Daha çox8
Daha çox8

Video: “İkiqat vergitutmaların aradan qaldırılması qaydaları”

posted in: Xəbər | 0

“Azərbaycan Mühasiblər Məktəbi”nin “İkiqat vergitutmaların aradan qaldırılması qaydaları” mövzusunda təşkil etdiyi ödənişsiz vebinara qoşula bilməyənlər, keçid edərək video yazını izləyə bilərlər.

Vebinarın təqdimatçısı Xəyal Feyzullayev — 15 ildən artıq vergi qanunvericiliyi və mühasibatlıq sahəsində təcrübəyə malik mütəxəssisdir. O, karyerasına Azərbaycan Respublikası Vergilər Nazirliyində başlamış, burada Dövlət Vergi Müfəttişi vəzifəsindən şöbə rəisi vəzifəsinədək yüksələrək 10 ildən çox fəaliyyət göstərmişdir.

2018-ci ildən etibarən Xəyal bəy fərdi konsultant kimi fəaliyyət göstərir və hazırda DİFA Consulting Services MMC-nin direktorudur. O, müxtəlif müəssisə və sahibkarlara vergi qanunvericiliyi üzrə peşəkar məsləhətlər təqdim edir və praktik həllər təklif edir.

Xəyal Feyzullayevin təqdimatında ödənişli İkiqat vergitutma və DTA formalarının tətbiqi kursunda iştirak edə bilərsiniz.

İşdən əsassız çıxarılan işçiyə əməkhaqqının ödənilməsi qaydası

posted in: Xəbər | 0

Dövlət və özəl sektorda çalışan insanları narahat edən mövzulardan biri də əsassız yerə işdən çıxarılmış işçinin işə bərpa edilməsi zamanı əməkhaqqının ödənilməsi ilə bağlıdır. Mütəxəssislər vurğulayırlar ki, işçi öz hüquqlarının və ya qanunla qorunan mənafeyinin pozulduğunu aşkar etdikdə, Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada fərdi əmək mübahisələrini həll edən orqanlara müraciət etməklə pozulmuş hüquqlarının bərpa olunmasını tələb edə bilər. Bəs bu orqanlar hansılardır? Əsassız işdən çıxarılan işçiyə yanaşmalar necə olmalıdır? Əmək qanunvericiliyi üzrə ekspert Nüsrət Xəlilov bu və digər suallarına aydınlıq gətirir. 

Fərdi əmək mübahisələrinə bilavasitə məhkəmələr tərəfindən baxılır. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 27-ci maddəsinə uyğun olaraq, fərdi əmək mübahisələri mediasiya vasitəsilə həll edilə bilər. Bununla bağlı məhkəməyə müraciət etməmişdən əvvəl həmin Qanun ilə müəyyən edilmiş qaydada ilkin mediasiya sessiyasında iştirak tələb olunur.

Hüququnun pozulmasının aşkar edildiyi gün işçiyə müvafiq əmrin (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçanın vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin Əmək Məcəlləsində nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür.

Pul və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurulmaqla yaranmış əmək mübahisələrinin həlli üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət edə bilər. İsçilərin həyatına və sağlamlığına vurulmuş zərərin ödənilməsi haqqında tələblərə iddia müddəti şamil edilmir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 4-cü maddəsinə görə, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədilə qanunvericiliklə müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər.

Əmək Məcəlləsinin 12-ci maddəsində işəgötürənin əsas vəzifələri və məsuliyyəti müəyyən olunub. Həmin vəzifələrdən biri də bu maddənin “d” bəndində müəyyən edilmiş fərdi, kollektiv əmək mübahisələri üzrə məhkəmə qərarlarını (qatnamələrini) yerinə yetirməkdir. Məcəllənin 74-cü maddəsinin 2-ci hissəsində qeyd edilir ki, qanunsuz və ya əsassız işdən çıxarılmış işçi işinə bərpa olunması üçün məhkəməyə iddia ərizəsi ilə müraciət edərsə və məhkəmə tərəfindən iddiası təmin olunaraq işinə (vəzifəsinə) bərpa edilməsi haqqında qətnamə (qərar) qəbul olunarsa, işəgötürən tərəfindən məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi (qərarı) dərhal icra edilməli və işçi əvvəlki vəzifəsinə və ya öz razılığı ilə başqa vəzifəyə (işə) bərpa olunmalıdır.

Misal

01.02.2024-ci il tarixdə müəssisədə montajçı vəzifəsində çalışan Amil işdən çıxarılıb və yerinə Tural işə qəbul edilib. Amil işdən çıxarılmasının əsassız olması ilə bağlı məhkəməyə müraciət edib və 01.06.2024-cü il tarixdə Amilin işinə (vəzifəsinə) bərpa edilməsi haqqında məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi müəssisəyə təqdim edilib. Bu halda Amil və Turalla olan əmək münasibətləri necə tənzimlənəcək?

Məhkəmənin qanuni qüvvəyə minmiş qərar və qətnamələri müəssisə tərəfindən icra edilməlidir. Ona görə də Turalın əmək müqaviləsinə Əmək Məcəlləsinin 74-cü maddəsinin “b” bəndinə (əvvəllər müvafiq işdə (vəzifədə) çalışan işçinin işinə (vəzifəsinə) bərpa edilməsi barədə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi (qərarı) olduqda) əsasən xitam verilərək, müvafiq ödənişlər edilməli və işdən azad olunmalıdır. Məhkəmənin qərarına uyğun olaraq, Amil həmin tarixdən işinə bərpa edilməli və ona əsassız yerə işdən çıxarıldığı tarixdən işə bərpa olunduğu tarixədək dövr üçün orta əməkhaqqı ödənilməlidir. Həmin müddət (işçinin əsassız yerə işdən çıxarıldığı gündən məhkəmənin qətnaməsinə əsasən işə bərpa edildiyi tarixə qədər olan dövr) məcburi işburaxma dövrü hesab edilir.

Məcburi işburaxma – işçinin işəgötürənin təqsiri ucbatından öz əmək funksiyalarının icrasını müəyyən dövr üçün icra edə bilməməsidir. İşçi tərəfindən işburaxma dövrü üçün işçiyə hər hansı ödəniş olunmur. İşəgötürənin təqsiri ucbatından məcburi işburaxma baş verərsə, işəgötürən itirilmiş əməkhaqlarını ödəməlidir.

Fərz edək ki, Amilin orta aylıq əməkhaqqı məbləği 570 manat, eləcə də dekabr və yanvar aylarında iş günlərinin sayı müvafiq olaraq 22 və 17 gün olub. Ona ferval ayının 1-dən iyun ayının 1-dək keçən dövr üçün orta əməkhaqqı hesablanaraq müvafiq tutulmalar olduqdan sonra ödənilməlidir. Sadalanan şərtlərlə məcburi işburaxma dövrü üçün Amilə orta əməkhaqqı aşağıdakı şəkildə hesablanacaq:

(570 + 570) : (22 + 17) = 29.23 manat

Fevral-may aylarındakı iş günlərinin sayının, yəni məcburi işburaxma dövrü üçün əməkhaqqı saxlanılan günlərin sayının 80 gün olduğunu fərz etsək, bu halda ona 2.338,4 manat orta əməkhaqqı ödəniləcək:

29.23 x 80 = 2.338,4 manat.

