ƏDV-nin qaytarılması necə heyata keçiriləcək?

posted in: Vergi, Xəbər | 0

ƏDV-nin qaytarılmasıDünyanın bir çox ölkələrində vətəndaşların müxtəlif ödənişlər zamanı ödədiyi ƏDV-nin qaytarılması mexanizmi tətbiq edilir.

Azərbaycanda da bir neçə ilə bundan öncədən başlayaraq bu mexanizmin tətbiq edilməsi istiqamətində təşəbbüslər irəli sürülürdü. Belə ki, 2018-ci ildə Vergi Məcəlləsinə edilən dəyişikliklərdə ticarət və iaşə obyektlərində ödənişlər zamanı tutulan ƏDV-nin istehlakçılara geri ödənilməsi ilə bağlı maddələr öz əksini tapmışdı. Lakin həmin yeniliyin həyata keçirilməsi üçün hazırlıq işləri aparılmalı, yeni nəsil nəzarət-kassa aparatlarının tətbiqi və müvəkkil bankın təyin edilməsi lazım idi.

Yeni nəsil nəzarət-kassa aparatlarının tətbiq edilmədiyi təqdirdə ödənilmiş ƏDV-nin bir hissəsinin geri qaytarılması mümkün deyildi. ƏDV-nin geri qaytarılması mexanizmi o halda işləyə bilərdi ki, bütün vergi ödəyiciləri yeni nəsil nəzarət-kassa aparatlarından istifadə etsin. Çünki bu qurğuların tətbiqi vasitəsilə alqı-satqı əməliyyatlarına məsafəli şəkildə nəzarət olunur. Bu aparatlarla həyata keçirilən istənilən əməliyyat barədə dərhal İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin elektron informasiya sistemində məlumat əks olunur.

Odur ki, 2019-cu ilin əvvəllərindən etibarən ölkədə mərhələli şəkildə yeni nəsil kassa aparatlarının tətbiq edilməsinə başlanıldı. Nazirlər Kabinetinin təsdiqlədiyi “Nəzarət-kassa aparatlarının tətbiqi Qrafiki”ndə 2019-cu il iyulun 1-nə qədər Bakıdakı “Mall” tipli iri ticarət mərkəzləri, şəbəkə sistemli marketlər, yanacaqdoldurma məntəqələri (YDM), ixtisaslaşmış avtomobil satışı obyektləri və şadlıq evlərinin, həmin il oktyabrın 1-nə qədər paytaxtdakı mebel satışı üzrə ixtisaslaşmış müəssisələrin, 2020-ci il yanvarın 1-nə qədər pərakəndə ticarət və yaxud ictimai iaşə fəaliyyəti göstərən ƏDV ödəyicilərinin, 2021-ci il yanvarın 1-nə qədər isə eyni fəaliyyəti göstərən digər təsərrüfatı subyektlərinin nəzarət-kassa aparatlarını quraşdırması barədə məsələlər öz əksini tapdı.

Regionlarda yerləşən “Mall”ların, avtomobil və mebel salonlarının, şadlıq evlərinin elektron informasiya sisteminə qoşulmaları üçün 2019-cu il oktyabrın 1-nə qədər, Gəncə və Sumqayıtda yerləşən şəbəkə sistemli marketlər və YDM-lər üşün Bakıdakı kimi iyulun 1-nə qədər, digər bölgələrdə yerləşən eyni tipli təsərrüfat subyektləri üçün isə 2019-cu il oktyabrın 1-nə qədər vaxt təyin edildi. Qrafikə əsasən Gəncə və Sumqayıt şəhərlərində pərakəndə ticarət və yaxud ictimai iaşə fəaliyyəti göstərən sahibkarlara 2021-ci il aprelin 1-nə qədər, Abşeron, Mingəçevir, Şirvan, Şəki, Lənkəran, Yevlax, Bərdə, Naxçıvan, Quba, Xaçmaz, Masallı, Göyçay, Şamaxı, Zaqatala, Şəmkir, Tovuz, Salyan, Sabirabad və Naftalanda (kənd və qəsəbələr istisna olmaqla) 2021-ci il oktyabrın 1-nə qədər, digər rayon mərkəzlərində (kənd və qəsəbələr istisna olmaqla) 2022-ci il yanvarın 1-nə qədər, bütün kənd da və qəsəbələrdə isə 2023-cü il yanvarın 1-nə qədər vaxt verildi.

