1000 manat əmək haqqı ilə Baş mühasib tələb olunur

posted in: İş elanı, muhasibat, Xəbər | 0

PZGROUP 1000 manat əmək haqqı ilə Baş mühasib axtarır.

İş barədə məlumat:

– Mühasibat uçotunu 1C 8.2 proqramında və yeni hesablar planı əsasında aparmaq;
– Vergi bəyannamələrini tərtib etmək;
– Elektron VHF və elektron qaimələri tərtib etmək;
– DSMF və Statistika hesabatlarını tərtib etmək;
– İş qrafiki: həftədə 5 gün, 09:00-dan 18:00-dək.

Namizədə tələblər:

– 5 ildən artıq baş mühasib vəzifəsində iş təcrübəsi;
– Kommersiya Təşkilatları üçün Milli Mühasibat uçotu haqqında biliklərə malik olmaq;
– Vergi Qanunvericiliyini bilmək;
– 1C mühasibat proqramında işləməyi bacarmaq.

Şəhər: Bakı

Yaş: 25 – 40 yaş

Təhsil: Ali

Əlaqədar şəxs: Layla x
Telefon: (012) 434-45-82 / (055) 971-83-26
Mənbə: boss.az

Mühasibat sahəsində ən son iş elanlarını bu linkə daxil olaraq izləyə bilərsiniz.

Xarici avtomobillərin aksiz vergisinin artırılması təklif edilir

posted in: Vergi, Xəbər | 0

“Siqaret və alkoqollu içkilərin idxalına tətbiq edilən aksiz vergilərinin gələn ildən etibarən iki dəfə artırılması məhsulların yerli istehsalını stimullaşdırmağı hədəfləyir”. Bunu Beynəlxalq İqtisadi Araşdırmalar Birliyinin sədri, iqtisad elmləri doktoru Fikrət Yusifov deyib. Ekspert bildirib ki, aksiz vergilərinin artırılması Azərbaycanda qeyri-neft sektorunun inkişafı məqsədilə yerli məhsulların istehsalını stimullaşdırmağa dair hökumətin müəyyən etdiyi starategiyaya uyğundur. “Hesab edirəm ki, bu addımlar Azərbaycanda son illər şərabçılığın və tütünçülüyün inkişafında baş verən pozitiv prosseslərlə əlaqədardır. Bundan sonra da digər yerli məhsulların istehsalını stimullaşdırmaq üçün belə addımların atılması vacibdir.

Məsələn, bu gün Azərbaycanda yerli avtomobil istehsalını artırmaq üçün yaxşı zəmin formalaşıb. Naxçıvandan sonra Gəncə və Neftçalada avtomobil zavodlarının mövcudluğu yerli istehsalın artırılmasına təkan verəcək. Nəhayət, öz ölkəmizin istehsalı olan avtomobillərdən kütləvi şəkildə istifadə edə biləcəyik. Təbii ki, burada yeni yaranan avtomobil istehsalı sənayesini daha sürətlə inkişaf etdirmək üçün hökumətin daxili bazarı qorumasına ehtiyac olacaq. Bu isə ilk növbədə idxal olunan xarici avtomobillərə tətbiq edilən aksiz vergilərini bir neçə dəfə artırmaqla mümkün ola bilər. Daxili avtomobil sənayesini qorumaq və stimullaşdırmaq sahəsində qonşu İran və Türkiyədə kifayət qədər yaxşı təcrübə mövcuddur. Hər üç zavod tam gücü ilə işləməyə başladıqdan sonra Azərbaycan iqtisadiyyatına böyük töhfə verə bilər. Digər tərəfdən idxal olunan xarici avtomobillərə aksiz vergilərinin dediyimiz şəkildə artırılması yeni avtomobil zavodlarının tikintisi üçün stimul rolunu oynayacaq”.

Fikrət Yusifov bildirib ki, xaricdən gətirilən içki və tütün məmulatlarının qiyməti ən azından aksiz vergilərinə uyğun şəkildə artacaq.

Maliyyə naziri Samir Şərifov büdcə müzakirələrində bildirib ki, manatın ucuzlaşması idxal olunan alkoqollu içkilərin və tütün məmulatlarının qiymətinin daxili bazarda artmasına, aksiz vergisinin azalmasına səbəb olub. Nazir qeyd edib ki, növbəti ildən alkoqollu içkilərə tətbiq olunan aksiz vergi dərəcəsinin 2 dəfə artırılması nəzərdə tutulub.

Mənbə: fins.az

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasib – dahi ünsiyyətçidirmi? (6-cı hissə)

posted in: muhasibat, Məqalə | 0

“Бухгалтер” (Mühasib) jurnalında texnika elmləri namizədi, psixoloq, mühasiblər üçün tədris mərkəzinin treninqlər proqramının rəhbəri Tatyana Lobanovanın “Mühasib dahi ünsiyyətçidirmi?” adlı məqaləsi dərc edilib. Sözügedən məqalənin oxucularımız üçün də maraq kəsb edəcəyəni nəzərə alaraq, onu hissə-hissə saytımızda dərc etməyə qərar verdik.

6-cı hissə

Düzgün və zamanında “yox” deməyi bacarmaqdan ötrü üç əsas məsələni həll etmək lazımdır:

  • Başqa insanın özünə hörmətinə diqqət yetirmək;
  • Başqalarına imtina cavabı verərkən, narahatlığınızı minimuma endirmək;
  • İmtinadan dolayı yaranan mümkün neqativ nəticələrinin qarşısını almaq.

İmtina şəraitinin xoşagəlməz olduğu məlumdur və biz bunun öhdəsindən necə gəlməyi bilmirik, bir çox insanlar bu zaman səhv və ya qeyri-effektiv taktikadan istifadə edirlər. Bəzi hallarda konkret “yox” deməyib, məsələnin həllini başqa günlərə təxirə salırlar.

Təəssüflər olsun ki, bu işi uzatmaqla və “yox” deməni ləngitməklə biz  həmin insanı daha çox inciməyə vadar edirik. O isə haqlı olaraq çığırıb belə deyir: “Belə idisə siz niyə mənə bunu ilk gündən demədiniz?” Bir çox hallarda isə diskomfort hiss etməmək məqsədilə kəskin şəkildə yox cavabı verilir.

Belə halda isə həmin şəxs təkcə rədd cavabına görə yox, eyni zamanda “yox” kəlməsinin səslənməsindəki kəskin tondan narazı qalır. Nəticə etibarilə isə münasibətlər korlanır. Formal rədd taktikası da burada kömək etmir – məsələn, quru şəkildə belə bir cavab: “Hazırkı şəraitdə bu məsələnin həlli şirkətin maliyyə məsələlərinə müvafiq gəlmir”.

Rədd cavabı verən bir növ vəzifə maskasının arxasında gizlənir – bax ha, imtina edən mən deyiləm, şirkətdir və etiraz etməyin faydası yoxdur. Nəticədə imtina cavabı alan gücsüzlük və incikliyin daha böyük dozasını alır.

 

Məqalənin 5-ci hissəsini buradan oxuya bilərsiniz.                

 

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

İnzibati Xətalar Məcəlləsinə dəyişiklik edildi

posted in: Xəbər | 0

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 17-ci bəndini rəhbər tutaraq qərara alır:

Maddə 1. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsində (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016, № 2, I kitab, maddə 202, № 3, maddələr 397, 403, 429, № 4, maddələr 631, 647, 654, № 5, maddələr 835, 846, № 6, maddələr 997, 1010, № 7, maddələr 1247, 1249, № 9, maddə 1559, № 10, maddə 1608, № 11, maddələr 1769, 1774, 1781, 1783, 1786, 1788, № 12, maddələr 1984, 2000, 2009, 2024, 2049; 2017, № 1, maddə 21, № 2, maddələr 139, 147, 152, 162, № 3, maddələr 331, 344, № 5, maddələr 698, 701, 734, 749, 754, № 6, maddələr 1020, 1033, 1036, № 7, maddələr 1273, 1296, 1297, 1299) aşağıdakı dəyişikliklər edilsin:

1.1. 28.4.3 və 28.4.4-cü maddələrdə “səkkiz” sözü “üç” sözü ilə əvəz edilsin;

1.2. 38.1-ci maddədə “pozulmasına” sözündən sonra “, xırda talamaya” sözləri əlavə edilsin;

1.3. 39-cu maddənin mətni 39.1-ci maddə hesab edilsin və aşağıdakı məzmunda 39.2-ci maddə əlavə edilsin:

“39.2. Bu Məcəllənin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraat zamanı inzibati xəta törətmiş şəxs vurulmuş ziyanı tamamilə ödədikdə və zərər çəkmiş şəxslə barışdıqda inzibati iş üzrə icraata xitam verilir.”;

1.4. 53.0.9-cu maddənin sonundakı nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin və aşağıdakı məzmunda 53.0.10-cu maddə əlavə edilsin:

“53.0.10. bu Məcəllənin 227-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmiş şəxs vurulmuş ziyanı tamamilə ödədikdə və zərərçəkmiş şəxslə barışdıqda.”;

1.5. 54.2-ci maddədə “445-1,” rəqəmlərindən sonra “528-1.3,” rəqəmləri əlavə edilsin;

1.6. 102.1-ci maddədə “bu Məcəllənin” sözlərindən sonra “227-ci,” sözləri əlavə edilsin;

1.7. 154-cü maddə üzrə:

1.7.1. 154.1-ci maddəyə aşağıdakı məzmunda ikinci cümlə əlavə edilsin:

“İctimai işlər növündə inzibati tənbeh tədbiri tətbiq edilmiş şəxslərin cəlb ediləcəyi işlərin növləri və belə işlərin keçiriləcəyi yerlərin müəyyənləşdirilməsi qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.”;

1.7.2. aşağıdakı məzmunda 154.1-1 və 154.1-2-ci maddələr əlavə edilsin:

“154.1-1. Müvafiq icra hakimiyyəti orqanları müvafiq inzibati-ərazi vahidi üzrə ictimai işlərin həyata keçiriləcəyi yerlərin siyahısını və həmin işlərin həyata keçirilməsi üçün zəruri olan şəxslərin sayı barədə məlumatı növbəti ay başlayanadək müvafiq icra hakimiyyəti orqanına göndərir.

154.1-2. İcra məmuru barəsində ictimai işlər növündə inzibati tənbeh tətbiq edilən şəxsə ictimai işlərin həyata keçiriləcəyi yerlərin siyahısındakı yerlərdən birində işləmək üçün göndəriş verir. İctimai işlərin həyata keçiriləcəyi yerlərlə bağlı hər hansı məlumat tələb edildikdə icra məmuru müvafiq icra hakimiyyəti orqanına bu barədə sorğu verir. Sorğuya beş iş günündən gec olmayaraq cavab verilməlidir.”;

1.7.3. 154.3-cü maddədə “müvafiq icra hakimiyyəti orqanı ilə ictimai işlərin həyata keçiriləcəyi yerlərin siyahısını razılaşdırır” sözləri “ayda iki dəfədən az olmayaraq şəxsin ictimai işləri yerinə yetirməli olduğu vaxtlarda həmin işlərin görüldüyü yerlərə baş çəkməklə protokol tərtib edir, tənbehin bu Məcəllə ilə müəyyən edilmiş qaydada həyata keçirilməsi üçün digər tədbirləri görür” sözləri ilə əvəz edilsin;

1.7.4. 154.9-cu maddə aşağıdakı redaksiyada verilsin:

“154.9. İşəgötürən ictimai işlərin həyata keçirilməsi üçün mövcud olan yerlər barədə müvafiq icra hakimiyyəti orqanına düzgün və tam məlumat verir, şəxs ictimai işlərin həyata keçiriləcəyi yerdə qəbul edilərək ictimai işə təhkim edildikdə, onun tərəfindən ictimai işlərin yerinə yetirilməli olduğu vaxtların cədvəlini tərtib edərək üç gündən gec olmayaraq icra məmuruna göndərir, barəsində bu tənbeh növü tətbiq edilən şəxslər üçün müəyyən edilmiş işin yerinə yetirilməsinə nəzarət edir, onların işlədikləri saatların uçotunu aparır və ictimai işləri yerinə yetirməkdən boyun qaçırma halları barədə dərhal icra məmuruna məlumat verir.”;

1.8. 227-ci maddə üzrə:

1.8.1. sanksiyada “iki yüz manatdan iki yüz əlli manatadək məbləğdə cərimə edilir” sözləri “yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər” sözləri ilə, “iki ayadək” sözləri “üç ayadək” sözləri ilə əvəz edilsin;

1.8.2. “Qeyd” hissəsi aşağıdakı redaksiyada verilsin:

“Qeyd: Bu Məcəllənin 227-ci maddəsi həmin maddədə göstərilən əməllər Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin müvafiq maddələrinə əsasən cinayət məsuliyyətinə səbəb olmadıqda tətbiq edilir.”;

1.9. 227-1-ci maddə ləğv edilsin;

1.10. 360-cı maddə üzrə:

1.10.1. maddənin dispozisiyasından “az miqdarda” sözləri çıxarılsın;

1.10.2. maddənin “Qeyd” hissəsi ləğv edilsin;

1.11. aşağıdakı məzmunda 528-1-ci maddə əlavə edilsin:

“Maddə 528-1. İctimai işlər növündə cəzanın və ya inzibati tənbehin icrası ilə bağlı vəzifələrin yerinə yetirilməməsi

528-1.1. İctimai işlər növündə cəzanın və ya inzibati tənbehin həyata keçiriləcəyi yerlərinin siyahısını və həmin işlərin həyata keçirilməsi üçün zəruri olan şəxslərin sayı barədə məlumatı vaxtında müvafiq icra hakimiyyəti orqanına göndərilməməsinə, yaxud ictimai işlərin həyata keçiriləcəyi yerlərlə bağlı sorğulara vaxtında cavab verilməməsinə görə –

vəzifəli şəxslər dörd yüz manatdan altı yüz manatadək məbləğdə cərimə edilir.

528-1.2. İctimai işlər növündə cəzanın və ya inzibati tənbehin icra edildiyi yerdə işəgötürən tərəfindən şəxs üçün müəyyən edilmiş işin yerinə yetirilməsinə nəzarət edilməməsinə, yaxud işlədiyi saatların uçotunun aparılmamasına və ya düzgün aparılmamasına, şəxsin ictimai işlərin yerinə yetirilməli olduğu vaxtların cədvəlinin tərtib edilməməsinə və ya bu cədvəlin icra məmuruna vaxtında göndərilməməsinə, habelə ictimai işlərin yerinə yetirilməsindən boyun qaçırma halları barədə icra məmuruna dərhal məlumat verilməməsinə görə –

vəzifəli şəxslər altı yüz manatdan səkkiz yüz manatadək məbləğdə cərimə edilir.

528-1.3. İcra məmuru tərəfindən ayda iki dəfədən az olmayaraq şəxsin ictimai işləri yerinə yetirməli olduğu vaxtlarda həmin işlərin görüldüyü yerlərə baş çəkilməməsinə görə –

vəzifəli şəxslər üç yüz manatdan altı yüz manatadək məbləğdə cərimə edilir.”.

Maddə 2. Bu Qanun 2017-ci il dekabrın 1-dən qüvvəyə minir.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 20 oktyabr 2017-ci il.

 

Mənbə: president.az

 

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.