Sahibkarlıq birlikləri və assosiasiyaları ilə sıx əməkdaşlıq ediləcək

posted in: Xəbər | 0

ikiqat vergitutmaİqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətində bir sıra struktur dəyişiklikləri həyata keçirilib. Bu dəyişikliklərin bir hissəsi Vergi siyasəti Baş İdarəsinin fəaliyyətini əhatə edib. Baş idarənin rəisi Nicat İmanov dəyişikliklərin mahiyyəti və qarşıya qoyulan əsas məqsədləri şərh edib.

– Nicat müəllim, Vergi siyasəti Baş İdarəsində aparılmış son struktur dəyişiklikləri nələri əhatə edir və bu, hansı zərurətdən irəli gəlib?

– Dövlət Vergi Xidməti bu gün Azərbaycanda iqtisadi inkişafın təmin edilməsində, sahibkarlığın dəstəklənməsi prosesində fəal iştirakçıya çevrilə bilib və ötən illər bir daha göstərdi ki, vergi orqanları ölkənin iqtisadi inkişaf strategiyasının hazırlanmasında və həyata keçirilməsində öz töhfələrini vermək iqtidarındadır. Bu gün hər bir sahənin fəaliyyət prioritetləri hökumətin başlıca vəzifəsi olan davamlı iqtisadi artımın təmin edilməsinə istiqamətlənməlidir.

Məlum olduğu kimi, qanunvericiliyin ictimai münasibətlərin tələblərinə uyğunlaşdırılması və onun icra mexanizmlərinin effektivliyi əlverişli biznes mühitinin formalaşdırılması üçün böyük əhəmiyyət daşıyır. Bu baxımdan, vergi qanunvericiliyinin tətbiqi zamanı sahibkarların qarşısına çıxan çətinliklərin öyrənilməsi, bu istiqamətdə dövlət vergi orqanları ilə sahibkarlar arasında qarşılıqlı birgə əməkdaşlığa əsaslanan horizontal münasibətlərin qurulması vergi siyasəti üzrə prioritet istiqamətlərdən biridir.

Təsadüfi deyildir ki, Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 2 fevral tarixli sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”də cəmiyyət, biznes və dövlət üçlüyünün əhəmiyyəti vurğulanmaqla yanaşı, biznesə dost dövlət idarəetməsi iqtisadi yüksəlişin təməl amilləri sırasında qeyd edilib. Həmçinin, İqtisadiyyat Nazirliyinin rəhbərliyi tərəfindən vergi ödəyiciləri ilə vergi qurumları arasında münasibətlərin yeni müstəvidə qurulması, dialoq formatında görüşlərin keçirilməsi, assosiasiyalarla bağlı görülməli olan işlərin intensivləşdirilməsi barədə tapşırıqlar verilib.

Sahibkarların maraqlarını təmsil edən sahibkar birlikləri, assosiasiyaları və digər ödəyici qrupları ilə qarşılıqlı əməkdaşlığa əsaslanan birgə fəaliyyətin təmin edilməsi məqsədilə iqtisadiyyat nazirinin müvafiq əmrinə əsasən, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Vergi siyasəti Baş İdarəsində struktur dəyişiklikləri aparılıb, Qanunvericiliyin monitorinqi və sahibkarlıq subyektləri ilə iş idarəsi, o cümlədən idarənin tərkibində Sahibkar birlikləri və assosiasiyaları ilə iş şöbəsi yaradılıb. Yeni strukturun formalaşdırılmasında əsas məqsəd birgə fəaliyyət zamanı dövlətlə sahibkarlar arasında münasibətləri dialoq platformasında inkişaf etdirmək, sahibkarların vergi qanunvericiliyi ilə əlaqədar qarşılaşdıqları sektoral problem və çətinliklərin dinlənilməsi, qanunvericilikdə və inzibatçılıqda olan çatışmazlıqların müəyyən edilərək aradan qaldırılmasından ibarətdir.

– Sahibkar birlikləri və assosiasiyaları ilə iş şöbəsinin fəaliyyət prinsipi nədən ibarət olacaq?

