Düz xətt metodunda amortizasiya xərcləri necə hesablanacaq?

posted in: Xəbər | 0

2026-cı ildən etibarən vergi nəzarətində beynəlxalq təcrübədə geniş istifadə olunan üfüqi monitorinq mexanizminin tətbiqi vergi ödəyiciləri üçün bir sıra üstünlüklər yaradır. Üfüqi monitorinq iştirakçılarına əsas vəsaitlər üzrə amortizasiyanın azalan qalıq və ya düz xətt metodu ilə hesablanması seçimi verilir. Bəs bu zaman hesablamalar necə aparılacaq? Keçid necə tənzimlənəcək?

B suallara vergi məsələləri üzrə mütəxəssis Xəyal Feyzullayev Bakıda keçirilən “Vergi və Mühasibatlıq Zirvəsi 2026” adlı tədbirdə aydınlıq gətirilib. Onun sözlərinə görə, üfüqi monitorinqə qəbul olunan vergi ödəyiciləri amortizasiya hesablamaları üçün həm düz xətt metodunu, həm də azalan qalıq metodunu tətbiq edə bilərlər: “Üfüqi monitorinqə qəbul edilmiş vergi ödəyicisinin mütləq düz xətt metodu, yaxud mütləq azalan qalıq metodu tətbiq etməsi kimi bir tələb yoxdur. Bu onların seçimindən asılıdır. Bilirik ki, indiyədək bütün vergi ödəyiciləri amortizasiyaların hesablanması zamanı azalan qalıq metodunu tətbiq edirdilər. Yalnız qeyri-maddi aktivlər üzrə düz xətt metodu tətbiq olunurdu. Artıq bu hal digər əsas vəsaitlərə də şamil ediləcək”.

X.Feyzullayev yeni qaydalarla amortizasiya hesablamalarını nümunə əsasında belə izah edib: “Hesab edək ki, vergi ödəyicisi 2023-cü ildə əmlaka sahib olub. Məsələn, bir nəqliyyat vasitəsi alıb və 2023-cü ildən bəri azalan qalıq metodu ilə amortizasiyaları hesablayır. Tutaq ki, 2026-cı ilin sonuna vergi ödəyicisinin həmin nəqliyyat vasitəsinə görə müəyyən bir qalığı yaranıb. Məsələn, nəqliyyat vasitəsi 2023-cü ildə 10.000 manata alınıb və əsas vəsait kimi amortizasiya olunub. Bu zaman ilin sonuna bu şəxsin 5.000 manat qalığı qalıb. Belə olan halda, həmin şəxs keçid dövründə olan qalıq dəyəri, yəni 5.000 manatı onun qalıq müddətinə bölərək düz xətt metodu ilə sabit şəkildə amortizasiya edə biləcək. Fərz edək ki, nəqliyyat vasitəsinin amortizasiya müddəti 11 ildir. 2023-cü ildən 2026-cı ilə qədər artıq 3 il müddət keçdiyinə görə, dövrün sonuna qalıq dəyəri olan 5.000 manatı 8 ilə bölməklə düz xətt metodu ilə hesablama apara bilərlər:

5.000 : 8 = 625 manat”.

Mənbə: vergiler.az

Qida çatdırılmasında ƏDV güzəşti tətbiq olunurmu?

Qida çatdırılmasında ƏDV güzəşti tətbiq olunurmu?

posted in: Xəbər | 0

İctimai iaşə müəssisələrinə tətbiq edilən əlavə dəyər vergisi (ƏDV) üzrə 50 faizlik güzəşt çatdırılma xidmətləri vasitəsilə satılan mallara şamil edilməyəcək.

Bunu İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Vergi siyasəti baş idarəsinin Vergi qanunvericiliyinin tətbiqi şöbəsinin baş dövlət vergi müfəttişi Anar Cabbarov Bakıda keçirilən “Vergi və Mühasibatlıq Zirvəsi 2026” tədbirində bildirib.

A.Cabbarovun sözlərinə görə, içtimai iaşə müəssisələrinə ƏDV üzrə 50 faizlik güzəştin tətbiqi nəzarət-kassa aparatına vahid əməliyyat sistemində inteqrasiya edilmiş POS-terminallar vasitəsilə nağdsız ödənişlərin qəbulu ilə şərtləndirilib. Ona görə də “Bolt”, “Wolt”, “Yango” və digər bu kimi təchizatçı şirkətlər vasitəsilə köçürülən nağdsız ödənişlərə münasibətdə ƏDV güzəşti tətbiq olunmayacaq.
“Əlavə olaraq deyək ki, təchizatçı şirkətlər tərəfindən göstərilən çatdırılma xidmətlərinə görə elektron qaimə-faktura təqdim edilməlidir. Həmin e-qaimə üzrə çəkilən xərclər gəlirdən çıxılan xərclərə aid edilir. Onu da qeyd edim ki, məhsul təqdim edən şəxslər onu “Bolt”, “Wolt” vasitəsilə təqdim edərkən burada məhsulun tam dəyərinə uyğun nəzarət-kassa aparatı çeklərini təqdim etməlidirlər. Bu zaman təchizatçı şirkətlər alıcıdan vəsaiti alıb satıcının bank hesabına köçürür. Burada ikiqat vergilənmə yaranmasın deyə malların komissiyon qaydada satışı ilə bağlı dövri olaraq vergi orqanlarına məlumatlar təqdim olunmalıdır” – deyə A.Cabbarov vurğulayb.

O əlavə edib ki, təchizatçı şirkətlər tərəfindən verilən ödəmə tapşırığında da bu ödənişlərin komissiyon qaydada aparılan ödənişlərlə bağlı köçürülən məbləğlər olması qeyd edilməlidir.

Mənbə: vergiler.az

Azərbaycanda 3 ayda vətəndaşlara geri qaytarılmış ƏDV-nin məbləği açıqlanıb

Azərbaycanda 3 ayda vətəndaşlara geri qaytarılmış ƏDV-nin məbləği açıqlanıb

posted in: Xəbər | 0

Bu ilin yanvar-mart aylarında Azərbaycanda pərakəndə ticarət və ya iaşə fəaliyyəti göstərən şəxslərdən alınmış mallara (neft və qaz məhsulları, avtomobillər, alkoqollu içkilər və tütün məmulatları istisna olmaqla), teatr tamaşaları, film nümayişi, muzey ziyarəti və simfonik orkestrin konserti sahəsində göstərilən xidmətlərə, habelə tibb müəssisələri və özəl tibbi praktika ilə məşğul olan fiziki şəxslərin göstərdiyi tibbi xidmətlərə, işğaldan azad edilmiş ərazilər daxilində yerləşmə vasitələri hesab edilən mehmanxanalar (hotellər) tərəfindən gecələmə və qalma xidmətlərinə görə ödənilmiş ƏDV-nin 51 milyon 747,2 min manatlıq hissəsi fiziki şəxs olan istehlakçılara geri qaytarılıb.

Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə istinadən xəbər verilir.

3 ayda xarici vətəndaşların ölkə ərazisində fərdi istehlak üçün aldığı mallara görə dövlət büdcəsindən qaytarılmış ƏDV-nin (“tax free”) məbləği 2 063,8 min manat təşkil edib.

Mənbə: report.az

Mobil tətbiqdən vergi bəyannaməsi göndərmək mümkün olur

Mobil tətbiqdən vergi bəyannaməsi göndərmək mümkün olur

posted in: Xəbər | 0

Artıq Azərbaycanda vergi bəyannamələrinin mobil tətbiq üzərindən təqdim edilməsi mümkün olacaq.

Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bəyannamələr və kameral vergi yoxlamalarına nəzarət baş idarəsinin rəis müavini Samir Qəhrəmanov Bakıda keçirilən “Vergi və Mühasibatlıq Zirvəsi 2026” tədbirindəki çıxışında məlumat verilib.

S.Qəhrəmanovun sözlərinə görə, bu yenilik vergi ödəyicilərinin rahatlığını və işlərin çevik reallaşmasını hədəfləyir: “İlkin mərhələdə sadələşdirilmiş vergi bəyannamələrini mobil tətbiq üzərindən təqdim etmək mümkün olacaq. Bu, əsasən, mikro sahibkarların işinə yarayacaq. Onlar bəyannamələrini mobil tətbiq üzərindən rahat şəkildə təqdim edə biləcəklər. Növbəti dövrlərdə bu xidmətin digər vergi bəyannamələrini də əhatə etməsi nəzərdə tutulur”.

S.Qəhrəmanov Dövlət Vergi Xidmətinin istifadəyə verdiyi yeni portalın xidmətləri barədə də danışıb. Bildirib ki, həmin portal üzərindən təqdim edilən bəyannamələrin proaktiv xidmətə keçidi baş verir: “Bu, daha çox yoxlama xarakteri daşıyır. Artıq bəyannamə təqdim edilərkən uyğunsuzluqları həmin anda vergi ödəyicisinin qarşısına çıxarır. Əvvəllər həmin yanlışlıqlara görə uyğunsuzluq məktubları göndərilirdi və bundan sonra düzəlişlər edilirdi. Artıq bu bir addım önə çəkilərək, daha operativ şəkildə, məhz təqdim edilərkən göstərilir və düzəliş edilir. Bu, davamlı olaraq aparılacaq”.

Digər bir yenilik isə mühasiblərin narahatlıqlarına son qoyub. S.Qəhrəmanov bildirib ki, artıq portalda uyğunsuzluq məktublarına verilmiş cavab məktublarının kameral vergi yoxlamaları prosesində bəyannamələrlə birbaşa əlaqələndirilməsi xidməti yaradılıb. Bu xidmətdən istifadə iki yolla mümkündür: birinci halda vergi ödəyiciləri onlara İnternet vergi idarəsi portalı (new.e-taxes.gov.az) üzərindən göndərilən uyğunsuzluq məktublarına daxil olmaqla “Cavabla” əməliyyatı ilə göndərilən cavab məktubları və ona əlavə edilmiş zəruri sənədləri əlavə edərək vergi orqanına göndərir. İkinci, uyğunsuzluq məktubu göndərilmədiyi halda isə portalda “Cavabla” düyməsindən istifadə etmədən də bu xidmətdən istifadə mümkündür. Bu zaman vergi ödəyicisi tərəfindən ”Məktublar” bölməsinə daxil olaraq “Yeni müraciət” hissəsində müraciətin növü kimi “Kameral vergi yoxlaması ilə əlaqədar bəyannaməyə əlavə ediləcək izahat və sənədlər” seçilməklə “Uyğunsuzluq əlavə et” alt bölməsində bəyannamənin tədiyyəsini və dövrünü daxil edərək “Əlavə et” düyməsi sıxılır. Daha sonra məktub və ona əlavə edilmiş zəruri sənədlər vergi orqanına göndərilir. Bu zaman hər iki halda göndərilən cavab məktubları avtomatik olaraq kameral yoxlama aparılan bəyannamə ilə əlaqələndirilir. Vergi orqanının əməkdaşı həmin bəyannaməyə yoxlama keçirmək istəyərkən mütləq şəkildə artıq o məktuba baxmalı olacaq. Sadəcə, vergi ödəyicisi həmin məktubu düzgün bölməni seçərək yazmalıdır, orada uyğunsuzluğun olduğu dövrü və tədiyyə növünü də qeyd etməlidir. Bu halda vergi orqanı əməkdaşı mütləq şəkildə onun verdiyi cavaba baxıb sonra kameral vergi yoxlaması keçirə bilər”.

Mənbə: vergiler.az

Əlillərin işlədiyi və təhsil aldığı qurumlara tətbiq olunan vergi imtiyazları

1 11 12 13 14 15 16 17 2. 381