Sadə qaydalara riayət etməklə özünüzü bank dələduzlarından qoruyun!

posted in: Bank, Kapital Bank | 0

Kapital Bank bank dələduzlarıSon illər ölkə bankları tərəfindən nağdsız ödənişlərin stimullaşdırılması istiqamətinə bir sıra işlər həyata keçirilir. Əhalinin nağdsız ödənişlərə keçməsi, fiziki olaraq pul əskinazlarından istifadə etməməsi üçün müxtəlif aksiyalar, kampaniyalar və maarifləndirmə tədbirləri təqdim edilir. Nağdsız ödənişə keçidin bir çox üstün xüsusiyyətləri var. Lakin əfsuslar olsun ki, kart sahibləri hesablarında olan vəsaitin təhlükəsizliyinə bəzən dırnaqarası baxırlar.

“Kiber cinayətkarlıq” termini son vaxtlar ölkənin gündəmini zəbt edərək, hamımızın diqqət mərkəzindədir. Xüsusən də son aylar ərzində müəmmalı nömrələrdən edilən zənglər, göndərilən SMS-lər bank müştərilərinin dələduzların qurbanına çevrilməsi ilə nəticələnir. Əsasən müasir texnologiyalardan uzaq olan insanlar konfedensial kart məlumatlarını dələduzlara bildirməklə, hesablarında olan vəsaitin ələ keçirilməsinə şərait yaradırlar.

Məlumat üçün qeyd edək ki, ölkə üzrə ödəniş kartlarının (məvacib, təqaüd, müavinət, kredit, debit, taksit və s.) böyük hissəsi Kapital Bank-a məxsusdur. Demək olar ki, elə bir ailə yoxdur ki, orada Kapital Bank-ın ödəniş kartına sahib olan şəxs olmasın. Ona görə də dələduzlar zəng etdikdə, ilk olaraq ailədə Kapital Bank-a məxsus kart sahibi olduğunu dəqiqləşdirirlər. Kapital Bank da neqativ halların qarşısının alınması istiqamətində məlumatlandırıcı tədbirləri təşviq edir. Təbii ki, gördüyümüz tədbirlərin hamısını sadalamaq mümkün olmasa da, deyə bilərik ki, dələduzluq hallarının aradan qaldırılması üçün hüquq-mühafizə orqanları ilə sıx əməkdaşlıq edirik.

Lakin bu istiqamətdə müştərilərimizdən də gözləntilərimiz var: heç kiminlə, hətta ən yaxın tanışları, qohumları ilə  belə kart məlumatlarını paylaşmasınlar. Kart məlumatları dedikdə ödəniş kartının üzərində olan 16 rəqəmli nömrə (PAN), PİN kod, kartın bitmə tarixi, kartın arxasında olan 3 rəqəmli kod (CVV2) və SMS ilə göndərilən birdəfəlik 3DSecure şifrəsi nəzərdə tutulur. Card-to-card köçürməsi üçün kartın üz tərəfinin fotosunu göndərməyə də ehtiyac yoxdur. Sizə pul göndərən şəxsə 16 rəqəmli PAN nömrəni yazmaq və ya Birbank-da kartın QR kodunu generasiya edib göndərmək kifayətdir.

Dələduzlar əksər hallarda özlərini bank nümayəndəsi kimi təqdim edir və konfedensial kart məlumatlarını tələb edirlər. Təqdim edilmədiyi təqdirdə kartın bloka salınacağını bildirirlər. Bu zaman heç də təşvişə düşməyə ehtiyac yoxdur. Heç bir halda bank nümayəndəsi yuxarıda qeyd olunan kart məlumatlarını müştəridən tələb etmir. Amma yenə də kart bloka düşərsə, buna görə də narahat olmaq lazım deyil. Birbank rəqəmsal bankı, 196 Məlumat Mərkəzi və ya filiala müraciət etməklə kartı asanlıqla blokdan çıxarmaq olur.

Ümumiyyətlə, dələduzluq əməliyyatları üzrə məsuliyyət Beynəlxalq ödəniş sistemlərini qaydaları ilə tənzimlənir. Kart vasitəsilə ödəniş əməliyyatlarında satıcı və alıcı iştirak edir. Satıcı qismində POS terminal və ya veb sayt ola bilər. Əməliyyatın aparılması şərtlərindən asılı olaraq ödəniş üzrə məsuliyyətin kimin üzərinə düşdüyü təyin edilir. Misal üçün, ödəniş zamanı sayt tərəfindən müştəridən 3DSecure şifrə istənilirsə və dələduz bu şifrəni düz daxil edərsə, artıq bütün məsuliyyət müştərinin üzərinə düşür.

Hamını maraqlandıran suallardan biri də olur ki, müştəri dələduzların qurbanına çevrilibsə, bu zaman nə etməli? Əgər belə bir hal baş verərsə, dərhal kartı bloklamaq, sonra isə banka müraciət etmək lazımdır. Bank əməkdaşı kartın sahibinə dələduzların əməliyyatı və silinmə platforması barədə məlumat təqdim edir. Sonra həmin məlumatlarla birgə hüquq-mühafizə orqanlarına müraciət etmək lazımdır. Əgər əməliyyat veb saytlarda 3Dsecure şifrənin daxil olunması ilə baş veribsə, beynəlxalq ödəniş sistemlərinin qaydalarına əsasən vəsaitlərin geri qaytarılması mümkün olmur. Əksinə, əməliyyat 3DSecure yoxlanışını dəstəkləməyən saytda baş verərsə, əməliyyat üzrə məsuliyyət satıcının üzərinə keçir. Bu hallarda ödənişlərin geri qaytarılması baş tuta bilər. Qeyd edək ki, dələduzların qurbanlarına çevrilən bir sıra müştərilərin pullarını geri qaytarmaq mümkün olub.

Kapital Bank olaraq bir daha ödəniş kartlarının sahiblərinə müraciət edərək bildirmək istərdik ki, yuxarıda qeyd olunan sadə qaydalara riayət etsinlər. Kartlarının üzərində olan məlumatları, həmçinin SMS vasitəsilə göndərilən 3Dsecure şifrəni heç bir halda üçüncü tərəfə ötürməsinlər. Kart hesabında olan vəsait, sizin pul qabınızda olan vəsaitlə eynidir. Ona görə də cibinizdə olan pul kimi, kartınızın balansında olan pulların da təhlükəsizliyini təmin etmək mütləqdir.



Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

ƏDV-nin mahiyyəti və hesablanması

posted in: Vergi, Xəbər | 0

ƏDV-nin mahiyyətiƏlavə dəyər vergisi (ƏDV) əlavə yaranan dəyərə görə hesablanan istehlak vergisi növüdür. Əlavə dəyər adətən ticarətdə malların alışı ilə satışı, istehsalatda malların maya dəyəri ilə satış dəyəri arasında yaranır. Lakin bu, ƏDV-nin yalnız qeyd olunan hallarda hesablanmasına dəlalət etmir.

ƏDV-nin mahiyyətini izah edən iqtisadçı ekspert Radil Fətullayev bildirib ki, Vergi Məcəlləsinə əsasən, əlavə dəyər vergisi vergi tutulan dövriyyədən hesablanan verginin məbləği ilə Vergi Məcəlləsinin müddəalarına uyğun olaraq verilən elektron qaimə-fakturalara və ya idxalda ƏDV-nin ödənildiyini göstərən sənədlərə müvafiq surətdə əvəzləşdirilməli olan verginin məbləği arasındakı fərqdir. Azərbaycan Respublikası ərazisində istehsal olunan kənd təsərrüfatı məhsullarının pərakəndə satışı zamanı əlavə dəyər vergisi ticarət əlavəsindən hesablanan verginin məbləğidir.

Vergi qanunvericiliyinə görə, satış zamanı ƏDV-ni ancaq ƏDV ödəyicisi kimi qeydiyyatdan keçmiş hüquqi və ya fiziki şəxslər ödəyirlər. Qeydiyyatdan keçməyən ödəyicilər isə alış zamanı ƏDV ödəsələr də, satış zamanı ƏDV ödəmirlər. Bu cür ödəyicilər alış zamanı ödədikləri ƏDV məbləğini əvəzləşdirmə hüququna malik olmasalar da, həmin məbləği mal və xidmətin dəyərinə əlavə edirlər. Buna misal olaraq Azərbaycandakı sadələşdirilmiş vergi və mənfəət (gəlir) vergisi ödəyicilərinin ödədikləri ƏDV-ni göstərmək olar.


Mühasibat kargüzarlığı kurslarının yeni qrupuna start veririk


İlk baxışdan ƏDV-ni ödəyən şəxsin satıcı olması görünsə də əməliyyat zamanı məlum olur ki, satıcı alıcı (istehlakçı) ilə dövlət arasında bir vasitəçi və ya ötürücü kimi çıxış edir. Əslində isə ƏDV-ni dövlət məhz istehlakçıdan, yəni son alıcıdan tutur.

Misal: “ABC” müəssisəsi satmaq üçün topdansatış məntəqəsindən 50 manat mal alaraq, həmin malı istehlakçıya 90 manata satır. ƏDV dərəcəsi 18 faiz olub. Burada dövlətə ödənilməli ƏDV məbləği belə hesablanır:

90-50=40 manat
40 x 18% = 7,20 manat.

Əlavə yaranan dəyər 40 manat olduğundan, vergi məbləği 7,20 manatdır.

Əslində isə satıcı alış zamanı 9,0 (50*18%) manat ƏDV ödəyib:

50 x 18% = 9 manat.

Eyni malı istehlakçıya satarkən 16,20 manat alıb:

90 x 18% = 16,20 manat.

Nəticədə, dövlətə ödənilməli ƏDV məbləği yenə də 7,20 manat təşkil edir:

16,2-9 = 7,20 manat.

Nümunədən də bir daha görmək olur ki, burada ƏDV satış və alış zamanı arada yaranan əlavə dəyərə (ticarət əlavəsinə) görə dövlətə ödənilməli olan vergi borcudur. Onu da qeyd edək ki, Azərbaycan Respublikası ərazisində istehsal olunan kənd təsərrüfatı məhsullarının pərakəndə satışı zamanı əlavə dəyər vergisi ticarət əlavəsindən hesablanan verginin məbləğidir.


Mənbə: vergiler.az



Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Riskli vergi ödəyiciləri siyahısından necə çıxmalı?

posted in: Vergi, Xəbər | 0

Riskli vergi ödəyiciləri siyahısından necə çıxmalı?

riskli vergi ödəyiciləriRiskli vergi ödəyicilərinin siyahısına düşmək istənilən sahibkar üçün arzuedilən deyil. Bəs bu siyahıdan çıxmaq üçün nə etməli? Mövzunu maliyyə mütəxəssisi Vüqar Mirheydərov şərh edir.

“Onlayn Kargüzarlıq”da poçt qutusunu açıb, orada riskli vergi ödəyicilərinin siyahısına daxil olma barədə bildiriş gördükdə hansı hərəkətlərin edilməli olduğunu nəzərdən keçirək. Əksər hallarda bu, obyektiv səbəbdən baş verir. Yəni siyahılara daxil edilən şəxs özü də çox gözəl bilir ki, bu iş hansı əməliyyata, hərəkətə və ya hərəkətsizliyə görə baş verib. Ona görə də əvvəlcə bu məsələni araşdırmaq lazımdır: hansı meyar üzrə və hansı əməliyyat səbəbindən riskli vergi ödəyicisi sayılmısınız?

Qeyd etmək lazımdır ki, bu səbəb riskli vergi ödəyicisi siyahısına daxil olduğunuz barədə məktubda qeyd edilməlidir.

Hadisə barədə şirkət rəhbərliyinə məlumat verin: şirkət rəhbərliyinin baş verənləri Dövlət Vergi Xidmətindən və ya müqavilə tərəfdaşlarından yox, sizdən eşitməsi daha məqbuldur.

Sonuncu dəfə elektron hesab-fakturalarını verdiyiniz hər kəsə zəng edin və onlara məsələni təfərrüatı ilə izah edin. Onsuz da onlar qaimə-fakturanı təsdiqləməyə çalışdıqda, riskli vergi ödəyicisi olduğunuz barədə sistem xəbərdarlığı görəcəklər, bu barədə əvvəlcədən danışmaq daha məqsədəuyğundur.


Mühasibat kargüzarlığı kurslarının yeni qrupuna start veririk


Bu siyahıdan çıxmaq üçün ilk addım bu siyahılara daxil olmağın səbəbini aradan qaldırmaqdır. Siyahıya düşmə səbəbi Dövlət Vergi Xidməti tərəfindən qeydiyyata alınmış anbarın olmamasıdırsa, dərhal qeydiyyat prosesinə başlayın. Göndərilmiş elektron hesab-fakturada səhv məhsul və ya xidmət kodunu daxil etməmisinizsə, onu düzəldin. Bir sözlə, problemi aradan qaldırın.

Əgər siz vergi xidmətinin səhv etdiyini və sizin riskli vergi ödəyiciləri siyahısına salınmağınızın əsassız olduğunu hesab edirsinizsə, öz arqumentlərinizi onlara açıqlayıb, mövqeyinizi sübut etməyə cəhd edə bilərsiniz. Öz mövqeyinizi əsaslandırsanız, riskli vergi ödəyicisi siyahısından çıxarılacaqsınız.

Nəhayət, riskli vergi ödəyiciləri siyahısından çıxarılmaq barədə qərarı İqtisadiyyat Nazirliyi verdiyi üçün nazirliyə bu barədə müraciət etməlisiniz. Bir daha xatırlatmaq istəyirəm: ilk növbədə bu siyahılara daxil olmağın səbəbini aradan qaldırmalı və müraciətinizdə bunu qeyd etməlisiniz.

Siyahıdan çıxarılma proseduru uzana bilər. Riskli vergi ödəyicilərinin siyahısına daxil edildiyiniz andan vergi orqanlarının ciddi nəzarəti altında olduğunuzu unutmayın. Yadda saxlayın ki, riskli vergi ödəyicilərinə növbədənkənar səyyar vergi yoxlaması və ya operativ vergi nəzarəti tədbirləri tətbiq edilə bilər.


Mənbə: vergiler.az



Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Vergi daxilolmaları və sosial sığorta ödəmələri sahəsində əldə olunan nəticələr

posted in: Xəbər | 0

Qeyri-sahibkarlıq, gəlir, Mediator fəaliyyəti,2021-ci ilin yanvar-sentyabr ayları ərzində dövriyyələrin şəffaflaşdırılması istiqamətində aparılan işlər, vergi inzibatçılığının daha da təkmilləşdirilməsi, iqtisadiyyatda müşahidə edilən bərpa templəri vergi və sosial sığorta daxilolmalarının artımına səbəb olub.

Vergi daxilolmaları

2021-ci ilin yanvar-sentyabr aylarında İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xəttilə dövlət büdcəsinə 6 milyard 354,4 milyon manat vergi daxil olub, proqnoza 120,2 faiz əməl edilib. Ötən ilin müvafiq dövrü ilə müqayisədə vergi daxilolmaları 12 faiz və ya 681,6 milyon manat artıb.

Qeyri-neft-qaz sektorundan daxilolmalar 4 milyard 706,7 milyon manat olub, proqnoza 114,9 faiz əməl edilib. Dövlət büdcəsinə proqnozdan əlavə 609,6 milyon manat daxil olub. Ötən ilin müvafiq dövrü ilə müqayisədə bu sektordan vergi daxilolmaları 10,4 faiz və ya 442,7 milyon manat artıb.

Qeyri-neft-qaz sektorunun özəl bölməsi üzrə vergi daxilolmaları əvvəlki ilin eyni dövrü ilə müqayisədə 17,8 faiz artaraq 3 milyard 600,3 milyon manat təşkil edib. Regionlar üzrə daxilolmalar 700,9 milyon manat olmaqla, proqnoz 115,7 faiz icra edilib, ötən illə müqayisədə bu mənbədən daxilolmalar 6,3 faiz artıb.

Ödənilən vergilərin 74,1 faizi qeyri-neft-qaz sektorunun, 25,9 faizi neft-qaz sektorunun payına düşüb.

Sosial sığorta ödəmələri

Sığortaedən və sığortaolunan arasında əmək münasibətlərinin şəffaflaşdırılması, əmək müqavilələrinin bağlanması və bu müqavilələrdə əmək haqlarının real məbləğinin əks etdirilməsi məqsədilə qanunvericilikdə stimulların yaradılması nəticəsində ölkənin əmək bazarında muzdlu işçilərin və bağlanmış əmək müqavilələrinin sayında, həmçinin əməkhaqqı fondunda artım qeydə alınıb. Bu artımın böyük hissəsi özəl sektorun payına düşüb.

2021-ci il oktyabrın 1-nə qeyri-neft sektorunun qeyri-dövlət bölməsində bağlanmış əmək müqavilələrinin sayı 749.569 təşkil edib ki, bu da əmək münasibətlərinin şəffaflaşdırılması istiqamətində islahatların başlandığı 2019-cu ilin əvvəli ilə müqayisədə 209.647 müqavilə çoxdur. Məcburi dövlət sosial sığorta və işsizlikdən sığorta haqları üzrə daxilolmalarda müşahidə olunan əhəmiyyətli artım əmək bazarında şəffaflaşma proseslərinin göstəricisidir və gəlir vergisi üzrə güzəştin tətbiqinin fiskal səmərəsinə dəlalət edir.

2021-ci ilin yanvar-sentyabr aylarında muzdlu işçi sayının və əməkhaqqı fondunun “ağarması” prosesi şəraitində məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalar 2 milyard 789,6 milyon manat təşkil etməklə ötən ilin müvafiq dövrü ilə müqayisədə 7,9 faiz artıb, daxilolmalar üzrə proqnoz 253,7 milyon manat artıq yerinə yetirilib. Qeyri-büdcə təşkilatları üzrə daxilolmalar ötən ilin eyni dövrü ilə müqayisədə 13,9 faiz artaraq 1 milyard 771,5 milyon manat təşkil edib, proqnoz 112,8 faiz icra olunub.

İşsizlikdən sığorta haqları üzrə daxilolmalar ötən ilin eyni dövrü ilə müqayisədə 9,2 faiz artaraq 95,9 milyon manat olub, proqnoz 108,9 faiz icra edilib. Qeyri-büdcə təşkilatları üzrə daxilolmalar 15,3 faiz artaraq 70,7 milyon manat təşkil edib, daxilolmalar üzrə proqnoz 110,5 faiz yerinə yetirilib.

Qeydiyyata alınmış vergi ödəyiciləri

Cari il oktyabrın 1-nə aktiv vergi ödəyicilərinin sayı ilin əvvəli ilə müqayisədə 5,5 faiz artaraq 650.086 olub. Hesabat dövründə aktiv ƏDV ödəyicilərinin sayı 13,7 faiz artıb və 33.141-ə çatıb. Aktiv obyektlərin (təsərrüfat subyektlərinin) sayı isə ilin əvvəli ilə müqayisədə 6,9 faiz artaraq 178.511-ə çatıb.

Onlayn nəzarət-kassa aparatlarının tətbiqi

Dövlət Vergi Xidməti tərəfindən ölkədə yeni nəsil nəzarət-kassa aparatlarının (NKA) tətbiqi istiqamətində də işlər davam etdirilir. İndiyədək ölkə ərazisində 48.169 ədəd yeni nəsil NKA quraşdırılıb. Yeni nəsil NKA-dan istifadə hesablaşmaların daha şəffaf aparılmasına, malların qanunsuz dövriyyəsinin qarşısının alınmasına və dövriyyəyə nəzarətin təmin edilməsinə imkan yaradıb. 2021-ci ilin yanvar-sentyabr aylarında yeni nəsil NKA-lar vasitəsilə qeydə alınan dövriyyə təxminən 11,1 mlrd. manat təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 1,9 dəfədən çoxdur.


Mənbə: vergiler.az



Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

1 650 651 652 653 654 655 656 2. 382