Amilin 4 ay işləmədiyi müddət məcburi işburaxma dövrü hesab edilir və Əmək Məcəlləsinin 132-ci maddəsinə əsasən, onun əmək stajı və sosial sığorta stajına daxil edilir. 132-ci maddənin “b” bəndinə əsasən, qanunsuz və əsassız işdən çıxarılmaqla, yaxud başqa işə keçirilməklə əlaqədar işə bərpa edilən işçilərin məcburi işburaxma dövrü əmək stajı hesablanarkən daxil olunan dövrlərə aid edilir.
Amil işəgötürənin təşəbbüsü və özünün razılığı ilə öz vəzifəsindən aşağı olmayan başqa işə də keçirilə bilər. Bu halda, Turalın əmək müqaviləsinə xitam verilməyəcək, başqa işə keçirildiyi və ya öz vəzifəsinə bərpa edildiyindən asılı olmayaraq, ona məcburi işburaxma dövrü üçün orta əməkhaqqı hesablanıb ödəniləcək və həmin müddət iş stajına daxil ediləcək.

Qeyd olunan hallar işəgötürən tərəfindən müvafiq əmrlərlə rəsmiləşdirilməlidir. Əvvəlki xitam əmrinin etibarsız olması və işçinin işə bərpa edilməsinə dair işəgötürən tərəfindən əmr verilməlidir. İşçinin əmək kitabçasında xitam əmrinin etibarsız olması barədə qeyd verilməlidir.

İşdən çıxarılan işçinin işə bərpa olunana qədərki müddəti işburaxma müddəti hesab edilir. İşçinin işə bərpası ilə əlaqədar onun məzuniyyətinə dair iş ili və s. digər məlumatları əvvəlki şəkildə qalır.

Qeyd edək ki, “İcra haqqında” Qanunun 71-ci maddəsinə əsasən, işçini işə bərpa etmək haqqında icra sənədi borclu tərəfindən icra olunmadıqda, icra məmuru bu Qanunla nəzərdə tutulmuş tədbirləri görməklə yanaşı, işə bərpa etmək haqqında qərar çıxarıldığı gündən icra sənədinin icra olunduğu günə qədər bütün müddət üçün orta əməkhaqqının və ya əməkhaqqı fərqinin işçiyə ödənilməsi haqqında qərardad çıxarılması barədə ərizə ilə məhkəməyə müraciət edir. Həmin ərizə icra qurumunun rəhbəri tərəfindən təsdiq olunur. Eyni zamanda, həmin Qanunun 90-cı maddəsinə əsasən, qanunsuz işdən çıxarılmış və ya başqa işə keçirilmiş işçini işə bərpa etmək haqqında icra sənədi icra olunmadıqda, həmin işçiyə müvafiq qanunvericiliyə uyğun olaraq, orta əməkhaqqının və ya əməkhaqqı fərqinin ödənilməsi ilə bağlı hüquqi şəxsə vurulmuş ziyan həmin hüquqi şəxsin icra sənədini icra etməməkdə təqsirkar olan rəhbərindən və ya digər işçisindən qanunvericiliklə müyyən edilmiş qaydada tutula bilər.

Mənbə: vergiler.az

Tarif maaşından az məbləğin ƏMAS-da tətbiqi

Tərcüməçilərə hansı vergi güzəşti tətbiq olunur?

posted in: Xəbər | 0

Mən vergi ödəyicisi kimi qeydiyyatdan keçmişəm və fərdi qaydada tərcüməçi kimi fəaliyyət göstərirəm. Bundan əlavə, mənzilimi kirayəyə vermişəm və gəlir əldə edirəm. Vergi Məcəlləsində tərcüməçilik fəaliyyəti ilə məşğul olan şəxslərə 75 faiz vergi güzəştləri nəzərdə tutulub. Bu halda mənim bütün gəlirlərim vergidən azad olacaqmı?

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən bildirilib ki, Vergi Məcəlləsinin 102.1.30-1-ci maddəsinin müddəalarına əsasən, həmin maddədə müəyyən olunmuş fəaliyyət növləri, o cümlədən tərcümə xidmətlərinin göstərilməsi fəaliyyəti ilə məşğul olan və təqvim ili üzrə əldə etdiyi gəlirlərinin (xərclər nəzərə alınmadan) həcmi 45.000 manatadək olan mikro sahibkarlıq subyekti olan fərdi sahibkarlara həmin fəaliyyətdən əldə etdikləri gəlirlərinin 75 faizi həcmində gəlir vergisindən azadolma təsbit olunub.

