Bu günə qədər 200 min manatdan artıq ƏDV geri qaytarılıb

posted in: Vergi, Xəbər | 0

ƏDV-dən azadPərakəndə ticarət və ya iaşə obyektlərindən alınmış mallara görə ödənilən ƏDV-nin bir hissəsinin geri qaytarılması mexanizmi uğurla tətbiq edilir. Prosesin başlandığı may ayı ərzində alınmış mallara görə ödənilmiş ƏDV-nin qaytarılması üçün istehlakçıların müraciətlərinin qeydiyyata alındığı informasiya sistemi olan xüsusi portalda (www.edvgerial.az) 264 min nəfər qeydiyyatdan keçib. Qeydiyyata alınmış istifadəçilərdən 194 711-i və ya 74%-i əldə etdiyi kassa çekləri barədə məlumatları portaldakı elektron kabinet vasitəsilə sistemə daxil ediblər.

Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən məlumat verilib.

Bildirilir ki, may ayı ərzində vətəndaşlar tərəfindən 2,9 milyondan çox kassa çeki barədə məlumat www.edvgerial.az portalında qeydə alınıb. Həmin çeklər üzrə geri ödənilməsi tələb olunan ƏDV-nin məbləği 1,7 milyon manat təşkil edir. Artıq təsdiq olunmuş çeklər üzrə 207,8 min manat ƏDV məbləği geri ödənilib və istehlakçıların elektron kabinetindəki virtual “pul qabı”na yerləşdirilib, qalan ƏDV məbləği isə geri ödənilmə müddəti üzrə gözləmədədir.

Xatırladaq ki, qaydalara əsasən, əlavə dəyər vergisinin müəyyən hissəsinin qaytarılması zamanı bir neçə məqama diqqət yetirilməlidir. İlk növbədə, istehlakçı, yəni alış-veriş edən və ya xidmətdən yararlanan tərəf fiziki şəxs olmalıdır. İkincisi, satıcı və ya xidmət göstərən tərəf mütləq əlavə dəyər vergisi ödəyicisi olmalıdır. Eyni zamanda alınan mal və ya xidmətlər də ƏDV-yə cəlb edilməlidir. Digər məqam isə satıcının yeni nəsil kassa aparatlarından istifadə etməsidir. ƏDV-nin bir hissəsinin qaytarılması yalnız yeni nəsil kassa aparatlarının tətbiq olunduğu obyektlərdə mümkündür. Bu günə ölkə üzrə 6 102 vergi ödəyicisində 15 379 yeni nəsil kassa aparatı mövcuddur. Hazırda bu cür aparatların mərhələli tətbiqi prosesi davam edir.

İstehlakçı alınmış malların dəyərini nağd və ya nağdsız qaydada ödəyə bilər. Nağd ödəmələr zamanı satıcı istehlakçıya onlayn nəzarət-kassa aparatının çekini təqdim edir. Malların dəyəri nağdsız qaydada ödənildikdə və POS-terminal nəzarət-kassa aparatı ilə inteqrasiya olunmadıqda, istehlakçıya əlavə olaraq POS-terminaldan çıxarış da verilməlidir.

İstehlakçı nəzarət-kassa aparatının çekini aldığı tarixdən 90 gün ərzində www.edvgerial.az portalına müraciət etməli və çek barədə məlumatları, yəni NKA çekinin 12 simvollu fiskal İD-sini elektron kabineti vasitəsilə sistemə daxil etməlidir. Həmçinin BirBank tətbiqinə malik olan və onu müvafiq qaydada yükləyən bütün istifadəçilər bu tətbiq vasitəsilə də çekin üzərində olan QR kodu (çekin sonunda yerləşdirilmiş sürətli məlumat kodu) oxudaraq ƏDV-ni daha rahatlıqla geri qaytara bilərlər.

İstehlakçının sistemə daxil etdiyi nəzarət-kassa aparatı çeki barədə məlumatların Dövlət Vergi Xidmətinin məlumat bazasındakı məlumatlarla uyğunluğu yoxlanılır. Nəzarət-kassa aparatı çekinin təsdiqlənməsi istehlakçının elektron kabinetində dərhal əks olunur. Çekin çap edildiyi tarixdən 30 gün sonra ƏDV məbləğinin nağdsız ödənişlər üzrə 15 faizi, nağd ödənişlər üzrə 10 faizi müvəkkil bank tərəfindən alıcının elektron kabineti açılarkən yaradılmış virtual “pul qabı”na yerləşdirilir. İstifadəçilər toplanmış vəsait ilə kommunal, mobil, internet, TV, cərimə və sığorta ödənişlərini həyata keçirə, həmçinin ölkədaxili bank kartlarına köçürmələr edə bilərlər. Layihənin maliyyə partnyoru “Kapital Bank”dır.

