Daha çox8
Daha çox8

Teymur Əşrəf: Uçot data ilə təhlil arasında körpüdür

posted in: Xəbər | 0

Maliyyə hesabatlarının hazırlanması və düzgün vergi uçotunun aparılması sahibkarları bir çox risklərdən, itkilərdən qoruyur. Bəs burada yol verilən yanlışlıqlar nələrə səbəb ola bilər?  Təcrübə mübadiləsi bizi necə qoruyur?

Bu və digər sualları “Good Finance” şirkətinin həmtəsisçisi Teymur Əşrəf cavablandırır: 

– Teymur müəllim, mühasibat uçotunun qanunvericilik tərəfləri bəllidir, bu zaman müəyyən tələblərə əməl etmək vacibdir. Bəs biznesin inkişafı baxımından uçotun əhəmiyyəti nədir? Sahibkarlar, mühasiblər daha çox nəyə diqqət etməlidirlər?

– Keyfiyyətli data, düzgün uçot və əhatəli təhlil biznesin inkişafının zəruri şərtlərindəndir. Bunların birlikdə olması idarəetmədə təsadüfi qərarların qarşısını alır, biznesin zəif yönlərini ortaya çıxarır, güclü tərəflərini isə risklərdən qoruyur. Beləliklə, uçot data və təhlil arasında körpü rolunu oynayır. Üstəlik, uçot məlumatları müxtəlif hesabatların əsas “xammal”ı, başlıca “qida mənbəyi”dir. Nəzərə alsaq ki, həmin hesabatların istifadəçiləri həm dövlət qurumları, həm də biznes tərəfdaşlarıdır – düzgün uçotun əhəmiyyəti daha da bəlli olur. Yəni uçota təkcə daxili idarəetmə aləti kimi yox, həm də “biznesin güzgüsü” kimi baxmalıyıq. Belə bir müqayisə qursaq ki, insanın söz ehtiyatı nə qədər kasad olsa, nitqi də o qədər zəif alınır, bir biznesin söz bazası onun uçotu, nitqi isə hesabatlılığıdır, yəni biri digərini şərtləndirir.

Uçotu vahid biznes sistemindən ayrı düşünmək olmaz. Biznesi idarə edənlər uçotu həm sistemin elementi, həm də idarəetmə aləti kimi nəzərə almalıdırlar. Sistemin bu elementinin “axsaması” bütövlükdə onu geri atdığı kimi, idarəetmə aləti kimi effektiv istifadə edilməməsi də yekunda inkişafa mənfi təsir göstərir, raqabətdə geri salır. Bu baxımdan, sahibkarlar və rəhbərlər uçota ögey münasibət bəsləməməli, məcburiyyət, “pul gətirməyən” element kimi yanaşmamalıdırlar. Mühasiblər və digər uçota məsul şəxslər isə işlərini sistem idarəetmənin tərkib hissəsi kimi qavrayıb bu istiqamətdə qurmalıdırlar. Onların işi elə təşkil olunmalıdır ki, “uçot məlumatların qeydiyyatıdır”, “mühasib vergi hesabatlarını hazırlayan şəxsdir” – formatı “uçot idarəetmə alətidir, mühasib isə idarəetmənin aktiv iştirakçısıdır” mexanizmi ilə əvəz edilsin.

Uçota təkcə daxili idarəetmə aləti kimi yox, həm də “biznesin güzgüsü” kimi baxmalıyıq

– Təcrübədə bu sadaladığınız sahələrdə tez-tez rast gəldiyiniz yanlışlıqlar nələrdir?

– Mənim ixtisaslaşma sahəm vergi olduğu üçün bu istiqamətdə yol verilən və maliyyə itkisi ilə nəticələnən xeyli misallar və praktiki keyslər sadalaya bilərəm. Buraya bəyannamələrin səhv tərtibatından tutmuş vergi riski ilə nəticələnən əməliyyatlara qədər müxtəlif məsələlər daxildir. Amma istəyirəm ki, suala daha ümumiləşmiş formada və yanlışların özünü yox, səbəblərini göstərməklə cavab verim. Uçotda yanlışlıq varsa, ilk növbədə, düzgün uçot sistemi yoxdur, şirkətdaxili kommunikasiya düzgün qurulmayıb, proseslər lazımi qayadada koordinasiya olunmur və kadr hazırlığına, onların inkişafına diqqət yetirilmir.

