndərilir. MMC-nin elektron kabinetinə ilk dəfə daxil olan zaman vergi orqanının kargüzarlıq nömrəsi ilə VÖEN-nin “Gələnlər” qovluğuna daxil olan məlumatı şirkətin rəhbəri gücləndirilmiş elektron imza ilə imzalamalıdır. Eyni zamanda, ƏDV qeydiyyatı barədə, bank hesabının açılması üçün şəhadətnamə dublikatın alınması barədə ərizələr vergi orqanında icraya qəbul edilir və icra olunur.

MMC-nin rəhbəri üçün Asan İmza biznes sertifikatının alınması məqsədilə müraciət müvafiq ASXM-ə göndərilir və icra olunur. MMC ilə işçilər arasında bağlanan əmək müqavilələrinin məlumatları ƏƏSMN-nin informasiya sisteminə ötürülür. Qeydiyyat orqanı qanunvericilikdə müəyyən edilən əsaslar üzrə MMC-nin dövlət qeydiyyatının aparılmasından imtina etdiyi halda müvafiq qərar istifadəçinin şəxsi kabinetinə göndərilir. Bank hesabının açılması üçün şəhadətnamə-dublikat bildirişi Vergilər Nazirliyi tərəfindən müvafiq bank idarələrinə göndərildiyi andan etibarən bankın səlahiyyətli nümayəndəsi VÖEN və Şəhadətnamə-dublikat bildirişinin nömrəsini daxil etməklə, gücləndirilmiş elektron imza ilə imzalanmış formatda Hüquqi şəxsin şəhadətnaməsi, Hüquqi şəxsin nizamnaməsi və Dövlət reyestrindən çıxarış sənədlərinə baxış imkanı əldə edə bilər.

Mənbə: vergiler.az


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
error: Content is protected !!