Kartdan karta köçürmə əməliyyatları ilə bağlı yoxlamalar başlayıb

posted in: Xəbər | 0

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən ­dəfələrlə edilən xəbərdarlıqlara və aparılan məlumatlandırma işlərinə baxmayaraq, pərakəndə ticarət və iaşə obyektlərində nağdsız ödənişlərin POS-terminal deyil, kartdan-karta köçürmə əməliyyatları vasitəsilə həyata keçirilməsi hallarının davam etdiyi müşahidə olunur.

Qeyd edilən halların qarşısının alınması üçün Dövlət Vergi Xidməti bu istiqamətdə nəzarəti tədbirlərini gücləndirib. Belə ki, Bakı şəhərində iaşə və pərakəndə ticarət fəaliyyəti ilə məşğul olan vergi ödəyicilərinə məxsus obyektlərdə keçirilən nəzarət tədbirləri zamanı nağdsız ödəmələrin POS-terminal vasitəsilə deyil, kartdan-karta köçürülməsinin təşkili ilə bağlı bir sıra faktlar qeydə alınıb. Tədbirlər nəticəsində 43 obyektdə açıq şəkildə kart nömrələrinin gözlə görünən yerlərdə nümayiş olunduğu, bir sıra obyektlərdə müştərilərə sistematik şəkildə kartdan-karta köçürmələr etmək təklif olunduğu müəyyənləşdirilib.

Vergi orqanlarının ilkin xəbərdarlıqlarına baxmayaraq, həmin obyektlərdə bu halların davam etdiyi nəzərə alınaraq, sahibkarlıq subyektlərinə protokollar tərtib olunub və maliyyə sanksiyalarının tətbiqi barədə qərarlar qəbul edilib.

Eyni zamanda, POS-terminallardan istifadədən imtina halları müşahidə olunduğundan Bakı şəhəri ərazisində monitorinq və vergi nəzarəti tədbirləri davam etdirilir.

Dövlət Vergi Xidməti bir daha bildirir ki, nağdsız vəsaitin qəbulu yalnız POS-terminal vasitəsilə həyata keçirilməli və bu zaman vətəndaşlara POS-terminalın qəbzi ilə yanaşı nəzarət-kassa aparatının çeki də təqdim edilməlidir. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Qanuna uyğun olaraq POS-terminalların quraşdırılması, “Elektron ticarət haqqında” Qanuna əsasən isə istehlakçıların elektron ödəniş etmək imkanının yaradılması vergi ödəyicilərinin birbaşa vəzifələrinə aiddir.

Sahibkarlar maliyyə sanksiyalarına məruz qalmamaq üçün nağdsız ödəmələr zamanı POS-terminallardan istifadəni təmin etməlidirlər.

Mənbə: vergiler.az

Fiziki şəxslərin əmlak vergisinə görə güzəştinin hesablanması

İşğaldan azad edilmiş ərazilərdə işləyənlərə hansı yeni imtiyazlar verilib?

posted in: Xəbər | 0

Qanunvericilikdə işğaldan azad edilmiş ərazilərdə işləyən mütəxəssislərin stimullaşdırılması üçün əlavə şərtlər müəyyən edilib. Yenilikləri  iqtisadçı ekspert Anar Bayramov şərh edir.

Əmək Məcəlləsinin 118-1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində işləyən mütəxəssislərə bu Məcəllənin 21-1-ci maddəsi nəzərə alınmaqla əsas və əlavə məzuniyyətlərin müddətindən asılı olmayaraq 5 təqvim günü müddətində əlavə məzuniyyət verilir.

“Sosial müavinətlər haqqında” Qanunun tələblərinə əsasən, Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində işləyən mütəxəssisə ilkin maddi-məişət şəraitinin dəstəklənməsi üçün müavinət müəyyən edilib. “Sosial müavinətlərin məbləğinin artırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 29 avqust 2013-cü il tarixli, 973 nömrəli Fərmanına uyğun olaraq Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində işləyən mütəxəssisə ilkin maddi-məişət şəraitinin dəstəklənməsi üçün müavinət məbləği 600 manat müəyyən edilib. Bundan əlavə, “Əmək şəraiti ağır və zərərli olan işlərdə və iqlim şəraitinə görə işləmək üçün əlverişli olmayan iş yerlərində çalışan işçilərin və Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində işləyən mütəxəssislərin əməkhaqqının yüksək məbləğdə ödənilməsini təmin edən artımların (əmsalların) məbləğinin minimum miqdarının müəyyən edilməsi haqqında” Nazirlər Kabinetinin 22 avqust 2002-ci il tarixli, 137 nömrəli qərarına əsasən, Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində işləyən mütəxəssislərin tarif (vəzifǝ) maaşlarına tətbiq edilən artımın (əmsalın) minimum miqdarı 1,2 məbləğində müəyyən edilib.

