Vətəndaşlar Vergilərdən məmnun qalacaqlar

posted in: Vergi, Xəbər | 0

Vergilər Nazirliyində vergi orqanlarına daxil olan vətəndaş müraciətlərinə baxılması və vergi proqnozlarının icra vəziyyətinə həsr olunmuş kollegiya iclası keçirilib.

İclasda çıxış edən kollegiyanın sədri, Azərbaycan Respublikasının vergilər naziri, 1-ci dərəcəli dövlət vergi xidməti müşaviri Fazil Məmmədov hər iki məsələnin çox aktual olduğunu vurğulayaraq, vətəndaş müraciətlərinə baxılması zamanı qanunvericiliyin bütün tələblərinə ciddi əməl olunmasının təmin edilməsi hesabına vətəndaş məmnunluğunun səviyyəsinin yüksəldilməsi, habelə son kollegiya iclasında qəbul edilmiş “2017-ci ilin son 4 ayı üçün dövlət büdcəsinin proqnoz gəlirlərinin icrası üzrə Tədbirlər Planı”nın icra vəziyyəti barədə danışaraq, dövlət büdcəsinin gəlirlərinin təmin edilməsi istiqamətində görülən işlərin daha intensiv və səmərəli aparılmasının zəruri olduğunu diqqətə çatdırıb.

Bildirilib ki, ölkədə yaranmış əlverişli biznes mühiti vergi ödəyicilərinin sayının artması ilə nəticələnib ki, bu da, öz növbəsində, vergi nəzarətinin təmin edilməsi və vergi ödəyicilərinə göstərilən xidmətlərin əhatəsinin genişləndirilməsini və vergi orqanı əməkdaşlarının məsuliyyətinin artırılmasını tələb edir.

Vergi inzibatçılığında yeni yanaşmaların tətbiq edilməsinin, inzibatçılığın səmərəliliyinin yüksəldilməsinin vacib olduğunu qeyd edən vergilər naziri vergi ödəyicilərinə xidmətin keyfiyyət və ünvanlılığının artırılmasının, hər bir vergi ödəyicisinə fərdi yanaşmanın təmin edilməsinin, sahibkarlıq subyektləri ilə kommunikasiyanın daha səmərəli formalarına üstünlük verilməsinin zəruriliyini xüsusi olaraq vurğulayıb.

Kollegiya üzvlərinin nəzərinə çatdırılıb ki, vergi sistemində həyata keçirilən bütün tədbirlər sistemli və koordinasiyalı xarakter daşımalı, daxili kommunikasiya daha səmərəli qurulmalı, vergi risklərinin təhlili və vergi ödəyicilərinə xidmət göstərən sahələrdən tutmuş vergi nəzarəti tədbirlərini həyata keçirən bütün strukturlar fəaliyyətlərini əlaqələndirməli və vergi orqanları qarşısında duran əsas vəzifələrin icrasına yönəltməlidirlər.

Kollegiya iclasında vergi orqanlarına daxil olan vətəndaş müraciətlərinə baxılması vəziyyəti geniş müzakirə edilib. Bildirilib ki, vətəndaş müraciətlərinə həssaslıqla yanaşılması, onlara vaxtında və obyektiv baxılaraq cavablandırılması ilə bağlı məsələlər həmişə Vergilər Nazirliyinin diqqət mərkəzində saxlanılır, hər ay vergi orqanlarında vətəndaş müraciətlərinə baxılması vəziyyəti haqqında vergilər nazirinə müvafiq hesabat təqdim edilir.

Lakin bütün bunlara baxmayaraq, vətəndaşların qəbulu, eləcə də aparılan monitorinq və təhlillər zamanı vətəndaş müraciətlərinə baxılmasında hələ də nöqsanlara yol verilməsi ilə bağlı çoxsaylı suallar olduğu meydana çıxır. Bəzi hallarda vergi orqanları tərəfindən müraciətlərin dərindən və hərtərəfli araşdırılmaması səbəbindən vətəndaşlar yuxarı dövlət instansiyalarına üz tutmalı olurlar. Nazir, xüsusilə vergi məsələləri ilə bağlı Azərbaycan Respublikasının Prezidentinə və Azərbaycan Respublikasının Birinci Vitse-Prezidentinə ünvanlanmış və aidiyyəti üzrə baxılmaq üçün Vergilər Nazirliyinə daxil olmuş vətəndaş müraciətlərinə baxılmasına ciddi nəzarət edilməsinin vacibliyini diqqətə çatdıraraq, bu məqsədlə bir neçə gün öncə ayrıca əmr imzalandığını bildirib. Həmin əmrə əsasən, müraciətlərin hərtərəfli araşdırılmasını təmin etmək, habelə vətəndaş məmnunluğunun səviyyəsinin yüksəldilməsi məqsədilə nazirliyin aparatında müraciətlər müsbət həllini tapmadıqda ərizəçilər və ya onların səlahiyyətli nümayəndələri vergilər nazirinin birinci müavini və ya müvafiq sahəni kurasiya edən nazir müavinləri tərəfindən qəbul edilməli, qaldırılan məsələlər bir daha araşdırılmalı və yalnız bundan sonra ərizəçilərə onların müraciətlərinə baxılmasının nəticələri barədə cavab verilməlidir. Vergilər naziri aidiyyatı strukturlara sözügedən əmrdən irəli gələn məsələlərə ciddi əməl etməyi tapşırıb.

F.Məmmədov vətəndaş müraciətlərinin araşdırılması zamanı nöqsana yol vermiş vergi orqanı əməkdaşlarının intizam məsuliyyətinə cəlb edilməsi ilə bağlı Daxili təhlükəsizlik departamenti, nöqsanların yaranmasına səbəb olan halların aradan qaldırılması ilə bağlı isə nazirliyin bütün struktur vahidlərinin və bölmələrinin rəhbərlərinə konkret tapşırıqlar verib.

Kollegiyada gündəlikdə duran məsələlər barədə ətraflı müzakirələr aparılıb.

Sonda F.Məmmədov vətəndaş məmnunluğunun təmin olunmasının vergi orqanlarının fəaliyyətinin prioritet istiqamətlərindən olduğunu vurğulayaraq, vergi orqanlarının işinin müasir tələblərə cavab verən səviyyədə qurulması, cari ilin sonunadək Vergilər Nazirliyinin struktur vahidlərinin və bölmələrinin bütün imkanlarının vergi orqanları qarşısında duran vəzifələrin icrasına səfərbər edilməsi ilə bağlı konkret göstərişlər verib.

Kollegiyanın qərarı ilə vergi orqanlarına daxil olmuş vətəndaş müraciətlərinə baxılması zamanı vətəndaş məmnunluğunun səviyyəsinin yüksəldilməsi, vergi ödəyicilərinin narazılıqlarına səbəb olan halların və vergi oranlarına daxil olan ərizə və şikayətləri doğuran səbəblərin aradan qaldırılması istiqamətində əlavə və təsirli tədbirlər görülməsi üçün müvafiq tapşırıqlar müəyyən edilib. Bununla yanaşı, Vergilər Nazirliyinin strukturlarının koordinasiyalı fəaliyyətinə nəzarətin gücləndirilməsi, müvafiq struktur vahidlərinə büdcə proqnozları ilə bağlı mövcud potensialın təhlil edilməsi və nəticələri barədə təkliflərin hazırlanması, habelə xarici investisiyalı şirkətlərlə vergi inzibatçılığının təkmilləşdirilməsi məqsədilə struktur dəyişikliyi ilə bağlı təkliflərin verilməsi tapşırılıb.

Xatırladırıq ki, kollegiya iclasından bir neçə gün əvvəl vergilər nazirinin əmri ilə Nazirliyin struktur vahidlərinin rəhbərliyində kadr dəyişiklikləri aparılıb. Vergilər Nazirliyinin Beynəlxalq əməkdaşlıq və maliyyə institutlarında vergi monitorinqi Departamentinin baş direktoru Zaur Fətizadə Vergilər Nazirliyi yanında Milli Gəlirlər Departamentinin baş direktoru, Milli Gəlirlər Departamentinin baş direktoru Natiq Şirinov Vergi risklərinin təhlili və nəzarəti  Departamentinin baş direktoru vəzifəsinə keçiriliblər. Zöhrab Ömərov Vergi qanunvericiliyinin icrasına nəzarət Departamentinin baş direktoru, Zamin Rzayev Vergi öhdəliklərinin icrasına nəzarət Departamentinin baş direktoru təyin ediliblər.

Mənbə: marja.az

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Vergilər Nazirliyinin yeni inzibati binasının istismara veriləcəyi vaxt bilindi

posted in: Vergi, Xəbər | 0

Heydər Əliyev prospektində yerləşən Vergilər Nazirliyinin yeni inzibati binasının tikintisinin 2018-ci ilin avqust ayının 31-də başa çatdırılması planlaşdırılır. Bu barədə tikintinin podratçısı olan “Tekfen” şirkətinin təqdim etdiyi məlumatlarda qeyd edilib.

Məlumata əsasən, layihənin ümumi dəyəri 94 milyon dollardır. Hazırda tikintinin 6,5%-i başa çatıb. Qalan işlərin dəyəri 87 milyon 925,488 min dollar məbləğində dəyərləndirilir.

Qeyd edək ki, nazirliyin yeni inzibati binası 31 mərtəbəli olacaq.

Mənbə: apa.az

 

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Valyutalı dəyərlərin səliqəyə salınması

posted in: Excel, Məqalə | 0

Exceldə valyutalı dəyərlərin səliqəli və anlaşıqlı olması, doğruluq  qədər vacibdir. Bu səliqəyə nail olmaq isə olduqca sadədir. Aşağıdakı 2 cədvəldəki monetar dəyərlərdən hansının daha doğru və səliqəli formatlandığını soruşsam, nə cavab verərdiniz? Mavi, yoxsa yaşıl?

Currency alignment leftmost - 1

Əksəriyyət yaşıl cədvəlin daha səliqəli olduğunu deyəcəkdir, çünki ordakı dəyərlər və onların valyuta işarələri həm bir-birindən aralıdır, həm də valyuta işarələri xananın ən solunda yer almışdır. Bu isə, məlumatın anlaşılırlığını qatbaqat gücləndirir.

Həm mavi, həm də yaşıl cədvəllər Excel-in standard formatlaması ilə həyata keçirilib və sağdakı cədvəldəki kimi bir nəticə əldə etmək istəyiriksə, bir çox insanın etdiyi xətaya düşməməliyik.

Bir çoxumuz məbləğlərə valyuta işarələrini əlavə etmək istədiyimiz zaman Ctrl + 1 ilə formatlama qutusunu açır və Currency olan sətiri seçirik.

Currency alignment leftmost - 2

Belə olan halda? nəticə hər zaman mavi cədvəldəki kimi olur, yəni valyuta işarələri əlavə edilmiş, lakin məbləğə yapışmış vəziyyətdə olur. Bu problemi aradan qaldırmanın yolu isə, formatlamanı Currency olaraq yox, Accounting olaraq etməkdir.

Currency alignment leftmost - 3

OK kliklədikdən sonra isə, cədvəlimiz yaşıl cədvəl formatına dönüşəcəkdir.

Bəzi hallarda, məbləğləri Accounting olaraq formatladıqdan sonra belə, valyuta işarələrini məbləğlərə yapışmış halda görə bilərik. Bu zaman, son toxunuş olaraq, eyni Ctrl + 1 qutusundakı Alignment seksiyasına gedib, Horizontal dropdown siyahısından General seçərək OK klikləməliyik. Bununla da, bütün problemlər həll olunacaqdır.

Currency alignment leftmost - 4

 

Müəllif: Elçin Xəlilov

 

Mühasibat sahəsində ən son Excel yeniliklərini və mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

2000 manat əmək haqqı ilə Baş mühasib axtarılır

posted in: İş elanı, muhasibat, Xəbər | 0

 

VİP Aviasiya Xidmətləri Şirkəti 2000 manat əmək haqqı ilə Baş mühasib axtarır.

Namizədə tələblər:

  • Mühasibat və mühasibat uçotu sahəsində yüksək bilik;
  • Mühasibat uçotuna dair müasir kompüter proqramları biliyi;
  • Beynəlxalq maliyyə fəaliyyətinin universal biliyi;
  • Yaxşı səviyyədə maliyyə və iqtisadi bilik;
  • Maliyyə məsələləri, iqtisadi proqnozlar və kommersiya nəticələri barədə peşəkar anlayış;
  • Marketinq və reklam fəaliyyəti biliyi;
  • Azərbaycan Respublikasının Vergi Qanunvericiliyini mükəmməl bilmək;
  • Müqavilələr və onların hüquqi anlaşması ilə işləmək təcrübəsi;
  • Təşkilati təcrübə, ünsiyyət bacarığı, sosiallıq qabiliyyəti və alt heyətlə işləmək bacarığı.
Yaş: 25 – 40 yaş
İş təcrübəsi: 3 ildən 5 ilə qədər
Telefon: (050) 300-11-27
İş qrafiki: həftədə 5 gün, saat 9.00-dan 18.00-a qədər.
Mənbə: boss.az
Mətn rus dilindən tərcümə olunmuşdur.

Mühasibat sahəsində ən son iş elanlarını izləmək üçün bu linkə daxil olun.