Qeyd edək ki, bu qaydalar supermarket və digər pərakəndə ticarət obyektləri, restoran və kafelərdən alınmış mallara, göstərilmiş xidmətlərə görə ödənilən ƏDV-nin bir hissəsinin qaytarılması üçün tətbiq edilir. Yanacaqdoldurma məntəqələrindən neft və qaz məhsullarının alışı zamanı ödənilən ƏDV geri qaytarılmır.

Mənbə: report.az


Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Azərbaycanda xüsusi karantin rejimi uzadıldı

posted in: Xəbər | 0

Azərbaycanda xüsusi karantin rejimi uzadıldı

karantin məhdudiyyətAzərbaycan Respublikası ərazisində yeni nov koronavirus (COVID-19) xəstəliyi ilə bağlı mövcud sanitar-epidemioloji vəziyyət təhlil edilmiş və son günlərdə virusa yoluxma sayı, xəstəliyin yayılma dinamikası nəzərə alınaraq, ölkə üzrə xüsusi karantin rejiminin 1 iyul 2020-ci il saat 00:00-dək uzadılmasına qərar verilib.

Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan bildirilib.

Qeyd edilib ki, Azərbaycanda virusa ilk yoluxma faktının qeydə alındığı tarixdən bu günədək COVID-19 testi musbət çıxmış 8 191 nəfər aşkarlanıb, hazırda isə 3 487 aktiv xəstə müalicəsini xüsusi karantin rejimli xəstəxanalarda davam etdirir.

Ölkə üzrə sanitar-epidemioloji vəziyyətin təhlilinə əsasən, son günlər Yevlax, İsmayıllı, Kürdəmir və Salyan rayonlarında yüksək yoluxma faktları aşkar edilmişdir. Bu baxımdan COVID-19 virusunun yayılma sürətinin azaldılması, eləcə də onun törədə biləcəyi fəsadların minimuma endirilməsi məqsədilə 2020-ci il 14 iyun saat 00:00-dan 16 iyun saat 06:00-dək Bakı, Gəncə, Lənkəran və Sumqayıt şəhərlərinin, Abşeron, Yevlax, İsmayıllı, Kürdəmir və Salyan rayonlarının ərazisində sərtləşdirilmiş karantin rejimi tətbiq ediləcəkdir.

Bununla əlaqədar olaraq, Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargah aşağıdakıları qərara alır:

2020-ci il 14 iyun saat 00:00-dan 16 iyun saat 06:00-dək Bakı, Gəncə, Lənkəran və Sumqayıt şəhərlərinin, Abşeron, Yevlax, İsmayıllı, Kürdəmir və Salyan rayonlarının ərazisində bütün iş, xidmət və ticarət sahələri üzrə fəaliyyət, eyni zamanda ictimai nəqliyyatın və avtomobillərin hərəkəti dayandırılır (xüsusi təyinatlı, qəza-bərpa, təcili tibbi yardım avtomobillərinin və fəaliyyətinə icazə verilən orqanların (qurumların) və təşkilatların xidməti, həmçinin onların əməkdaşlarına məxsus şəxsi avtomobillərin, eyni zamanda yaxın qohumlarının dəfnində iştirakla əlaqədar vətəndaşların şəxsi avtomobillərinin hərəkəti istisna olmaqla);

2020-ci il 14 iyun saat 00:00-dan 16 iyun 06:00-dək Bakı, Gəncə, Lənkəran və Sumqayıt şəhərlərində, Abşeron, Yevlax, İsmayıllı, Kürdəmir və Salyan rayonlarında əhalinin yaşayış yerlərini və ya olduğu yerləri tərk etməsi qadağan edilir;

sakinlər qeyd olunan müddətdə Bakı, Gəncə, Lənkəran və Sumqayıt şəhərlərində, Abşeron, Yevlax, İsmayıllı, Kürdəmir və Salyan rayonlarında yaşayış yerlərini və ya olduğu yerləri həyat və sağlamlığa bilavasitə təhlükəli vəziyyət yarandığı halda, eləcə də təxirəsalınmaz tibbi yardıma ehtiyac olduqda yalnız təcili tibbi yardım xidməti vasitəsilə, habelə yaxın qohumların dəfnində iştirak etmək üçün Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Növbətçi Hissələri İdarəetmə Xidmətinin 102 Xidməti – Zəng Mərkəzi vasitəsi ilə icazə almaqla tərk edə bilər.