Qeyd edək ki, Nazirlər Kabinetinin qərarında nəzərdə tutulan artım əmsalları özəl sektorda fəaliyyət göstərən işəgötürənlər tərəfindən könüllü şəkildə kollektiv müqavilədə, kollektiv müqavilənin bağlanmadığı hallarda isə əmək müqaviləsində nəzərdə tutulmaqla tətbiq edilir.

Əmək Məcəlləsinin 21-1-ci maddəsi Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində işləyən mütəxəssislərin işinin xüsusiyyətlərini müəyyən edir. Həmin maddəyə əsasən, işin xüsusiyyətlərində aşağıdakılar nəzərə alınmalıdır:

  • Mütəxəssislərin əmək müqaviləsi (kontraktı) bağladıqları işəgötürən (o cümlədən, hüquqi şəxs olduqda onun Azərbaycan Respublikası Vergi Məcəlləsinin 33.2-ci maddəsinə uyğun olaraq vergi uçotuna alınmış filialı, nümayəndəliyi) Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində vergi uçotunda olduqda (Maddə 21-1.1.1);
  • Mütəxəssislərin əmək müqaviləsi (kontraktı) üzrə iş yeri Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində yerləşdikdə (Maddə 21-1.1.2);
  • Mütəxəssislər Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində məskunlaşdıqda (yaşayış yeri və ya olduğu yer üzrə qeydiyyata alındıqda) (Maddə 21-1.1.3).

Əmək Məcəlləsində edilən sonuncu dəyişikliklə mütəxəssislərin məskunlaşma məsələsinə aydınlıq gətirilib. Belə ki, 21-1.1.3-cü maddǝyǝ “məskunlaşdıqda” sözündən sonra “(yaşayış yeri və ya olduğu yer üzrə qeydiyyata alındıqda)” sözləri əlavə edilib. Dəyişiklikdən göründüyü kimi, mütəxəssinin əmək qanunvericiliyində qeyd edilən üstünlüklərdən yararlanması üçün işğaldan azad edilmiş ərazilərdə yaşayış yeri və ya olduğu yer üzrə qeydiyyata alınması lazımdır.

“Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanununun 5-ci maddəsinə əsasən, yaşayış yeri üzrə qeydiyyatda olmayan vətəndaşa ilk dəfə Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi verilərkən o, yaşayış yeri üzrə qeydiyyata alınır. Yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən gec olmayaraq qeydiyyata alınması üçün müvafiq icra hakimiyyəti orqanına (Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi) müraciət edərək forması müvafiq icra hakimiyyəti orqanı (Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi) tərəfindən təsdiq edilən, yaşayış yeri üzrə qeydiyyata alınma haqqında ərizə-anketlə birlikdə müvafiq sənədləri təqdim etməlidir.

Maraqlı məqam olduğu yer üzrə qeydiyyata alınma prosesidir. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanununun 10-cu maddəsinə əsasən, vətəndaşın olduğu yer üzrə qeydiyyatı yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmadan aparılır. Yaşayış yeri üzrə Qazax rayonunda qeydiyyatda olan şəxsin Kəlbəcər rayonunda çalışması halında onun olduğu yeri üzrə qeydiyyata alınması mümkündür. Bu zaman mehmanxanaya, sanatoriyaya, istirahət evinə, kempinqə, turist bazasına, yataqxanaya, xəstəxanaya və digər belə ictimai yerlərə gələn vətəndaş üçün ərizə-anket doldurulur və həmin yerin müdiriyyətinə verilir. Müdiriyyət ərizə-anketi 24 saat ərzində müvafiq dövlət orqanına təqdim edir. Bu zaman dövlət orqanı vətəndaşı dərhal olduğu yer üzrə qeydiyyata almalıdır.

İndi isə dəyişikliyi misalla izah edək.

