Daşınmaz əmlakını sığorta etdirməyən fiziki şəxslər cərimələnəcəklər

posted in: Xəbər | 0

Daşınmaz əmlakın icbari sığortasının ödənişləri barədə məlumat verən sığorta məsələləri üzrə ekspert İlkin İbrahimov bildirib ki, 25 min manatlıq təzminat üçün təyin olunan illik ödəniş hamı üçün əlçatandır: “Daşınmaz əmlakın icbari sığortası 2011-ci ildə qəbul edilib. Regionlara görə sığorta haqqı müxtəlifdir. Sosial dövlət prizması ilə əlaqədar sığortanın bu növü də icbariləşdirilib. Yanğın və digər təbii fəlakətlər zamanı dövlət büdcəsinin üzərinə qəfil böyük risklər düşür. Əhaliyə dəyən ziyanı qismən də olsa qarşılamaq üçün dövlət büdcəsindən külli miqdarda vəsait ayrılır. daşınmaz əmlak sığorta

Dövlət də həm yeni iş yerləri yaradılması baxımdan, həm də dünya təcrübəsində sığortanın icbariliyi prinsipini daşınmaz əmlaka tətbiq etdi. Vətəndaşların hər biri sığortalanacaq. Sığorta haqları da böyük məbləğ deyil. Bakıda aylıq 4 manatdan bir qədər çox, bölgələrdə isə 2 manatdan bir qədər çox olan simvolik məbləğlər təşkil edir. Bu məbləğlər 15 min manatdan, 25 min manata qədər sığorta kompensasiyasının qarşılığında alınır. Ona görə də hesab edirəm ki, bu məsələ çox normal qəbul olunmalıdır və dövlət üzərinə götürdüyü öhdəlikləri də yerinə yetirir”.

İcbari sığortalar haqqında qanundan söz açan İlkin İbrahimov, aztəminatlı ailələrin daşınmaz əmlak üzrə sığorta haqlarının dövlət tərəfindən ödəniləcəyini qeyd edib: “Eyni zamanda aztəminatlı ailələr, dövlət büdcəsindən maliyyələşən idarə və təşkilatlarla bağlı qanunda açıq-aydın nüanslar var. Məsələn, dövlət ünvanlı sosial yardım alan aztəminatlı ailələrin sığorta haqqını öz üzərinə götürüb. Bununla bağlı İcbari sığortalar haqqında qanunun 40.3-cü maddəsində qeyd olunur ki, ünvanlı dövlət sosial yardımı almaq hüququna malik olan aztəminatlı ailələrə məxsus yaşayış evlərinin və mənzillərin icbari sığortası üzrə sığorta haqları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən qaydada dövlət büdcəsinin vəsaitləri hesabına ödənilir. Burada icra hakimiyyəti orqanları dedikdə Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin filial və ya şöbələri nəzərdə tutulur. Həmin vətəndaşlar ƏƏSMN-nin yerlərdəki filial və ya şöbələrinə müraciət edib qeydiyyata düşməlidirlər. Həmçinin dövlət büdcəsindən maliyyələşən idarə və təşkilatların da inzibati binalarının daşınmaz əmlak üzrə sığorta haqları dövlət büdcəsi hesabına ödənilir. Bununla bağlı isə ilin əvvəlindən aidiyyatı orqanlara məlumat verilir”.

Qeyd edək ki, yanvardan etibarən daşınmaz əmlakını sığorta etdirməyən fiziki şəxslərin də cərimələnəcəyi gözlənilir. Cərimənin miqdarı isə 30 manat təşkil edəcək.

Mənbə: vergiler.az



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun
daşınmaz əmlak sığorta

Vergi ödəyicilərinin uçotu

posted in: Vergi, Xəbər | 0

Vergi ödəyicilərinin uçotuUçot, digər vergi nəzarəti tədbirlərinin məntiqi başlanğıcı olmaqla onların daha səmərəli təşkil edilməsinin əsas şərtidir. Bu baxımdan, uçot prosesləri mükəmməl qurulduqda vergi riskinin olması ehtimalı da aşağı düşür. Mövzunu Vergilər Nazirliyinin Tədris Mərkəzinin baş müəllimi Fariz Yadigarov şərh edir. Vergi ödəyicilərinin uçotu

