Avtomatik məlumat mübadiləsi barədə seminar keçirilib

posted in: Vergi, Xəbər | 0

Avtomatik məlumat mübadiləsi barədə seminar keçirilib

Vergilər Nazirliyinin Beynəlxalq vergitutma və vergi monitorinqi departamenti Azərbaycanda fəaliyyət göstərən və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun olaraq hesabat verən maliyyə institutlarının məsul şəxsləri üçün maliyyə hesabları barədə avtomatik məlumat mübadiləsində əməletmə vəziyyətinin daha da yaxşılaşdırılması istiqamətində növbəti seminar keçirilib.

Departamentin Maliyyə institutlarında vergi monitorinqi şöbəsinin rəhbəri Səfərəli Cavadov seminar iştirakçılarına avtomatik məlumat mübadiləsinin beynəlxalq standartlara uyğun olaraq həyata keçirilməsinin

  • əhəmiyyəti;
  • bu sahədə əməletmə səviyyəsinin optimallaşdırılması;
  • müvafiq sahəni əhatə edən Vergi Məcəlləsinə edilmiş dəyişikliklər barədə məlumat verib.

Qeyd edib ki, ötən il həyata keçirilən ilk məlumat mübadiləsi uğurla başa çatdırılıb və artıq öz nəticələrini verir. Bu da öz növbəsində 2019-cu ildə baş tutacaq məlumat mübadiləsinin də müvəffəqiyyətli olacağına zəmin yaradıb.

Departamentin Maliyyə institutlarında vergi monitorinqi şöbəsinin baş dövlət vergi müfəttişi Elxan Əhmədzadə seminar iştirakçılarına avtomatik məlumat mübadiləsi standartı olan Ümumi Hesabatlılıq Standartının (CRS) tələbləri və müvafiq sahəni tənzimləyən normativ hüquqi sənədlər barədə ətraflı məlumat verib.

Hərtərəfli yoxlama prosedurlarının aparılması ardıcıllığı, atılması zəruri hesab edilən addımlar və xarici dövlətlərin fiziki və hüquqi şəxslərinin maliyyə əməliyyatları barədə hesabatların doldurulması, ötürülməsi və həmin hesabatlara düzəliş edilməsi qaydalarını izah edib.

Seminarda maliyyə institutlarının məsul şəxslərinin sualları cavablandırılıb və təklifləri dinlənilib.

Mənbə: vergiler.az


Teleqram kanalımıza üzv olun


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Çin Xalq Respublikasının vergi sistemi haqqında (1-ci hissə)

posted in: Məqalə, Vergi, Xəbər | 0

ÇXR vergi sistemiÇin Xalq Respublikasının vergi sistemi haqqında

1-ci hissə

Maraqlı olacağını nəzərə alıb, bu dəfə müxtəlif ölkələrin vergiləri barədə oxuculara bir qədər geniş məlumat verəcəyik.  Beləliklə, bu dəfəki yazıda Çin xalq respublikasının (ÇXR) vergi sistemi haqqında danışacağıq.

Çində müxtəlif vergi növləri tətbiq olunur.

Müəssisələrin gəlirindən tutulan vergi

Müəssisələrin gəlirindən (korporativ gəlir vergisi) vergi, müəssisələr və digər təşkilatlar tərəfindən (fərdi və şəxsi müəssisələr və cəmiyyətlər daxil deyil) ödənilir. ÇXR-in vergi rezidentləri hesab olunmayan rezidentlər Çin ərazisində əldə etdikləri bütün gəlirlərdən və ÇXR mənbələrindən qazandıqları passiv gəlirlərdən (dividendlər, faizlər, royalti) vergi ödəyirlər. Vergiyə müəssisənin xərcləri çıxıldıqdan sonra əldə olunan gəlir məbləği (realizə olunmuş və olunmamış) cəlb olunur.

Müəssisələrin gəlirlərindən tutulan standart vergi stavkası 25% təşkil edir. Az rentabelli kiçik müəssəsilər üçün 20%, qabaqcıl texniki xidmətlər (İT – autsosrsinq, biznes prseslərinin autsorsinqi, biliklərin idarə olunması autsorsinqi) üçün isə 15% vergi stavkası nəzərdə tutulub. ÇXR-dən olan mənbələrdən gəlir əldə edən qeyri-rezident müəssisələr üçün isə passiv gəlirlərdən vergi stavkası 10% təşkil edir. Çinin qərb və mərkəzi regionlarında yerləşən və müəyyən sahələr üzrə fəaliyyət göstərən müəssisələr üçün vergi stavkası 15%-ə kimi aşağı salınıb.

İxtisaslı qeyri-kommersiya təşkilatları və kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən bəzi müəssisələr gəlir vergisindən azad olunub. ÇXR-də iri infrastruktur layihələri, ətraf mühitin qorunması, su mənbələrinin və elektrik enerjisinin qənaəti ilə bağlı layihələr sahəsində fəaliyyət göstərən müəssislər üçün realizə olunmuş gəlirlərdən ilk üç ildə gəlir vergisindən azad olunma və sonrakı üç ildə isə iki dəfə aşağı stavka (12,5%) ödənişi kimi güzəştlər nəzərdə tutulur.

Müəssisələr gəlir vergisini fəaliyyət göstərdikləri ərazidə ödəyirlər. Qeyri-rezident müəssislər isə daimi nümayəndəliklərin yerləşdiyi ərazidə vergi ödəyirlər. Daimi nümayəndəliyin olmadığı yerlərdə vergi məbləği qeyri-rezident müəssisənin özündən tutulur. Müəssisələrin gəlirlərindən vergi avansı ödənişləri hər ay və ya hər rübdə bir dəfə həyata keçirilir. İllik gəlir deklarasiya isə növbəti il mayın 31-dək təqdim olunmalıdır.

Fiziki şəxslərdən tutulan gəlir vergisi

ÇXR – də daimi yaşayan şəxslər xaricdə əldə etdiyi gəlirlərdən də vergi ödəyirlər. ÇXR-də daimi yaşamayan şəxslər isə Çin ərazisində əldə etdiyi gəlirlərdən vergi ödəyirlər.

Gəlir qazanan fiziki şəxslər vergi obyekti hesab olunurlar. Gəlirlərin növlərindən asılı olaraq müxtəlif vergi stavkaları və vergi bazasını müəyyən edən müxtəlif üsullar tətbiq olunur.

Muzdla işçi çalışdıran fiziki şəxslərin əldə etdiyi gəlirlər (əməkhaqqı, məvacib, mükafatlar, bonuslar, müəssisənin gəlirində iştirak, subsidiyalar, kompensasiyalr və s.) mütərəqqi stavka üzrə 3%-dən 45%-dək həcmində vergiyə cəlb olunur. Hər ayda 3500 yuan (buna jenminbi deyilir) çıxıldıqdan sonra yerdə qalan məbləğ verginin baza hissəsi hesab olunur.

Əcnəbi vətəndaşlar üçün isə 4800 yuan (jenminbi) çıxıldıqdan sonra yerdə qalan gəlir baza hissəsi hesab olunur.

Fərdi ticarət-sənaye təsərrüfatının və müqavilə əsasında fəaliyyət göstərən müəssisələrin gəlirləri mütərəqqi stavka üzrə 5%-dən 35%-dək həcmində vergiyə cəlb olunurlar.

Müstəqil əmək fəaliyyəti ilə məşğul olanlar 20% stavka ilə vergiyə cəlb olunurlar.

Birdəfəlik xidmət zamanı böyük məbləğdə gəlir əldə edənlər isə 30% stavka ilə vergi ödəyirlər.

Daha iri həcmli gəlirlər zamanı isə stavka 40% təşkil edir. Bu zaman vergi bazası kimi azaldılmış 20% çıxıldıqdan sonra yerdə qalan məbləğ vergiyə cəlb olunur.

Faizlər, dividendlər və royaltilər üzrə vergi bazası bütün əldə olunan gəlirləri ehtiva edir; mülkiyyətin icarəyə verilməsi zamanı əldə olunan gəlirdən azalan 20%-lik hədd çıxıldıqdan sonra yerdə qalan hissə baza hissəsi hesab olunur.

Fiziki şəxslərin gəlirindən vergilər sahibkar tərəfindən tutulur.

Qeyri-rezidentlərdən isə faizlər, dividendlər, royaltilərə görə vergi isə buna görə üzərinə öhdəlik qolyulmuş vergi agenti tərəfindən tutulur.

Digər hallarda gəlir vergisi fiziki şəxslərin özləri tərəfindən sərbəst şəkildə ödənilir.

Məqalənin 2-ci hissəsini bu linkə daxil olmaqla oxuya bilərsiniz.

Teleqram kanalımıza üzv olun


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Qurumun ləğv prosesində olması barədə məlumatın hüquqi şəxslərin dövlət reyestrinə daxil edilməsi

posted in: Vergi, Xidmət, Xəbər | 0

Xidmətin adı: Qurumun ləğv prosesində olması barədə məlumatın hüquqi şəxslərin dövlət reyestrinə daxil edilməsi

Xidmətin göstərilməsi üçün tələb olunanlar

– “Qurumun dövlət qeydiyyatından (vergi uçotundan) çıxarılması haqqında ərizə”

– ləğvetmə barədə qərar

– ödəmə qabiliyyətinin olmasını təsdiq edən rəsmi bəyanat (ödəmə qabiliyyətinin olması qanunvericilikdə nəzərdə tutulmuş hallarda auditor rəyi ilə də təsdiq edilə bilər)

– hüquqi şəxsin ləğv edilməsi və kreditorların tələblərinin bildirilməsi qaydası və müddəti haqqında ilk məlumatın mətbu nəşrdə dərc olunmasını təsdiq edən sənəd

– möhür

– aktivlərinin ümumi dəyəri minimum əmək haqqı məbləğinin 50 min mislindən artıq dövlət və bələdiyyə müəssisələri olduqda İqtisadiyyat Nazirliyinin razılığı

Xidmətin göstərilməsinə əsas verən normativ sənədlər

– Mülki Məcəllənin 59-61-ci maddələri

– “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” 12.12.2003-cü il tarixli 560-IIQ nömrəli Qanunun 16-cı maddəsi

– NK-nın 13.04.2005-ci il tarixli 70 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hüquqi şəxslərin dövlət reyestrinin aparılması, istifadəsi və mühafizəsi Qaydaları”, “Dövlət reyestr kitabı”, “Qeyri-kommersiya hüquqi şəxslərinin dövlət qeydiyyatı haqqında şəhadətnamə”, “Təhsil müəssisələrinin dövlət qeydiyyatı haqqında şəhadətnamə”, “Qeyri-kommersiya qurumlarının və təhsil müəssisələrinin dövlət reyestrindən çıxarışın forması və çıxarışda göstərilən məlumatların həcmi” və “Qeyri-kommersiya qurumlarının və təhsil müəssisələrinin dövlət qeydiyyatına alınması barədə ərizənin forması”

 – Vergilər nazirinin 11.02.2014-cü il tarixli 1417040100162000 nömrəli əmri ilə təsdiq edilmiş “Dövlət vergi orqanlarında kommersiya qurumlarının dövlət qeydiyyatının və vergi ödəyicilərinin uçotunun ləğv  edilməsi Qaydaları”

Xidmətin göstərildiyi yer

ərazi prinsipi nəzərə alınmaqla Naxçıvan MR VN-nin Kommersiya hüquqi şəxslərin dövlət qeydiyyatı şöbəsi, MGD- nin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsi, ƏVD-nin və ƏVİ-nin inzibati binalarında yerləşən vergi ödəyicilərinə xidmət mərkəzləri (maliyyə-sənaye qrupları, banklar, investisiya fondları, sığorta və auditor təşkilatları istisna olmaqla) (şəffaf vergi partnyorluğu əsasında fəaliyyət göstərən vergi ödəyiciləri üçün ərazi prinsipi nəzərə alınmır)

Müraciəti emal edən struktur vahidi

ərazi prinsipi nəzərə alınmaqla Naxçıvan MR VN-nin Kommersiya hüquqi şəxslərin dövlət qeydiyyatı şöbəsi, MGD-nin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsi (ƏVD-nin və ƏVİ-nin ərazisində olan xarici investisiyalı kommersiya hüquqi şəxsləri, xarici kommersiya hüquqi şəxslərin filial və nümayəndəlikləri, maliyyə-sənaye qrupları, banklar, investisiya fondları, sığorta və auditor təşkilatları daxil olmaqla), ƏVD-nin və ƏVİ-nin Vergi ödəyicilərinə xidmət və şəffaf vergi partnyorluğu idarələrinin/şöbələrinin Qeydiyyat və uçot şöbələri/bölmələri (xarici investisiyalı kommersiya hüquqi şəxsləri, xarici kommersiya hüquqi şəxslərin filial və nümayəndəlikləri, maliyyə-sənaye qrupları, banklar, investisiya fondları, sığorta və auditor təşkilatları istisna olmaqla)

İcra müddəti: 5 iş günü

Xidmətin nəticəsində təqdim edilən sənədlər: – Dövlət reyestrindən çıxarış

Elektronlaşdırma səviyyəsi: –

Mənbə: taxes.gov.az


Teleqram kanalımıza üzv olun


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

 

 

 

Şəxsi avtomobillə yükdaşıma xidmətinə görə vergi öhdəlikləri

posted in: Vergi, Xəbər | 0

Şəxsi avtomobillə yükdaşıma xidmətinə görə vergi öhdəlikləri

Qırx səkkiz yaşlı Elnur Vəliyev 20 ildən artıqdır Aran regionunda fərdi qaydada tikinti işləri ilə məşğul olan şəxslərə yükdaşıma xidməti göstərir. Fiziki şəxslərə məxsus mişar daşlarını şəxsi istifadəsində olan “Kamaz” markalı yük avtomobili ilə Qaradağdakı daş karxanalarından Bərdə, Ağdam və Tərtər rayonlarındakı ünvanlara çatdırır. Bakıya qayıdanda isə əsas sifarişçiləri qum və çınqıl gətirtmək istəyən vətəndaşlar olur.

Elnur Vəliyev indiyədək rəsmi qaydada aylıq əməkhaqqı almayıb. Amma Vergi Məcəlləsinə edilən dəyişikliklərdən sonra o, fəaliyyətini fərdi qaydada yükdaşıma xidməti göstərən sürücü kimi vergi qanunvericiliyinin tələblərinə uyğunlaşdırmaq istəyir.

Regionlardan paytaxta yük daşıyanlar hər ton üçün vergi ödəməlidirlər

Mövcud qanunvericiliyə görə, mülkiyyətində və ya istifadəsində olan avtonəqliyyat vasitələri ilə fərdi qaydada yükdaşıma fəaliyyəti göstərən şəxslər sadələşdirilmiş verginin ödəyiciləri hesab edilirlər. Bu isə o deməkdir ki, şəxsi mülkiyyətində olan “Kamaz”la fiziki şəxslərə yükdaşıma xidməti göstərən Elnur Vəliyev sadələşdirilmiş verginin ödəyicisi kimi yaşadığı ərazi üzrə vergi orqanında qeydiyyatdan keçməli və dövriyyədən asılı olmayaraq, hər ay üçün müəyyən edilmiş vergini dövlət büdcəsinə ödəməlidir.

Bəs mülkiyyətində və ya istifadəsində olan avtonəqliyyat vasitələri ilə fərdi qaydada yükdaşıma xidməti göstərən şəxslərin ödəyəcəyi vergi necə hesablanmalıdır?

“Fərqlənmə nişanı” almaqla avtomobil nəqliyyatı vasitələri ilə yükdaşıma xidmətlərini həyata keçirən vergi ödəyiciləri üçün aylıq sadələşdirilmiş vergi avtomobilin yükgötürmə qabiliyyətinə uyğun şəkildə hesablanır. Belə xidmətlər üzrə sadələşdirilmiş verginin aylıq məbləği hər ton üçün 1 manatdır. Vergi Məcəlləsinin 220.6-cı maddəsinə əsasən, yük daşınmasının növündən və həyata keçirildiyi ərazidən asılı olaraq, yükdaşıyan vergi ödəyiciləri üçün sadələşdirilmiş verginin məbləğinə aşağıdakı əmsallar tətbiq edilir:

  • Bakı şəhərində (kənd və qəsəbələr daxil olmaqla) və Bakı şəhəri ilə ölkənin digər yaşayış məntəqələri arasında – 2,0;
  • Abşeron rayonu, Sumqayıt, Gəncə şəhərlərində və həmin rayon və şəhərlərlə digər yaşayış məntəqələri arasında (Bakı şəhərində istisna olmaqla) – 1,5;
  • Digər şəhər və rayonlarda və həmin şəhər və rayonlarla digər yaşayış məntəqələri arasında (Bakı, Sumqayıt, Gəncə şəhərləri və Abşeron rayonu istisna olmaqla) -1,0.

Avtomobil nəqliyyatı vasitələrinin yükgötürmə qabiliyyəti qeydiyyat şəhadətnaməsinə əsasən müəyyən edilir. Yükgötürmə qabiliyyəti qeydiyyat şəhadətnaməsində göstərilmədiyi halda, həmin göstəricilər Daxili İşlər Nazirliyi tərəfindən vergi orqanlarına verilmiş arayışlar əsasında müəyyən edilir.

Misal: Bakının Qızıldaş qəsəbəsindən Aran rayonlarındakı sifarişçilərinə yük çatdıran Elmar Vəliyevin ödəyəcəyi sadələşdirilmiş verginin məbləğini hesablayaq. Nəzərə alsaq ki, fiziki şəxs olan E.Vəliyevin “Kamaz” markalı avtomobili 20 ton yükgötürmə qabiliyyətinə malikdir, bu halda onun ödəyəcəyi sadələşdirilmiş verginin aylıq məbləği belə olacaq: 20 ton x 1 manat (sabit məbləğ) x 2 (əmsal) = 40 manat.

Daşınan yük paytaxt ərazisindəki sifarişçilərə məxsusdursa, sadələşdirilmiş verginin məbləği Bakı şəhəri üçün, rayonlara daşınan yüklər isə aparıldığı rayon üzrə müəyyən edilmiş əmsala vurulur.

“Fərqlənmə nişanı” almaq üçün nə etməli?

Fiziki şəxs hesablanmış vergini banka ödəyərkən bankın ona təqdim etdiyi ödəniş sənədində avtomobil nəqliyyatı vasitəsinin dövlət qeydiyyat nişanının seriya və nömrəsi aydın göstərilməlidir. Bundan sonra vergi ödəyicisi ərizə ilə Dövlət Avtomobil Nəqliyyatı Xidmətinə müraciət etməklə öz istəyinə uyğun olaraq növbəti ay, rüb, yarımil və ya il üçün ciddi hesabat blankı olan “Fərqlənmə nişanı” almalıdır. Yük avtomobilinin sahibi “Fərqlənmə nişanı”nı almaq üçün aşağıdakı sənədləri təqdim etməlidir:

  • vergi ödəyicisi tərəfindən ərizə;
  • Avtonəqliyyat vasitəsinin dövlət qeydiyyatı şəhadətnaməsinin, vəkalətnamənin (etibarnamənin) və ya icarə müqaviləsinin surəti;
  • Verginin ödənilməsini təsdiq edən bank ödəniş sənədinin surəti.

“Fərqlənmə nişanı”nda aşağıdakı məlumatlar əks olunmalıdır:

  • vergi ödəyicisi olan fiziki şəxsin adı, atasının adı, soyadı;
  • vergi ödəyicisinin VÖEN-i;
  • nişanın qüvvədə olma müddəti;
  • avtonəqliyyat vasitəsinin markası və dövlət qeydiyyatı nişanı;
  • avtonəqliyyat vasitəsinin yükgötürmə qabiliyyəti;
  • daşımanın həyata keçirildiyi ərazi;
  • ödənilmiş verginin məbləği.

Avtonəqliyyat xidməti göstərən şəxslər tərəfindən ödənilmiş vergi, həmin ay onların fəaliyyət göstərib-göstərməməsindən asılı olmayaraq, geri qaytarılmır və növbəti ayın vergiləri ilə əvəzləşdirilmir. Avtonəqliyyat vasitəsinin sahibi və ya istifadəçisi dəyişdikdə, həmin nəqliyyat vasitəsinə sonrakı aylar üçün əvvəlki sahib və ya istifadəçi tərəfindən qabaqcadan ödənilmiş vergilər nəzərə alınır və verginin ödənildiyini təsdiq edən “Fərqlənmə nişanı”nın yenidən rəsmiləşdirilməsi tələb olunmur.

Sadələşdirilmiş verginin ödənilməsinə avtonəqliyyat vasitəsinin sahibi, nəqliyyat vasitəsi vəkalətnamə (etibarnamə) və ya icarə müqaviləsi əsasında istifadə edildikdə isə vəkalətnamə və ya icarə müqaviləsi ilə idarə edən şəxs məsuliyyət daşıyır. Fəaliyyəti yalnız avtomobil nəqliyyatı vasitələri ilə sərnişin və yük daşımalarından ibarət olan vergi ödəyiciləri vergi orqanlarına bəyannamə vermirlər.

Mənbə: vergiler.az


Teleqram kanalımıza üzv olun


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.