Bu proseslərin aparılması təmin edildikdən sonra bu il martın 21-də ölkə Prezidenti tərəfindən Azərbaycan vətəndaşlarının ölkə ərazisində pərakəndə ticarət və yaxud ictimai iaşə fəaliyyəti göstərən şəxslərdən aldığı mallara (neft və qaz məhsulları istisna olmaqla) görə ödədiyi ƏDV bir hissəsinin 30 gün ərzində onlara geri qaytarılması barədə qaydalar təsdiqləndi. Qaydalara əsasən, geriyə ödəniş bank kartına və yaxud hesabına köçürmə yolu ilə həyata keçiriləcək. Əgər istehlakçı əcnəbi və yaxud vətəndaşlığı olmayan şəxsdirsə, ƏDV-ni geri almaq üçün milli valyutada bank kartına və yaxud hesabına malik olmalıdır.

Dövlət Vergi Xidmətindən verilən məlumata görə, ƏDV-nin müəyyən hissəsinin qaytarılmasıprosesin fiziki tətbiqinə artıq başlanıldı. Müvəkkil bank isə “Kapital Bank” ASC elan edildi.

ƏDV-nin geri qaytarılması prosedurunu “Report”a şərh edən Bakı Hesabat Mərkəzinin direktoru Mehdi Babayev bildirib ki, bunun üçün vətəndaş ilk növbədə qeydiyyatdan keçməlidir. İstehlakçıların müraciətlərinin qeydiyyata alınması üçün informasiya sistemi olan xüsusi portal (www.edvgerial.az ) isə artıq fəaliyyətdədir.

M.Babayevin fikrincə, ƏDV-ni geri almaq istəyən vətəndaş ən azından aşağıda sadalanan məlumatlarla tanış olmalıdır:

Elektron kabinet

Vətəndaş xüsusi informasiya sistemində, yəni ƏDV qaytarılmsını tənzimləyən portalda qeydiyyatdan keçməklə özünə elektron kabinet yaratmalıdır. Vətəndaşlarımız elektron sistemlərdən istifadə bacarıqlarını daha da artırmalıdırlar.

Milli valyutada bank kartı

İstər Azərbaycan vətəndaşı, istərsə də xarici vətəndaş olsun, hər iki vətəndaşın milli valyutada bank kartı olmalıdır. Çünki ƏDV-nin istehlakçıya qaytarılması bank kartına (və ya hesabına) köçürmə yolu ilə həyata keçirilir.

Yeni nəsil NKA çeki

Ödənişlər yalnız yeni nəsil, yəni Dövlət Vergi Xidmətinin elektron informasiya sisteminə qoşulmuş nəzarət-kassa aparatının çekini əldə etməklə aparılarsa, ƏDV geri qaytarılacaqdır. İstehlakçı alınmış malların dəyərini nağd və ya nağdsız qaydada ödəyə bilər. Nağd ödəmələr zamanı satıcı istehlakçıya onlayn nəzarət-kassa aparatının çekini təqdimetməlidir. Malların dəyəri nağdsız qaydada ödənildikdə və POS-terminal nəzarət-kassa aparatı ilə inteqrasiya olunmadıqda, istehlakçıya POS-terminaldan çıxarış da verilməlidir.

Vaxtında portala müraciət

Vətəndaş nəzarət-kassa aparatı çekini aldığı tarixdən 90 (doxsan) gündən gec olmayaraq ƏDV məbləğinin qaytarılması üçün portala müraciət etməlidir, əks halda, gecikərsə, çek etibarını itirəcəkdir. Müraciət edərkən çek barədə məlumatları, yəni NKA çekinin 12 simvollu fiskal İD-sini elektron kabineti vasitəsilə sistemə daxil edilməli. Həmçinin BirBank tətbiqinə malik olan və onu müvafiq qaydada yükləyən bütün istifadəçilər bu tətbiq vasitəsilə də çekin üzərində olan QR kodu (çekin sonunda yerləşdirilən sürətli məlumat kodu) oxudaraq ƏDV-ni daha rahatlıqla geri qaytara bilərlər. BirBank tətbiqi portalda qeydiyyata alınmış telefon nömrəsinə yüklənməlidir. Bu zaman ƏDV-nin geri qaytarılması ilə bağlı sorğu elektron kabinetdə avtomatik əks olunacaq.

Proses 30 gün çəkir

Portala daxil olan müraciət çekin çap olunduğu tarixdən 14 gün sonra aktivləşir, qaytarılmalı ƏDV məbləği ilə bağlı məlumat vahid məlumat bazası üzərindən 5 gün müddətində müvəkkil banka ötürülür. Müvəkkil bank isə 10 gün müddətində istehlakçının bank hesabına qaytarılmalı ƏDV məbləğini milli valyutada bank kartına (və ya hesabına) köçürmə yolu ilə qaytarır. Yəni maksimum 29-30 gün ərzində proses başa çatır.

ƏDV-nin yalnız bir hissəsi qaytarılır

Vətəndaş bilməlidir ki, ƏDV tam qaytarılmır. Ödəniş nağdsız qaydada, yəni POS-terminal vasitəsilə edilibsə qaytarılan məbləğ çeklərin üzərindəki ƏDV məbləğlərinin 15%-i, ödəniş nağd qaydada ediləndə isə çeklərin üzərindəki ƏDV məbləğlərinin 10 faizini təşkil edir. Məsələn, 1 180 manat ümumi ödənişin 180 manat hissəsini ƏDV təşkil edir. Qaytarılan məbləğ, ödəniş POS-terminal ilə olduqda 180 manatın 15%-i qədər (27 manat), ödəniş nağd qaydada NKA çeki ilə olduqda 180 manatın 10%-i qədər (18 manat) olacaqdır. Bir sözlə tam ödənişin 1,53% və ya 2,29%-dək olan hissəsi istehlakçıya qaytarılacaq.

Bəzi çeklər işə yaramayacaq

Sadələşdirilmiş vergi ödəyicilərindən, yaxud da ƏDV ödəyicisi olmayan ticarət obyektlərindən mal, xidmət alışlarına görə əldə edilən NKA çekləri bu Qaydalar üzrə tətbiq edilə bilməz.

Mənbə: report.az


Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Vergi sistemlərinin inkişaf tarixindən 27 dərs (2-ci hissə)

posted in: Uncategorized | 0

vergi sistemiVergi sistemlərinin inkişaf tarixindən 27 dərs

2-ci hissə

Məqalənin 1-ci hissəsini buradan oxuya bilərsiniz.

Böyük imperiyaların vergilərlə özlərini məhv etdiyi tezisi getdikcə daha çox təsdiqini  tapır. Vergilər çox vaxt böyük sosial partlayışlara  gətirib çıxaran bir qığılcım idi. Alimlərdən birinin rəyinə görə, Mayya sivilizasiyasının çöküşü, sakinlərinin vergilər üzündən cəngəlliklərə  qaçmasıdan  sonra başlanmışdı. Gəlin baxaq görək, vergitutmanın çoxəsrlik tarixi bizə hansı dərslər verir.

Budur, vergi sistemləri və sivilizasiyaların inkişafı tarixindən əsas dərslər:
  1. Böyük xərclər tələb edən müharibə və ya fövqəladə vəziyyət zamanı bütün vətəndaşların vergi kollektorlarının müəyyən etdiyi ixtiyari prinsiplərə deyil, onların yerləşən aktivlərinə uyğun olaraq vergiyə cəlb edilməsi lazımdır.
  2. Təbiət sərvəti bərabər paylamır. Hamımız bilirik ki, insanlar öz qabiliyyətləri və istedadlarına görə müxtəlifdir. Bəzi vətəndaşlar digərlərinə nisbətən daha varlı olacaqlar. Onlar cəmiyyətə bir çox xidmətlər, o cümlədən iş yerləri, yeni texnologiyalar təqdim edirlər. Onlar daha çox vergi ödəyir və xeyriyyəçiliklə məşğul olurlar. Zəngin vətəndaşların öz sərvətlərini cəmiyyətlə bölüşməsi üçün qanunvericilikdə nəzərdə tutulan məcburiyyəti deyil, əqidənin və ictimai fikrin qüvvəsindən istifadə etmək lazımdır.
  3. Çağırışçılardan tutmuş liderlərə kimi bütün vətəndaşlar, dövlətə təmənnasız və mümkünsə ödənişsiz xidmət etməlidirlər. Onları vətənə sevgi və ölkəyə xidmət etmək borcu motivasiya etməlidir. Onların əsas mükafatı ictimaiyyət tərəfindən təriflənmək və gördükləri işin həmvətənləri təəfindən bəyənilməsi olmalıdır.
  4. Vergi ödəyicilərinin narazılığı rifah və sosial asayişi, vergi ödəyicilərinin özlərini düzgün aparmadıqlarından daha çox təhlükə altına qoyur. Ona görə də qanun pis vergi ödəyicilərinə qarşı deyil, vergi orqanı işçilərinin lazımsız istəklərinə qarşı yönəldilməlidir.
  5. Vergilərin hamı tərəfindən qanuni olaraq qəbul edilməsi üçün ictimai razılığın əldə olunması çox vacibdir. Əgər dövlət vergiləri vətəndaşlarla razılaşmadan tətbiq edirsə, onda vətəndaş itaətsizliyi və qiyamlar özünü doğrultmuş olur.
  6. Vergi istisnaları, əgər onlar hamıya tətbiq edilmirsə, öz təbiətinə görə ədalətsizdir. Əgər vergilərə münasibətdə qanun qarşısında bərabərlik konstitusiya prinsipi tətbiq olunursa, bütün vətəndaşlar və şirkətlər eyni vergiləri ödəməlidirlər.
  7. Azadlıq şəxsi həyata qarışmamaq hüququnu qoruyub saxlamaq yolu ilə dövlətin dominantlığından qoruyur. Bank sirri azadlığın ən mühüm ünsürlərindən biridir. O, öz kökləri ilə “Mənim evim – mənim qalamdır” erkən ingilis hüququna gedib çıxır. Burada aktivlər nəzərdə tutulur.

    Teleqram qrupumuza üzv olun



    Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

    Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

    Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Birdəfəlik ödəmə alanların sayını işsizlik səviyyəsi ilə əlaqələndirmək olarmı?

posted in: Xəbər | 0

Birdəfəlik ödəmə alanların sayını işsizlik səviyyəsi ilə əlaqələndirmək olarmı?

birdəfəlik ödəmə işsizlik səviyyəsiƏmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev birdəfəlik ödəmə (190 manat) alanların sayının işsizlik səviyyəsi ilə əlaqələndirməsinə münasibət bildirib.

Nazir bu əlaqələndirmənin səthi yanaşmadan irəli gələn yanlış fikir olduğunu deyib.

Sahil Babayev qeyd edib ki, birdəfəlik ödəmə proqramı təkcə işsizləri deyil, qeyri-formal çalışan və xüsusi karantin rejimi dövründə müvəqqəti olaraq qazancını itirmiş şəxsləri, vaxtamuzd çalışanları, habelə iqtisadi qeyri-fəal əhalini də əhatə etdi, bu kimi aztəminatlı şəxslərin də minimum ehtiyaclarını ödədi:

“İkincisi, şəxsin məşğulluq xidməti orqanlarında işsiz kimi qeydiyyatı üçün əvvəlcə o, işaxtaran kimi qeydə alınır, bəlli bir müddət ərzində ona münasib iş təklif olunmadıqda, işsiz kimi qeydiyyata alınır. Birdəfəlik ödəmə proqramına başlanarkən həmin insanların pandemiya dövründə daha çevik şəkildə, qısa müddətdə maddi dəstəklə təmin edilmələri prinsipi üstün tutuldu. Buna görə də Nazirlər Kabinetinin müvafiq qərarı ilə təsdiq olunmuş qaydalara əsasən bu kateqoriyadan olan şəxslərin “E-sosial” portalı üzərindən onlayn müraciətləri əsasında dərhal işsiz kimi qeydiyyata alınmasına şərait yaradıldı”.

