Azərbaycanda bu il vətəndaşlara qaytarılan ƏDV məbləği

posted in: Xəbər | 0

Bu ilin yanvar-aprel aylarında Azərbaycanda pərakəndə ticarət və ya iaşə fəaliyyəti göstərən şəxslərdən alınmış mallara (neft və qaz məhsulları, avtomobillər, alkoqollu içkilər və tütün məmulatları istisna olmaqla), teatr tamaşaları, film nümayişi, muzey ziyarəti və simfonik orkestrin konserti sahəsində göstərilən xidmətlərə, habelə tibb müəssisələri və özəl tibbi praktika ilə məşğul olan fiziki şəxslərin göstərdiyi tibbi xidmətlərə, işğaldan azad edilmiş ərazilər daxilində yerləşmə vasitələri hesab edilən mehmanxanalar (hotellər) tərəfindən gecələmə və qalma xidmətlərinə görə ödənilmiş ƏDV-nin 70 milyon 452,1 min manatlıq hissəsi fiziki şəxs olan istehlakçılara geri qaytarılıb.

Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə istinadən xəbər verir.

4 ayda xarici vətəndaşların ölkə ərazisində fərdi istehlak üçün aldığı mallara görə dövlət büdcəsindən qaytarılmış ƏDV-nin (“tax free”) məbləği 2 milyon 758,4 min manat təşkil edib.

Mənbə: report.az

Dərzilər nə qədər vergi və sosial ödənişlər etməlidirlər?

Azərbaycanda ƏDV ödəyicilərinin sayı artıb

posted in: Xəbər | 0

1 may 2026-cı il tarixinə Azərbaycanda aktiv vergi ödəyicilərinin sayı 877.368 nəfər təşkil edib. Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 7.4% artım deməkdir.

Bu barədə Dövlət Vergi Xidmətinin məlumat yayıb.

Belə ki, 1 may 2025-ci il tarixinə aktiv vergi ödəyicilərinin sayı 816.7 min nəfər olub. Hər iki dövrdə göstərici ilin əvvəli ilə müqayisədə artsa da, 2026-cı ildə artım tempi daha yüksək olub — 2.1%, 2025-ci ildə isə 1.2%.

Aktiv ƏDV ödəyicilərinin sayı da illik ifadədə artım göstərib. 1 may 2026-cı il tarixinə aktiv ƏDV ödəyicilərinin sayı 60.431 olub ki, bu da ötən ilin eyni dövründəki 54.8 min göstərici ilə müqayisədə təxminən 10.3% çoxdur.

Eyni zamanda, aktiv təsərrüfat subyektlərinin (obyektlərinin) sayı illik müqayisədə 7.8% artaraq 240.528-ə çatıb. 2025-ci ilin eyni dövründə bu göstərici 223.1 min olub.

Mənbə: report.az

Azərbaycanda ƏDV ödəyicilərinin sayı artıb

Bir neçə ilin məzuniyyət kompensasiyasının ödənilməsi qaydası

posted in: Xəbər | 0

İşçilərin istifadə etmədiyi məzuniyyətə görə bir neçə ilin kompensasiyası bir ay içində hesablandıqda ayrıca, yoxsa bütövlükdə hesablanmalıdır? Məsələn, 2022-ci il üzrə 30, 2023-cü il üzrə 30 və 2024-cü il üzrə 30 gün istifadə edilməmiş məzuniyyət var, işçinin əmək müqaviləsinə xitam verildikdə, yaxud da əmək müqaviləsinə xitam verilməməklə, qarşılıqlı razılaşma əsasında həmin illərin istifadə edilməmiş məzuniyyət günlərinə görə kompensasiya verilərkən hər ilə görə hesablama ayrı aparılır, yoxsa bütövlükdə? Bəs əlavə məzuniyyətlərə görə kompensasiya verilməlidirmi?

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən bildirilib ki, işəgötürən tərəfindən işçiyə əvvəlki illərdə istifadə olunmamış əmək məzuniyyətinə görə kompensasiya ödənilərkən tam iş illərinin kompensasiya haqları onun ödənildiyi ayın əməkhaqqına əlavə olunmadan ayrılıqda gəlir vergisinə cəlb edilir və bu zaman gəlir vergisinin məqsədləri üçün hər il üzrə ayrılıqda hesablanmış kompensasiya haqlarından Vergi Məcəlləsinin 102-ci maddəsində nəzərdə tutulan vergi güzəştlərinin məbləğləri ümumi qaydada çıxılır.

Sorğunun ikinci hissəsi ilə bağlı bildirilib ki, əmək müqaviləsinə xitam verilərkən işçiyə bütün iş illərinin istifadə etmədiyi, Əmək Məcəlləsinin 115–117-ci və 118-1-ci maddələrində nəzərdə tutulmuş əlavə məzuniyyətlərinə görə, istifadə olunmamış əsas əmək məzuniyyəti üçün müəyyən edilmiş qaydada və məbləğdə hesablanan kompensasiyanın verilməsi təmin edilir. Qərar dərc edildiyi gündən — 18 fevral 2026-cı il tarixdən qüvvəyə minib və həmin tarixdən etibarən əmək müqaviləsinə xitam verilən bütün hallara şamil olunur.

Sorğuda qeyd olunan məsələlərin bilavasitə əmək qanunvericiliyinin tətbiqindən irəli gəldiyini nəzərə alaraq, ətraflı məlumat əldə etmək üçün aidiyyəti üzrə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət edilməsi daha məqsədəuyğundur.

Mənbə: vergiler.az

VÖEN-siz debet kartların biznesdə istifadəsi

VÖEN-siz debet kartların biznesdə istifadəsi

posted in: Xəbər | 0

“Fiziki şəxslərin adına olan debet kartlara gün ərzində 50 dəfə köçürmə ediləndə şübhəli hal kimi qeydə alınır. Azərbaycanda “card to card” dövriyyəsi inanılmaz dərəcədə yüksəkdir”.

Bu fikri Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov sahibkarların debet kart hesablarının bloklanması ilə bağlı narazılıqlara münasibət bildirərkən səsləndirib. Onun sözlərinə görə, banklar fiziki şəxslərin fərdi məlumatlarına çıxışı məhdudlaşdırır:

“Bir çox dövlət qurumları fiziki şəxslərlə bağlı daha çox məlumat əldə etmək istəyirlər. Ancaq biz bunu məhdudlaşdırırıq. Çünki bu bizim üçün riskdir. Bu, bank sektoruna inamı azalda biləcəyi üçün mən tənzimləyici qurumun rəhbəri kimi onu dəstəkləmirəm. Amma haqlı olaraq soruşa bilərik ki, VÖEN-ə bağlı olmayan debet kart niyə sahibkarlıq fəaliyyəti üçün istifadə olunur? Bəzən gün ərzində bir şəxsin hesabına 10, 50, 100, 200 manat olmaqla müxtəlif kartlardan yüzlərlə köçürmə daxil olur. Bank bunu təhlil edəndə bəzən şübhələnir, kart sahibi ilə əlaqə saxlayır. Daha sonra əməliyyatlar barədə məlumatları, qanuna əsasən, Maliyyə Monitorinqi Xidmətinə göndərir. Xidmət özü də təhlil edib burada vergidən yayınma halının olması qənaətinə gəlirsə, bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə məlumat verir. Bu, normal beynəlxalq praktikadır. Bundan şikayət edən sahibkarlara demək lazımdır ki, onlar sahibkarlıqla bağlı əməliyyatlarını yalnız VÖEN-ə bağlı olan kartlar və hesablar üzərindən həyata keçirsinlər. O zaman heç nədən narahat olmayacaqlar”.

Hazırda mövcud olan qanunvericiliyin fərdi məlumatları qoruduğunu vurğulayan T.Kazımov yalnız banklardakı şübhəli əməliyyatların yoxlanıldığını deyib: “Vergidən yayınmadan başqa, burada dələduzluq, “çirkli pullar”ın yuyulması da ola bilər. Nə olsun fərdi məlumatdır? Bir hesaba mənbəyi müəyyən olmayan məbləğlər gəldiyi müşahidə edilirsə, Maliyyə Monitorinqi Xidməti bunu təhlil edir. Əgər nəticədə onu “çirkli pullar”ın yuyulması kimi qiymətləndirərsə, məlumatları hüquq-mühafizə orqanlarına ötürür. Xüsusilə, mərc oyunlarına inanılmaz dərəcədə böyük məbləğlər sərf olunur. Çox xırda ödənişlərdir, ancaq əməliyyatların sayı minlərlədir. Maliyyə sektoru “çirkli pullar”ın axınında vasitəçi olmamalıdır. Onun üçün bütün dünyada maliyyə monitorinqi xidmətləri yaradılıb. Şübhəli əməliyyat aşkarlandıqda, bank həmin xidmətə məlumat verir. Mən də bu prosesi tamamilə dəstəkləyirəm. Bu, bank sirrinin pozulması kimi qiymətləndirilməməlidir”.

T.Kazımov Dövlət Vergi Xidmətinin birbaşa sahibkarlıq hesablarına çıxışının təmin olunmasına tərəfdar olduğunu deyib: “Qanunvericiliyə əsasən, bu gün banklar VÖEN sahiblərinin məlumatlarını ayda bir dəfə Dövlət Vergi Xidmətinə təqdim edir. Mən həm də bunun tərəfdarıyam ki, müəyyən vaxt çərçivəsində Dövlət Vergi Xidmətinin onlayn qaydada vergi ödəyicilərinin sahibkarlıq hesablarındakı məlumatlara çıxışı olsun. Xidmət yerində öz nəzarətini həyata keçirməklə yanaşı, rəqəmsal kanallarla da bunu icra etməlidir. Mən bunu dəstəkləyirəm”.

Mənbə: vergiler.az

Uçot dərəcəsi və faiz dəhlizi üzrə qərar: sabit qaldı

1 20 21 22 23 24 25 26 2. 406