Xüsusi karantin rejiminin müddəti uzadıldı

posted in: Xəbər | 0

Azərbaycanda xüsusi karantin rejiminin müddəti uzadıldı.

karantinYeni növ koronavirus (COVID-19) infeksiyası ilə bağlı Azərbaycandakı mövcud sanitar-epidemioloji vəziyyət, digər dövlətlərdə tətbiq olunan preventiv tədbirlər, eləcə də Ümumdünya Səhiyyə Təşkilatının tövsiyələri təhlil edilərək xüsusi karantin rejiminin müddəti 31 may 2020-ci il saat 00:00-dək uzadılıb.

Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib.

Eyni zamanda əhali arasında virusa yoluxma sürəti, xəstələrin sağalma dinamikası nəzərə alınaraq, tətbiq edilən bir sıra məhdudiyyətlərin yumşaldılmasına dair qərar verilib.

Məhdudiyyətlərin yumşaldılması mövcud sanitar-epidemioloji vəziyyət, xəstə sayı və yoluxma sürəti əsas götürülərək Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərləri, Abşeron rayonu və digər regionlar üzrə mərhələ ilə həyata keçirilir.

Bununla əlaqədar Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərləri və Abşeron rayonu üzrə 4 may 2020-ci il saat 00:00-dan etibarən:

dövlət qurumlarının işçilərinin fəaliyyəti müəyyən olunmuş sayda bərpa olunur (fəaliyyəti bərpa olunan dövlət qurumlarının işçilərinin say həddi Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq qərarı ilə müəyyən ediləcəkdır);

“DOST” mərkəzləri xidmət göstərdikləri ərazilər üzrə ünvanlı dövlət sosial yardımı və sosial sahə üzrə bank kartlarının təqdim olunması istiqamətlərində fəaliyyətini bərpa edir;

xüsusi karantin rejimi dövründə fəaliyyətinə məhdudiyyət tətbiq olunan müxtəlif sahələrdə digər sahibkarlıq subyektlərinə iş və xidmətlər təqdim edən hüquqi və fiziki şəxslərin fəaliyyəti bərpa edilir;

bütün sahələr üzrə fərdi ticarət obyektlərinin fəaliyyəti bərpa olunur;

bərbərxanalar, gözəllik salonları və kosmetik xidmətlər üzrə fəaliyyət bərpa olunur.

Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərləri və Abşeron rayonu istisna olmaqla respublikanın digər rayon və şəhərlərində və Naxçıvan Muxtar Respublikasında 4 may 2020-ci il saat 00:00-dan etibarən:

yaşayış yerini SMS icazə ilə, “icaze.e-gov.az” portalında qeydiyyatdan keçməklə, xidməti vəsiqə və ya iş yeri barədə arayış əsasında tərk etmək sistemi ləğv olunur;

“DOST” mərkəzləri xidmət göstərdikləri ərazilər üzrə ünvanlı dövlət sosial yardımı və sosial sahə üzrə bank kartlarının təqdim olunması istiqamətlərində fəaliyyətini bərpa edir;

dövlət qurumlarının işçilərinin tam sayda fəaliyyəti bərpa olunur;

restoran, kafe və çay evlərində müştərilərə yerində xidmətlər bərpa olunur (ictimai iaşə obyektlərində qəlyan avadanlıqlarından istifadə istisna olmaqla);

bulvar, park və istirahət məkanlarına girişə tətbiq olunan məhdudiyyət götürülür;

qeyd olunan ərazilərdə rayonlar və şəhərlərarası gediş-gəliş bərpa olunur (ictimai nəqliyyatla sərnişindaşıma xidməti istisna olmaqla);

xüsusi karantin rejimi dövründə fəaliyyətinə məhdudiyyət tətbiq olunan müxtəlif sahələrdə digər sahibkarlıq subyektlərinə iş və xidmətlər təqdim edən hüquqi və fiziki şəxslərin fəaliyyəti bərpa edilir;

bütün sahələr üzrə fərdi ticarət obyektlərinin fəaliyyəti bərpa olunur;

bərbərxanalar, gözəllik salonları və kosmetik xidmətlər üzrə fəaliyyət bərpa olunur;

Xüsusi karantin rejimində respublika üzrə ictimai yerlərdə, bulvarlarda və parklarda, eyni zamanda ictimai iaşə obyektlərində bir yerdə insanların 10 nəfərdən artıq qruplarda cəmləşməsi qadağandır.

Respublika üzrə bütün təhsil müəssisələrində tədris, təlim tərbiyə prosesinin dayandırılması 31 may 2020-ci il tarixinədək uzadılır.

Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərləri və Abşeron rayonunda məhdudiyyətlər aradan qaldırılan sahələrdə işləyən şəxslər barədə məlumatlar işəgötürən tərəfindən elektron imzadan istifadə edilməklə “icaze.e-gov.az” portalına daxil edildikdən sonra onların hərəkətinə yol verilir.

Pandemiya dövründə ölkə ərazisində müvafiq strukturların, habelə ticarət və xidmət sahələrinin fəaliyyəti Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən təqdim olunan zəruri sosial davranış və sanitar-epidemioloji qaydalara uyğun həyata keçirilməlidir.

Bir daha hamını şəxsi gigiyena, eləcə də tibbi-profilaktik qaydalara əməl etməyə, yalnız zəruri hallarda evdən çıxmağa, ictimai yerlərdə digər şəxslərlə minimum kontaktda olmağa, dövlət tərəfindən həyata keçirilən tədbirlərə yaxından dəstək göstərməyə, Operativ Qərargahın tələb və tövsiyələrinə əməl etməyə çağırırıq.

Növbəti mərhələdə sanitar-epidemiloji vəziyyətdən asılı olaraq mövcud məhdudiyyətlərdən daha bir qisminin aradan qaldırılması ilə bağlı qərar veriləcəkdir.

Qeyd edək ki, COVID-19 virusu ilə bağlı ölkədəki sanitar-epidemioloji vəziyyət mütəmadi təhlil edilərək müvafiq qaydalar tətbiq olunur. Bu səbəbdən COVID-19 virusuna yoluxma dinamikası və xəstəliklə bağlı ölkədəki vəziyyət zərurət yaradarsa, xüsusi karantin rejiminin yenidən sərtləşdirilməsi mümkündür.

Mənbə: report.az


Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Bu təqaüdün verilməsi haqqında sənədə dəyişiklik edildi

posted in: Xəbər | 0

Fəxri adlara görə aylıq təqaüdün verilməsi haqqında sənədə dəyişiklik edildi.

təqaüd“Fəxri adlara görə aylıq təqaüdün verilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 4 iyul tarixli 878 nömrəli Sərəncamında dəyişiklik edilib.

Bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb.

İndiyə qədər Azərbaycan Respublikasının dövlət büdcəsindən maliyyələşən idarə və təşkilatlarında çalışan fəxri adlara layiq görülmüş şəxslərə təqaüd həmin idarə və təşkilatların vəsaiti hesabına, digər şəxslərə isə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən dövlət büdcəsində bu məqsədlər üçün nəzərdə tutulmuş vəsait hesabına ödənilirdi.

Dəyişikliyə əsasən, fəxri adlara layiq görülmüş şəxslərə təqaüd Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən dövlət büdcəsində bu məqsədlər üçün nəzərdə tutulmuş vəsait hesabına ödəniləcək.

Nazirlər Kabinetinə bu sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.

Bu sərəncamın 1-ci hissəsi 2021-ci il yanvarın 1-dən qüvvəyə minir.

Qeyd edək ki, fəxri adlara görə aylıq təqaüdün məbləği xalq yazıçısı, xalq şairi, xalq artisti və xalq rəssamı üçün 150 manat, əməkdar elm xadimi, əməkdar incəsənət xadimi, əməkdar artist, əməkdar rəssam, əməkdar mədəniyyət işçisi, əməkdar müəllim, əməkdar həkim, əməkdar memar, əməkdar bədən tərbiyəsi və idman xadimi əməkdar dövlət qulluqçusu, əməkdar jurnalist, əməkdar mühəndis, əməkdar hüquqşünas, əməkdar kənd təsərrüfatı işçisi, əməkdar pilot, əməkdar tibb işçisi üçün 100 manat müəyyən edilib.

Bir neçə fəxri ada layiq görülmüş şəxsə bu Sərəncamın 1-ci bəndi ilə müəyyən edilən aylıq təqaüdün yalnız biri, ən yüksəyi verilir.


“Fəxri adlara görə aylıq təqaüdün verilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 4 iyul tarixli 878 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. “Fəxri adlara görə aylıq təqaüdün verilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 4 iyul tarixli 878 nömrəli Sərəncamının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005, № 7, maddə 609, № 11, maddə 1013; 2007, № 4, maddə 361; 2013, № 8, maddə 975, № 11, maddə 1454; 2018, № 2, maddə 311) 2-ci hissəsindən “Azərbaycan Respublikasının dövlət büdcəsindən maliyyələşən idarə və təşkilatlarında çalışan” və “həmin idarə və təşkilatların vəsaiti hesabına, digər şəxslərə isə” sözləri çıxarılsın.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.