Misal

Tikinti sahəsində mühəndis vəzifəsində çalışan işçi Kəlbəcər rayonunda vergi uçotuna alınan hüquqi şəxslə əmək müqaviləsi imzalayıb. Bakı şəhərində qeydiyyatda olan işçi Kəlbəcər rayonunda tikinti işləri üçün quraşdırılan düşərgədə məşkunlaşıb. İşçi Kəlbəcər rayonunda yaşayış yeri və ya olduğu yer üzrə qeydiyyata alınmadığı halda, Əmək Məcəlləsinin 21-1-ci maddəsinin tələblərinə uyğun hesab edilməyəcək.

Mənbə: vergiler.az

Əlilliyi olan şəxsə qulluq edən ailə üzvlərinin vergi güzəştləri

Fiziki şəxslərin əmlak vergisinə görə güzəştinin hesablanması

posted in: Xəbər | 0

Əmlak vergisinə görə mənzilin hansı sahəsi hesablanmalıdır: yaşayış sahəsi, yoxsa ümumi sahəsi? Məlumdur ki, Vergi Məcəlləsinin 102.1-1-ci və 102.2-ci maddələrində göstərilən şəxslərin, habelə pensiyaçıların və müddətli hərbi xidmət hərbi qulluqçularının və onların ailə üzvlərinin müddətli hərbi xidmət dövründə binalara görə ödəməli olduqları əmlak vergisininin məbləği 30 manat azaldılır. Pensiyaçı olduğuma görə, qeyd edilən bəndə əsasən mənə güzəşt tətbiq olunmalıdırmı? Tətbiq edilən güzəşt mənə məxsus olan hər iki mənzilə aiddir, yoxsa ancaq qeydiyyatda olduğum mənzilə?

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən bildirilib ki, Vergi Məcəlləsinin 197.1.1-ci maddəsinə əsasən, rezident və qeyri-rezident fiziki şəxslərin xüsusi mülkiyyətində olan və Azərbaycan Respublikasının ərazisində yerləşən tikililər və ya onların hissələri əmlak vergisi məqsədləri üçün vergitutma obyektidir. Xüsusi mülkiyyətdə olan belə tikili və binaların sahəsinin (yaşayış sahələrinə münasibətdə – 30 kvadratmetrdən artıq olan hissəsinin) hər kvadratmetrinə görə müvafiq dərəcələr tətbiq olunur (bina Bakı şəhərində yerləşdikdə həmin dərəcələrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi 0,7-dən aşağı və 1,5-dən yuxarı olmayan əmsallar tətbiq edilməklə).

Yaşayış sahəsi – Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlak hesab edilən və vətəndaşların daimi yaşaması üçün yararlı olan (müəyyən edilmiş sanitariya və texniki norma və qaydalara, qanunvericiliyin digər tələblərinə cavab verən) ayrıca sahədir. Yaşayış sahəsinin ümumi sahəsi vətəndaşların yaşayış sahəsində yaşaması ilə əlaqədar onların məişət və digər ehtiyaclarının ödənilməsi üçün nəzərdə tutulan yardımçı sahələrin (balkon və ya eyvanlar istisna) sahəsi daxil olmaqla həmin yaşayış sahəsinin bütün hissələrinin sahəsinin məcmusundan ibarətdir.
Vergi Məcəlləsinin 199.3-cü maddəsinə əsasən, binaların icarəyə, kirayəyə verildiyi, habelə sahibkarlıq və ya kommersiya fəaliyyəti ilə məşğul olmaq üçün istifadə edildiyi hallar istisna olunmaqla, Vergi Məcəlləsinin 102.1-1-ci və 102.2-ci maddələrində göstərilən şəxslərin, habelə pensiyaçıların və müddətli hərbi xidmət hərbi qulluqçularının və onların ailə üzvlərinin müddətli hərbi xidmət dövründə binalara görə ödəməli olduqları əmlak vergisinin məbləği 30 manat azaldılır. Qeyd olunan güzəşt hər bina üçün ayrılıqda tətbiq edilmir. Ümumi ödənilməli olan məbləğdən 30 manat azaldılır.

Pensiyaçılar dedikdə isə kimlərin nəzərdə tutulduğunu “Əmək pensiyaları haqqında” Qanuna əsaslanaraq müəyyən etmək olar. Həmin Qanunun 4-cü maddəsinə əsasən, əmək pensiyaları yaşa, əlilliyə və ailə başçısını itirməyə görə bölünür. Vergi Məcəlləsinin 199.3-cü maddəsində pensiyaçılar dedikdə heç bir istisna nəzərdə tutulmadığından, 30 manat güzəşt hüququ əmək pensiyalarının bütün növlərinə şamil edilir.

Fiziki şəxslərin xüsusi mülkiyyətində olan binalara görə əmlak vergisi onların yerləşdiyi ərazinin bələdiyyəsi tərəfindən hesablanır. Bələdiyyələr verginin ödənilməsi barədə tədiyə bildirişini vergi ödəyicilərinə avqustun 1-dən gec olmayaraq verməlidirlər. Binalara, su və hava nəqliyyatı vasitələrinə görə fiziki şəxslərin əmlak vergisi yerli (bələdiyyə) büdcəyə ödənilir.

Əsas: Vergi Məcəlləsinin 197-ci, 198-ci, 199-cu, 200-cü maddələri

Mənbə: vergiler.az

 

Hansı halda verginin ödənilməsi müddəti uzadıla bilər?

posted in: Xəbər | 0

Vergi öhdəliyinin yerinə yetirilməsi müddətləri, həmin müddətlərin dəyişdirilməsi qaydalarını “Business Service Center” şirkətinin maliyyə və mühasibat işləri üzrə mütəxəssisi Elşad Əhmədli şərh edir.

Vergi Məcəlləsinin 85.1-ci maddəsində hər bir verginin ödənilmə müddətləri müəyyən edilib. Vergilərin müəyyən edilmiş müddətlərinin dəyişdirilməsi yalnız bu Məcəllədə qeyd olunmuş qaydada həyata keçirilə bilər. Vergi qanunvericiliyinə əsasən, əsas vergilərin ödənilməsi üçün aşağıdakı müddətlər müəyyən edilib:

Verginin növü

Verginin ödənmə tarixi

Bəyannamənin verilmə tarixi

Gəlir və mənfəət vergisi

Növbəti ilin mart ayının 31-dək

Növbəti ilin mart ayının 31-dək

Əmlak vergisi

Növbəti ilin mart ayının 31-dək

Növbəti ilin mart ayının 31-dək

Torpaq vergisi

Bərabər məbləğlərdə 15 avqust və 15 noyabr tarixlərindən gec olmayaraq

İllik olaraq hər ilin yanvar ayının 31-ə qədər torpaq vergisinin bəyannaməsi təqdim edilməlidir.

Ödəmə mənbəyində tutulan vergi bəyannaməsi

Rüb bitdikdən sonra növbəti ayın 20-nə kimi

Rüb bitdikdən sonrakı ayın 20-dək

Aksiz vergisi

Növbəti ayın 20-dək

İdxal olunan mallara görə idxal tarixində

Aylıq olaraq növbəti ayın 20-nə kimi

Əlavə dəyər vergisi

Növbəti ayın 20-dək

Aylıq olaraq növbəti ayın 20-nə kimi

Sadələşdirilmiş vergi

Rüb bitdikdən sonra növbəti ayın 20-nə kimi

Rüb bitdikdən sonra növbəti ayın 20-nə kimi

Vergi Məcəlləsinin 59.1-ci maddəsinə əsasən, vergi və ya cari vergi ödəməsi bu Məcəllə ilə müəyyən edilmiş müddətdə ödənilmədikdə, ödəmə müddətindən sonrakı hər bir ötmüş gün üçün vergi ödəyicisindən və ya vergi agentindən ödənilməmiş vergi və ya cari vergi ödəməsi məbləğinin 0,1 faizi məbləğində faiz tutulur.

Misal 1

Vergi ödəyicisi 2024-cü ilin 2-ci rübü üzrə sadələşdirilmiş vergi bəyannaməsini 5 iyul 2024-cü ildə təqdim etdiyindən həmin tarixə 381 manat borc yaranıb. Amma vergi ödəyicisinə ötmüş gün üçün faiz hesablanmır, çünki 2-ci rüb sadələşdirilmiş verginin ödənilməsinin son tarixi 22.07.2024-cü il hesab edilir. Qeyd edək ki, sadələşdirilmiş vergi məbləği rüb başa çatdıqdan sonrakı ayın 20-nə qədər ödənməlidir. Bu misalda qeyri-iş gününə düşdüyü üçün vaxt uzadılıb.

Misal 2

Cari vergi ödəmələri hər hesabat rübündən sonrakı ayın 15-nə qədər ödənilməlidir. Əgər vergi ödəyicisi həmin vaxt ərzində ödənişi etməyibsə, Vergi Məcəlləsinin 59.1-ci maddəsinə uyğun olaraq, cari vergi məbləğinin 0,1%-i məbləğində faiz tutulur.