2020-ci il 14 iyun saat 00:00-dan 16 iyun saat 06:00-dək Bakı, Gəncə, Lənkəran və Sumqayıt şəhərlərində, Abşeron, Yevlax, İsmayıllı, Kürdəmir və Salyan rayonlarında yalnız aşağıdakı qurum və xidmətlərin fəaliyyətinə icazə verilir:

siyahısı Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyənləşdirilən dövlət orqanlarının (qurumlarının) və digər təşkilatların fəaliyyəti;

hüquq-mühafizə və hərbi xidmət nəzərdə tutulmuş orqanların fəaliyyəti;

xəstəxanalar, təcili tibbi yardım müəssisələrinin fəaliyyəti;

sosial xidmət müəssisələrinin fəaliyyəti, o cümlədən əqli və hissiyat pozuntusu olan, habelə xüsusi qayğıya ehtiyacı olan şəxslər üçün baxıcılıq xidməti;

kommunal xidmətlər (su təchizatı və kanalizasiya, qaz təchizatı, istilik təchizatı, enerji paylanması, məişət tullantılarının yığılması və utilizasiyası);

elektrik enerjisinin istehsalı və təchizatı;

meliorasiya və su təsərrüfatı;

rabitə xidmətləri;

teleradio yayımçılarının (televiziya və radio kanalları, kabel televiziyaları) fəaliyyəti;

dəmir yolu, avtomobil, dəniz, hava nəqliyyatı ilə yük daşımaları;

boru kəmərləri ilə nəqliyyatın təmin edilməsi fəaliyyəti;

fasiləsiz istehsalat fəaliyyəti (istehsalat-texniki şərtlərə görə fəaliyyətinin dayandırılması mümkün olmayan müəssisələr);

neft və qazın hasilatı, emalı, saxlanması və satışı;

çörək məsullarının istehsalı (2020-ci il 15 iyun saat 16:00-dan etibarən);

fəaliyyəti dayandırılmış iş və xidmət sahələrinin mühafizə və texniki təhlükəsizliyinin təmin edilməsi üzrə xidmətlər.

Müəyyən olunmuş tarixlər üzrə fəaliyyətinə icazə verilən iş və xidmət sahələrində işləyən şəxslər, onların xidməti və şəxsi avtomobillərin hərəkətinə işəgötürən tərəfindən məlumatlar elektron imzadan istifadə edilməklə “icaze.e-gov.az” portalına daxil edildikdən sonra yol veriləcək. Fəaliyyətinə icazə verilən qurumlar, eyni zamanda dövlət əhəmiyyətli, həyat təminatlı müəssisələrin və qurumların, həmçinin fasiləsiz işləyən qurumların fəaliyyətləri zəruri hesab edilən işçilərini məhdud sayda cəlb etməklə tənzimlənəcəkdir.

Xüsusi karantin rejiminin tələblərinin pozulmasına görə fiziki, hüquqi və vəzifəli şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada inzibati və cinayət məsuliyyəti daşıyır.

COVID-19 virusu ilə mübarizədə, insanların sağlamlığı və təhlükəsizliyinin qorunması istiqamətində dövlət tərəfindən həyata keçirilən tədbirlərdə həmrəylik nümayiş etdirdiklərinə görə vətəndaşlarımıza bir daha təşəkkür edir, özünüzün və yaxınlarınızın səhhəti naminə Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın tələb və qaydalarına əməl etməyə çağırırıq.

Mövcud sanitar-epidemioloji vəziyyətə uyğun olaraq, digər günlərdə 65 yaşdan yuxarı insanların ciddi zərurət olmadan yaşayış yerlərindən və ya olduğu yerlərdən çıxmamaları tövsiyə olunur. Eyni zamanda kütləvi yoluxma hallarının qarşısının alınması məqsədi ilə xüsusi karantin rejimi müddətində respublika üzrə ictimai yerlərində, bulvarlarda və parklarda, ictimai iaşə obyektlərində bir yerdə insanların 10 nəfərdən artıq qruplarda cəmləşməsi qadağanına, qoruyucu vasitələrdən istifadə edilməsi qaydalarına ciddi əməl olunması tələb edilir.

Mənbə: report.az


Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Statistika komitəsi hesabatlarını vaxtında təqdim etdiyinə görə bütün müəssisələrə təşəkkür edib

posted in: Xəbər | 0

Statistika KomitəsiStatistika Komitəsi: Karantin dövründə statistik hesabatlar tam və vaxtında toplanılıb

Bildiyimiz kimi koronavirus pandemiyası (COVID-19) dünyada olduğu kimi Azərbaycan iqtisadiyyatına da təsirsiz ötüşməyib. Məhz hökumətin apardığı araşdırmalar nəticəsində pandemiyanın neqativ təsirinə tam və qismən məruz qalan, həmçinin COVID-19-un təsirinə məruz qalmayan sahələr müəyyən edildi. Beynəlxalq siyasi və maliyyə təşkilatları da bu təsirlərin müəyyən edilməsini və onların aradan qaldırılması üçün Azərbaycan hökumətinin atdığı addımları yüksək qiymətləndiriblər.

Beynəlxalq təşkilatlar hesab edir ki, pandemiya iqtisadiyyatla birbaşa və sıx əlaqəsi olan statistik məlumatların toplanması sahəsinə də təsirsiz ötüşməyib. Belə ki, məhz bu təsir nəticəsində bir sıra təşkilatlar aylıq göstəricilərinin açıqlanmasına fasilə veriblər.

Azərbaycanda bütün sahələrdə statistik məlumatların toplanmasına cavabdeh qurum Dövlət Statistika Komitəsidir.

Dövlət Statistika Komitəsinin mətbuat katibi Elməddin Quliyev bildirib ki, hazırda Komitə tərəfindən məlumatların 95%-i elektron formada toplanır:

“İlk öncə qeyd etmək istərdim ki, son illər statistika məlumatlarının toplanmasında, emalında və yayılmasında istifadə olunan informasiya texnologiyalarının tətbiqi imkanlarının genişləndirilməsi, respondentlərin yerli statistika orqanlarına gəlmədən hesabat məlumatlarını elektron formada təqdim etmələri üçün Dövlət Statistika Komitəsi tərəfindən görülmüş tədbirlər nəticəsində rəsmi statistika hesabatlarının onlayn rejimdə elektron formada qəbulu 95%-i ötüb”.

E.Quliyevin qeyd etdiyinə görə, əvvəlki dövrlərdə olduğu kimi, xüsusi karantin rejimi dövründə də rəsmi statistika hesabatlarının onlayn rejimdə tam və vaxtında toplanaraq yekunlaşdırılması məqsədilə tərəfimizdən zəruri addımlar atılıb, o cümlədən aprel ayında müəssisə və təşkilat rəhbərlərinə, sahibkarlara hesabatlılıqla bağlı xüsusi müraciət olunub:

“Fürsətdən istifadə edərək hazırkı həssas məqamda yüksək məsuliyyət və intizam nümayiş etdirərək rəsmi statistika hesabatlarını vaxtında təqdim etdiklərinə görə bütün müəssisə və təşkilatlara təşəkkür edirik.

Koronavirus pandemiyasının təsirinin minimuma endirilməsi məqsədilə həyata keçirilən tədbirlərin daha ünvanlı olması, nəticələrin düzgün qiymətləndirilməsi üçün ölkə iqtisadiyyatında baş verən proseslərin vaxtında və davamlı olaraq müşahidə olunması və operativ qərarların qəbul edilməsi məqsədilə statistik informasiya təminatının daha da gücləndirilməsi Dövlət Statistika Komitəsinin daim diqqət mərkəzindədir”.

Mənbə: report.az


Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Maliyyə Nazirliyindən daha bir xəbərdarlıq!

posted in: Xəbər | 0

Maliyyə NazirliyiMaliyyə Nazirliyindən daha bir xəbərdarlıq!

Maliyyə Nazirliyi ictimai əhəmiyyətli qurumların, birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarını hazırlayan, habelə dövlət zəmanəti ilə kredit alan və ya dövlət borcunun xərclənməsi ilə bağlı layihələrdə iştirak edən, həmçinin büdcədən subsidiya, subvensiya, qrant və ya müəyyən səlahiyyətlərin yerinə yetirilməsi ilə bağlı büdcə vəsaiti ayrılan kommersiya təşkilatlarına və publik hüquqi şəxslərə müraciət edib.

Müraciətdə deyilir ki, dövlət zəmanəti ilə kredit alan və ya dövlət borcunun xərclənməsi ilə bağlı layihələrdə iştirak edən, həmçinin büdcədən subsidiya, subvensiya, qrant və ya müəyyən səlahiyyətlərin yerinə yetirilməsi ilə bağlı büdcə vəsaiti ayrılan kommersiya təşkilatları və publik hüquqi şəxslər “Mühasibat uçotu haqqında” qanunun müvafiq olaraq 12.2-ci və 12-1.8-ci maddələrinə əsasən illik maliyyə hesabatlarını və birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarını auditor rəyi ilə birlikdə Maliyyə Nazirliyi -nə təqdim edirlər.

Adıçəkilən Qanunun 12.3-cü maddəsinin tələblərinə uyğun olaraq ictimai əhəmiyyətli qurumlardan və birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarını hazırlayan kommersiya təşkilatlarından (mikro və kiçik sahibkarlıq subyektləri istisna olmaqla), habelə dövlət zəmanəti ilə kredit alan və ya dövlət borcunun xərclənməsi ilə bağlı layihələrdə iştirak edən, həmçinin büdcədən subsidiya, subvensiya, qrant və ya müəyyən səlahiyyətlərin yerinə yetirilməsi ilə bağlı büdcə vəsaiti ayrılan kommersiya təşkilatlarından qurumun internet səhifəsi olduqda, həmin məlumatlardan sərbəst istifadə edilməsini təmin etmək şərtilə, illik maliyyə hesabatının və birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarının auditor rəyi ilə birlikdə, həmin internet səhifəsində və ya mətbu orqanda dərc olunması tələb olunur.

Həmin Qanunun 12-1.9-cu maddələrinin tələblərinə əsasən birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarını tərtib edən publik hüquqi şəxslərdən, nizamnamələrində maliyyə hesabatlarının dərc edilməsi nəzərdə tutulan, ölkə prezidenti tərəfindən yaradılan publik hüquqi şəxslərdən, habelə dövlət zəmanəti ilə kredit alan və ya dövlət borcunun xərclənməsi ilə bağlı layihələrdə iştirak edən, həmçinin dövlət büdcəsindən subsidiya, subvensiya, qrant və ya müəyyən səlahiyyətlərin yerinə yetirilməsi ilə bağlı vəsait ayrılan publik hüquqi şəxslərdən (dövlət və bələdiyyə tərəfindən yaradılan tibb müəssisəsi, uşaq evləri sosial xidmət müəssisəsi, açıq və qapalı tipli xüsusi təlim-tərbiyə müəssisəsi, məktəbəqədər təhsil müəssisəsi, ümumtəhsil məktəbi, peşə təhsili müəssisəsi, orta ixtisas təhsili müəssisəsi, ali təhsil müəssisəsi, xüsusi təhsil müəssisəsi və ailə tipli kiçik qrup evi istisna olmaqla) illik maliyyə hesabatını və birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarını auditor rəyi ilə birlikdə özlərinin rəsmi internet səhifələrində və ya mətbu orqanda dərc etdirməsi tələb olunur.

Nazirlər Kabinetinin 27 may 2010-cu il tarixli 97 nömrəli Qərarı ilə təsdiq edilmiş “Kommersiya təşkilatlarının illik maliyyə hesabatlarının və birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarının təqdim edilməsi və dərc edilməsi Qaydaları”nın 3.4-cü bəndinə əsasən kommersiya təşkilatının illik maliyyə hesabatlarının və birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarının təqdim edilməsi barədə məlumatlar onların tabe olduqları yuxarı təşkilat və ya təsisçi (təsisçilər) tərəfindən bu hesabatların sonuncu təqdimetmə günündən sonra 10 gün ərzində Maliyyə Nazirliyinə verilir.

Əlavə məlumat üçün aşağıdakı əlaqə telefonları ilə müraciət edə bilərsiniz:

Tel: 012-404-46-99 (daxili 253. 239. 126).

Mənbə: report.az


Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun