Hesabat verməyənlər üçün qanunvericilikdə çox ciddi sanksiyalar nəzərdə tutulub

posted in: Xəbər | 0

hesabat sanksiyalar

Nazir müavini: “İnsanlar düşünürlər ki, vergi ödəmirəmsə, niyə hesabat verməliyəm?


“Hesabat verməmək qanun pozuntusudur, bununla bağlı Azərbaycan Respublikasının qanunvericiliyində çox ciddi sanksiyalar nəzərdə tutulub”.

Bunu açıqlamasında Vergilər Nazirinin müavini Sahib Ələkbərov deyib.

S.Ələkbərov bildirib ki, bizdə kənd təsərrüfatı ilə bağlı bəzi məsələlər hələ də açıq qalmaqdadır: “Təxminən, 20 ildən artıqdır bu sektor yalnız torpaq vergisindən başqa digər vergilərdən azaddır. Bu güzəştlər bir növ onunla nəticələndi ki, insanlar düşünməyə başladı, “vergi ödəmirəmsə, niyə hesabat verməliyəm?” Hesabat verməmək qanun pozuntusudur, qanunda var. Bununla bağlı çox ciddi sanksiyalar nəzərdə tutulub.

Düzdür, bu sanksiyalar kənd təsərrüfatına münasibətdə 2020-ci ilin yanvarın 1-dən tətbiq edilməyə başlayacaq. Amma bu gündən biz onları başa salmağa, kənd təsərrüfatında uçot məsələlərini səhmana salmağa çalışırıq. Bundan sonra da bu sahədəki vergilərdən azadolma 5 il müddətində uzadıldı. Heç kəs düşünmür ki, kimsə cənab Prezidentin imzaladığı sənəddə göstərilən 5 ildən tez müddətdə vergiyə cəlb edilsin. Buna ehtiyac da yoxdur. Çünki bu sektorun inkişafı üçün belə tədbirləri biz yəqin ki, bundan sonra da davam etdirəcəyik. Amma uçot olmalıdır.

Bu nə deməkdir – məhsul istehsal edənlər vergidən azaddır, amma onun satışı ilə məşğul olanlar vergidən azad deyil. İstehsalçılar nə qədər məhsul istehsal etdiyini göstərmədiyi təqdirdə, digərləri uçotdan-vergidən yayınmağa şərait əldə etmiş olurlar”.

Nazir müavini bəzilərinin onları yaxşı başa düşməməsindən də şikayətlənib:

“Təəssüf ki, bəziləri bizi yaxşı başa düşmür. Amma vergi orqanları öz işini dərin iqtisadi təhlillər əsasında qurur. Bizdə hamı öz işini bu üslubda qurur. Uyğunsuzluq müəyyən edildikdə bu vergi ödəyicisinə göndərilir və müvafiq sənədlərin təqdim edilməsi tələb olunur. Ola bilər bu texniki xəta, yaxud mühasib səhvindən baş versin. Bəzən bu bilərəkdən olur”, – deyə S.Ələkbərov əlavə edib.

Qeyd edək ki, Vergi Məcəlləsinin müddəalarına əsasən, kənd təsərrüfatı məhsullarının istehsalçıları (o cümlədən, sənaye üsulu ilə) tərəfindən özlərinin istehsal etdikləri kənd təsərrüfatı məhsullarının satışı üzrə dövriyyələr mənfəət (gəlir) vergisindən, əlavə dəyər vergisindən, sadələşdirilmiş sistem üzrə vergidən və həmin fəaliyyət prosesində istifadə olunan obyektlərin əmlak vergisini ödəməkdən azad edilmişdir.

Buna əsasən kənd təsərrüfatı məhsullarının istehsalçılarının özlərinin istehsal etdikləri və emal məhsulu olmayan malların satışı üzrə əldə etdiyi gəlirləri mənfəət (gəlir) vergisindən, əlavə dəyər vergisindən, sadələşdirilmiş sistem üzrə vergidən azaddır. Lakin istehsalçı istehsal etdiyi kənd tərəsərrüfatı məhsullarından emal məhsulu formalaşdırırsa (məsələn, yetişdirilmiş mal-qaranın kəsilərək ət şəklində satışı, becərilmiş meyvələrin qurudularaq satışı), həmin emal məhsullarına görə ümumi qaydada seçdiyi vergitutma metodundan (mənfəət (gəlir vergisi) və ya sadələşdirilmiş vergi) asılı olaraq müvafiq vergiləri hesablayıb dövlət büdcəsinə ödəməlidir.


Teleqram kanalımıza üzv olun


Bunlarla yanaşı, vergi ödəyicisinin digər şəxslərdən aldığı kənd təsərrüfatı məhsullarının satışı onun istehsal etdiyi kənd təsərrüfatı məhsulu hesab edilmir və həmin məhsulların satışından əldə olunan gəlirlərdən ümumi qaydada vergilər hesablanıb dövlət büdcəsinə ödənilir. Göründüyü kimi, kənd təsərrüfatı məhsullarının tədarük qaydasında alğı-satqısını həyata keçirən şəxslər kənd təsərrüfatı məhsullarının istehsalçıları hesab edilmir və onlara bu sahə üzrə nəzərdə tutulmuş vergi güzəştləri tətbiq edilmir.

Kənd təsərrüfatı məhsullarının bazarlarda, yarmarkalarda və səyyar qaydada satışından əldə edilən gəlirlər sadələşdirilmiş vergitutma metodu tətbiq edildiyi halda təqdim edilmiş mallara görə hasilatın həcmindən (xərclər çıxılmadan) Bakı şəhərində 2 faiz dərəcə ilə hesablanır. Gəlir vergisi metodu tətbiq edildiyi halda isə təqdim edilmiş mallara görə əldə olunan gəlirdən təqdim olunan malların alınmasına çəkilən xərclər, habelə qanunla nəzərdə tutulmuş icbari ödənişlər çıxılmaqla qalan fərqdən vergidən azad olunan hissə (gəlirin 75 faizi) də çıxılmaqla 20 faiz dərəcə ilə gəlir vergisi ödənilir.

Bununla yanaşı, bazarlarda, yarmarkalarda və səyyar qaydada kənd təsərrüfatı məhsullarının satışı həyata keçirildikdə bu malların alıcılarına qəbz və ya digər ciddi hesabat blankı təqdim edilməli və həmin blanklarda qanunvericiliklə müəyyən edilmiş məlumatlar əks olunmalıdır.

Azərbaycanda kənd təsərrüfatı məhsullarının istehsalçılarına 1999-cu ildən 5 il müddətinə tətbiq edilən və indiyədək 4 dəfə müddəti uzadılan bu güzəştlər 2024-cü ilədək qüvvədə olacaq.

Mənbə: report.az


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Müavinət və maddi yardımdan işsizlikdən sığorta haqqı tutulmalıdır?

posted in: sual-cavab, Vergi, Xəbər | 0

Müavinət və maddi yardımdan işsizlikdən sığorta haqqı tutulmalıdır?

Sual:

Xəstəlik vərəqəsinə görə hesablanan məbləğdən, müavinətdən, maddi yardımdan 0,5 % işsizliyə görə vergi tutulmalıdır və yaxud tutulmamalıdır? Xahiş edirəm məni məlumatlandırın. Əvvəlcədən öz minnətdarlığımı bildirirəm.

Cavab:

Bildiririk ki, “İşsizlikdən sığorta haqqında” Qanunun 9-cu maddəsinə əsasən işsizlikdən sığorta üzrə sığorta tarifləri sığortaedən tərəfindən ödənilən sığorta haqqı üzrə – hesablanmış əməyin ödənişi fondunun 0,5 faizi, sığortaolunan tərəfindən ödənilən sığorta haqqı üzrə – işçinin əməkhaqqının 0,5 faizidir.

Əmək ödənişi – fiziki şəxslərin muzdlu işlə bağlı gəliri hesab olunmaqla özündə əmək haqqını və bu işdən alınan hər hansı ödəməni və ya faydanı cəmləşdirir. Əmək Məcəlləsinin 154-cü maddəsinin müddəalarına əsasən əməkhaqqı müvafiq iş vaxtı ərzində əmək funksiyasını yerinə yetirmək üçün əmək müqaviləsi ilə müəyyən edilmiş, işçinin gördüyü işə (göstərdiyi xidmətlərə) görə işəgötürən tərəfindən pul və ya natura formasında ödənilən gündəlik və ya aylıq məbləğ, habelə ona edilən əlavələrin, mükafatların və digər ödənclərin məcmusudur.

Əmək haqqı olmayan ödəmələr (müavinətlər) isə işsizlikdən sığorta haqqı – na cəlb olunmur.
Mənbə: taxes.gov.az

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Maliyyə və rəqəmsal texnologiyalar həftəsi keçiriləcək

posted in: Xəbər | 0

Bakıda “ Maliyyə və rəqəmsal texnologiyalar həftəsi ” keçiriləcək


Teleqram kanalımıza üzv olun


Mayın 13-17-də Bakıda Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) təşkilatçılığı ilə Maliyyə və rəqəmsal texnologiyalar həftəsi keçiriləcək.

Məlumata görə, həftə ölkə prezidentinin 6 dekabr 2016-cı il tarixli fərmanı ilə təsdiq edilmiş “Maliyyə xidmətlərinin inkişafına dair Strateji Yol Xəritəsi” və 26 sentyabr 2018-ci il tarixli sərəncamı ilə təsdiq edilmiş “2018-2020-ci illərdə rəqəmsal ödənişlərin genişləndirilməsi üzrə Dövlət Proqramı”nın bankların rəqəmsal transformasiyasının sürətləndirilməsi, yeni rəqəmsal ödəniş texnologiyalarının tətbiqi, habelə rəqəmsal ödənişlər üzrə maarifləndirmə və təbliğatın gücləndirilməsi üzrə prioritet hədəflərin icrası çərçivəsində baş tutacaq.

Həftə çərçivəsində MBNP, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Azərbaycan Mərkəzi Bankı, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi və “Azərbaycan Banklar Assosiasiyası” İctimai Birliyi (ABA) arasında maliyyə və rəqəmsal texnologiyaların inkişafı və tətbiqinin genişləndirilməsi sahəsində əməkdaşlığa dair anlaşma memorandumunun imzalanması nəzərdə tutulub.

Sənəd əsasında ölkə səviyyəsində maliyyə və rəqəmsal texnologiyaların tətbiqi və onlardan istifadənin genişləndirilməsi, innovativ məhsul və xidmətlər, texnoloji nailiyyətlər üzrə qarşılıqlı məlumat mübadiləsinin aparılması və təcrübənin bölüşülməsi, “fintex”lərin fəaliyyətinin dəstəklənməsi və onların maliyyə şirkətləri, həmçinin banklarla əməkdaşlığının gücləndirilməsi və digər sahələrdə birgə əməkdaşlıq üzrə vahid platforma formalaşdırılacaq.

Həftə çərçivəsində MBNP, digər aidiyyəti dövlət qurumları, ABA, habelə rəqəmsal transformasiya sahəsində qabaqcıl banklar və ödəniş ekosistemində təmsil olunan təşkilatların iştirakı ilə silsilə tədbirlər keçiriləcək. Belə ki, bir sıra banklarda fintexlər üçün açıq qapı günləri, universitet tələbələrinin rəqəmsal laboratoriyalara səfəri və həyata keçirilən layihələrlə tanışlıq, bank mütəxəssislərinin rəqəmsal ödənişlər və innovativ texnologiyalar, habelə kibertəhlükəsizlik üzrə bilik və bacarıqlarının daha da təkmilləşdirilməsi məqsədilə maarifləndirici tədbirlər təşkil ediləcək.

“Visa Inc.” beynəlxalq kart təşkilatı, Beynəlxalq Maliyyə Korporasiyası kimi beynəlxalq təşkilatlarının ekspertləri tərəfindən rəqəmsal ödənişlərdə alternativ xidmət kanallarından istifadə, ödəniş kartları ilə aparılan əməliyyalarda fırıldaqçılıq hallarına qarşı mübarizə mövzusunda seminarlar keçiriləcəkdir. Həmçinin, ödəniş ekosistemində innovasiyaların tətbiqi və rəqəmsal bankçılığın inkişaf etdirilməsi mövzusunda beynəlxalq təşkilatlar ilə qarşılıqlı görüşlər təşkil ediləcək.

“Maliyyə və rəqəmsal texnologiyalar həftəsi” çərçivəsində 16-17 may tarixlərində “Fintex Sammit – Maliyyə və Texnologiyalar Sammiti” keçiriləcək. Rəqəmsal transformasiya əsasında müasir bank sisteminə keçid, ödəniş ekosistemində son trendlər və innovativ ödəniş həlləri, rəqəmsal mühitdə informasiya təhlükəsizliyi və digər mövzuların müzakirə olunacağı bu sammitdə Avropa Banklar Federasiyası, Beynəlxalq Maliyyə Korporasiyası, “VİSA Inc.”, “MasterCard Worldwide”, “American Express”, Ümumdünya Banklararası Maliyyə Telekommunikasiya Sistemi (SWIFT) kimi beynəlxalq təşkilatlarla yanaşı, ABŞ, Yaponiya, Çin, Avropa İttifaqı və Müstəqil Dövlətlər Birliyi ölkələrindən elektron ödənişlər və rəqəmsal bankçılıq sahəsində qabaqcıl təşkilatlarının nümayəndələri iştirak edəcək.

Ümumilikdə “ Maliyyə və rəqəmsal texnologiyalar həftəsi ” nin keçirilməsi rəqəmsal texnologiyaların tətbiqinin təşviqi, banklarla fintexlər arasında qarşılıqlı əlaqələrin möhkəmləndirilməsi, beynəlxalq təcrübədə uğurlu layihələrlə tanışlıq və təcrübə mübadiləsinin aparılması, habelə ictimaiyyətin müxtəlif təbəqələrinin rəqəmsal bankçılıq, elektron ödənişlər və kibertəhlükəsizlik mövzusunda maliyyə savadlılığının yüksəldilməsi baxımından mühüm roy oynayacaq.
Mənbə: report.az

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Neft-qaz sahəsində fəaliyyətin və qeyri-dövlət sektorunun meyarları

posted in: Xəbər | 0

Neft-qaz sahəsində fəaliyyətin və qeyri-dövlət sektorunun meyarları.


Teleqram kanalımıza üzv olun


1 yanvar 2019-cu il tarixdən neft-qaz sahəsində fəaliyyəti olmayan və qeyri-dövlət sektoruna aid edilən vergi ödəyicilərində işləyən fiziki şəxslərin muzdlu işdən aylıq gəlirlərindən gəlir vergisi güzəştli dərəcələrlə hesablanır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 18 fevral 2019-cu il tarixli 56 nömrəli Qərarı ilə “ Neft-qaz sahəsində fəaliyyətin və qeyri-dövlət sektorunun meyarları” təsdiq edilmişdir.

Vergi ödəyicilərindən, o cümlədən müəssisə və təşkilatlardan onların fəaliyyətinin hansı hallarda neft-qaz sahəsində, dövlət sektorunda və ya qeyri-dövlət sektorunda fəaliyyət hesab olunması barədə çoxsaylı müraciətlər daxil olmaqdadır.

Vergi nəzarəti tədbirləri zamanı muzdlu işlə əlaqədar gəlir vergisinin və sosial sığorta haqlarının hesablanması məqsədləri üçün ayrı-ayrı hallarda neft-qaz sahəsində fəaliyyətin və qeyri-dövlət sektorunun meyarlarının müəyyən edilməsi zamanı aşağıdakılar rəhbər tutulmalıdır.
Neft-qaz sahəsində fəaliyyət:
Bu şəxslərin fəaliyyəti neft-qaz sektorunda fəaliyyət hesab edilir:
1. Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti (ARDNŞ);
2. ARDNŞ-nin strukturuna daxil olan müəssisələr;
3. Hasilatın pay bölgüsü haqqında, əsas boru kəməri haqqında və digər bu qəbildən olan sazişlər üzrə podratçılar və əməliyyat şirkətləri fəaliyyət növündən asılı olmayaraq tam tərkibdə.

Qeyd: Yuxarıda sadalanan şəxslər bundan sonra Meyarların 2.1.1-ci yarımbəndində göstərilən şəxslər kimi qeyd edilir.
4. Meyarların 2.1.1-ci yarımbəndində göstərilən şəxslərə birbaşa mal (iş, xidmət) təqdim edən xarici və yerli subpodratçılar aşağıdakı şərtlər daxilində neft-qaz sektoru hesab edilir:
– mövcud subpodratçılar üzrə – Meyarların 2.1.1-ci yarımbəndində göstərilən şəxslərə təqdim olunan mal, görülən iş və göstərilən xidmətlərə görə əvvəlki təqvim ili ərzində əldə olunan illik gəlirlərin (xərclər nəzərə alınmadan) həcmi məcmu illik gəlirlərin 50 faizindən çox olduğu təqdirdə;
– il ərzində yeni yaradılan subpodratçılar üzrə – təqvim ili ərzində Meyarların 2.1.1-ci yarımbəndində göstərilən şəxslərə müqavilə bağlayan subpodratçıların ilin əvvəlindən artan yekunla cəmi gəlirlərində (xərclər nəzərə alınmadan) həmin müqavilələr üzrə gəlirlərin (xərclər nəzərə alınmadan) xüsusi çəkisi 50 faizdən çox olduğu təqdirdə.

Meyarların 2.1.1-ci yarımbəndində göstərilən şəxslərə mal (iş, xidmət) təqdim edən şəxslərə mal (iş, xidmət) təqdim edən digər şəxslər (subpodratçının subpodratçısı) üzrə:
Meyarların 2.1.1-ci yarımbəndində göstərilən şəxslərə birbaşa bağlanmış müqavilələr əsasında malların (işlərin, xidmətlərin) təqdim edilməsini həyata keçirən şəxslərə mal (iş və xidmət) təqdim edən digər şəxslərin (subpodratçının subpodratçısı) fəaliyyəti neft-qaz sahəsində fəaliyyət hesab edilmir.
Misal: “A” MMC müqavilə əsasında ARDNŞ-yə mal təqdim edir və bundan əldə olunan gəliri illik gəlirin 70 faizini təşkil edir. Bu halda “A” MMC-nin fəaliyyəti neft-qaz sahəsində fəaliyyət hesab edilir.
“B” MMC isə müqavilə əsasında “A” MMC-yə malları təqdim edir. Bu halda “B” MMC-nin “A” MMC-yə mal təqdim etməsindən əldə olunan gəlirin həcmindən asılı olmayaraq “B” MMC-nin fəaliyyəti neft-qaz sahəsində fəaliyyət hesab edilmir.

Mənbə: vergiler.az


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.