» » » Xarici valyuta zədələndikdə nə etmək lazımdır?

Xarici valyuta zədələndikdə nə etmək lazımdır?

posted in: Xəbər | 0

Valyuta mübadiləsi zamanı vətəndaşlar tez-tez eyni problemlə üzləşirlər: banklar ya köhnə seriyalı dolları qəbul etmir, ya da zədəli əskinasların dəyişdirilməsi zamanı onu dəyərindən daha aşağı alır. Bu da vətəndaşlarda bəzi sualların yaranmasına səbəb olur: bəs dollar və ya avro kimi geniş istifadə olunan valyuta yararsız hala düşdükdə nə etmək lazımdır? Milli valyutanın dəyişdirilməsi zamanı tətbiq olunan qaydalar xarici pul əskinaslarına da aid edilirmi?

Qurum pul nişanlarının ekspertiza qaydalarından tutmuş mübadilə proseduruna qədər bütün incə məqamlara aydınlıq gətirib.

Köhnə və ya zədəli xarici valyutanı necə xilas edək?

Yararsız hala düşmüş milli valyutanın dəyişdirilməsi məqsədilə AMB tərəfindən təyin edilmiş operator banklara və onların filiallarına (“Kapital Bank” ASC və “ABB” ASC), AMB-nin ərazi idarələrinə (Naxçıvan Muxtar Respublikası İdarəsi, Yevlax Ehtiyat Mərkəzi və Biləsuvar Regional Mərkəzi), eləcə də ölkədə fəaliyyət göstərən digər kommersiya banklarına və onların filiallarına müraciət etmək olar. Pul nişanlarının dəyişdirilməsi prosesi Mərkəzi Bank və operator banklar tərəfindən ödənişsiz aparılır. Kommersiya bankları isə bu işi öz daxili qaydalarına uyğun olaraq, ödənişli və ya ödənişsiz həyata keçirə bilərlər.

Yararsız hala düşmüş xarici valyutada pul nişanının dəyişdirilməsinə gəlincə, AMB-dən bildirilib ki, bunun üçün şəxs ölkə ərazisində fəaliyyət göstərən kommersiya bankları və onların filiallarına üz tutmalıdır. Kommersiya banklarına yararsız hala düşmüş xarici valyutada olan pul nişanlarının dəyişdirilməsi məcburi tələb kimi müəyyən edilmir və onlar öz daxili kommersiya siyasətinə uyğun qaydada bu prosesi icra edə bilərlər.

Biznes hesabi

Son zamanlar vətəndaşlar əllərindəki köhnə tarixli dollar (2009-cu ildən əvvəlki seriya – red.) əskinaslarının aqibətindən də narahatdırlar. AMB-dən bu mövzuda bildirilib ki, yerli kommersiya bankları öz daxili siyasətlərinə uyğun olaraq həmin seriyalı pul nişanlarını qəbul edə və dəyişdirə bilərlər.

Ekspertiza neçə gün çəkir? – AMB və bankların mübadilə öhdəlikləri

Yararsız hala düşmüş xarici valyutada pul nişanının dəyişdirilməsi prosesi kommersiya bankının daxili qaydalarına uyğun olaraq tənzimlənir. Həmin pul nişanlarının həqiqiliyinə şübhə yaranmadıqda pul nişanları banklar tərəfindən dəyişdirilə bilər. Mərkəzi Bankın 2020-ci il tarixli “Pul nişanlarının ekspertizası Qaydaları”na əsasən, bank pulun saxta olub-olmadığını dəqiqləşdirə bilmədikdə, onu rəsmi rəy üçün AMB və ya emitent banka təqdim edə bilər. Kommersiya bankı tərəfindən pul nişanının ekspertiza üçün emitent banka göndərilməsinə zərurət yaranarsa, bu halda həmin emitent bankın qaydalarla müəyyən etdiyi iş günlərinə uyğun müddətdə ekspertiza prosesi aparılır.

Mərkəzi Banka ekspertiza üçün müraciət olunan zaman pul nişanı kommersiya bankı tərəfindən 3 iş günü müddətində göndərilir və AMB-də həmin pul nişanının ekspertizası 15 iş günü müddətində aparılır. Pul nişanının ekspertizası üçün onun emitenti olan quruma müraciət edilməsi zərurəti yarandıqda, pulu təqdim edən şəxsə bu barədə yazılı məlumat verilir.

Mərkəzi Bank tərəfindən ekspertiza zamanı xarici valyutada pul nişanlarının saxtalaşdırma əlamətləri müəyyən edildikdə müvafiq tədbirlərin görülməsi üçün zəruri məlumatlar 10 iş günü müddətində hüquq-mühafizə orqanlarına göndərilir. Ekspertiza nəticəsində saxtalaşdırma əlamətləri aşkar edilmədikdə pul nişanı təqdim edənə təhvil verilir.

Bank zədəli pulu qəbul etmirsə, çıxış yolu nədir?

Milli valyutada olan pul nişanlarını dəyişdirərkən bank əskinasları qəbul etməkdən imtina edirsə, yaranmış suallarla bağlı AMB-yə müraciət edilməlidir. Eyni hal xarici valyutanın dəyişdirilməsi zamanı yaranarsa, bu zaman kommersiya bankının daxili siyasəti əsas götürülür. AMB-dən bildirilib ki, bankın daxili qaydalarına uyğun olaraq xarici pul nişanı qəbul edilə və dəyişdirilə bilər.

Vətəndaş gedəcəyi ölkənin milli valyutasını haradan almalıdır?

Xarici ölkələrə səfər edən vətəndaşlar üçün ən vacib məqamlardan biri də gedəcəkləri ölkənin yerli valyutasının alışını əvvəlcədən təmin etməkdir. Bəs Azərbaycanda nadir valyutaları əldə etmək mümkündürmü və bu proses necə tənzimlənir? Azərbaycan Mərkəzi Bankının açıqlamasına görə, bu fəaliyyət birbaşa qanunvericiliklə tənzimlənir və yalnız xüsusi icazəsi olan subyektlər tərəfindən həyata keçirilir. Belə ki, ölkədə valyuta mübadiləsi fəaliyyəti “Banklar haqqında”, “Poçt haqqında” və “Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında” qanunların tələbləri ilə tənzimlənir. Mövcud qanunvericiliyə uyğun olaraq, valyutadəyişmə xidmətlərini lisenziya almış yerli banklar və onların filialları, poçt rabitəsinin milli operatoru, habelə valyuta mübadiləsi fəaliyyəti üçün xüsusi lisenziyaya malik şəxslər həyata keçirə bilər.

Bununla yanaşı, ödəniş və elektron pul təşkilatları (o cümlədən xarici təşkilatların yerli filialları) da bu növ xidmətləri göstərmək hüququna malikdirlər. Lakin istisna olaraq, yalnız vasitəçilik və ya hesab üzrə məlumat xidməti göstərən ödəniş təşkilatlarına bu fəaliyyətlə məşğul olmağa icazə verilmir. Vətəndaşlar xarici ölkəyə səfər edərkən ehtiyac duyduqları valyutanı adıçəkilən qurumların hər hansı birinə müraciət etməklə qanuni şəkildə əldə edə bilərlər.

Mənbə: vergiler.az

Şuşa şəhəri Dövlət Qoruğu İdarəsi auditor seçir