– Son illərdə vergi sahəsində aparılan islahatlara nəzər salsaq, görərik ki, dövlət-sahibkar münasibətlərinin yeni müstəviyə çıxarılması, qarşılıqlı dialoqa əsaslanan işgüzar münasibətlərin qurulması diqqət mərkəzindədir. Struktur dəyişiklikləri, əslində, bu proseslərin davamıdır. Dövlət-sahibkar münasibətlərində horizontal platformanın qurulması hədəflənir. Qurulan iş, ilk növbədə, sektoral problemlərin davamlı olaraq öyrənilməsi və inkişaf perspektivləri, bu məqsədlə qanunvericilik strukturunu necə dəyişmək barədə dövlət qurumlarının məlumatlı olmasını təmin edəcəkdir. Nəticədə sektor üzrə vergi mexanizmlərinin təkmilləşdirilməsi, dəstək tədbirlərinin görülməsi və yeniliklərin tətbiqi üçün əlverişli şərait yaranmış olacaq. Bu, həm də sahibkarlarla dialoq mesajının cəmiyyətə əyani çatdırılmasıdır. Yeni yaradılmış şöbə müxtəlif fəaliyyət sahələri üzrə sahibkarlıq birlikləri və assosiasiyaları, ictimai birliklər, ticarət palataları və digər ödəyici qrupları ilə aktiv ünsiyyətdə olacaq. Qarşıya qoyulan hədəflərə nail olmaq və qanunvericiliyin tətbiqinin sahibkarlıq subyektlərinin fəaliyyətində yaratdığı müsbət və mənfi halları araşdırmaq üçün bir neçə istiqamətlərdə işlərin görülməsi nəzərdə tutulub.

– Sahibkarların qarşılaşdıqları problemlərin həlli istiqamətində hansı işlərin görülməsi nəzərdə tutulur?

– Sahibkarlığın qarşısında duran problemlərin müəyyən olunması məqsədilə sahibkar birlikləri və assosiasiyaları ilə mütəmadi olaraq görüşlərin və müzakirələrin təşkil edilməsi, müəyyən edilmiş real problemlərin həlli istiqamətində vergi qanunvericiliyinin və inzibatçılığının təkmilləşdirilməsinə dair təkliflərin verilməsi nəzərdə tutulur. Hər şeydən öncə, sektorlar üzrə mövcud problemlər və çətinliklər barədə aydın təsəvvür yaradılmalıdır. Bu məqsədlə, ayrı-ayrı sektorlar üzrə fəaliyyət göstərən assosiasiyalarla sistemli bir şəkildə iş aparılacaq.

Qeyd edim ki, artıq aktiv fəaliyyət göstərən sahibkar birlikləri və assosiasiyalarla fəal əməkdaşlığa başlanılıb. Bu il fevralın 22-də sahibkarların ictimai birlikləri ilə videokonfrans formatında ilk görüş keçirilib. Həmin görüşün nəticəsi olaraq, sektorlardakı mövcud çağırışlar və onların həlli üçün görə biləcəyimiz işlərlə bağlı təkliflərin formalaşdırılması barədə razılaşma əldə edilib. Hazırda Dövlət Vergi Xidməti tərəfindən müvafiq assosiasiyalarla birgə hər bir vergi növü üzrə sahibkarların qarşılaşdıqları problemlər və çatışmazlıqlar barədə məlumatlar toplanılır. Daha sonra bu məlumatlar emal ediləcək və qarşılıqlı müzakirələr zamanı həmin problemlərin obyektivliyi, habelə alternativ həlləri, yaxud yeni formatın hazırlanması zəruriliyi aydınlaşdırılacaq.

Görüşlərimiz zamanı vergi ödəyiciləri tərəfindən daimi xarakter alan pozuntu halları barədə, eləcə də qanunvericiliklə bağlı vahid yanaşmanın təmin edilməsi üçün assosiasiyalar məlumatlandırılacaq. Onlar da öz növbəsində xarakterik nöqsanlar, habelə vergi orqanının izahları barədə məlumatları sektorda çalışan sahibkarlıq subyektlərinin diqqətinə çatdıracaqlar ki, nəticədə informasiya mübadiləsinin çevikliyi və intensivliyi artmış olacaq. Həmçinin inzibatçılıq sahəsində qarşıda duran çətinliklərin aradan qaldırılmasında həmin sektorlara müvafiq dəstək veriləcək. Bu, sənədləşmələrin tərtibi, elektron sənədləşmədəki çətinliklərin aradan qaldırılması, yeni elektron xidmətlərin tətbiqi və ya təkmilləşdirilməsi ola bilər. Yəni məqsəd sahibkarların inzibatçılıq yükünü azaltmaq, praktiki təcrübəyə uyğun inzibatçılığın qurulmasıdır ki, onlar üçün ikili iş yükü yaranmasın.

Sahibkarlar qarşılaşdıqları problemlər, mövcud vergi siyasəti, həmçinin sahibkarlığa dövlət dəstəyi mexanizmlərinin təkmilləşdirilməsi ilə bağlı təkliflər verə bilərlər. Bu əməkdaşlıq dövlət-sahibkar tərəfdaşlığının inkişaf etdirilməsinə, qanunvericilik bazasının təkmilləşdirilməsi istiqamətində sahibkarların daha yaxından cəlb olunmasına imkan verəcək.

– Builki Vergi Forumunda səsləndirilən yeni fikirlərdən biri də gələcəkdə Vergi Məcəlləsinin strukturunun dəyişdirilməsi ilə bağlı idi. Bu, hansı zərurətdən irəli gəlir?

– Dövlət Vergi Xidmətinin qarşısında duran hədəflərin icrası baxımından, Vergi Məcəlləsinin yeni strukturunun hazırlanması və mövcud tərtibat formasında dəyişikliklərin edilməsi nəzərdə tutulur. Vergi Məcəlləsinin strukturunun dəyişilməsinin və yeni redaksiyada hazırlanmasının zəruriliyi bir neçə səbəblə bağlıdır. Əvvəla, Məcəllənin daha anlaşılan olması və rəqabətqabiliyyətliliyinin təmin edilməsi üçün zəruri dəyişikliklər edilməsi vacibdir. İkincisi, ölkəyə xarici investisiyaların cəlb edilməsi baxımından daha stabil Vergi Məcəlləsinə ehtiyac vardır. Xarici investorlar müəyyən zaman intervalında vergi mühitinin sabit qalacağına əmin olmalıdırlar. Üçüncüsü, fəaliyyət sahələri üzrə vergiyə cəlb edilən əməliyyatların detallı şəkildə tənzimlənməsi üçün Vergi Məcəlləsinin yeni strukturuna ehtiyac vardır.

Sahibkarların ictimai birlikləri ilə aparılan işin məqsədlərindən biri də budur. Nəhayət, Azərbaycanın vergi xidmətinin son illərdə əldə etdiyi beynəlxalq təcrübəyə nəzər salsaq, görərik ki, beynəlxalq vergi münasibətlərinə inteqrasiyanın təmin olunması baxımından bütün bunları özündə əks etdirən, daha qlobal xarakter kəsb edən yeni qanunvericilik sənədinin işlənib hazırlanması məqsədəuyğundur.

Mənbə: vergiler.az


Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Keçən il dövlət büdcəsinin gəlirlərinin 18,5 faizi ƏDV hesabına təmin edilib

posted in: Xəbər | 0

Keçən il dövlət büdcəsinin gəlirlərinin 18,5 faizi ƏDV hesabına təmin edilib

Əsas vəsaitlərin uçotdan silinməsi ƏDV

2020-ci ildə dövlət büdcəsinin gəlirləri dövlət borcu və zəmanəti üzrə öhdəliklərin Təminat Fondunun daxilolmaları da nəzərə alınmaqla 26 milyard 75,4 milyon manat, xərcləri isə 26 milyard 416,3 milyon manat olub.

Dövlət Statistika Komitəsindən bildirilib ki, daxilolmaların 18,5 faizi əlavə dəyər vergisi, 9 faizi hüquqi şəxslərin mənfəət (gəlir) vergisi, 4,5 faizi xarici iqtisadi fəaliyyətlə bağlı vergilər, 4,4 faizi fiziki şəxslərin gəlir vergisi, 3,4 faizi aksizlər, 1,2 faizi sadələşdirilmiş vergi, 1,8 faizi vergilərin digər növləri, 57,2 faizi isə vergi olmayan gəlirlər hesabına təmin edilib.

Mənbə: vergiler.az


Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Mənfəət (gəlir) vergisinin hesablanması

posted in: Xəbər | 0

Mənfəət vergisiAzərbaycan Respublikasında rezident və qeyri-rezident müəssisələr, habelə sahibkarlıq fəaliyyətindən gəlir əldə edən qeyri-kommersiya təşkilatları mənfəət vergisinin ödəyiciləridir. İqtisadçı Elməddin Məmmədov mənfəət vergisinin hesablanması və ödənilməsi qaydalarını izah edir.

Vergi Məcəlləsinin 104.1-ci maddəsinə əsasən, rezident müəssisə üçün vergitutma obyekti onun mənfəətidir. Vergi ödəyicisinin bütün gəlirləri, o cümlədən onun Azərbaycan Respublikasının hüdudlarından kənarda daimi nümayəndəlikləri vasitəsilə əldə etdiyi gəlirləri, Azərbaycan Respublikasının hüdudlarından kənarda əldə etdiyi dividend, faiz, royalti (vergidən azad edilən gəlirdən başqa) ilə bu Məcəllənin X fəslində göstərilən, gəlirdən çıxılan xərc (vergidən azad edilən gəlirlər üzrə çəkilən xərclərdən başqa) arasındakı fərq mənfəətdir.

Qanunvericiliyin tələbinə görə, müəssisələrin mənfəətindən 20 faiz dərəcəsi ilə vergi tutulur. Məcəllənin 106.1.20-ci maddəsində isə göstərilir ki, mikro sahibkarlıq subyekti olan hüquqi şəxslərin sahibkarlıq fəaliyyətindən əldə etdikləri mənfəətin 75 faizi mənfəət vergisindən azaddır.

Misal 1: Mənfəət vergisinin ödəyicisi olan müəssisə 2020-ci il üzrə 170.000 manat gəlir əldə edib. Gəlirin əldə edilməsi üzrə təsdiqedici sənədlər əsasında çəkilən xərcləri isə 100.000 manat təşkil edib. Müəssisənin cari ildəki mənfəəti 70.000 manat (170.000-100.000) olub.

Vergi Məcəlləsinin 106.1.20-ci maddəsini tətbiq etməklə mənfəət vergisini hesablayaq:

70.000*75% = 52.500
70.000 – 52.500 = 17.500 manat
17.500 x 20% = 3500 manat.

Beləliklə, müəssisənin cari il üzrə mənfəət vergisi 3500 manat olacaq.

Misal 2: Mənfəət vergisinin ödəyicisi olan şirkət 2020-ci il üzrə 260.000 manat gəlir əldə edib. Gəlirin əldə edilməsi üzrə çəkilən xərcləri isə 140.000 manat təşkil edib. Müəssisənin cari ildəki mənfəəti 120 000 manat (260.000 – 140.000) olub.

Qeyd edək ki, müəsisənin orta illik işçi sayı 15 nəfərdir.

120.000 x 20% = 24.000 manat.

Dövriyyənin 200.000 manatdan yüksək və orta illik işçi sayının 10 nəfərdən çox olması səbəbindən şirkət kiçik sahibkarlıq subyektinə aid edilir. Vergi Məcəlləsinin 106.1.20-ci maddəsində nəzərdə tutulan güzəştlər bu şirkətə tətbiq edilmir. Ona görə də şirkət cari il üçün 24.000 manat mənfəət vergisi ödəməlidir.

Mənfəət (gəlir) vergisi ödəyiciləri rüb bitdikdən sonra növbəti ayın 15 -dən gec olmayaraq cari vergi ödəmələri haqda arayış formasını təqdim etməlidirlər. Mənfəət ( gəlir) vergisi bəyannaməsi və yekun ödəmələr isə hesabat ilindən sonrakı ilin mart ayının 31-dən gec olmayaraq vergi orqanlarına təqdim edilməlidir.

Vergi Məcəlləsinin 74.1-ci maddəsinə əsasən, hesabatın verilmə müddəti başa çatanadək vergi ödəyicisi gəlir vergisinin və ya mənfəət vergisinin hesabatının verilməsi müddətinin uzadılması barədə müraciət edirsə və bu zaman ödənilməli olan verginin məbləğini tamamilə ödəyirsə, hesabatın verilməsi müddəti üç ayadək uzadılmış hesab olunur. Əgər vergi ödəyicisi il ərzində hər hansı bir səbəbdən fəaliyyətini dayandırsa, fəaliyyətini dayandırdığı tarixdən 30 gün müddətinə mənfəət (gəlir) vergisi bəyannaməsini təqdim etməlidir.

Mənfəət (gəlir) vergisi bəyannaməsi vaxtında təqdim edilməzsə 40 manat məbləğində maliyyə sanksiyası nəzərdə tutulub.

Mənbə: vergiler.az


Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Bakıda 300 min manat nizamnamə kapitalı ilə yeni şirkət yaradılıb

posted in: Xəbər | 0

Bakıda 300 min manat nizamnamə kapitalı ilə yeni şirkət yaradılıb

şirkət

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti “Sünbül.az” MMC-ni dövlət qeydiyyatına alıb.

Nazirliyə istinadən xəbər verilir ki, yeni şirkətin hüquqi ünvanı Bakı şəhəri, Xətai rayonu, Xocalı prospekti, ev 55 mənzil 1 301, nizamnamə kapitalı 300 min manat, qanuni təmsilçisi isə Mədinə Məzahir qizi Əliyevadır.

Mənbə: report.az


Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

1 870 871 872 873 874 875 876 2. 388