Vergi ödəyicilərinin uçotu ilə bağlı normalar Vergi Məcəlləsinin 33 və 34-cü maddələrində əks olunmuşdur. Bu maddələrdə hüquqi statusundan, mükəlləfiyyətindən və digər meyarlardan asılı olaraq vergi ödəyicilərinin, onların təsərrüfat obyektləri və subyektlərinin uçota alınması, yenidən uçota alınması və uçotdan çıxarılması qaydaları təsbit edilmişdir.
Vergi orqanlarında aşağıdakı subyektlərin vergi uçotuna alınması həyata keçirilir:

  • hüququ şəxslər və onların təsərrüfat subyektləri (burada kommersiya, qeyri-kommersiya və publik hüquqi şəxsləri fərqləndirmək lazımdı)r;
  • fiziki şəxslər (burada sahibkarlıq fəaliyyətini hüquqi şəxs yaratmadan həyata keçirən fiziki şəxslər və qeyri-sahibkarlıq gəliri əldə edən fiziki şəxsləri – məsələn, xüsusi notariuslar, vəkillər və s. fərqləndirmək lazımdır);
  • Qeyri-rezidentin daimi nümayəndəliyi;
  • Vergi Məcəlləsinin 33.8-ci maddəsində göstərilən subyektlər (buraya xarici dövlətin rezidentinin Azərbaycan Respublikasında fəaliyyət göstərən və daimi nümayəndəlik yaratmayan bölmələri və Vergi Məcəlləsinə müvafiq olaraq idarəetmə yerinə görə rezident sayılan hüquqi şəxslər aiddir).

Vergi ödəyicisi olan hüquqi şəxslər olduqları yer, vergiyə cəlb olunan gəliri Azərbaycan mənbəyindən olan və bu gəlirdən ödəmə yerində vergi tutulmayan qeyri-rezidentlər Azərbaycan mənbəyindən gəlirin alındığı yer üzrə, fərdi sahibkarlar və bu Məcəllənin müddəalarına uyğun olaraq bəyannamə verməli olan rezident fiziki şəxslər yaşadıqları yer, xüsusi notariuslar isə fəaliyyət göstərdiyi yer üzrə vergi orqanlarında uçota alınırlar.

Vergi ödəyicilərinin vergi orqanlarında uçotu onların təqdim etdikləri və ya təqdim etməli olduqları ərizə əsasında həyata keçirilir.

Ərizə kommersiya və publik hüquqi şəxslərinin dövlət qeydiyyatına alındığı zaman, qeyri-kommersiya hüquqi şəxsin dövlət qeydiyyatına alındığı gündən 30 gün müddətində, Azərbaycan Respublikasında filial və nümayəndəlik vasitəsi ilə sahibkarlıq fəaliyyəti həyata keçirildikdə isə filialın və ya nümayəndəliyin yaradılmasından sonra 30 gün müddətində verilməlidir. Hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən fiziki şəxs ərizəni, sahibkarlıq fəaliyyətinə başladığı günədək, qeyri-sahibkarlıq gəliri əldə edən – ödəmə mənbəyində vergiyə cəlb olunması nəzərdə tutulmayan (tutulması mümkün olmayan) gəlirləri olan fiziki şəxslər, yaxud Azərbaycan Respublikasının hüdudlarından kənarda gəlir əldə edən rezident fiziki şəxslər ərizəni gəlir əldə etmək hüququ yarandığı gündən gec olmayaraq vergi orqanına verməlidirlər.

Qeyri-rezidentlərin Azərbaycan Respublikasında daimi nümayəndəlik yaratmayan bölmələri Azərbaycan Respublikasında fəaliyyətə başladıqdan 30 gün müddətində, idarəetmə yerinə görə rezident sayılan xarici hüquqi şəxslər isə müəyyən edilmiş meyarlara əsasən idarəetmə yerinə görə rezident sayıldıqları vaxtdan 30 gün müddətində olduqları yer üzrə vergi orqanına ərizə təqdim etməlidirlər.

Ərizə təqdim edilərkən əlavə edilməli olan sənədlərin nomenklaturu Azərbaycan Respublikasının Vergi Məcəlləsi və “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Qanun ilə müəyyən edilir.