Misal 3

Yanvar ayı üzrə ƏDV hesabatı fevral ayının 15-də təqdim edilib. Yaranmış ƏDV borc məbləğı 500 manat olub. Öhdəliyin ödənilməsi mart ayının 10-da icra edilib. Fevral ayının 20-dən sonra olan hər gün üçün 0,1 faiz hesablanır:

(500 x 18 gün) x 0.1% = 900 manat.

Vergi Məcəlləsinin 85.6.1-ci maddəsinə əsasən, vergi ödəyiciləri təbii fəlakətlər, təhlükəli obyektlərdə baş verən qəzalar və digər qarşısıalınmaz qüvvələrin nəticəsində zərər çəkdikdə vergi öhdəliklərini yerinə yetirmək müddətini uzatmağa imkan verilir. Bunun üçün vergi ödəyiciləri zərərin dəyməsi ilə bağlı müvafiq dövlət orqanlarından arayışlar əldə edərək vergi orqanına müraciət etməlidirlər. Bu, onlara vergi öhdəliklərini yerinə yetirməkdə əlavə vaxt qazanmağa kömək edəcək.

Hər bir müraciət müvafiq qaydalara uyğun şəkildə edilməlidir ki, vergi orqanları bu tələbləri nəzərə ala bilsinlər. Bu prosesdə vergi borcunun 10 faizinin ödənilməsi də tələb olunur. Beləliklə, vergi ödəyiciləri təbii fəlakətlərin təsirini azaldaraq vergi öhdəliklərini vaxtında yerinə yetirə bilərlər.

Təbii fəlakət və ya qarşısıalınmaz qüvvə nəticəsində vergi ödəyicisinə zərər dəydikdə, verginin ödənilməsi müddətinin uzadılması ilə bağlı faiz hesablanmır. Bu, vergi ödəyicisinin maliyyə yükünü azaltmaq məqsədi daşıyır və onların bərpa prosesini asanlaşdırır.

Vergi ödəyicisi vergi öhdəliklərinin yerinə yetirilməsi müddətini uzatmaq üçün aşağıdakı sənədləri təqdim etməlidir:

  • müddətin uzadılması barədə əsaslandırılmış müraciət;
  • hadisənin baş verməsi ilə bağlı müvafiq orqanın arayışı;
  • hadisə nəticəsində dəymiş zərərin məbləği ilə bağlı müvafiq orqanın arayışı.

Bu əsaslar təqdim edildikdə, müddətin vergi ili ərzində 1 aydan 9 ayadək uzadılması mümkündür. Bu, müəssisəyə zərərin bərpası üçün daha rahat şərait yaratmaqla fəaliyyətini davam etdirməsinə kömək edir.

Uzadılmış vergi öhdəliyinin yerinə yetirilməsi müddətinə aşağıdakı hallarda vaxtından əvvəl xitam verilə bilər:

  • vergi ödəyicisi vergi öhdəliyini vaxtından əvvəl yerinə yetirdikdə;
  • vergi ödəyicisi haqqında vergi qanunvericiliyinin pozulması ilə bağlı cinayət işi qaldırıldıqda;
  • vergi öhdəliyinin yerinə yetirilməsi müddətinin uzadılması ilə bağlı qərarın şərtlərinə əməl edilmədikdə.

Qeyd edək ki, vergi orqanı uzadılmış müddətə vaxtından əvvəl xitam verildiyi barədə vergi ödəyicisinə 5 gün ərzində məlumat verməlidir. Vergi ödəyicisi bu məlumatı aldığı tarixdən 30 gün ərzində borc məbləğini və həmin məbləğə hesablanmış faizləri ödəməlidir. Bu prosedurlar vergi ödəyicilərinin məsuliyyətini artırır və qanunvericiliyə riayət etmələrini təmin edir.

Vergi ödəyicisinin vergi öhdəliyinin yerinə yetirilməsinin uzadılmış müddətinin vaxtından əvvəl dayandırılması haqda vergi orqanının, həmçinin onların vəzifəli şəxslərinin hərəkətindən və ya hərəkətsizliyindən şikayət etmək hüququ vardır.

Mənbə: vergiler.az

Əlilliyə görə əmək pensiyası təyin olunması üçün nə qədər əmək stajı lazımdır?

1 257 258 259 260 261 262 263 2. 396