Onun sözlərinə görə, birdəfəlik ödəmə üçün müraciət edənlər sırasında işsizlərlə yanaşı, çoxsaylı məşğul şəxslər, xüsusi karantin şəraitində qazancını itirən qeyri-formal işləyən şəxslər, habelə iqtisadi qeyri-fəal şəxslər (yəni işləmək istəməyən, heç bir zaman iş axtarmayan və yalnız ev işlərini yerinə yetirən, ailə üzvlərinə qulluq edən və s.) də oldu: “Bu şəxslərin hamısının işsizlərə aid edilməsi əlbəttə düzgün deyil və sadə dillə desək faktların təhrif edilməsidir. İşsizliyin səviyyəsinə gəldikdə, bu səviyyənin ölçülməsində dünyada ən mütərəqqi yanaşma kimi, Beynəlxlalq Əmək Təşkilatının (BƏT) metodologiyası götürülür. Bu metodologiyaya əsasən, yalnız əmək qabiliyyətli yaşda olan o şəxslər işsiz sayılır ki, həmin şəxslərin müayinə keçirilən dövrdə qazanc (gəlir) gətirən məşğuliyyəti olmasın, son bir ayda aktiv iş axtarsın və iş təklif olunduğu andan ən geci iki həftə ərzində işə başlamağa hazır olsun. Bu zaman muzdla işləyən şəxslər, fərdi sahibkarlar (o cümlədən, işəgötürən və ya sabit vergi ödəyiciləri kimi fəaliyyət göstərənlər), ev təsərrüfatlarında məşğul olanlar, mülkiyyətdən qazanc əldə edənlər, iqtisadi qeyri-fəal əhali nəzərə alınmır. İşsizlik bütün dünyada iqtisadi qeyri-fəal əhalinin deyil, iqtisadi fəal əhalinin məşğul olmayanlarını özündə ehtiva edir”.

Mənbə: report.az


Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Azərbaycanda təhsil işçilərinin yeni iş rejimi müəyyənləşib

posted in: Xəbər | 0

yeni iş rejimiAzərbaycanda təhsil işçilərinin yeni iş rejimi müəyyənləşib.


Təhsil naziri Ceyhun Bayramov koronavirus (COVİD-19) infeksiyasının yayılmasının qarşısının alınması ilə bağlı Azərbaycan Respublikasının ərazisində xüsusi karantin dövründə tətbiq edilən xüsusi iş (əmək) rejiminin müddətinin uzadılması barədə əmr imzalayıb.

Əmrdə deyilir:

1. Koronavirus (COVID-19) infeksiyasının ölkə ərazisində yayılmasının, onun törədə biləcəyi fəsadlarının qarşısının alınması məqsədilə Azərbaycan Respublikası ərazisində xüsusi karantin rejiminin müddətinin 31 may 2020-ci 00:00-dək uzadılmasını nəzərə alaraq 2020-ci il 4-31 may tarixlərində Təhsil Nazirliyinin Aparatının, onun Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərlərində və Abşeron rayonunda yerləşən strukturuna daxil olan qurumlarının, strukturuna daxil olmayan tabeliyindəki qurumlarının, Azərbaycan Respublikası Peşə Təhsili üzrə Dövlət Agentliyinin və “2019-2023-cü illər üçün Azərbaycan Respublikasının ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı”nın İdarəetmə Qrupunun fəaliyyətinin təmin edilməsi məqsədilə hər bir qurum üzrə ümumi işçi sayının 30%-ə (rəhbər şəxslər və onların mülahizəsinə əsasən zəruri hesab edilən əməkdaşların cəmi) qədəri işə cəlb olunsunlar.

2. Bu əmrin 1-ci bəndində qeyd olunan rayon və şəhərlərdə yerləşən qurumlar istisna olmaqla digər Təhsil Nazirliyinin strukturuna daxil olan qurumlara, strukturuna daxil olmayan tabeliyindəki qurumlara işə cəlb olunmalı əməkdaş sayı məhdudiyyəti tətbiq edilməsin.