Vergi orqanı vergi ödəyicisinin uçota alınmasını vergi uçotuna alınması haqqında ərizə və qanunvericiliklə müəyyən edilmiş digər sənədlər daxil olduğu gündən sonrakı 1 gün müddətində həyata keçirir və həmin müddətdə də vergi ödəyicisinə müvafiq şəhadətnaməni elektron formada göndərir. Fiziki şəxslərin elektron formatda vergi uçotuna alınması isə dərhal həyata keçirilir və müvafiq şəhadətnamə onlar üçün ayrıca yaradılmış elektron ünvana real vaxt rejimində göndərilir. Şəhadətnamənin kağız formada da verilməsi ərizədə qeyd olunduğu halda müvafiq şəhadətnamə kağız daşıyıcıda da verilir.

Uçot məlumatları əsasında vergi ödəyicilərinin vahid dövlət reyestri aparılır və bu zaman vergi ödəyicilərinin uçota alınma ilə bağlı vergi orqanına təqdim etdikləri ərizədəki məlumatlardan istifadə olunur. Vahid dövlət reyestri kağız və (və ya) elektron formasında aparılır.

Vergi Məcəlləsi ilə başqa hallar nəzərdə tutulmamışdırsa, vergi ödəyicisi haqqında məlumatlar onun uçota alınması anından vergi sirrini təşkil edir. Uçota alınmış hər bir vergi ödəyicisinə Azərbaycan Respublikasının bütün ərazisində vahid olan vergi ödəyicisinin eyniləşdirmə nömrəsi verilir. Vergi ödəyiciləri mühasibat, statistika hesabatlarında, bəyannamələrdə və ümumiyyətlə təsərrüfat əməliyyatlarının rəsmiləşdirilməsi ilə bağlı bütün sənədlərində VÖEN-i mütləq göstərməlidirlər.

VÖEN 10 rəqəmdən ibarət olmaqla ilk 2 rəqəmi vergi ödəyicisinin uçota alındığı inzibati ərazi vahidinin kodu, növbəti 6 rəqəm həmin inzibati ərazi vahidi üzrə uçota alınmış ödəyicilərin sayı, 9-cu rəqəm proqram təminatı tərəfindən avtomatik olaraq xüsusi alqoritm vasitəsilə müəyyən edilir və nəhayət sonuncu 10-cu rəqəm ödəyicinin hüquqi və ya fiziki şəxs olduğunu müəyyən edir.

Vergi ödəyicisinin filialı, nümayəndəliyi və ya digər təsərrüfat subyekti və (və ya) obyekti olduqda, vergi ödəyicisi həm özünün olduğu yer üzrə, həm də filialının, nümayəndəliyinin və ya digər təsərrüfat subyektinin və (və ya) obyektinin olduğu ünvan üzrə vergi uçotuna alınır. Vergi ödəyicisinin onun filialının, nümayəndəliyinin və ya digər təsərrüfat subyektinin və (və ya) obyektinin olduğu yer üzrə uçota alınması barədə vergi ödəyicisinə müvafiq arayış verilir.

Sahibkarlıq fəaliyyətini həyata keçirən hüquqi şəxslərin ayrıca hesablaşma hesabına və müstəqil balansa malik olan filialları, struktur bölmələri və ya digər ayrıca bölmələri, habelə qeyri-rezidentin Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq olaraq yaradılmış filialları və daimi nümayəndəlikləri ayrıca uçota alınır və onlara VÖEN verilir.
Vergi ödəyicilərinin uçot məlumatlarında dəyişikliklər onların müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş forma üzrə təqdim etdikləri ərizə əsasında aparılır. Vergi ödəyicisi vergi orqanında uçota alınmaq üçün verdiyi ərizə formasında olan məlumatlarda hər hansı dəyişiklik baş verdikdə, dəyişiklik baş verən gündən 40 gün müddətində vergi orqanına məlumat verməlidir.

Vergi nəzarəti tədbiri zamanı vergi ödəyicisinin uçot məlumatlarından fərqli məlumatlar əldə olunarsa, bu barədə vergi ödəyicisinə bildiriş göndərilir. Bildiriş göndərildikdən 5 iş günü müddətində vergi ödəyicisi dəyişikliklərə dair ərizə təqdim etməzsə, uçot məlumatlarında dəyişikliklər vergi orqanı tərəfindən aparılır və bu barədə 3 iş günü gün müddətində vergi ödəyicisinə məlumat verilir.

Vergi ödəyicisinin yenidən uçota alınması dedikdə onun uçotda olduğu vergi orqanının əhatə etdiyi ərazidən başqa vergi orqanının əhatə etdiyi əraziyə yerdəyişməsi ilə əlaqədar olaraq əvvəlki vergi orqanından uçotdan çıxarılması və yeni vergi orqanında uçota alınması başa düşülür. Vergi ödəyicisinin olduğu yer və ya yaşadığı yer dəyişdikdə, vergi orqanına bu cür dəyişiklik baş verdiyi gündən 40 gün müddətində ərizə verməlidir. Vergi ödəyicisinin vergi uçotunda olduğu vergi orqanına olduğu yer və ya yaşadığı yer dəyişdiyi barədə ərizə ilə müraciət etdiyi gündən sonra 15 gün müddətində həmin vergi orqanı vergi ödəyicisinin yenidən uçota alınmasını həyata keçirməlidir.

Qeyri-kommersiya qurumunun və ya fiziki şəxsin ünvanının onun uçotda olduğu ərazi vergi orqanının xidmət göstərdiyi ərazi hüdudlarından kənara dəyişməsi halları istisna olmaqla, məlumat dəyişikliyi ilə əlaqədar qəbul edilmiş ərizələr vergi orqanına daxil olduqdan sonra 2 iş günü müddətində, kommersiya və publik hüquqi şəxslər üzrə isə 5 iş günü müddətində icra edilir.

Hüquqi şəxsin ləğvi və ya yenidən təşkil edilməsi, hüquqi şəxs tərəfindən öz filialının və ya nümayəndəliyinin ləğv edilməsi, nümayəndəlik vasitəsi ilə fəaliyyətinin ləğvi, fərdi sahibkarın fəaliyyətinin ləğvi hallarında uçotdan çıxarılma vergi ödəyicisinin müraciətinə əsasən həyata keçirilir.

Kommersiya hüquqi şəxslərinin vergi uçotundan çıxarılması onların dövlət qeydiyyatının ləğvi ilə paralel prosesdir ki, bu da aşağıdakı hallarda baş verə bilər:
-iştirakçılarının və hüquqi şəxsin nizamnamə ilə vəkil edilmiş orqanının qərarı ilə könüllü qaydada;

  • məhkəmənin qərarı ilə;
  • müflis olma nəticəsində.

Kommersiyya qurumlarının ləğvi qaydası ilə bağlı normalar Mülki Məcəllədə təsbit edilmişdir.

Qeyri-kommersiya hüquqi şəxsin, xarici qeyri-kommersiya hüquqi şəxsin Azərbaycan Respublikasının ərazisindəki filial və ya nümayəndəliyinin vergi uçotundan çıxarılması üçün vergi orqanına müraciət hüquqi şəxsin vergi uçotundan çıxarılması haqqında müvafiq Ərizə forması ilə edilir. Bu zaman təqdim edilən ərizəyə qurumun ləğvetmə mərhələsində olduğunu təsdiq edən müvafiq qeydiyyat orqanının verdiyi rəsmi məlumat (reyestrdən çıxarış), qurumun ləğvi edilməsi barədə təsisçilərin qərarı və vergi ödəyicisinin uçota alınması barədə şəhadətnaməsinin əsli əlavə edilir.

Rezident hüquqi şəxsin filialının, nümayəndəliyinin və ya digər bölməsinin vergi uçotundan çıxarılması aşağıdakı hallarda həyata keçirilir:

  • rezident hüquqi şəxsin filialının, nümayəndəliyin və digər bölməsinin fəaliyyətinə xitam verilməsi barədə rezident hüquqi şəxsin qanunvericiliyə uyğun olaraq qəbul edilmiş qərarı olduqda;
  • rezident hüquqi şəxs ləğv olunduqda;
  • qanunvericilikdə nəzərdə tutulmuş digər hallarda.

Rezident hüquqi şəxslərin filialının, nümayəndəliyinin və ya digər bölməsinin vergi uçotundan çıxarılması üçün vergi orqanına müraciət “Hüquqi şəxsin dövlət reyestrindən (vergi uçotundan) çıxarılması haqqında” Ərizə forması ilə edilir. Bu zaman təqdim edilən ərizəyə filialın, nümayəndəliyin və ya digər bölmənin ləğv edilməsi barədə rezident hüquqi şəxsin qərarı və vergi ödəyicisinin uçota alınması barədə şəhadətnaməsinin əsli əlavə edilir.

Vergi ödəyicisi olan fiziki şəxsin uçotdan çıxarılması aşağıdakı hallarda mümkündür:

  • həmin fiziki şəxsin fəaliyyətinə xitam verildikdə;
  • məhkəmə tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada fiziki şəxs ölmüş, itkin düşmüş və ya fəaliyyət qabiliyyətini itirmiş sayıldıqda;
  • fiziki şəxs vəfat etdikdə.

Fiziki şəxsin uçotunun ləğvi ilə bağlı proseslərə vergi orqanına daxil olmuş aşağıdakı məlumatlar əsasında başlanılır:

  • fiziki şəxsin fəaliyyətinə xitam verildikdə;
  • onun “Fiziki şəxsin vergi uçotundan çıxarılması haqqında ərizə” formasında (ərizəyə vergi ödəyicisinin uçota alınması barədə şəhadətnaməsinin əsli əlavə edilir) müraciəti əsasında;
  • fiziki şəxs ölmüş, itkin düşmüş və ya fəaliyyət qabiliyyətini itirmiş sayıldıqda ;
  • məhkəmənin müvafiq qərarı əsasında;
  • fiziki şəxs vəfat etdikdə;
  • ölüm haqqında şəhadətnamə əsasında.

Vergi ödəyicisi uçotdan çıxarıldıqda onun uçota alınmasını təsdiq edən şəhadətnamə vergi orqanına təhvil verilir. Vergi orqanı şəhadətnamə-dublikatın etibarsız hesab olunması barədə bank idarələrinə məlumat verməlidir.

Mənbə: vergiler.az



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun
Vergi ödəyicilərinin uçotu Vergi ödəyicilərinin uçotu Vergi ödəyicilərinin uçotu

Yerli MMC-lərin e-qeydiyyatının xüsusi çəkisi 91,5 faizə çatıb

posted in: Xəbər | 0

                           Yerli MMC-lərin e-qeydiyyatının xüsusi çəkisi 91,5 faizə çatıb e-qeydiyyat MMC

MMC e-qeydiyyat

Hüquqi şəxslərin dövlət qeydiyyatının mütərəqqi üsullarla aparılması məqsədilə son illər ərzində həyata keçirilən islahatlar nəticəsində bu gün ölkədə yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyətlərin qeydiyyatının böyük əksəriyyəti elektron qaydada aparılır. 2018-ci ilin sonlarında “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Qanunda edilmiş dəyişikliklər də ölkəmizdə sahibkarlıq subyektlərinin qeydiyyatı sahəsində yeni əlverişli mühitin formalaşmasına müsbət təsir göstərib.

Vergilər Nazirliyinin məlumatına görə, 2019-cu ilin 11 ayı ərzində hüquqi şəxslərin dövlət qeydiyyatının yüksək sürətlə artım dinamikasına nail olunub. Həmin dövrdə qeydiyyata alınan hüquqi şəxslərin sayı 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə 33,2 faiz artıb. Yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyətlərin e-qeydiyyatının xüsusi çəkisi isə 81,7 faizdən 89,2 faizədək yüksəlib. Bu ilin son altı ayında isə e-qeydiyyatın xüsusi çəkisi 90 faizdən çox olub, noyabr ayında isə 91,5 faiz təşkil edib.

Bu ilin əvvəlindən ən yeni qeydiyyat üsulu – fin kod+mobil nömrə ilə 868 hüquqi şəxs dövlət qeydiyyatına alınıb. Biznes mühitinin əlverişliliyinin artırılması və beynəlxalq reytinqlərdə ölkəmizin mövqeyinin daha da yaxşılaşdırılması sahəsində biznesə başlama üzrə aparılmış islahatlarla bağlı Biznes Mühiti və Beynəlxalq Reytinqlər üzrə Komissiyanın təsdiq etdiyi İcra və Kommunikasiya planlarında nəzərdə tutulan tədbirlərin icrası məqsədilə Vergilər Nazirliyində müvafiq koordinasiya işləri yerinə yetirilib.

2019-cu il noyabrın 1-dək 13 min 536 xarici investisiyalı kommersiya qurumu qeydiyyata alınıb. Onlardan 5,7 faizi ləğv edilib. Hazırda qeydiyyatda olan 12 min 762 xarici investisiyalı kommersiya qurumundan 2.708-i müştərək (Azərbaycan Respublikasının fiziki və hüquqi şəxsləri ilə birlikdə təsis edilmiş) hüquqi şəxslər, 2.686-sı xarici şirkətlərin Azərbaycan Respublikasında yaradılmış filial və ya nümayəndəliyidir.

Bu ilin 10 ayındə 2.349 xarici investisiyalı kommersiya qurumu dövlət qeydiyyatına alınıb. Bu, 2018-ci ildə dövlət qeydiyyatına alınan kommersiya qurumlarının sayından 69,1 faiz çoxdur. Onların 40,8 faizi xidmət, 24,5 faizi ticarət, 11,2 faizi isə tikinti sektorunda fəaliyyət göstərir.



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun
e-qeydiyyat MMC

ƏDV ödəyicilərinin sayı artıb

posted in: Uncategorized, Vergi, Xəbər | 0

ƏDV ödəyicilərinin sayı 22,5 faiz artıb

2019-cu il 1 dekabr tarixinə respublika üzrə uçotda olan vergi ödəyicilərinin ümumi sayı 1 milyon 55 min 463 olub. Onların 139 min 666-sı və ya 13,2 faizi hüquqi şəxs və digər qurumlardır. Vergilər Nazirliyinin məlumatına görə, hüquqi şəxs kimi uçotda olan vergi ödəyicilərinin sayı 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə 12,4 faiz artıb. Artımın 98,6 faizi kommersiya qurumlarının sayının artması hesabına baş verib.

Hesabat dövründə kommersiya qurumlarının sayı 124 min 260 vahid təşkil edib. Ötən ilin eyni dövrü ilə müqayisədə bu say 15 min 236 vahid və ya 14 faiz artıb. Qeyri-kommersiya qurumlarının sayı isə 15 min 406 vahid olub. Onların sayında isə ötən illə müqayisədə 212 vahid və ya 1,4 faiz artım müşahidə edilib.

2019-cu ilin noyabr ayında 1.312 kommersiya qurumu qeydiyyata alınıb. Bu da ötən ilin noyabrında qeydiyyata alınan kommersiya qurumlarının sayından 24,6 faiz çoxdur. Qeyd edək ki, həmin vaxt 1.053 kommersiya qurumu qeydə alınıb.

İlin əvvəlindən kommersiya qurumlarının 71,4 faizi (10.474) elektron qaydada qeydiyyata alınıb.

Qeydiyyatda olan kommersiya qurumlarının 39 min 917-si xidmət, 34 min 243-ü ticarət, 13 min 437 tikinti, 9 min 57-si sənaye, 8 min 78-i kənd təsərrüfatı, 3 min 871-i rabitə, 2 min 667-si nəqliyyat, 1.149-u isə maliyyə sektorunda fəaliyyət göstərirlər.

2019-cu ilin noyabr ayında qeydiyyata alınan kommersiya qurumlarının 41,4 faizi xidmət, 32,8 faizi ticarət, 4,4 faizi tikinti, 3,8 faizi sənaye, 3,8 faizi rabitə və 3,8 faizi kənd təsərrüfatı, 2 faizi nəqliyyat, 1,1 faizi maliyyə, 6,8 faizi isə digər sektorlarda fəaliyyət göstərəcəklər.

2019-cu ilin 11 ayı ərzində respublika üzrə kommersiya hüquqi şəxslərin sayının artması, əsasən məhdud məsuliyyətli cəmiyyətlərin hesabına mümkün olub. İlin əvvəlindən onların sayı 11 min 871-ə çatıb. Hazırda qeydiyyatda olan kommersiya hüquqi şəxslərin 86,9 faizi məhdud məsuliyyətli cəmiyyət formasında təşkil olunub. Səhmdar cəmiyyətlərin xüsusi çəkisi isə 1,6 faizdir.

Ötən ilin eyni dövrü ilə müqayisədə bu il dekabrın 1-dək kommersiya qurumlarının tərkibində ƏDV ödəyicilərinin sayı 22,5 faiz artaraq 33 min 280-ə çatıb.

Mənbə: vergiler.az



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun
ƏDV ödəyiciləri EDV