– Ən bahalı səhvlər nələr ola bilər və bu yanlışlıqlar nə zaman üzə çıxır? Düzəldilməsi mümkündürmü?

– İnsanın şəxsi həyatında da, biznesdə də, uçotda da ən bahalı səhv səhvin doğru hesab olunaraq davam etdirilməsidir. Uçotla bağlı yanlışlıqlar diaqnostika, daxili audit və kənar audit prosesləri nəticəsində ortaya çıxa bilər. Amma bütün bunlara qədər şəxsi məsuliyyət, gördüyün işə cavabdehlik çox vacibdir. Ümumiyyətlə, səhvin hansı mərhələdə üzə çıxması önəmlidir. Vergiyönümlü yanaşdıqda, ortaya çıxan səhvləri qanunvericiliyə uyğun konkret situasiyadan asılı olaraq düzəltmək mümkün və ya mümkünsüz olur. Səhv vergi orqanına qədər, yəni şirkət daxilində aşkar edildikdə aradan qaldırılması daha rahatdır. Dövlət vergi orqanları tərəfindən aşkar edilən səhvlərin (terminoloji olaraq – kənarlaşmaların) düzəldilməsinə yanaşma da fərqlidir. Məsələn, kameral vergi yoxlaması zamanı aşkarlanmış uyğunsuzluqlar üzrə dəqiqləşdirmələr aparılmaqla səhvlərin aradan qaldırılması mümkündür. Səyyar vergi yoxlaması zamanı aşkar edilmiş səhvlər isə vergi yoxlayıcıları tərəfindən bərpa olunmaqla vergidən yayınma ilə şərtlənirsə, hətta maliyyə sanksiyası ilə nəticələnir ki, bildiyimiz kimi, yoxlama başladıqdan sonra artıq vergi ödəyicisinin həmin səhvləri aradan qaldırmaq şansı olmur.

İnsanın şəxsi həyatında da, biznesdə də, uçotda da ən bahalı səhv
səhvin doğru hesab olunaraq davam etdirilməsidir

– Mühasibat və vergi uçotunun paralel aparılması və ya birinə üstünlük verilməsi ilə bağlı fikirlər səslənir. Siz necə düşünürsünüz, hansı daha vacibdir və niyə?

– Doğrusu, məsələnin bu cür qoyulması ilə bir az razı deyiləm, çünki bu anlayışlar bir-birinin alternativi yox, tamamlayıcısıdır. Bu, bir növ meyvə ilə almanın, uçot tərəfdən misal gətirsək, əsas vəsaitlə avadanlığın müqayisəsinə bənzəyir. Söhbətimizin əvvəlində də qeyd etdiyimiz kimi, uçot datadan formalaşır, hesabatlar isə uçotdan. Bu hesabatlar maliyyə, vergi və digər hesabatlar ola bilər. Vergi uçotuna isə vergi hesabatlarını qanunvericiliyin tələblərinə uyğun formada hazırlamaq üçün ümumi uçotun daxilində ayrıca istiqamət kimi baxmaq olar. Suala yekun cavab olaraq, – maliyyə hesabatı standartlarına və vergi qanunvericiliyinin tələblərinə uyğun aparılan uçot vacibdir, – deyərdim.

– Son dəyişikliklərlə Vergi Məcəlləsinə əlavə edilən yeni nəzarət forması vergi risklərinin idarə olunmasını daha da asanlaşdırmış olacaq. Bu haqda düşüncələriniz maraqlıdır…

– Sonuncu dəyişikliklər bir neçə istiqaməti əhatə etsə də, daha çox vurğulamaq istədiyim, sizin də qeyd etdiyiniz kimi, Vergi Məcəlləsinə yeni vergi nəzarəti formasının – üfüqi monitorinqin daxil edilməsidir. Zənnimcə, bu üsul gələcəkdə dövlət vergi orqanları ilə biznes subyektlərinin fərqli, daha kommunikativ əməkdaşlığı ilə nəticələnəcək. Yekunda isə həm biznes subyektlərinin vergi riskləri azalmış olacaq, həm də fiskal nəzarət daha proaktiv və şəffaf modelə keçəcək.

Vergi Məcəlləsinə yeni vergi nəzarəti formasının – üfüqi monitorinqin daxil edilməsi ilə
həm biznes subyektlərinin vergi riskləri azalmış olacaq, həm də fiskal nəzarət
daha proaktiv və şəffaf modelə keçəcək

– Vergiləndirmə, risklər, mühasibat uçotunun əhəmiyyətinə həsr olunan forumlardan geridönüşlər Sizə nə deyir? Faydalıdırmı?

– “Vergi və Mühasibatlıq Zirvəsi” dördüncü dəfə “Bahalı səhvlər” konsept mesajı ilə təşkil olundu. Şəxsi təcrübəmdən çıxış edərək bildirərdim ki, həmkarlarımızdan xeyli müsbət rəylərlə yanaşı, iradlar, tənqid və təkliflər də daxil olur. İllərini bu sektora həsr etmiş ekspertlərin tədbirə spiker kimi qatılmaları, öz təcrübələrini bölüşmələri, müasir trendi iştirakçılara çatdırmaları çox faydalıdır. Çünki təcrübə danışdıqca “bahalı səhvlər” susur, ortaya çıxmır. Tədbirlərimizi faydalı edən, iştirakçıların hər il ciddi marağına səbəb olan ən vacib nüanslardan biri isə dövlət qurumlarının, xüsusilə vergi orqanlarının səlahiyyətli şəxslərinin tədbirdə birbaşa iştirakıdır. Bu, imkan verir ki, iştirakçılar onları maraqlandıran sualları dövlət rəsmilərinə birbaşa ünvanlasınlar, müzakirələr apara bilsinlər. Tədbiri maraqlı edən digər bir məqam isə sektor nümayəndələrinin şəbəkələşməsinə, öz aralarında fikir və təcrübə mübadiləsi aparmasına şərait yaratmasıdır.

Mənbə: vergiler.az

Vergi uçotu qaydası dəyişdi: fiziki şəxslər üçün 15 gün

Vergi uçotu qaydası dəyişdi: fiziki şəxslər üçün 15 gün

posted in: Xəbər | 0

Azərbaycan Respublikasında fiziki şəxslərin vergi uçotu ilə bağlı qaydalara dəyişikliklər edilib.

Müvafiq qərar İqtisadiyyat Nazirliyinin Kollegiyası tərəfindən 18 fevral 2026-cı il tarixdə qəbul olunub.

Dəyişikliklərə əsasən, fiziki şəxslərin (fərdi sahibkar) uçota alınması, yenidən uçota alınması və uçotdan çıxarılması ilə bağlı müddəti 40 gündən 15 günə endirilib.

Qaydaya görə, Vergi Məcəlləsinin 34.3-cü maddəsinin 2-ci abzasına əsasən vergi ödəyicisi vergi orqanında uçota alınmaq üçün verilmiş ərizə formasında olan məlumatlarda hər hansı dəyişiklik baş verdikdə, dəyişiklik baş verən gündən 15 gün müddətində vergi orqanına məlumat verməlidir.

Bununla yanaşı, qaydalara yeni bənd əlavə edilib. Yeni tələblərə görə, hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs müflis elan olunduqda və ya iflas prosesi başa çatdıqda, bu barədə 15 gün müddətində vergi orqanına məlumat verməlidir.

Qeyd edək ki, bu dəyişikliklər 2025-ci ildə Vergi Məcəlləsində və hüquqi şəxslərin dövlət qeydiyyatı ilə bağlı qanunvericilikdə edilən yeniliklərin tətbiqi məqsədilə həyata keçirilib.

Mənbə: banker.az

Ezamiyyət qaydaları: işçilərin hüquq və vəzifələri kimlərə aiddir?

Ezamiyyət qaydaları: işçilərin hüquq və vəzifələri kimlərə aiddir?

posted in: Xəbər | 0

Xəbər verdiyimiz kimi, son dəyişikliklər çərçivəsində Әmək Məcəlləsinə “ezamiyyət” anlayışı əlavə edilib. Burada əsas məqsəd həm işəgötürən, həm də işçi üçün ezamiyyətlə bağlı hüquq və vəzifələrin qanunvericilik çərçivəsində müəyyənləşdirilməsidir. Bəs işçilərin ezamiyyətlə bağlı hansı hüquq və vəzifələri Әmək Məcəlləsinə aid edilib? Suala iqtisadçı ekspert Anar Bayramov aydınlıq gətirir.

Әmək Məcəlləsinin 9-cu maddəsinə əlavə edilmiş “o” bəndində işçinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq edilmiş ezamiyyə xərcləri normalarından az olmayan məbləğdə ezamiyyə xərclərini almaq hüququ təsbit edilib. Maddədə əksini tapan əsas məqamlara ayrıca diqqət yetirək.

Birinci məqam ondan ibarətdir ki, “müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq edilmiş ezamiyyə xərcləri normaları” dedikdə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 yanvar 2008-ci il tarixli 14 nömrəli Qərarı ilə təsdiq edilmiş ezamiyyə xərcləri normaları nəzərdə tutulur. Xatırladaq ki, həmin qərarla həm Azərbaycan Respublikasının ərazisində, həm də xarici ölkələrə ezamiyyət zamanı tətbiq olunan gündəlik ezamiyyə xərcləri normaları müəyyən edilib.

İkinci məqam isə ondan ibarətdir ki, işəgötürən ezamiyyətə göndərilən işçiyə Nazirlər Kabinetinin müəyyən etdiyi normalardan az olmayan məbləğdə ezamiyyə xərclərini ödəmək öhdəliyinə malikdir. Belə ki, Nazirlər Kabinetinin 14 nömrəli Qərarına əsasən, Azərbaycan Respublikasının ərazisində ezamiyyə xərclərinin 1 günlük norması Bakı şəhərində 125 manat, Naxçıvan şəhərində 100 manat, Gəncə və Sumqayıt şəhərlərində 95 manat, digər şəhərlərdə, rayon mərkəzlərində, şəhər tipli qəsəbələrdə və kəndlərdə isə 90 manat məbləğində müəyyən edilib.

Misal 1

İşəgötürənin tapşırığına əsasən, işçi 3 gün müddətinə Naxçıvan şəhərinə ezam edilib. Nazirlər Kabinetinin 14 nömrəli Qərarında qeyd edildiyi kimi, Azərbaycan Respublikasının ərazisində ezamiyyə xərclərinin müəyyən edilmiş 1 günlük normasının 70 faizi mehmanxana xərclərinə aid edilir. Naxçıvan şəhəri üzrə gündəlik ezamiyyə normasının 100 manat olduğunu nəzərə alsaq, işçinin azı 230 manat məbləğində ezamiyyə xərci almaq hüququ vardır:

100 x 2 = 200 manat;
100 x 30% x 1 = 30 manat;
200 + 30 = 230 manat.

Təcrübədə işçinin ezamiyyətə göndərilməsi ilə bağlı bəzi hallarda anlaşılmazlıqlar yaranırdı. Belə ki, işəgötürən işçini ezamiyyətə göndərmək istədikdə, işçi ezamiyyət tarixinin ona uyğun olmadığını əsas gətirərək ezamiyyətə getməkdən imtina edirdi. İmtinanın əsaslandırılması isə çox vaxt əmək müqaviləsində və ya Әmək Məcəlləsində ezamiyyətə getmə ilə bağlı konkret normanın mövcud olmaması ilə izah edilirdi.

Bu kimi anlaşılmazlıqların aradan qaldırılması məqsədilə Әmək Məcəlləsinə “ezamiyyət” anlayışı ilə yanaşı, işəgötürənin və işçinin hüquq və vəzifələrinə dair müvafiq əlavələr edilib. Belə ki, Әmək Məcəlləsinin 10-cu maddəsinin “f” bəndinə əsasən, bu Məcəllədə müəyyən edilmiş məhdudiyyətlər nəzərə alınmaqla, işəgötürənin tapşırığı ilə ezamiyyətə getmək işçinin vəzifəsi hesab edilir.
Maddənin məzmunundan göründüyü kimi, qanunvericilikdə işçilər üçün ezamiyyətə göndərilmə ilə bağlı müəyyən məhdudiyyətlər də nəzərdə tutulur.

Birinci məhdudiyyət Әmək Məcəlləsinin 254-cü maddəsində əksini tapıb. Həmin maddənin birinci hissəsinə əsasən, yaşı 18-dən az olan işçilərin ezamiyyətə göndərilməsi qadağan edilir.

Ezamiyyətə göndərilmə ilə bağlı digər məhdudiyyət Әmək Məcəlləsinin 242-ci maddəsində əksini tapıb. Həmin maddəyə əsasən, hamilə qadınların, 14 yaşınadək uşağı olan qadınların, habelə əlilliyi olan uşağı olan qadınların ezamiyyətə göndərilməsinə yalnız onların yazılı razılığı ilə yol verilir. Hamilə və 3 yaşınadək uşağı olan qadınlara münasibətdə isə əlavə olaraq onların, habelə uşağın həyat və ya sağlamlığı üçün təhlükənin olmaması barədə həkim rəyi tələb edilir.

Məhdudiyyətlərin tətbiqini daha aydın göstərmək üçün aşağıdakı misallara nəzər salaq.

Misal 2

İşəgötürənin əmrinə əsasən, 17 yaşı olan işçi Bakı şəhərindən Şəki şəhərinə ezamiyyətə göndərilib. Əmək Məcəlləsinin 254-cü maddəsinə əsasən, 18 yaşına çatmamış işçilərin ezamiyyətə göndərilməsi qadağan edildiyindən, bu halda işəgötürənin verdiyi ezamiyyət əmri qanun pozuntusu hesab olunur.

Misal 3

İşəgötürən 2 yaşlı övladı olan qadın işçini ezamiyyətə göndərmək istədikdə, həmin işçinin yazılı razılığı ilə yanaşı, həm işçi, həm də uşağın sağlamlığı üçün təhlükənin olmaması barədə həkim rəyi də təqdim edilməlidir.

Misal 4

İşəgötürən 5 yaşlı övladı olan qadın işçini ezamiyyətə göndərdikdə isə yalnız işçinin yazılı razılığının alınması kifayət edir. Çünki həkim rəyi tələbi yalnız 3 yaşınadək uşağı olan qadınlara münasibətdə tətbiq edilir.

Mənbə: vergiler.az

Debitor borcların təsiri: mənfəət artımı, yoxsa ehtiyat fondu?

Debitor borcların təsiri: mənfəət artımı, yoxsa ehtiyat fondu?

posted in: Xəbər | 0

“Debitor borcların səmərəli idarə olunması, sistemli yığımı, ödənişlərin təmin edilməsi məsələləri bir çox müəssisələrdə problemli mövzulardandır. Çıxış yolu kimi şübhəli borclar üzrə ehtiyat fondunun yaradılması önəmlidir”.

Bu fikri “Azərişıq” ASC-nin Audit komitəsinin rəhbəri Rauf Rzayev Bakıda keçirilən “Vergi və Mühasibatlıq Zirvəsi 2026” tədbirində səsləndirilib. Onun sözlərinə görə, bəzən şübhəli borclar üzrə ehtiyat fondunun yaradılmasına mənfəətin, aktivlərin süni şəkildə azaldılması kimi yanaşılır. Əslində isə ehtiyat fondu debitor borcların yığılmasını, yaş kateqoriyasını, gecikməsinə görə onların şübhəlilik səviyyəsinin müəyyən edilməsi və maliyyə vəziyyəti haqqında hesabatda debitor borcların daha ədalətli görüntüsünün əks olunmasını özündə ehtiva edir.

R.Rzayev qeyd edib ki, debitor borcların düzgün idarə edilməsi müəssisənin maliyyə sabitliyi üçün çox önəmlidir: “Mühasibat Hesabatlarının Beynəlxalq Standartlarının (MHBS) 9 saylı standartı – kredit zərərləri sistemi gələcəkdə gözlənilən riskləri öncədən müəyyən etmək və müəssisənin hər hansı likvidlik problemİ ilə üzləşməsinin qarşısını almaq üçündür. Bu cür alətlərə mühasiblər, maliyyəçilər skeptik yanaşırlar. Bu da gələcəkdə müəssisəni likvidlik problemi ilə üzləşdirə bilər. Müəssisə qısamüddətli və ya uzunmüddətli dövrdə debitor borcların ödənilməsində çətinlik yaşayır və kənar maliyyələşməyə məcbur olur. Bu isə gələcəkdə müəssisənin maliyyə xərclərinin artırılmasına səbəb olur”.

Auditor İbadət Binyətov da mövzuya münasibət bildirib. Onun fikrincə, debitor borcları balans hesabatlarında, aktivlərdə bir maddə kimi yox, eyni zamanda şirkətin əsas maliyyə göstəricisi kimi görməliyik: “Debitor borclarda yaranan problemlər əməkhaqlarının, vergilərin ödənilməsinə mənfi təsir edir. Bu da birbaşa vergi risklərinə gətirib çıxarır. Məsələn, mənfəət vergisi bəyannaməsini verdikdə iri məbləğdə vergi öhdəliyi yaranır. Ancaq debitor borclar düzgün təhlil olunmadığına, yığılmadığına görə, müəssisə problemlə üzləşir. Eyni zamanda, mənfəətin şişirdilməsi problemi ortaya çıxır. Məhz ehtiyat fondunun yaradılmaması mənfəətin şişirdilməsinə səbəb olur ki, bu da təsisçilərin və digər qərarverici şəxslərin yanlış qərar verməsinə gətirib çıxara bilər. Əsas məsələlərdən biri də “fraud”, yəni saxtakarlığa yol verməkdir. Satışın süni şəkildə şışırdilməsi və bunların balansda böyük rəqəmdə qalması maliyyə risklərinə gətirib çıxarır”.

“Paşa Malls” şirkətinin baş maliyyə meneceri Tutu Əfəndizadə isə düşünür ki, debitor borc yarandıqda dərhal müəssisədə hər hansı risk faktoru yaranmır: “Debitor borc elektron qaimə-faktura müştəriyə təqdim edildiyi tarixdən yaranır. Amma buna görə dərhal hansısa tədbir görmək, ümidsiz borc kimi qeyd etməyə ehtiyac yoxdur. Elektron qaimə-faktura təqdim edildikdən sonra hər bir müştəriyə ödəniş üçün müddət verilir. Şirkətlərin daxili siyasətinə uyğun olaraq, bu müddət 7 gün də ola bilər. Ancaq təcrübədə daha çox yayılmış müddət 30 gündür. Elektron qaimə-faktura təqdim edildiyi tarixdən 30 gün ərzində onun ödənilməsi heç bir risk yaratmır. Daha sonra artıq risklər bölünür – az, orta və yuxarı risk kateqoriyaları. 30 günü keçən bir ödəniş görürüksə, bu, bizim üçün bir risk faktorudur. 60-90 gün orta risk faktoru, 90 gündən yuxarı müddət isə ciddi yuxarı riks faktorudur ki, bu da ehtiyat fondunun yaradılmasını tələb edir”.

Ehtiyatların yaradılmasının, ilk növbədə, debitor borcların hansı fəaliyyətlə məşğul olan müəssisəyə aid olmasından asılı olaraq dəyişdiyini deyən T.Əfəndizadə bəzi müəssisələr üçün debitor borca 60 günə qədər də icazə verildiyini və müqavilə ilə rəsmiləşdirildiyini vurğulayıb. Bu səbəbdən də hər bir şirkətin, sahibkarın ümidsiz borclarla bağlı MHBS-nin 9 saylı standartına uyğun qaydada daxili siyasətlərinin olması vacibdir.

Ehtiyat fondlarının yaradılmasının vergi uçotu ilə əlaqələndirilməsinə gəlincə, T.Əfəndizadə vurğulayıb ki, Vergi Məcəlləsi sahibkarların ehtiyat fondlarının yaradılması hüququnu məhdudlaşdırmır. Sadəcə, bu yanaşma MHBS-nin yanaşmasında bir qədər fərqlidir. Vergi qanunvericiliyi debitor borclarla bağlı hər hansı təsdiqedici sənəd istəyir. Məsələn, müflis elan edilmə ilə bağlı məhkəmə qərarı və s. sənədlər tələb olunur.

Mənbə: vergiler.az

Düz xətt metodunda amortizasiya xərcləri necə hesablanacaq?

1 10 11 12 13 14 15 16 2. 381
error: Content is protected !!