» » » Sahibkarlıq mühitinin inkişafına dəstək verən mexanizmlər

Sahibkarlıq mühitinin inkişafına dəstək verən mexanizmlər

posted in: Xəbər | 0

Ölkəmizdə dayanıqlı iqtisadi inkişaf nəticəsində formalaşan yüksək maliyyə imkanları uzun illər ərzində makroiqtisadi sabitliyin və davamlı artımın təmin olunmasına mühüm töhfə verərək əlverişli və təhlükəsiz biznes mühiti üçün güclü zəmin yaradıb. 2021–2024-cü illərdə qeyri-neft sektoru orta hesabla illik 6,7% artıb, onun iqtisadiyyatda payı isə 68%-ə yüksəlib. 2019-2025-ci illərdə qeyri-neft ixracının təxminən iki dəfə artması ölkənin rəqabət qabiliyyətinin güclənməsinin mühüm göstəricilərindən biridir.

Azərbaycanda həyata keçirilən sosial-iqtisadi islahatlar və qlobal iqtisadiyyata inteqrasiya prosesi beynəlxalq investorlar və aparıcı şirkətlər üçün geniş imkanlar formalaşdırıb. 2004–2024-cü illərdə ölkə iqtisadiyyatına 344,4 milyard ABŞ dolları həcmində sərmayə yatırılıb. İnvestisiya cəlbediciliyinin əsas amillərindən olan siyasi sabitlik və proqnozlaşdırıla bilən iqtisadi mühit Azərbaycanda etibarlı biznes platformasının formalaşmasına şərait yaradıb. Güclü maliyyə bazası, makroiqtisadi və makromaliyyə sabitliyi, eləcə də biznes mühitinin davamlı təkmilləşdirilməsi beynəlxalq qiymətləndirmələrdə də öz əksini tapır. Dünya Bankı Qrupunun “Business Ready” hesabatı və beynəlxalq kredit reytinq agentliklərinin qiymətləndirmələri son illərdə Azərbaycanın mövqeyinin əhəmiyyətli dərəcədə yaxşılaşdığını göstərir. “Fitch” və “Moody’s” agentliklərinin ölkəmizin kredit reytinqini investisiya səviyyəsinə yüksəltməsi bunun bariz nümunəsidir.

Sosial-iqtisadi islahatlar və qlobal iqtisadiyyata inteqrasiya prosesi
beynəlxalq investorlar və aparıcı şirkətlər üçün geniş imkanlar formalaşdırıb

Əldə olunan nəticələrdə biznes mühitinin inkişafı istiqamətində həyata keçirilən institusional islahatların xüsusi rolu var. İnzibati prosedurların sadələşdirilməsi, rəqəmsal xidmətlərin genişləndirilməsi, investisiya mühitinin yaxşılaşdırılması və dövlət–biznes əməkdaşlığının gücləndirilməsi sahibkarlıq fəaliyyətinin daha şəffaf, əlverişli və rəqabətqabiliyyətli əsaslar üzərində inkişafına şərait yaradır. Bununla yanaşı, innovasiya və yaşıl iqtisadiyyat prinsiplərinin təşviqi biznes ekosisteminin müasir çağırışlara uyğun transformasiyasını sürətləndirir.

Biznes hesabi

Bu istiqamətdə Dünya Bankı Qrupunun “Business Ready” hesabatının “Biznesə daxilolma” indikatoru üzrə də mühüm addımlar atılıb. Sahibkarlıq fəaliyyətinə başlanılması prosesinin daha əlçatan və səmərəli təşkili məqsədilə hüquqi şəxslərin dövlət qeydiyyatı sisteminin proaktivliyinin artırılması üçün qanunvericilik təşəbbüsləri hazırlanıb. “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” və “Notariat haqqında” qanunlara təklif edilən dəyişikliklər notariat əməliyyatlarından sonra məlumatların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə avtomatik şəkildə Dövlət Vergi Xidmətinə ötürülməsini və qeydiyyatın proaktiv qaydada aparılmasını nəzərdə tutur. Müvafiq dəyişikliklər artıq qüvvəyə minib.

Dünya Bankı Qrupunun “Business Ready” hesabatı və beynəlxalq kredit reytinq
agentliklərinin qiymətləndirmələri son illərdə Azərbaycanın mövqeyinin
əhəmiyyətli dərəcədə yaxşılaşdığını göstərir

Eyni zamanda, qanunvericiliyə “benefisiar mülkiyyətçi” anlayışı daxil edilib, qeydiyyat zamanı təqdim olunan məlumatların dairəsi müəyyənləşdirilib və kommersiya qurumlarının benefisiar mülkiyyətçiləri barədə məlumatların dövlət qeydiyyatına alınması təmin olunub.

Bundan başqa, fəaliyyəti xüsusi qanunvericiliklə tənzimlənən hüquqi şəxslərin qeydiyyatı ilə bağlı müxtəlif dövlət qurumları arasında elektron məlumat mübadiləsini təmin edən texniki infrastruktur yaradılıb. Bu çərçivədə Dövlət Vergi Xidmətinin informasiya bazası Ədliyyə Nazirliyi, Elm və Təhsil Nazirliyi, Mərkəzi Bank və Əmlak Məsələləri Dövlət Xidmətinin sistemləri ilə inteqrasiya edilib.
Rəqəmsal xidmətlərin genişləndirilməsi istiqamətində atılan mühüm addımlardan biri də “E-Vergi” mobil tətbiqinin istifadəyə verilməsi olub. Tətbiq Dövlət Vergi Xidmətinin İnternet Vergi İdarəsinin funksiyalarını vahid platformada birləşdirərək vergi ödəyiciləri üçün daha rahat və əlçatan elektron kabinet formalaşdırır. Hazırda tətbiq vasitəsilə hüquqi şəxslər üzrə müxtəlif kateqoriyalara aid 13 növ ərizənin elektron formada təqdim edilməsi mümkündür.

Rəqəmsal xidmətlərin genişləndirilməsi istiqamətində atılan
mühüm addımlardan biri də “E-Vergi” mobil tətbiqinin istifadəyə verilməsi olub

Həyata keçirilən islahatlar ölkədə əlverişli biznes mühitinin formalaşmasını sürətləndirərək iqtisadi artım və investisiya fəallığı üçün yeni imkanlar yaradır. Bu, həmçinin iqtisadi aktivliyin təmin edilməsi üçün güclü stimullar formalaşdırır.

Mənbə: vergiler.az

Həyat yoldaşı pensiyaçı olanlara vergi güzəşti verilirmi?