3. Bu Sərəncamın 1-ci hissəsi 2021-ci il yanvarın 1-dən qüvvəyə minir.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 1 may 2020-ci il.

Mənbə: president.az


Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Vergi orqanlarının vəzifəli şəxslərinə məzuniyyətə çıxarkən müavinət ödəniləcək

posted in: Xəbər | 0

Vergi orqanlarının vəzifəli şəxslərinə məzuniyyətə çıxarkən müavinət ödəniləcək.

müavinətVergi orqanlarının vəzifəli şəxslərinə əsas məzuniyyətə çıxarkən ildə bir dəfə bir aylıq vəzifə maaşı həcmində müavinət ödəniləcək.

Bununla bağlı “Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamə”yə təklif edilən dəyişikliklər Milli Məclisin bu gün keçirilən plenar iclasında III oxunuşda müzakirəyə çıxarılıb.

Bu praktika hazırda dövlət qulluğunda çalışan dövlət qulluqçularına tətbiq olunur.

Əsasnaməyə dəyişiklik müzakirələrdən sonra səsverməyə çıxarılaraq III oxunuşda qəbul edilib.

Mənbə: report.az

 


Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

İnzibati Xətalar Məcəlləsinə dəyişikliklər qəbul edildi

posted in: Xəbər | 0

İnzibati Xətalar Məcəlləsinə dəyişikliklər qəbul edildi.

İnzibati Xətalar Məcəlləsinə dəyişiklik İnzibati Xətalar MəcəlləsiRəisin şərəf və ləyaqətini alçaltmaya görə cəzalar müəyyənləşib.

İnzibati Xətalar Məcəlləsinə əlavə və dəyişiklik edilməsi barədə qanun layihəsi Milli Məclisin bu gün keçirilən plenar iclasında III oxunuşda müzakirəyə çıxarılıb.

Dəyişikliklə Məcəlləyə yeni 41-ci fəsil əlavə edilir.

Yeni fəsilin 610-cu maddəsində (Rəisin, yaxud hərbi qulluq vəzifəsini yerinə yetirən digər şəxsin şərəf və ləyaqətini alçaltma) qeyd edilib ki, rəisin, yaxud hərbi qulluq vəzifəsini yerinə yetirən digər şəxsin hərbi xidmət üzrə öz vəzifəsini yerinə yetirməsi zamanı və ya belə vəzifələrin yerinə yetirilməsi ilə əlaqədar şərəf və ləyaqətini alçaltmaya görə 10 gündən 20 günədək müddətə inzibati həbs tətbiq olunacaq.

Sənədin yeni 611-ci maddəsində (Tabelikdə olan hərbi qulluqçunun şərəf və ləyaqətini alçaltma) isə bildirilib ki, hərbi xidmət üzrə vəzifələrin yerinə yetirilməsi zamanı və ya belə vəzifələrin yerinə yetirilməsi ilə əlaqədar rəisin öz tabeliyində olan şəxsin şərəf və ləyaqətini alçaltmaya görə on gündən iyirmi günədək müddətə inzibati həbs tətbiq olunacaq.

Bundan əlavə, sənədin yeni 612-ci maddəsində (Tabelik münasibətlərində olmayan hərbi qulluqçular arasında qarşılıqlı münasibətlərin nizamnamə qaydalarını pozma) bildirilib ki, tabelik münasibətlərində olmayan hərbi qulluqçular arasında qarşılıqlı münasibətlərin nizamnamə qaydalarını pozma, yəni bir hərbi qulluqçunun digərinin şərəf və ləyaqətini alçaltması və ya ona zor tətbiq etməsinə görə 10 gündən 1 ayadək müddətə inzibati həbs tətbiq olunacaq.

Həmçinin müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları və ya hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı təhsil müəssisəsinin kursantları arasında qarşılıqlı münasibətlərin nizamnamə qaydalarını pozaraq zərərçəkmiş şəxsə qarşı zor tətbiq etməklə, yaxud hədə-qorxu tətbiq etməklə özgənin az miqdarda əmlakını və ya əmlak xarakteri daşıyan digər hərəkətlər etməsini tələb etməyə görə bir aydan üç ayadək müddətə inzibati həbs tətbiq olunur.

Məcəlləyə dəyişikliklər müzakirələrdən sonra III oxunuşda qəbul edilib.

Mənbə: report.az


Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun