Nağd topdansatış zamanı kassa çeki yoxsa mədaxil orderi verilir ?

posted in: Vergi, Xəbər | 0

Sual: Sadələşdirilmiş vegi ödəyicisi istehsal etdiyi məhsulların topdan və pərakəndə satışını həyata keçirir. Pərakəndə satış kassa aparatı (NKA) vasitəsi ilə, topdansatış isə sifarişçi ilə müqavilə bağlanıb qaimə-faktura təqdim edilməklə həyata keçirilir. Topdansatış zamanı bəzi hallarda təqdim edilmiş malların dəyəri sifarişçinin arzusu ilə nağd ödənilir və həmin məbləğ üçün ciddi hesabat blankı “kassa mədaxil orderi” yazılır və rüblük hesabatlarda hasilatdan əldə edilmiş gəlirlərə aid edilir. Beləliklə, “kassa mədaxil orderi” vasitəsi ilə aparılan ödənişə kassa aparatından çek vurulmur. Bu halda Vergi Məcəlləsinin pozulması halı yaranırmı?

Cavab: Bildiririk ki, malların topdansatışı zamanı ödənişin ciddi hesabat blankları ilə rəsmiləşdirilməsi vergi qanunvericiliyinin tələblərinə uyğundur. Belə ki, rəsmiləşdirmənin NKA vasitəsi ilə aparılması yalnız pərakəndə ticarətə aiddir.

Bax: Vergi Məcəlləsinin 13.2.63-cü və 16.1.8-ci maddələri.

Mənbə: taxes.gov.az

Mühasibat və Audit xidmətləri üçün bizə müraciət edin
+994 12 598 20 70
+994 50 210 07 15
info@audit.az

Qonşu ölkədə biznes əsassız yoxlamalardan xilas ediləcək

posted in: Xəbər | 0

Rusiya Federasiyasının dövlət başçısının vədinə görə, ən yaxın zamanlarda ölkədəki sahibkarların nəzarətedici orqanlar tərəfindən aparılan izafi yoxlamalardan xilas edilməsi üçün təsirli tədbirlər görüləcək. «Biz hazırda bütöv bir təkliflər paketi hazırlayırıq və inandırıram ki, ən yaxın vaxtlarda bu təkliflərin hamısının həyata keçirilməsinə nail ola biləcəyik», – V.Putin qadın sahibkarları qəbul edərkən deyib. Prezident xatırladıb ki, martın əvvəlində Federal Məclisə göndərdiyi təklifdə bu mövzunu xüsusi vurğulayaraq göstəriş vermişdir ki, yoxlamalar məsafədən aparılmalıdır, bir neçə istiqamətdə isə konkret nəzarətçilərin iştirakı olmadan həyata keçirilməlidir.

Qeyd edək ki, Prezident Putin bu bəyanatı görüş iştirakçlarından birinin sualına cavab olaraq vermişdir. Qadın sahibkar dövlət başçısına müraciətində bildirmişdi ki, planlı yoxlamalar ləğv edildikdən sonra şirkətlər əsassız şəkildə aparılan plandankənar yoxlamalardan əziyyət çəkməyə başlamışlar, bu cür plandankənar yoxlamalar zorakılıq səciyyəsi daşıyır, ədalətsiz rəqabətə və hüquq mühafizəçiləri tərəfindən biznesə təzyiq göstərilməsinə yol açır.

Mənbə: vergiler.az

Mühasibat və Audit xidmətləri üçün bizə müraciət edin
+994 12 598 20 70
+994 50 210 07 15
info@audit.az

Rusiyada vergilər artır??

posted in: Vergi, Xəbər | 0

Rusiyanın lenta.ru saytında vergilərlə bağlı maraqlı bir yazı dərc olunub. Həmin yazını diqqətinizə çatdırırıq.

Putinin proqramını yerinə yetirmək üçün hökümətə pul lazımdır.

Rusiya prezidenti Vladimir Putin Federal məclisə göndərdiyi müraciətində faktiki olaraq Rusiyanın yaxın altı il ərzində daxili siyasətinin konturlarını cızmış oldu. Əsasən insan kapitalına üstünlük veriləcəyini bəyan edən Rusiya lideri, yaxın illərdə büdcədən səhiyyə, təhsil və infrastruktur sahəsinə ayrılacaq xərclərin atrırılacağı anonsunu verib.

Prezidentin proqramı olduqca baha başa gələn bir proqram olacaq.

Məqalədə qeyd olunur ki, bəyan edilən məqsədlərin həyata keçirilməsinə yaxın altı il ərzində 20,5 trilyon rubl (360 milyard ABŞ dolları) vəsait lazım gələcək. Sosial sahə və nəqliyyat strukturunun inkişafı üçün 8,4 trilyon rubl, səhiyyədə keyfiyyətin yüksəldilməsinə görə 5,2 trilyon rubl, təhsil sahəsi üçün 3,6 trilyon, demoqrafik problemlərin həllinə görə isə 3,4 trilyon rubl lazım gələcək. İqtisadçılar federal büdcədən hazırda ayrılan vəsaitlərlə bu proqramın yerinə yetiriləcəyinə inanmırlar.

Hakimiyyət orqanları hələ ki, proqramın maliyyələşdirilməsindən ötrü dəqiq mənbələr müəyyən edə bilməyiblər.

Prezident seçkilərindən bir neçə ay əvvəl vergi sisteminin stabil qalacağına dair vədlər də verilmişdi. Həmin vaxt bilidirlmişdi ki, 2018-ci ilin sonuna kimi yeni vergilərin tətbiqi planlaşdırılmır.

Hökumət fiziki şəxslərdən tutulan gəlir vergisinin yüksəlişi ilə bağlı problem görmür.

Hökumət qarşıya qoyulan vəzifələrin yerinə yetirilməsi ilə bağlı bir neçə variantı nəzərdən keçirir ki, bu da hökmən adi rusiyalıların maraqlarına toxunacaq. Hazırki məqamda ən ehtimal olunan variant fiziki şəxslərdən tutulan gəlir vergisi tarifinin 13 faizdən 15 faizə qaldırlması hesab olunur.

Maliyyə nazirliyi isə geniş miqyaslı vergi manevrini təklif edir.

Maliyyə naziri Anton Siluanov sığorta haqlarının indiki 30 faizdən 22 faizə endirilməsini, paralel olaraq ƏDV-nin isə 18 faizdən 22 faizə qaldırılması təşəbbüsü ilə çıxış edib. Belə bir manevr işəgötürənin həyatını yüngülləşdirsə də, onun tətbiqi sadə ruslara zərbə vuracaq, axı, istehsalçılar və satıcılar yekun qiymətə həm də ƏDV-ni oturdurlar.

Maliyyə nazirliyi köhnə vergini yenidən geri qaytarmaq istəyir.

Prezidentin meqalayihələrinin maliyyələşdirilməsi üçün maliyyə nazirliyinin irəli sürdüyü variantlardan biri də satışdan tutulan verginin yenidən geri qaytarılması təklifidir ki, bu dəfə onun “dövriyyədən yığım” adı ilə tətbiqi planlaşdırılır. Həmin yığımın həcmi və kriteriyaları barədə isə hər hansı bir açıqlama verilmir. Satışdan tutulan vergi Rusiyada 1998-2004-cü illərdə tətbiq olunub ki, o vaxt həmin vergi satılan malın qiymətinin 5 faizini təşkil edirdi. Sözügedən verginin tətbiqi istehlakçıların həyatına mənfi təsirini göstərəcək, belə ki, satıcılar həmin beş faizi də malın yekun qiymətinə əlavə edəcəklər.

Mühasibat və Audit xidmətləri üçün bizə müraciət edin
+994 12 598 20 70
+994 50 210 07 15
info@audit.az

Dövlət Əmək Müfəttişliyi işəgötürənlərə müraciət edib

posted in: Xəbər | 0

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti işəgötürənlərə müraciət edib.

Bu barədə Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elman Babayev məlumat verib.

Müraciətdə bildirilib ki, şiddətli külək şəraitində açıq havada işləyən işçilərin həyat və sağlamlığının qorunması üçün qanunvericiliyin tələblərinə əsasən zəruri tədbirlər görülməlidir: “Belə ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 233-cü maddəsinə əsasən, aşağı temperatur və şiddətli külək şəraitində açıq havada, habelə ilin soyuq vaxtlarında qızdırılmayan qapalı binalarda işləyərkən işçilərə qızınmaq üçün fasilələr verilir və ya iş dayandırılır. Məcəlləyə 2-ci əlavəyə görə, küləyin gücü 6 bal və daha artıq olduqda, quruda kranlarla görülən bütün növ işlər dayandırılır. Həmçinin tikinti işləri görüldükdə küləyin gücü 2 baldan artıq olduqda kranlar qurulması üzrə quraşdırma, 3 baldan artıq olduqda qaldırıcıların quraşdırılması və sökülməsi, daşınan taxta-şalbanın yerinin dəyişdirilməsi işləri, 6 baldan artıq olduqda taxta-şalban, işi, habelə taxta-şalbanın sökülməsi işləri dayandırılır”.

Müraciətdə o da qeyd olunub ki, dənizdə işləyərkən küləyin gücü 3 baldan artıq olduqda qaynaq tikişinin şaquli və tavan vəziyyətində qoyulduğu bütün növ qaynaq, 4 baldan artıq olduqda ayrı-ayrı özüllərdə kran gəmiləri vasitəsilə görülən tikinti-quraşdırma və sökmə, daimi dəniz özülləri və estakadayanı meydançaları yanındakı buxtalarda barjlara, kran gəmilərinə yükvurma və yükboşaltma işləri, qaynaq tikişinin aşağı vəziyyətdə qoyulduğu bütün növ qaynaq işləri, estakada tikən kranla quraşdırma və dəniz neft-mədən qurğularının sökülməsi işləri dayandırılmalıdır.

“Qeyd olunan əlavədə həmçinin dənizdə işləyərkən küləyin gücü 5 baldan artıq olduqda ayrı-ayrı özüllərdə üzən vasitələr, qurğular olmadan tikinti-quraşdırma və sökmə, kopyor vasitəsilə dayaqlar vurulması, daimi dəniz özüllərində buruqların quraşdırılması, sökülməsi və dorların qaldırılması (endirilməsi), traversin sürgü qollarının, mancanaq dəzgahının asma kanatının təmiri və dəyişdirilməsi, buruqda və ya dorda diyircəklərin, kran-blokun dəyişdirilməsi, tali kanatının təchizatı, dərinlik ölçmələri və quyuların debitinin ölçülməsi, estakada meydançalarında quyuların cari və əsaslı təmiri üçün səyyar aqreqatların dorlarının qaldırılması işlərinin dayandırılması nəzərdə tutulur.

Küləyin gücü 6 baldan artıq olduqda daimi dəniz özüllərində istismar edilən quyularda işlər, daimi dəniz özüllərində estakadayanı meydançalarda quyuların əsaslı və cari yeraltı təmir işləri dayandırılır. Əgər küləyin gücü 8 baldan çoxdursa, bu zaman qazma işləri aparılan quyularda alətlərin quyulardan qaldırılması ilə əlaqədar bütün işlər, özülün və ya estakadayanı meydançanın döşəməsi üstündəki və altındakı işlər dayandırılmalıdır. Küləyin gücü 10 baldan artıq olduqda isə quyunun yuyulması işlərindən başqa buruqda bütün işlərin dayandırılması nəzərdə tutulur. Belə hallarda işəgötürənlə  həmkarlar  təşkilatının birgə qərarı əsasında fasilənin sayı, müddəti  müəyyən olunmalı, eyni zamanda iş zamanı verilmiş fasilələr iş vaxtına daxil edilməlidir. Həmin fasilələr zamanı əmək haqqı işçilərin tarif maaşına görə ödənilməlidir. İş dayandırıldıqda boşdayanma vaxtının haqqının işçinin təqsiri üzündən baş verməyən boşdayanma kimi, tarif maaşının üçdə iki hissəsindən az olmayaraq ödənilməsi təmin edilməlidir.

Dövlət  Əmək  Müfəttişliyi Xidməti şiddətli külək şəraitində açıq havada işləyən işçilərin həyat və sağlamlığının qorunması məqsədilə qanunvericiliyin müvafiq tələblərinə riayət edilməli olduğunu işəgötürənlərin diqqətinə çatdırır”, – deyə müraciətdə vurğulanıb.

Mənbə: apa.az

Mühasibat və Audit xidmətləri üçün bizə müraciət edin
+994 12 598 20 70
+994 50 210 07 15
info@audit.az