Fiziki şəxsin əmlakın icarəyə verilməsindən gəlirləri isə, Vergi Məcəlləsinin 99.3.3-cü maddəsinə əsasən, qeyri-sahibkarlıq fəaliyyətindən gəlirə aiddir.

Vergi Məcəlləsinin 102.1.30-1-ci maddəsində qeyd olunmuş vergi güzəşti mikro sahibkarlıq subyekti olan fərdi sahibkarların sözügedən maddədə qeyd olunan fəaliyyət növləri üzrə əldə etdiyi gəlirlərinə münasibətdə tətbiq olunur və həmin şəxslərin qeyri-sahibkarlıq fəaliyyətindən, o cümlədən icarə fəaliyyətindən əldə etdiyi gəlirlərinə şamil olunmur.

Qeyd olunanlara əsasən, tərcümə xidmətlərini göstərən və eyni zamanda mənzilini kirayəyə verən fiziki şəxsin yalnız tərcümə xidmətləri üzrə sahibkarlıq fəaliyyətindən əldə olunan gəlirlərinə münasibətdə Vergi Məcəlləsinin 102.1.30-1-ci maddəsinə uyğun olaraq azadolma tətbiq olunur. Həmin şəxsin mənzilin kirayə verilməsi üzrə qeyri-sahibkarlıq fəaliyyətindən əldə olunan gəlirləri isə Vergi Məcəlləsinin 124-cü maddəsinə əsasən ümumi qaydada vergiyə cəlb olunur.

Yuxarıda qeyd olunanlar Vergi Məcəlləsinin 102-ci və 124-cü maddələri ilə tənzimlənir.

Mənbə: vergiler.az

Tarif maaşından az məbləğin ƏMAS-da tətbiqi

Azərbaycanda şirkətin qeydiyyatı — 2026 tam bələdçi

posted in: Xəbər | 0

Hər ilin sonu yeni işin başlanğıcı, yeni biznesin planlaşdırılması vaxtıdır. Bizi növbəti ildə yenilənmiş vergi qanunvericiliyi, daha çox rəqəmsallaşma gözləyir. Bütün bunlar, digər amillərlə birgə 2026-cı ildə Azərbaycanda şirkətin qeydiyyatı üçün daha əlverişli şərait yaradır, biznes fəaliyyəti üçün əvvəlkindən daha çox onlayn imkanlar, sadələşdirilmiş prosedurlar və rəqəmsal həllər vəd edir.

Hüquqi şəxslərin dövlət qeydiyyatının hüquqi əsasları

Azərbaycan Respublikasında hüquqi şəxslərin yaradılması və dövlət qeydiyyatının hüquqi əsasları aşağıdakı qanunvericilik aktları ilə müəyyən edilib:

Bu sənədlər müəssisənin hüquq qabiliyyətinin yaranması, şirkət təsisçilərinin öhdəlikləri, nizamnamə tələbləri, filialların qeydiyyatı və dövlət reyestrinə daxil edilmə kimi prosesləri tənzimləyir. Azərbaycanda şirkətin qeydiyyatı ilə bağlı prosedurlar Dövlət Vergi Xidməti vasitəsilə həyata keçirilir.

Qanunvericilik   kommersiya hüquqi şəxslərin onlayn qeydiyyatı ilə bağlı qaydaları da tənzmləyir – həm yerli, həm də xarici investisiyalı məhdud məsuliyyətli cəmiyyətlər elektron dövlət qeydiyyatı proseslərindən istifadə edə bilər.

Hansı hüquqi formalar mövcuddur?

  • Məhdud məsuliyyətli cəmiyyət (MMC) – bu ən çox seçilən formadır. Buna səbəb onun çevik struktura malik olması, iştirakçıların məsuliyyətinin qoyduqları paya uyğun müəyyən edilməsidir. Həm də Azərbaycanda MMC qeydiyyatı üçün minimum nizamnamə kapitalı tələbi demək olar ki, yoxdur;
  • Səhmdar cəmiyyətlər – bunların iki forması mövcuddur Açıq Səhmdar Cəmiyyəti (ASC) və  Qapali Səhmdar Cəmiyyəti (QSC). İnvestorlar bu iki formadan birini seçərkən minimum nizamnəmə kapitalına diqqət etməlidrlər. Daha çox məlumatı buradan əldə etmək olar.

Qeyd etdiklərimiz Azərbaycanda şirkətin qeydiyyatı üçün daha çox istifadə edilən hüquqi formalardır. Sahibkarlıq fəaliyyəti ilə hüquqi şəxs yaratmadan da – fərdi sahibkar kimi də məşğul olmaq olar, bu halda fərdi sahibkar sadələşdirilmiş qaydalardan istifadə edə bilər.

Hər formanın vergi və idarəetmə tələbləri fərqlidir, hər bir formanın dövlət qeydiyaatı xüsusi prosedurlar tələb edir.

Şirkət qeydiyyatı ilə bağlı prosedurları daha asan etmək istəyirsiniz? Buraya keçid alın!

Azərbaycanda şirkətin qeydiyyatı: addım-addım bələdçi

  1. Şirkət üçün hüquqi formanın və adın seçilməsi

Şirkətin qeydiyyatı prosesinə başlamaq üçün hüquqi forma (məsələn, MMC, ASC, filial və nümayəndəlik) və şirkətin adı seçilməlidir. Bunların hər ikisi qanunla tənzimlənir. Mülki Məcəllə adın unikal olmasını tələb edir. Adın təkrarlanmaması üçün Azərbaycanda şirkət axtarışı və dövlət reyestrində oxşar hüquqi adlar yoxlanılır.

  • Ad həm azərbaycan, həm ingilis dilində qeyd edilə bilər, amma azərbaycan əlifbasının “I”, “Ğ” hərfləri ilə başlamamlıdr;
  • Adın tərkibində brend və ya müdafiə olunan söz varsa, əlavə səndlər tələb oluna bilər.
  1. Təsisçilərin və direktorun müəyyən edilməsi

Hüquqi şəxs ən azı 1 təsisçi ilə yaradıla bilər, təsisçinin (təsisçilərin) ödəlikləri nizamnamə kapitalındakı payla məhdudlaşır. Bir neçə təsisçi olduqda pay bölgüsü göstərilməlidir.

Qydiyyat üçün bir təsisçi + bir direktor da kifayət edə bilər. Təsisçi həm də direktor ola bilər.  Direktorun səlahiyyətləri nizamnamədə təsbit edilir.

  1. Şirkətin qeydiyyatı üçün zəruri sənədlər

Qeydiyyat üçün vacib sənədlərdən biri Nizamnamədir. Nizamnamə şirkətin daxili idarəetmə qaydalarını, səlahiyyətləri və məsuliyyəti müəyyən edir. Nizamnamənin nümunəsi üçün Dövlət Vergi Xidmətinin onlayn formalarından istifadə etmək olar, lakin xüsusi fəaliyyət sahəsi üzrə əlavə bəndlər daxil etmək lazımdır.

Həmçinin təsisçilərin şəxsiyyətini təsdiq edən sənəd (fiziki şəxslər üçün), habelə VÖEN-i (sahibkarlıq subyektləri üçün) tələb olunur. Xarici təsisçilər üçün pasportun tərcüməsi + notariat təsdiq + apostil tələb edilə bilər

Sənədlərin toplnması zamanı diqqətli olun, kiçik diqqətsizlik Azərbaycanda şirkətin qeydiyyatının gecikməsi ilə nəticələnə bilər. İşi keyfiyyətli və qısa müddətdə tamamlamaq istəyirsinizə peşəkarların xidmətlərindən istifadə edin.

  1. Şirkətin qeydiyyat sənədlərinin DVX-yə təqdim ediməsi

Qeydiyyat üçün toplanmış sənədlər Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə aşağıdakı üsullardan birini seçməklə təqdim edilir:

  • onlayn qaydada;
  • şəxsən:
  • rəsmi qaydada.

Qeydiyyat, adətən, 2-3 gün davam edə bilir.

  1. Şirkətin qeydiyyat sənədlərinin və VÖEN alınması

Bütün prosedurlar bitdikdən sonra şirkətin qeydiyyatı barədə aşağıdakı rəsmi sənədər təqdim olunur.

  • şirkətin nizamnaməsi;
  • qeydiyyat şəhadətnaməsi ;
  • VÖEN (Vergi Ödəyicisinin Eyniləşdirmə Nömrəsi);

Azərbaycanda şirkət dövlət qeydiyyatına alındığı andan onun hüquq qabiliyyəti yaranır, mülki hüquqlara sahib olur və mülki vəzifələr daşıyır (Mülki Məcəllə, maddə 44).

  1. Diqqət edilməsi vacib olan digər məqamlar

Qeydiyyat prosesində xüsusi icazə və lisenziya tələb olunan sahələrin siyahısı ilə də tanış olmaq lazımdır: belə sahələrdə fəaliyyət üçün lazımı lisenziya və icazənin alınması məcburidir, əks halda şirkət üçün hüquqi məsuliyyət yarana bilər.

Lisenziya və icazə sisteminin tənzimlənməsi “Lisenziyalar və icazələr haqqında” qanunla, onların əhatə etdiyi sahələr isə xüsusi qanunvericilik aktı ilə tənzimlənir.

Şirkətin qeydiyyatı zamanı digər diqqət edilməli məqam xarici vətəndaşlar üçün miqrasiya məslələridir. Azərbaycanda muzdlu əmək fəaliyyti ilə məşğul olmaq üçün xarici vətəndaşlar və vətəndaşlığı olmayan şəxslər yaşayış icazəsi və iş icazəsi alınmalıdır. İş icazəsi işəgötürən tərəfindən alınır. Belə icazənin olması müvəqqəti yaşama icazəsi almaq üçün də əsasdır.

Vaxt ən qiymətli resursdur, miqrasiya xidmətlərinə müraciət edin, vaxtınıza qənaət edin

Qeydiyyatından sonrakı öhdəliklər

Şirkətin qeydiyyatı fəaliyyətə başlamaq üçün əsas şərtdir, lakin bundan sonra bir sıra öhdəliklər də yaranır.

  • bank hesabı açmaq lazımdır;
  • mühasibat uçotunun qurulması işlərinə başlamaq, mühasibat uçotu siyasətini hazırlamaq zəruridir;
  • maliyyə uçotu ilə yanaşı vergi uçotu üzrə işlər də görülməlidir;
  • əgər lazımdırsa ƏDV, kassa aparatı (POS) qeydiyyatı vacibdir;
  • DSMF, məşğulluq portalında əməkdaşların qeydiyyatı, İTS üzrə uçot və müvafiq ödənişləri də unutmayın;
  • illik maliyyə hesabatları, vergi bayannamələri – bunlar da önəmli məsələlərdəndir.

Öhdəlikləri düzgün yerinə yetirməmək cərimələrə səbəb ola bilər, bunun qarşısını vaxtında almaq üçün şirkətin qeydiyyatı və sonrakı proseslərdə  peşəkar mühasib yaxud konsaltinq şirkətilərinin xidmətlərindən istifadə etmək mümkündür.

Tez-tez verilən suallar (FAQ)

1 83 84 85 86 87 88 89 2. 391
error: Content is protected !!