2019-cu ilin may ayı ərzində vergi orqanına təqdim edilməli olan bəyannamələr, ödənilməli vergilər və sığorta haqqları barədə Y A D D A Ş

posted in: Vergi, Xəbər | 0

2019-cu ilin may ayı ərzində vergi orqanına təqdim edilməli olan bəyannamələr, ödənilməli vergilər və sığorta haqqları barədə

Y A D D A Ş

 

Əmlak və torpaq vergisinin ödəyiciləri olan müəssisələr tərəfindən

 

  • 2019-cu il üzrə Torpaq vergisinin bəyannaməsi 2019-cu ilin may ayının 15-dən gec olmayaraq vergi orqanına təqdim edilməlidir.
  • 2019-cu ilin 2-ci rübü üzrə əmlak vergisinin cari ödəmələri 2019-cu ilin may ayının 15-dən gec olmayaraq dövlət büdcəsinə ödənilməlidir.

 

2019-cu ilin aprel ayına görəvergi ödəyiciləri tərəfindən tədiyyəçisi olduqları

  • Əlavə dəyər vergisi bəyannaməsi,
  • Aksiz vergisi bəyannaməsi,
  • Yol vergisi bəyannaməsi,
  • Mədən vergisi bəyannaməsi,
  • Pul vəsaitlərinin nağd çıxarılmasına görə Sadələşdirilmiş verginin bəyannaməsi və
  • Uduşlardan (mükafatlardan) əldə edilən gəlirdən ödəmə mənbəyində tutulan vergi bəyannaməsi

2019-cu ilin may ayının 20-dən gec olmayaraq vergi orqanına təqdim edilməli və təqdim edilmiş bəyannamələr üzrə hesablanmış vergilər həmin müddətədək tam həcmdə dövlət büdcəsinə ödənilməlidir.

  • Daşınmaz əmlakın təqdim edilməsi üzrə Sadələşdirilmiş verginin bəyannaməsi 2019-cu ilin may ayının 20-dən gec olmayaraq vergi orqanına təqdim edilməlidir (vergi əməliyyat aparıldığı gün – 1 bank günü ərzində ödənilir).
  • Muzdlu işlə əlaqədar 2019-cu ilin aprel ayı üzrə ödəmə mənbəyində hesablanaraq tutulan vergi 2019-cu ilin may ayının 20-dən gec olmayaraq dövlət büdcəsinə ödənilməlidir (ƏDV və Sadələşdirilmiş vergi ödəyiciləri bəyannaməni illik – 2020-ci ilin yanvar ayının 31-dən gec olmayaraq, digər vergi ödəyiciləri 2019-cu ilin 2-ci rübü üzrə bəyannaməni 2019-cu ilin iyul ayının 22-dən gec olmayaraq təqdim edirlər).
  • Xüsusi notariusların 2019-cu ilin aprel ayı üzrə hesabladığı gəlir vergisi 2019-cu ilin may ayının 20-dən gec olmayaraq dövlət büdcəsinə ödənilməlidir (2019-cu ilin 2-ci rübü üzrə bəyannamə cari ilin iyul ayının 22-dən gec olmayaraq təqdim edilməlidir).
  • Məcburi dövlət sosial sığortası və işsizlik sığortası üzrə 2019-cu ilin aprel ayı üzrə hesablanmış sığorta haqqları 2019-cu ilin may ayının 15-dən gec olmayaraq tam həcmdə nağdsız formada dövlət büdcəsinə ödənilməlidir.

 

Qeyd: 20.07.2019-cu il tarixi qeyri-iş gününə təsadüf etdiyindən həmin tarixdə təqdim edilməli bəyannamələrin təqdim edilməsinin son müddəti 22.07.2019-cu il tarixə keçirilmişdir.

Mənbə: taxes.gov.az


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Əmlakın icarəyə verilməsindən gəlir əldə edənlərin vergi öhdəlikləri

posted in: Vergi, Xəbər | 0

Əmlakın icarəyə verilməsindən gəlir əldə edənlərin vergi öhdəlikləri.

Vergi Məcəlləsinin 221.7-ci maddəsinə əsasən, əmlakın icarəyə verilməsindən və royaltidən gəlir əldə edən şəxslər bu fəaliyyətlə yanaşı, digər fəaliyyət növləri ilə məşğul olduqda, həmin Məcəllənin 218.1-ci, 218.2-ci və 218.3-cü maddələri nəzərə alınmaqla, digər fəaliyyətdən əldə etdikləri gəlirlərə sadələşdirilmiş vergini tətbiq etmək hüququna malikdirlər. Bu halda əmlakın icarəyə verilməsi, royalti və digər fəaliyyət növləri üzrə əldə edilən gəlirlərin və xərclərin uçotu hər bir fəaliyyət növü üzrə ayrılıqda aparılır. Mövzunu iqtisadçı ekspert İsmayıl Bağırov şərh edir.

Bu maddənin tətbiqinin əsas məqsədi sadələşdirilmiş verginin ödəyicisi olan şəxsin əmlakın icarəyə verilməsindən də gəliri olduqda, hansı verginin ödəyicisi olduğunu müəyyənləşdirməkdir. Çünki Vergi Məcəlləsinin 218.5.4-cü maddəsinə əsasən, əmlakın icarəyə verilməsindən gəlir əldə edən şəxslərin sadələşdirilmiş vergitutma sistemini tətbiq etmək hüququ yoxdur. Bu maddədə isə göstərilir ki, gəlirlərin və xərclərin uçotunu hər bir fəaliyyət növü üzrə ayrılıqda aparan vergi ödəyiciləri icarə gəlirləri üzrə gəlir (mənfəət) vergisini, digər fəaliyyətdən əldə etdikləri gəlirlərə görə sadələşdirilmiş vergini tətbiq etmək hüququna malikdirlər.


Teleqram kanalımıza üzv olun


nu da qeyd edək ki, hüquqi şəxsin icarə gəlirləri sahibkarlıq fəaliyyətindən gəlir sayıldığından, ardıcıl 12 ay ərzində 200.000 manatdan artıq olsa, müəssisə illik mənfəət vergisi ilə yanaşı, aylıq icarə gəlirlərinə həm də ƏDV hesablayacaq.

Misal:
Tutaq ki, müəssisənin ardıcıl 12 ay ərzində icarə gəlirləri 215.000 manat olub. Bu halda, müəssisənin icarə gəlirləri 200.000 manatdan artıq olduğundan, müəssisə ƏDV qeydiyyatına duracaq və pərakəndə ticarətdən əldə edilən gəlirləri ilə icarə gəlirlərini toplayaraq aylıq ƏDV-yə cəlb etməklə yanaşı, illik mənfəət vergisini də hesablayacaqdır.

Hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərdə isə icarə gəlirləri qeyri-sahibkarlıq fəaliyyətindən gəlir sayıldığından, dövriyyəsindən (200.000 manatdan artıq olsa belə) asılı olmayaraq, onların icarə gəlirlərinə ƏDV tətbiq edilmir. İcarə gəlirlərinə görə yalnız illik gəlir vergisi hesablanır.

Misal:
Sadələşdirilmiş vergi ödəyicisi olan müəssisə Bakı şəhərində həm pərakəndə ticarətlə məşğul olur, həm də mülkiyyətində olan anbarları icarəyə verir. Müəssisə pərakəndə ticarətdən aylıq 10.000 manat, icarədən isə 2.000 manat gəlir əldə edir. Vergi Məcəlləsinin 218.5.4-cü maddəsinə əsasən, əmlakın icarəyə verilməsindən gəlir əldə edənlərin sadələşdirilmiş vergitutma sistemini tətbiq etmək hüququ olmadığı üçün müəssisə pərakəndə ticarətdən dövriyyə üzrə aylıq 200 manat (10.000 x 2%) sadələşdirilmiş vergi hesablayacaq. İcarə gəlirlərinə görə isə illik 4.800 manat (2.000 x 12) x 20%) mənfəət vergisi hesablayacaqdır.

Bu halda, müəssisə pərakəndə ticarətdən əldə olunan gəlirlər üzrə sadələşdirilmiş verginin ödəyicisi, əmlakın icarəyə verilməsindən əldə olunan gəlirlər üzrə isə mənfəət vergisi ödəyicisi olacaqdır. Müəssisə əmlakın icarəyə verilməsi ilə əlaqədar gəlir və xərclərinin uçotunu ayrı apararaq, bu fəaliyyət üzrə mənfəəti (zərəri) sadələşdirilmiş vergi üzrə mənfəətə (zərərə) aid etməməlidir. Qeyd edək ki, müəssisənin icarə gəlirləri ardıcıl 12 ay ərzində 200.000 manatdan artıq olsa idi, müəssisə aylıq icarədən gəlirlərinə həm də ƏDV hesablamalıydı.

Misal:
Müəssisə, pərakəndə ticarətdən aylıq gəliri 15.000 manat və icarədən aylıq gəliri isə 17.000 manat olmaqla, ardıcıl 12 ay ərzində ümumilikdə 204.000 manat gəlir əldə edib. Bu halda icarə gəlirləri 200.000 manatdan artıq olduğundan, müəssisə ƏDV qeydiyyatına duracaq və aylıq pərakəndə ticarətdən olan gəlirləri ilə icarə gəlirlərini toplayaraq 32.000 manata (17.000 + 15.000) ƏDV hesablayacaqdır.

Mənbə: vergiler.az


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Baş Mühasib tələb olunur

posted in: İş elanı, Vakansiya, Xəbər | 0

Baş Mühasib vakansiyaVakansiya: Baş Mühasib / İşəgötürən: Kontakt Home

Əmək Haqqı: Razılaşma ilə

Ümumi məlumat

  • Şəhər: Bakı
  • Yaş: 30 – 45 yaş
  • Cins: Fərqi yoxdur
  • Təhsil: Ali
  • İş təcrübəsi: 1 ildən 3 ilə qədər
  • Əlaqədar şəxs: HR Department
  • Email: hr@kontakt.az / info@finstaff.az
  • Kateqoriya: Maliyyə və Mühasibat
  • Alt kateqoriya: Mühasibat
  • Elanın bitmə tarixi: 26.05.2019

Teleqram kanalımıza üzv olun


Vakansiya barədə  məlumat

• Mövcud qanunvericiliyə uyğun olaraq müəssisənin maliyyə nəticələrinin dəqiq uçotunu təşkil etmək;
• Dövlət büdcəsinə ödənişlərin düzgün hesablanması və vaxtında köçürülməsi, Vergilər üzrə hesabatların tərtib/təqdim edilməsi, Dövlət Sosial Müdafiə Fonduna hesabatların təqdim edilməsi və sosial ayırmaların hesablanmasını təmin etmək;
• Mühasibat uçotunun aparılması qaydalarını rəhbər tutaraq mühasibat uçotunun aparılmasını təşkil etmək;
• Daxil olan pul vəsaitlərinin, mal-material ehtiyatlarının və əsas vəsaitlərin tam uçotu və onların hərəkəti ilə bağlı əməliyyatların vaxtında mühasibat uçotunda əks etdirilməsini təmin etmək;
• Mühasibat sənədlərinin saxlanılması, qorunması və müəyyən olunmuş müddətlərdə arxivə təhvil verilməsini təşkil etmək;
• İlkin sənədlər və mühasibat yazılışları əsasında vergi və mühasibat hesabatlarının tərtib olunması və qanunvericilikdə müəyyən edilmiş müddət ərzində müvafiq orqanlara göndərilməsini həyata keçirmək;
• Əmək haqqı fondunun xərclənməsinə ştat cədvəlinə uyğun olaraq nəzarət etmək.

Baş Mühasib üçün tələblər

• Ali iqtisadi təhsil;
• Baş mühasib kimi iş təcrübəsi – 2 ildən artıq;
• Mühasibatlıqla bağlı yerli qanunvericiliyi bilməli;
• Rəsmi hesabatların hazırlanması və təqdim olunması proseduralarını bilməli;
• Elektron hökümət portalı ilə işləyə bilmə qabiliyyəti;
• MS Office proqramlarını bilməli;
• 1C 8.3 proqramı ilə yüksək səviyyədə işləmə bacarığı.

Yuxarıda qeyd olunan tələblərə uyğun namizədlərdən mövzu yerində “Baş mühasib” qeyd edərək CV formasını hr@kontakt.az / info@finstaff.az elektron ünvanına göndərməyiniz xahiş olunur.

Mənbə: kadr.az

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Müflisləşmə və iflas haqqında qanunda dəyişiklik edilib

posted in: Qanun, Xəbər | 0

“ Müflisləşmə və iflas haqqında ” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 10-cu və 13-cü bəndlərini rəhbər tutaraq qərara alır:

“ Müflisləşmə və iflas haqqında ” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1997, № 6, maddə 460; 2001, № 1, maddə 25, № 6, maddə 362; 2002, № 5, maddə 241; 2006, № 3, maddə 225; 2007, № 5, maddə 401; 2008, № 5, maddə 348; 2010, № 4, maddə 276; 2015, № 4, maddə 355, № 11, maddə 1260; 2017, № 3, maddə 332, № 5, maddə 736; 2018, № 4, maddə 652, № 12, I kitab, maddə 2529; 2019, № 1, maddə 28) aşağıdakı dəyişikliklər edilsin:

1. 2-ci maddənin 2-ci hissəsinin dördüncü abzasında “fiziki və hüquqi şəxslərə” sözləri “müəssisəyə və fərdi borcluya” sözləri ilə əvəz edilsin.

2. 3-cü maddənin “a”, “b”, “c” bəndləri aşağıdakı redaksiyada verilsin:

a) borclu həyata və ya sağlamlığa vurulmuş zərərin ödənilməsi, alimentin tutulması, əmək və onunla bağlı münasibətlərindən yaranan öhdəliklər üzrə, müəlliflik müqaviləsinə görə ödənilən haqlar ilə bağlı kreditorlar qarşısında öhdəliklərini icra müddəti başladığı andan etibarən ardıcıl 2 (iki) ay ərzində tam icra etməmişdir;

b) borclu vergilər (faizlər və tətbiq edilmiş maliyyə sanksiyaları) və başqa dövlət ödənişlərini onların hesablandığı gündən etibarən ardıcıl 10 (on) ay ərzində tam icra etməmişdir;

c) borclu digər kreditorlar qarşısında öhdəliklərini onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra etməmişdir.”.

3. 9-cu maddə üzrə:

3.1. 1-ci hissənin birinci cümləsi çıxarılsın və ikinci cümlədə “Elanda” sözü “İflas haqqında iş üzrə məhkəmə baxışı barədə elanda” sözləri ilə əvəz edilsin;

3.2. 2-ci hissədə “maddənin 1-ci bəndinə” sözlərindən sonra “və bu Qanunun 10-1-ci maddəsinə” sözləri əlavə edilsin;

3.3. 3-cü hissə ləğv edilsin;

3.4. 4-cü hissənin birinci cümləsində “nəzərdə tutulmuş elan mətbuatda ilk dəfə dərc edilməzdən” sözləri “və bu Qanunun 10-1-ci maddəsində nəzərdə tutulmuş qaydada elanın dərc edilməsindən” sözləri ilə əvəz edilsin.

4. 10-cu maddənin 1-ci hissəsinin birinci cümləsində “sonra” sözündən sonra “və bu Qanunun 10-1-ci maddəsində müəyyən edilmiş qaydada qərar elan edilənədək” sözləri əlavə edilsin.

5. Aşağıdakı məzmunda 10-1-ci maddə əlavə edilsin:

“Maddə 10-1. İflas haqqında iş üzrə məhkəmə baxışı

İflas haqqında iş üzrə ərizəyə məhkəmə, daxil olduğu gündən 1 (bir) ay müddətində baxır və həmin işin həllinə dair müvafiq qərar çıxarır. Çıxarılan qərardan şikayət verildiyi halda, həmin şikayətə sonrakı instansiya məhkəmələrində ərizənin daxil olduğu gündən 1 (bir) ay müddətində baxılır və həmin işin həllinə dair müvafiq qərar çıxarılır. İşdə iştirak edən şəxslər məhkəmə iclası barədə həmin iclasa ən azı 5 (beş) iş günü qalmış xəbərdar edilməlidirlər. Ərizəçi eyni zamanda məhkəmə baxışının tarixinə 5 (beş) iş günü qalanadək həmin məhkəmə baxışı haqqında müvafiq icra hakimiyyəti orqanının rəsmi internet səhifəsində və rəsmi dövri mətbu nəşrdə elan dərc etdirməlidir.”.

6. 12-ci maddənin məzmunu aşağıdakı redaksiyada verilsin:

“Bu Qanunun 10-1-ci maddəsində nəzərdə tutulmuş qaydada iflas haqqında iş üzrə məhkəmənin müvafiq qərarından şikayətin verilməsi borclunun əmlakının satışının və kreditorlara ödənişlərin dayandırılmasına səbəb olur.”.

7. 14-cü maddənin birinci hissəsinin üçüncü cümləsində “qanuni qüvvəyə minməsi tarixi” sözləri “qəbul edildiyi tarix” sözləri ilə əvəz edilsin.

8. 20-ci maddənin 4-cü hissəsinin “d” bəndi ləğv edilsin.

9. 28-ci maddənin 3-cü hissəsində “3 aylıq fasilə ilə və ya məhkəmənin müəyyən etdiyi başqa qaydada” sözləri “2 (iki) aylıq fasilə ilə və ya məhkəmənin müəyyən etdiyi daha qısa müddətdə” sözləri ilə əvəz edilsin.

10. 37-ci maddənin 2-ci hissəsinin ikinci cümləsində “qanunvericilikdə nəzərdə tutulmuş müddətdə” sözləri “10 (on) gün müddətində” sözləri ilə əvəz edilsin.

11. 41-ci maddənin 7-ci hissəsinin ikinci cümləsində “mövcud vəziyyətə uyğun olan” sözləri “bu Qanunun 10-1-ci maddəsində müəyyən edilmiş qaydada” sözləri ilə əvəz edilsin.

12. 41-1-ci maddə üzrə:

12.1. 1-ci hissənin ikinci cümləsində “üç ay” sözləri “2 (iki) ay” sözləri ilə əvəz edilsin;

12.2. 5-ci hissəyə aşağıdakı məzmunda dördüncü və beşinci cümlələr əlavə edilsin:

“Hər bir kreditorlar qrupu daxilində səsvermədə yalnız sağlamlaşdırma planının qəbulu nəticəsində hüquqlarına təsir göstərən kreditorlar iştirak edir. Kreditorlar qrupu daxilində sağlamlaşdırma planının əleyhinə səs vermiş, yaxud səsvermədə iştirak etməmiş kreditorların hüquqları sağlamlaşdırma planının lehinə səs vermiş kreditorların hüquqları ilə bərabər, növbəlilik qaydasında təmin edilir.”;

12.3. aşağıdakı məzmunda 12-ci və 13-cü hissələr əlavə edilsin:

“12. Sağlamlaşdırma planının təsdiqinə dair işə məhkəmə tərəfindən bu Qanunun 10-1-ci maddəsində müəyyən edilmiş qaydada baxılır.

13. Sağlamlaşdırma planının təsdiqinə dair məhkəmə qərarında aşağıdakılar göstərilir:

a) borclunun adı, onun olduğu yer, bank hesabları haqqında məlumatlar, vergi ödəyicisinin eyniləşdirmə nömrəsi, müdirinin soyadı, adı, atasının adı, əlaqə nömrəsi;

b) sağlamlaşdırma planının təsdiqi;

c) sağlamlaşdırma prosesinin müddəti;

ç) sağlamlaşdırma prosesində iştirak edən kreditorların siyahısı;

d) sağlamlaşdırma planına daxil edilmiş eyni növdən olan kreditorlar qrupunun (qruplarının) tələblərinin həcmi;

e) sağlamlaşdırma planının təsdiq edilməsinin bu Qanunun 41-2-ci maddəsində nəzərdə tutulan nəticələri;

ə) sağlamlaşdırma planının icrası ilə bağlı hesabatın təqdim edilməsi müddəti.”.

13. 45-ci maddə üzrə:

13.1. 3-cü hissənin ikinci cümləsindən “ən azı” sözləri çıxarılsın;

13.2. 4-cü hissədə “baxılma müddətini təyin edir və bu barədə” sözləri “10 (on) gün müddətində baxır və iclasın tarixi ilə bağlı” sözləri ilə əvəz edilsin.

14. 46-cı maddə üzrə:

14.1. 2-ci hissənin ikinci cümləsində “Məhkəmə:” sözü “İşə 5 (beş) iş günü müddətində baxaraq, məhkəmə:” sözləri ilə əvəz edilsin;

14.2. aşağıdakı məzmunda 2-1-ci hissə əlavə edilsin:

“2-1. Məhkəmə bu maddənin 2-ci hissəsinin “c” bəndində nəzərdə tutulan qərarı qəbul etdikdə əmlak inzibatçısı dəyişikliklər edilmiş borc tələblərinin reyestrini məhkəməyə 7 (yeddi) gün müddətində təqdim etməlidir.”.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 23 aprel 2019-cu il.

Mənbə: president.az


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.