3. Bu əmrin 1-ci bəndində qeyd olunan şəhər və rayonda yerləşən qurumlarda rəhbər şəxslərin mülahizəsinə əsasən, iş yerində işə cəlb olunması zəruri hesab edilən əməkdaşlar müəyyən edilərkən aşağıdakı hallar nəzərə alınsın:

3.1. öhdəsində azyaşlı (7 yaşınadək) uşağı olan, yaşlılara və tibbi yardıma ehtiyacı olan şəxslərə qulluq edən əməkdaşlar işə cəlb olunmasın;

3.2. yaşı 60-dan yuxarı olan əməkdaşlar işə cəlb edilməsin;

3.3. şəxsi nəqliyyat vasitəsi olan əməkdaşların işə cəlb olunmasına üstünlük verilsin.

4. Nazirliyin Aparatının struktur bölmə rəhbərləri və Nazirliyə tabe olan Bakı şəhərində yerləşən qurumlarının səlahiyyətli şəxsləri işə cəlb olunan əməkdaşların siyahısını hər gün Nazirliyin İnsan Resursları Şöbəsinə (hr@edu.gov.az) təqdim etsinlər.

5. Maliyyə Şöbəsinə (R.Orucov) tapşırılsın ki, işə cəlb olunmayan əməkdaşların əməkhaqqının ödənilməsi üçün zəruri tədbirləri həyata keçirsin.

6. Bu əmrin 1-ci bəndində qeyd olunan qurumların rəhbərlərinə tapşırılsın ki, işə cəlb olunmayan əməkdaşların əməkhaqqının ödənilməsi üçün zəruri tədbirləri həyata keçirsinlər.

7. İnsan Resursları Şöbəsinə (E.Bağırov) tapşırılsın ki, xüsusi karantin dövründə işə cəlb olunan əməkdaşlara cəlb olunduqları günlər üçün il ərzində əlavə istirahət günlərinin verilməsini təmin etsin.

8. Təhsil Sisteminin İnformasiyalaşdırma İdarəsinə (V.Xanlarov) və Təhsil Nazirliyinin rəhbər şəxslərinə tapşırılsın ki, işə cəlb olunması zəruri hesab edilməyən əməkdaşların məsafədən işləmək imkanlarını müəyyən etsinlər və bunun üçün tələb olunan şəraitin (texnoloji əlaqə platformalarının müəyyən edilməsi, onların sazlanması və s.) yaradılmasını təmin etsinlər;

9. Əmək fəaliyyətini iş yerində yerinə yetirən işçilərə münasibətdə aşağıdakılar nəzərə alınsın:

9.1. iclasların, görüşlərin və müzakirələrin fiziki ünsiyyət yaratmadan texnoloji avadanlıqlar vasitəsi ilə keçirilməsinə üstünlük verilsin;

9.2. sənədlərə vizaların toplanması halları istisna olmaqla, əməkdaşlar arasında sənəd və məlumat mübadiləsi elektron poçt və telefon rabitəsi vasitəsilə həyata keçirilsin;

9.3. əməkdaşların və onların ailə üzvlərindən birinin qrip, soyuqdəymə, halsızlıq, öskürək, nəfəs darlığı, burun axıntısı və digər bu kimi hallar olduğu təqdirdə həmin əməkdaşların işə cəlb olunması dərhal dayandırılsın və müvafiq tədbirlər görülsün;

9.4. əməkdaşlardan şəxsi gigiyena qaydalarına riayət olunması tələb olunsun;

9.5. əməkdaşlardan koronavirus infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə ölkədə tətbiq edilən xüsusi rejimin qaydalarına əməl olunması tələb olunsun.

10. Əmrin 1-ci bəndində qeyd olunan qurumlarda və Vətəndaşların Qəbulu Mərkəzində vətəndaşların qəbulu 2020-ci il mayın 31-dək dayandırılsın.

11. 2020-ci mayın 31-dək vətəndaş müraciətlərinin qəbulu Telefon Məlumat Mərkəzi (146-1) və office@edu.gov.az elektron poçt ünvanı vasitəsilə təmin edilsin.

Mənbə: report.az


Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun