Dünyanın ən böyük avtomobil icarə şirkəti koronavirus səbəbiylə iflas etdi
Dünyanın ən böyük avtomobil icarə şirkəti koronavirus səbəbiylə iflas etdi
Avtomobil icarəsi ilə məşğul olan dünyanın ən böyük şirkətlərindən biri olan ABŞ-ın Hertz şirkəti, koronavirus pandemiyası ilə əlaqəli böhran səbəbi ilə iflas olduğunu bəyan edib. Bu haqda Reuters agentiyinə istinadən RİA Novosti agentliyi məlumat verib.
“Hertz Global Holdings və onun ABŞ və Kanadadakı törəmə şirkətləri İflas Məcəlləsinin 11-ci fəslinə uyğun olaraq yenidən təşkili üçün iflas məhkəməsinə könüllü olaraq ərizə ilə müraciət etmişlər”, – sözügedən agentlik şirkətin bəyanatından sitat gətirib.
Bəyanatda pandemiyanın gəlirlərin kəskin azalmasına və sifarişlərin azalmasına səbəb olduğu izah edilir. Eyni zamanda, şirkət yenidən təşkil olunmasına baxmayaraq, bütün ofis və meydançaların müştərilərə xidmət göstərməkdə davam etdirdiyini bildirib.
Mayın 20-də isə xəbər verilmişdi ki, Almaniya iqtisadiyyatını 2020-ci ildə rekord eniş gözləyir. Almaniyanın əksər şirkətləri artıq müflisləşmə astanasındadırlar. Almaniya ticarət-sənaye palatalarının Federal birliyinin məlumatında artıq bunu təsdiq edirlər. Proqnoza görə itkilərin faizi ÜDM-də ikirəqəmli say ilə ifadə olunacaq.
İsveç də İkinci dünya müharibəsindən bəri rekod iqtisadi böhrana hazırlaşır. Ölkənin maliyyə naziri Maqdelena Anderson bəyan edib ki, Skandinaviyanın ən nəhəng iqtisadiyyatı bu il ərzində yeddi faiz azalacaq. Onun bu bəyanatından qısa müddət sonra İsveçdə artan işsizlik fonunda kreditləşmədə 30 dəfə rekord bir artım yaşanıb. Sorğuların nəticələrinə görə, xidmət sahəsindəki müəssisələrin 40 faizi müflisləşmədən ehtiyatlanır.

Koronovirus pademiyası dövründə rusiyalıların demək olar ki, yarısının (40%) maaşları azalıb. “İzvestiya” qəzetinin verdiyi məlumata görə, bu, Ali iqtisadiyyat məktəbinin apardığı sorğunun nəticəsidir. Ən çox əmək haqqı inşaat, ticarət və xidmət sahələrində azalıb ki, burada 65-75 faiz hallarında mənfi dinamika müşahidə olunub. Özünəməşğulluq sahəsində çalışanların 75 faizi, orta və iri müəssisələrdə işləyənlərin isə 48 faizi maaşlarının azalmasından şikayətləniblər.
Bill Qeyts kimi dünya məşhurları hesab edirlər ki, biz bu böhranın yalnız üçdə birini dəf etmişik, növbəti 6-12 ay ərzində vəziyyət qeyri-müəyyən olaraq qalacaq. Maliyyə direktorları, maliyyə nəzarətçiləri və mühasibləri tez bir zamanda biznesin qəlbində rəqəmsallaşdırmanı həyata keçirməlidirlər ki, bu da ayaqda qalma və rifah strategiyasının əsasını yaratmaq üçün əsas olacaqdır.