» » » Sahibkarların ödədiyi məcburi sosial sığorta məbləğləri

Sahibkarların ödədiyi məcburi sosial sığorta məbləğləri

posted in: Xəbər | 0

2026-cı ildən etibarən, sahibkarların vergi yükü ilə yanaşı, məcburi dövlət sosial sığorta ödənişlərində də dəyişikliklər edilib. Artıq fəaliyyət sahələrinə görə ödənişlərin fərqləndirilməsinə son qoyulub. 2026-cı il yanvarın 1-dək tikinti sahəsi üzrə məcburi dövlət sosial sığorta haqqı minimum aylıq əməkhaqqının 50 faizi həcmində, ticarət və digər sahələr üzrə isə 25 faiz həcmində hesablanırdı. Həmçinin, regionlara münasibətdə əmsallar tətbiq olunurdu. “Sosial sığorta haqqında” Qanunda dəyişiklik edilməsəydi, güzəşt müddəti başa çatdığından ticarət sahəsində həmin göstərici 50 faizədək artacaqdı, regionlara tətbiq olunan əmsallar da qüvvədən düşəcəkdi. Nəticədə fərdi sahibkarın sosial sığorta yükü artacaqdı. Bu səbəbdən, 2026-cı ildən fərdi sahibkarların məcburi dövlət sosial sığorta haqqının hesablanması ilə bağlı yeni mexanizm qüvvəyə minib.

Yeniliyi “EN Group Consulting” MMC-nin direktoru Elvin Zaidov şərh edir. 

2026-cı il yanvarın 1-dək fərdi sahibkarların özünə görə məcburi dövlət sosial sığorta haqqı bu cədvəldəki qaydada hesablanırdı:

Göstəricilər Tikinti sahəsi üzrə Digər sahələr üzrə
Bakı şəhəri 400 x 50% x 100% = 200 AZN 400 x 25% x 100% = 100 AZN
Gəncə və Sumqayt şəhərləri 400 x 50% x 90% = 180 AZN 400 x 25% x 90% = 90 AZN
Digər şəhərlər 400 x 50% x 80% = 160 AZN 400 x 25% x 80% = 80 AZN
Rayon inzibati ərazi vahidlərinin inzibati mərkəzi olan inzibati ərazi vahidlərində və qəsəbələrdə 400 x 50% x 60% = 120 AZN 400 x 25% x 60% = 60 AZN
Kənd yerlərində 400 x 50% x 50% = 100 AZN 400 x 25% x 50% =50 AZN

2026-cı il yanvarın 1-dən etibarən “Sosial sığorta haqqında” Qanunun 14.5.1-ci maddəsində dəyişiklik edilib. Həmin maddəyə əsasən, sahibkarlıq fəaliyyəti üzrə – minimum aylıq əməkhaqqının 15 faizindən az (yəni 400*15% = 60 manat), 100 faizindən çox (yəni 400 x 100% = 400 manat) olmamaq şərtilə, gəlirlərinin (xərclər çıxılmadan) 2 faizi miqdarında hesablanır və ödənilir. Buradan belə qənaətə gəlmək olar ki, sahibkarlar özlərinə görə məcburi dövlət sosial sığorta haqqını 60 manatdan az, 400 manatdan çox olmamaq şərti ilə hər ay üçün gəlirlərinin 2 faizi qədər hesablamalı və ödəməlidirlər. Bunu nümunələr üzrə izah edək:

Biznes hesabi

Misal

Fərdi sahibkarın 2026-cı ilin 1-ci rübü üzrə aşağıdakı gəlirləri olub:

Yanvar ayında – 2.500 manat;

Fevral ayında – 8.000 manat;

Mart ayında – 25.000 manat.

Həmin gəlirlərə əsasən hər ay üzrə nə qədər məcburi sosial sığorta haqqı ödəməli olduğunu hesablayaq:

Göstəricilər Gəlirlər Gəlirin 2%-i Ödənilməli olan məcburi sosial sığorta haqqı
Yanvar 2.500 AZN 2.500 x 2% = 50 AZN 60 AZN
Fevral 8.000 AZN 8.000 x 2% = 160 AZN 160 AZN
Mart 25.000 AZN 25.000 x 2% = 500 AZN 400 AZN

Yanvar ayı üzrə – Fərdi sahibkar 60 manat ödəməlidir. Gəlirin 2%-i 50 manat olsa da qayda üzrə minimum aylıq əməkhaqqının 15%-dən az olmamaq şərti ilə gəlirin 2%-i nəzərdə tutulub. Minimum aylıq əməkhaqqının 15%-i 60 manat təşkil edir. 50 manat ondan kiçik olduğu üçün minimum ödəniş 60 manat olmalıdır.

Fevral ayı üzrə – Fərdi sahibkar 160 manat ödəməlidir. Minimum aylıq əməkhaqqının 15%-dən az, 100%-dən çox olmadığı üçün bu ay üçün məcburi dövlət sosial sığorta haqqı gəlirin 2%-i kimi qəbul edilir. Yəni sahibkar fevral ayı üçün 160 manat ödəməlidir.

Mart ayı üzrə – Fərdi sahibkar 400 manat ödəməlidir. Gəlirin 2%-i 500 manat olsa da qayda üzrə minimum aylıq əməkhaqqının 100%-dən çox olmamaq şərti ilə gəlirin 2%-i nəzərdə tutulub. Minimum aylıq əməkhaqqının 100%-i 400 manat təşkil edir. 500 manat ondan böyük olduğu üçün maksimum ödəniş 400 manat olacaq.

Əlavə olaraq, “İcbari tibbi sığorta haqqında” Qanunun 15-10.1.3-ci maddəsinə görə, fərdi sahibkar gəlirin məbləğindən asılı olmayaraq, aylıq olaraq minimum əməkhaqqının 4%-i qədər icbari tibbi sığorta haqqı ödəməlidir. Yəni hər ay üçün əlavə olaraq 16 manat icbari tibbi sığorta haqqı ödənilməlidir.

400 x 4% = 16 manat.

Mənbə: vergiler.az

Xarici valyuta zədələndikdə nə etmək lazımdır?