Kiçik yatırımla ən faydalı biznesi qurmaq yolları (2-ci hissə)

posted in: Məqalə, Xəbər | 0

İnkişaf etmiş ölkələrdə kiçik biznes iqtisadiyyatın mühüm hissəsini təşkil edir. Təəccüblənmək lazım deyil: sahibkar demək olar ki, sərmayəsiz yaxşı pullar qazana bilər. Əlbəttə, gəlir fəaliyyət növündən və biznesin təşkili formasından asılı olur. Biz sizə kiçik yatırımla ən faydalı biznesi necə qurmağın yollarından söz açacağıq.

Biznes rəhbəri – təşkilatçı roluna can atır. Burada rəsmiyyət xatirinə (mühasibat uçotu, kadr məsələləri, icarə) start üçün demək olar ki, həmişə əhəmiyyətli sərmayə tələb olunur. İlkin mərhələdə biznes gəlir gətirmir, nə vaxt gəlir gətirəcəyi məsələsi də bir qədər qaranlıq qalır. Amma, əgər prosesi yoluna qoymaq mümkün olarsa, yüksək mənfəət və passiv gəlirlər, bütün riskləri qabaqlaya bilir.

İşlərin təşkili üsullarından asılı olmayaraq, sahibkarın peşəkar hazırlığı çox mühümdür. Yüksək gəlirli biznes növlərinin əksəriyyəti yaxşı peşəkar hazırlıq tələb edir. Siz inkişaf etdirmək istədiyiniz sahə üzrə ya mütəxəssis, ya da ekspert olmalısınız.  Bu, danışıqlarda sizə kömək edəcək və səmərəli olmayan qərarlar qəbulundan sizi qoruyacaq.

Biznesin informasiya hazırlığı

İnformasiya hazırlığı mərhələsində bazarı və rəqiblərinizin təcrübəsini öyrənin, gələcək fəaliyyətiniz üçün əsas iqtisadi göstəriciləri nəzərə alın:

  • qoyulacaq investisiyaların həcmi;
  • icarə, nəqliyyat, reklam, xammal alışına çəkilən xərclər;
  • vergi yükü;
  • xidmət və məhsulların maya dəyəri;
  • biznesin təmiz gəliri.

Sizin məhsullara və xidmətlərə böyük tələbat olduğuna və bazarın kifayət qədər “dərin” olduğuna əmin olmalısınız: müştəriləriniz ödəmə qabiliyyətinə malikdirlər və təkcə sizi yox, həm də sizin gələcək əməkdaşlarınızı dolandırmaq imkanındadırlar. Sizin təklifləriniz istehlak mühitinə adekvat olmalıdır. Kiçik qəsəbələrdə ayfonlar və incəsənət əşyaları satmayın.

Əmək bazarında sizə lazım olan ixtisaslar üzrə mütəxəssislərin olub-olmamasını yoxlayın. Potensial tədarükçüləri axtarıb tapın və onların zəruri olan xammalla sizi təmin edə biləcəyinə əmin olun. Fəaliyyətinizlə bağlı stabil istiqamətləri seçin, əgər risk etmək istəmirsinizsə və özünüzə ciddi biznes qurmaq istəyirsinizsə,  mövsümi məşğuliyyətdən uzaq durun və ya mövsümiliyi nəzərə alın və fəaliyyətiniz üçün elə növü seçin ki, o, “aşağı mövsümə” uyğun gəlsin.

Məqalənin 1-ci hissəsini bu linkə daxil olaraq oxuya bilərsiniz.

Mühasibat və Audit xidmətləri üçün bizə müraciət edin
+994 12 598 20 70
+994 50 210 07 15
info@audit.az

Bu dövlət qurumlarında işləyənlər üçün 5 gün qeyri-iş günü olacaq

posted in: Xəbər | 0

Bakıda keçiriləcək “Formula-1” üzrə Azərbaycan Qran-prisi ilə əlaqədar Hökumət Evində yerləşən dövlət qurumları bir neçə gün işləməyəcək.

Orada fəaliyyət göstərən nazirlik, komitə və digər dövlət müəssisələrinin əməkdaşları 5 günlük tətilə buraxılacaqlar.

İşçilərin tətili aprelin 25-dən 30-nə qədər davam edəcək. Bu müddət ərzində Hökumət Evinə giriş qadağan olunacaq. Artıq dövlət qurumlarının əməkdaşlarına aprelin 25-dən işə gəlməməklə bağlı tapşırıq verilib. Hökumət Evində yerləşən qurumların əməkdaşları üçün son iş günü aprelin 24-ü olacaq. Aprelin 30-dan Hökumət Evində iş bərpa ediləcək.

Qeyd edək ki, “Formula-1” üzrə Azərbaycan Qran-prisi aprelin 27-dən 29-dək keçiriləcək. Hökumət Evi yarışların keçirildiyi əsas zonada yerləşir. Qran-pri həmin binanın qarşısından start götürəcək.

Xatırladaq ki, Hökumət Evində İqtisadiyyat, Kənd Təsərrüfatı, Mədəniyyət və Turizm Nazirlikləri, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman), Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi və digər qurumlar yerləşir.

Mənbə: report.az

Mühasibat və Audit xidmətləri üçün bizə müraciət edin
+994 12 598 20 70
+994 50 210 07 15
info@audit.az

Güzəştli şərtlərlə əmək pensiyası hüququ olan şəxslər kimlərdir?

posted in: Müavinət, Xəbər | 0

Axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların:

kişilər – 57 yaşına çatdıqda, azı 25 il sosial sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə,
qadınlar – 52 yaşına çatdıqda, azı 20 il sosial sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır.

Hipovizqanizm xəstəliyinə tutulan şəxslər (liliputlar) və mütənasibliyi pozulmuş cırtdanboylar – kişilər 47, qadınlar 42 yaşına çatdıqda və həmin şəxslərin azı 5 il sosial sığorta stajı olduqda yaşa görə əmək pensiyası hüququ vardır.

Mülki aviasiya uçuş və uçuş-sınaq heyətində işlə əlaqədar vəzifələrdə kişilərin azı 25 il, qadınların azı 20 il sosial sığorta stajı olduqda, səhhətinə görə uçuş işindən azad olunmuş kişilərin həmin işlər üzrə azı 20 il, qadınların isə azı 15 il sosial sığorta stajı olduqda yaşa görə əmək pensiyası hüququ vardır.

Prokurorluq orqanlarında azı 25 il qulluq etmiş prokurorluq işçilərinin, həmçinin yaşa görə prokurorluq orqanlarında qulluğuna xitam verilmiş, 25 il və daha çox ümumi iş stajı olan, bu stajın azı 12 il 6 ayını prokurorluq orqanlarında qulluq etmiş prokurorluq işçilərinin yaşa görə əmək pensiyası hüququ vardır.

Aşağıdakı hərbi qulluqçularin (hərbi rütbələrdən məhrum edilmiş hərbi qulluqçlar, müddətli həqiqi hərbi xidmət hərbi qulluqçları istisna olmaqla) hərbi qulluqçu kimi yaşa görə əmək pensiyası hüququ vardır:

  • hərbi xidmətdən buraxılanadək 20 təqvim ili və daha çox hərbi xidmət etmiş hərbi qulluqçlar;
  • hərbi xidmətdən yaşa görə buraxılmış, 25 təqvim ili və daha çox ümumi iş stajı olan, bu stajın azı 12 il 6 ayını hərbi xidmətdə keçirmiş şəxslər;
  • hərbi xidmətdən xəstəliyinə və ya səhhətinin məhdud imkanlarına, habelə ştatların ixtisarına görə buraxılmış və buraxıldığı gün 45 və daha çox yaşı, 25 təqvim ili və daha çox ümumi iş stajı olan, bu stajın azı 12 il 6 ayını hərbi xidmətdə keçirmiş şəxslər;
  • hərbi xidmət müddəti 15 il və daha çox olmaqla Çernobıl AES-də qəzanın nəticələrinin aradan qaldırılması işlərində köçürmə zonasında iştirak etmiş hərbi qulluqçular.

Hərbi qulluqçu kimi yaşa görə əmək pensiyası hərbi xidmət dövründə deyil, hərbi xidmətdən buraxıldıqdan sonra təyin olunur. Ədliyyə orqanlarında qulluq keçmiş aşağıdakı şəxslərin yaşa görə əmək pensiyası hüququ vardır:

  • ədliyyə orqanlarında xüsusi rütbələr nəzərdə tutulan vəzifələrdə azı 25 il qulluq stajı olan ədliyyə işçiləri;
  • cəzaçəkmə müəssisələrində, istintaq təcridxanalarında və azadlıqdan məhrum edilmiş şəxslər üçün nəzərdə tutulmuş müalicə müəssisələrində müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş işlərin və peşələrin siyahısı üzrə məhkumlarla və həbsdə olan şəxslərlə işləyən mülki işçilər:
    kişilər – 55 yaşına çatdıqda və ümumi əmək stajı 25 ildən az olmamaqla, bu stajın azı 15 təqvim ilini məhkumlarla və həbsdə olan şəxslərlə işləmişsə;
    qadınlar – 50 yaşına çatdıqda və ümumi əmək stajı 20 ildən az olmamaqla, bu stajın azı 10 təqvim ilini məhkumlarla və həbsdə olan şəxslərlə işləmişsə. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunu qüvvəyə mindiyi günədək bu qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir.

Mənbə: sspf.gov.az

Mühasibat və Audit xidmətləri üçün bizə müraciət edin
+994 12 598 20 70
+994 50 210 07 15
info@audit.az

Bu gün mənfəət və gəlir vergisi üzrə cari ödəmələrin son günüdür!

posted in: Vergi, Xəbər | 0

Gəlir və mənfəət vergisi üzrə hesabat dövrü təqvim ilidir. Hüquqi şəxslər və fərdi sahibkarlar rüb qurtardıq­dan sonra cari ödəmələri 15 gündən gec olmayaraq dövlət büdcəsinə ödəməlidirlər. Bələdiyyə mülkiyyətin­də olan müəssisə və təşkilatlar mənfəət vergisini yerli büdcəyə (bələdiyyə büdcəsinə) ödəyirlər. Cari vergi ödəmələri vergi ili üçün vergi ödəyicisindən tutulan verginin məbləğinə aid edilir.

Vergi ödəyicisi il ərzində cari vergi ödəmələrinin məbləğini öz seçiminə əsasən aşağıda göstərilən iki mümkün metoddan birinə uyğun müəyyənləşdirə bilər.

· Hər rüb üçün cari ödəmələrin məbləği əvvəlki vergi ilində hesablanmış verginin 1/4 hissəsi məbləğində müəyyən edilir.

· Cari rübdəki gəlirin məbləğini keçən ilin ümumi gəlirində (gəlirdən çıxılan məbləğlər nəzərə alınmadan) verginin xüsusi çəkisini göstərən əmsala vurmaqla müəyyən edilir.

Bu zaman vergi ödəyicisi il ərzində cari vergi ödəmələrinin məbləğini müəyyənləşdirməyin yuxarıdakı iki mümkün metodundan birini seçir və hər il aprel ayının 15-dən gec olmayaraq bu barədə vergi orqanına məlumat verir. Vergi ödəyicisi cari vergi ödəmələrinin məbləğini müəyyənləşdirmək üçün tətbiq etdiyi metod barədə məlumat vermədiyi halda vergi orqanı birinci metodu tətbiq edir.

Vergi ödəyicisi cari vergi ödəmələrinin məbləğini müəyyənləşdirmək üçün ikinci metodu seçdiyi halda, hər rüb başa çatdıqdan sonra 15 gün ərzində mənfəətdən və ya gəlirdən hesablanmış cari vergi məbləği barədə vergi orqanına arayış təqdim etməlidir, əks halda, vergi orqanı birinci metodu tətbiq edir.

Əvvəlki vergi ilində fəaliyyəti olmayan və növbəti vergi ilində fəaliyyət göstərən, habelə yeni yaradılmış və fəaliyyət göstərən vergi ödəyiciləri mənfəət və ya gəlir vergisi üzrə cari vergi ödəmələrini təqvim ili ərzində rüblər üzrə artan yekunla hesablamalı, cari vergi ödəmələrinin məbləği mənfəətdən və ya gəlirdən verginin məbləğinin 75 faizindən az olmamalı, rüb başa çatdıqdan sonra 15 gün ərzində cari vergi ödəmələrini aparmalı və rüb ərzində mənfəətdən və ya gəlirdən hesablanmış cari vergi məbləği barədə vergi orqanına arayış təqdim etməlidir.

Gəlir vergisi (xüsusi notariuslar üzrə)

Xüsusi notariusların gəlir vergisi üzrə hesabat dövrü rübdür.

Xüsusi notariuslar tərəfindən hər bir ay ərzində aparılan notariat hərəkətlərinə, habelə notariat hərəkətləri ilə əlaqədar göstərilən xidmətlərə görə alınan haqlardan (xərclər nəzərə alınmadan) 10 faiz dərəcə ilə gəlir vergisi hesablanmalı, hesablanmış vergi məbləği isə növbəti ayın 20-dən gec olmayaraq dövlət büdcəsinə ödənilməlidir.

Xüsusi notariuslar tərəfindən aparılan notariat hərəkətlərinə, habelə notariat hərəkətləri ilə əlaqədar göstərilən xidmətlərə görə alınan haqlardan (xərclər nəzərə alınmadan) hesablanan gəlir vergisi barədə «Xüsusi notariusun gəlir vergisi bəyannaməsi» hər rüb başa çatdıqdan sonra növbəti ayın 20-dən gec olmayaraq vergi orqanına təqdim edilməlidir.

Gəlir vergisi (idman mərc oyunları, lotereyalar, habelə digər yarışlar və müsabiqələr üzrə)

İdman mərc oyunlarından, lotereyalardan, habelə digər yarış və müsabiqələrdən uduşlar  (mükafatlar) əldə edən şəxsdən ödəmə mənbəyində tutulan gəlir vergisi üzrə hesabat dövrü aydır.

İdman mərc oyunlarından, lotereyaların keçirilməsindən, habelə digər yarışlardan və müsabiqələrdən uduşlar (mükafatlar) əldə edən şəxsə ödəmələr verən şəxslər ödəmə mənbəyində gəlir vergisini hesablayaraq tutmağa, hesabat ayından sonrakı ayın 20-dən gec olmayaraq hesablanmış vergini dövlət büdcəsinə köçürməyə və həmin müddətədək «Uduşlardan (mükafatlardan) əldə edilən gəlirdən ödəmə mənbəyində tutulan vergi bəyannaməsi»ni vergi orqanına verməyə borcludurlar.

Lotereyaların keçirilməsindən, digər yarışlardan və müsabiqələrdən gəlir (mükafat) rezident şəxslər tərəfindən ödənildiyi halda ödəməni həyata keçirən şəxslər, həmin gəlirlər Azərbaycan Respublikasında daimi nümayəndəliyi olmayan qeyri-rezident şəxslər tərəfindən ödənildikdə isə bu gəliri əldə edən şəxsin bank hesabının olduğu yerli bank, xarici bankın Azərbaycan Respublikasındakı filialı və ya poçt rabitəsinin milli operatoru ödəmə mənbəyində gəlir vergisi hesablayaraq tutmağa, hesabat ayından sonrakı ayın 20-dən gec olmayaraq hesablanmış vergini dövlət büdcəsinə köçürməyə və həmin müddətədək «Uduşlardan (mükafatlardan) əldə edilən gəlirdən ödəmə mənbəyində tutulan vergi bəyannaməsi»ni vergi orqanına təqdim etməyə borcludurlar.

Mənbə: vergiler.az

Mühasibat və Audit xidmətləri üçün bizə müraciət edin
+994 12 598 20 70
+994 50 210 07 15
info@audit.az