Mebel ustası nə qədər vergi ödəməli və sosial ödəniş etməlidir?

posted in: Xəbər | 0

Mövzunu “Business Service Centre” şirkətinin maliyyə-mühasibatlıq işləri üzrə aparıcı mütəxəssisi Ziya Həmidli şərh edir.

Vergi Məcəlləsinin 218.1-ci maddəsinə əsasən, illik dövriyyəsi 200.000 manatdan artıq olmayan şəxslər sadələşdirilmiş vergi ödəyicisi ola bilərlər. Bu zaman tətbiq edilən vergi dərəcəsi, 220.1-ci maddəyə uyğun olaraq, 2 faiz həcmində müəyyən edilir. Mebel istehsalı və təmiri ilə məşğul olan fiziki şəxslər fərdi sahibkar qismində qeydiyyata alınaraq sadələşdirilmiş vergi ödəyicisi statusunda fəaliyyət göstərə bilirlər. Beləliklə, mebel ustalarının ödədiyi vergi gəlirdən deyil, birbaşa əldə edilən dövriyyədən tutulur.

Misal 1

Əgər mebel ustası bir ayda 5.000 manatlıq sifariş icra edibsə, ödəyəcəyi vergi 100 manat təşkil edir:

5.000 x 2% = 100 manat.

Əgər illik dövriyyə 60.000 manatdırsa, bu halda vergi öhdəliyi 1.200 manat olur:

60.000 x 2% = 1.200 manat.

Burada nəzərə alınmalıdır ki, sadələşdirilmiş vergi gəlirdən deyil, məhz dövriyyədən tutulur, yəni xərclərin olub-olmamasından asılı deyil. Həmçinin, alınan avans məbləği sadələşdirilmiş verginin vergitutma obyekt deyildir.

Misal 2

Rüb ərzində 7.000 manatlıq xidmət göstərilib. Xidmətin ödənişi tam olaraq daxil olub. Əlavə olaraq növbəti göstəriləcək xidmət üçün 5.000 manatlıq avans məbləğ daxil olub. Bu halda vergi öhdəliyi belə hesablanacaq:

7.000 x 2% = 140 manat.

Lakin Vergi Məcəlləsinin 218.5.8-ci maddəsinə əsasən, rüb ərzində işçilərinin (faktiki işə cəlb edilən) orta sayı 10 nəfərdən çox olan və istehsal fəaliyyətini həyata keçirən şəxslər artıq sadələşdirilmiş vergi ilə fəaliyyət göstərmək hüququnu itirir və gəlir vergisinə keçir. Belə olan halda fiziki şəxs artıq gəlir vergisi ödəyicisi sayılır və əldə etdiyi gəlirdən (gəlirlərdən çıxılan təsdiqlənmiş xərclərdən sonra qalan məbləğ əsasında) 20% dərəcə ilə vergi ödəyir. Əgər həmin şəxs mikro sahibkarlıq subyektidirsə, yəni illik gəliri 200.000 manatdan artıq deyilsə, orta aylıq muzdlu işçi sayı 3 nəfərdən az olmayan və məcburi dövlət sosial sığorta haqları üzrə borcu yoxdursa, onda gəlir vergisinə 75% güzəşt tətbiq olunur.

Bundan əlavə, Vergi Məcəlləsinin 218.6.1-ci maddəsinə görə, əgər sadələşdirilmiş vergi ödəyicisinin rüb ərzində topdansatış əməliyyatlarının ümumi dövriyyəyə nisbəti 30%-dən çox olarsa, o zaman sadələşdirilmiş vergi ödəyicisi hüququnu itirir və gəlir vergisinə keçir.

Misal 3

Fiziki şəxs ilin əvvəlində mebel sexində 7 nəfər işçi çalışdırır. Aprel ayından isə sifarişlər çoxalır və o, əlavə olaraq 5 nəfər də işə götürür. Nəticədə aprel–iyun ayları (II rüb) üzrə orta işçi sayı belə olur:

  • aprel: 12 nəfər;
  • may: 12 nəfər;
  • iyun: 12 nəfər.

Orta işçi sayı: (12 + 12 + 12) : 3 = 12 nəfər.

Bu halda, Vergi Məcəlləsinin 218.5.8 ci maddəsinə əsasən, fiziki şəxs artıq sadələşdirilmiş vergi ilə fəaliyyət göstərə bilməz, çünki istehsalatda rüb ərzində orta işçi sayı 10 nəfəri keçib. Tutaq ki, həmin ilin qalan aylarında fiziki şəxsin ümumi gəliri 60.000 manat, rəsmi xərcləri isə 20.000 manatdır. Bu zaman onun xalis gəliri 40.000 manat olacaq:

60.000 – 20.000 = 40.000 manat.

Əgər həmin fiziki şəxs mikro sahibkarlıq subyektidirsə (illik dövriyyəsi 200.000 manatdan azdır), gəlir vergisinə 75% güzəşt tətbiq olunur.

40.000 x 20% = 8.000 manat;
8.000 x 75% = 6.000 manat.

Ödəniləcək vergi: 8.000 – 6.000 = 2.000 manat.

Yəni, əvvəlki sadələşdirilmiş vergidə 3.200 manat ödəyən fiziki şəxs işçi sayının artması səbəbilə gəlir vergisinə keçəcək və 2.000 manat vergi ödəyir. Amma bu, yalnız o halda mümkündür ki, xərcləri rəsmi sənədlərlə təsdiq olunsun, əks halda, gəlir vergisi daha yüksək çıxacaq.

Vergi öhdəlikləri ilə yanaşı, mebel ustaları üçün icbari sosial sığorta ödənişləri də nəzərdə tutulub. “Məcburi dövlət sosial sığorta haqqında” Qanuna əsasən, fərdi sahibkarlar minimum aylıq əməkhaqqının müəyyən faizi əsasında sosial sığorta haqları ödəyirlər. Hazırda minimum əməkhaqqı 400 manat təşkil edir. Bakı şəhərində fəaliyyət göstərən sahibkar üçün bu məbləğin 25%-i 100 manat aylıq sosial sığorta haqqı kimi ödənilir. Regionlarda isə ödəniş əmsallarla tənzimlənir: Gəncə və Sumqayıt şəhərlərində 90%, digər şəhərlərdə 80%, kənd yerlərində isə 50%.

Vergi Məcəlləsinin 221.1-1-ci maddəsinə əsasən, sadələşdirilmiş verginin ödəyicisi kimi fəaliyyət göstərən mikro sahibkarlıq subyekti olan fiziki şəxslər tərəfindən özlərinə görə ödədiyi rüblük məcburi dövlət sosial sığorta haqqı məbləğinin 25 faizi vergi ödəyicisinin rüb ərzində hesablanmış sadələşdirilmiş vergi öhdəliyindən (həmin öhdəliklərin məbləğindən çox olmamaqla) çıxılır.

Misal 4

Mebel ustası rüblük 25.000 manat dəyərində xidmət göstərib. Göstərilmiş xidmətin dəyəri tam olaraq daxil olub. Fiziki şəxsin özünə görə rüblük ödədiyi məcburi dövlət sosial sığorta haqqı məbləği 300 manat təşkil edir.

Bu halda verginin hesablanması: 25.000 x 2% = 500 manat;

Azaldılmalı vergi məbləği: 300 x 25% = 75 manat;

Ödənilməli vergi: 500 – 75 = 425 manat.

Bundan əlavə, “İcbari tibbi sığorta haqqında” Qanuna əsasən, bütün fərdi sahibkarlar icbari tibbi sığorta haqqının ödəyiciləridir. Qanunun 15-ci maddəsinə uyğun olaraq, fərdi sahibkarların tibbi sığorta haqqı minimum əməkhaqqının 4 faizi həcmində müəyyən edilib. Bu göstərici hazırda 16 manat təşkil edir və bütün regionlarda eyni məbləğdə tətbiq olunur.

Mənbə: vergiler.az

Sahibkarlıq fəaliyyəti ilə bağlı lisenziyanı necə əldə etmək olar?

Ölkədaxili nağdsız əməliyyatların həcmində artım davam edir

posted in: Xəbər | 0

2025-ci ilin iyul ayının sonuna dövriyyədə olan ödəniş kartlarının sayı hesabat ilinin əvvəlinə nəzərən 948 min ədəd və ya 4,75 faiz artaraq 20 milyon 913 ədədə yüksəlib.

Mərkəzi Bankın hesabatına əsasən, 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə artım 14 faizə bərabərdir. Debet ödəniş kartlarının sayı 17 faiz artsa da, kredit kartlarının sayı 7 faiz azalıb.

Ödəniş kartlarının artması nağdsız ödənişlərin həcminə müsbət təsir göstərib. Belə ki, ay ərzində ölkədaxili nağdsız əməliyyatların həcmi keçən ilin müvafiq dövrü ilə müqayisədə 20,2 faiz artıb.

2025-ci ilin iyulunda kartlar vasitəsilə həyata keçirilən ölkədaxili nağdsız ödənişlərin həcmi 8 milyard 753 milyon manat təşkil edib ki, bunun da 7 milyard 629 milyon manatı elektron ticarətin payına düşüb. POS terminallarla 1 milyard 120 milyon, özünə xidmət terminalları və bankomatlar vasitəsilə 5 milyon manat dəyərində əməliyyatlar həyata keçirilib.

Mənbə: vergiler.az

Sahibkarlıq fəaliyyəti ilə bağlı lisenziyanı necə əldə etmək olar?

Normadan artıq ezamiyyə xərcləri hansı qaydada vergiyə cəlb edilir?

posted in: Xəbər | 0

İşçi ölkə daxilində ezamiyyətə göndərilir. Bu zaman o, şəhərlərarası taksidən və ya şəxsi minik avtomobilindən istifadə etsə də təsdiqedici sənəd təqdim edə bilmir. Lakin şəxsi minik avtomobilindən istifadə etdikdə yanacaq ilə bağlı təsdiqedici çeklər təqdim olunur. Bu halda işçinin ezamiyyə xərcindən artıq olan yanacaq xərci və şəhərlərarası taksi xərcləri işçinin muzdlu işdən gəlirinə aid edilirmi və həmin məbləğ gəlir vergisinə və məcburi sosial sığorta haqlarının hesablanmasına cəlb olunurmu?

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən bildirilib ki, fiziki şəxs tərəfindən muzdlu işlə əlaqədar alınan gəlir – əməkhaqqı, bu işdən alınan hər hansı ödəmə və ya fayda, o cümlədən əvvəlki iş yerindən, yaxud gələcək muzdlu işdən alınan gəlirdir.

Ezamiyyə xərclərinin faktiki məbləği qanunvericiliklə müəyyən edilmiş normadan artıq olduğu halda, faktiki ezamiyyə xərclərinin əvəzi xərclərin çəkilməsini təsdiq edən sənədlər əsasında ödənilərsə, bu qaydada ödənilmiş ezamiyyə xərci fiziki şəxsin vergi tutulan gəlirinə aid edilmir. Faktiki ezamiyyə xərclərinin müvafiq icra hakimiyyəti orqanının müəyyənləşdirdiyi normadan artıq olan hissəsi gəlirdən çıxılmır. Qanunvericiliklə müəyyən edilmiş normadan artıq ödənilən faktiki ezamiyyə xərclərinin məbləği müvafiq sənədlərlə təsdiq edilmədiyi halda, həmin xərclərin qanunvericiliklə müəyyən edilmiş normadan artıq olan hissəsi işçinin vergiyə cəlb olunan gəlirinə aid edilir.

Əsas: Vergi Məcəlləsinin 98.3-cü, 102.1.14.2-ci, 109.7-ci maddələri, Nazirlər Kabinetinin “Ezamiyyə xərclərinin normaları haqqında” 25 yanvar 2008-ci il tarixli və Maliyyə Nazirliyinin “İşçilərin ezamiyyə qaydaları”

Mənbə: vergiler.az

Dövlət maliyyəsinin idarə edilməsində rəqəmsallaşma genişləndirilir

Malın mənşə ölkəsini təsdiq edən sertifikatın verilməsi

posted in: Xəbər | 0

Malın mənşə ölkəsini təsdiq edən sertifikat ixracatçı ölkənin səlahiyyətli orqanı tərəfindən verilən və mənşə ölkəsini təsdiq edən sənəddir. Malın mənşə ölkəsi Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilən və bu ərazidən aparılan mallar üzərində tarif və qeyri-tarif göstəricilərinin həyata keçirilməsini təmin etmək məqsədilə müəyyən olunur. Mənşə sertifikatının alınması malların ixracı zamanı sahibkarlara idxalçı ölkədə preferensiya əldə etməyə, yəni güzəştli şərtlərlə idxal gömrük rüsumlarını ödəməyə şərait yaradır.

Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin məlumatına görə, ölkəmizdə mənşə sertifikatlarının 5 növü mövcuddur:

1. CT-1 formalı sertifikat – Malların mənşəyi Azərbaycan və ya digər MDB ölkəsi olduğu halda, MDB ölkələrinə ixrac edilən mallar üçün tərtib edilir.

2. Ümumi formalı sertifikat – Malın Azərbaycan Respublikasının azad ticarət və preferensial ticarət rejimi barədə ikitərəfli və çoxtərəfli razılaşmaları olmayan ölkələrə ixracı zamanı verilir.

3. A formalı sertifikat – Avropa ölkələri, həmçinin ABŞ, Kanada və Yeni Zelandiya ölkələri üçün tərtib edilir.

4. AZ-TR formalı sertifikat – “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında imzalanmış Preferensial Ticarət Sazişi”ndə nəzərdə tutulmuş müvafiq malların müəyyən edilmiş miqdarda Türkiyə Respublikasına ixracı zamanı verilir.

5. AZ-PK formalı sertifikat – “Azərbaycan Respublikası Hökuməti ilə Pakistan Respublikası Hökuməti arasında imzalanmış Preferensial Ticarət Sazişi”ndə nəzərdə tutulmuş müvafiq malların Pakistan Respublikasına ixracı zamanı verilir.

“Malın mənşə ölkəsini təsdiq edən sertifikatın verilməsi Qaydaları” Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin Kollegiyasının 2012-ci il 25 aprel tarixli 02 saylı qərarı ilə təsdiq edilmişdir.

Sözügedən Qaydaya əsasən, mənşə sertifikatı hüquqi və fiziki şəxslərin (sifarişçi) Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinə müraciəti əsasında verilir. Ərizəyə aşağıdakı sənədlər əlavə edilməlidir:

• sifarişçi hüquqi şəxs olduqda dövlət qeydiyyatı haqqında şəhadətnamənin və hüquqi şəxslərin dövlət reyestrindən çıxarışın surəti;
• sifarişçi hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs olduqda fiziki şəxsin vergi uçotu haqqında şəhadətnamənin surəti;
• sifarişçi ilə alıcı arasında bağlanmış müqavilənin surəti (olduğu halda);
• qaimə-fakturanın (invoysun) surəti;
• ixrac olunan məhsulun ilkin xammalının, yarımfabrikatın, yaxud məhsulların hazırlanmasında iştirak edən digər materialların alınmasını təsdiq edən müqavilə və ya başqa təsdiqedici sənədlərin surəti;
• ixrac olunan məhsulun ilkin xammalı, yarımfabrikatı, yaxud məhsulların hazırlanmasında iştirak edən digər materialları xarici ölkə mənşəli olduğu təqdirdə, emal nəticəsində malın xarici iqtisadi fəaliyyətin əmtəə nomenklaturası (XİF ƏN) üzrə mövqeyində ilk dörd rəqəmdən ən azı birinin səviyyəsində dəyişmənin olması və ya advalor pay qaydası tətbiq olunduğu hallarda istifadə olunmuş materialların dəyərinin göndərilən malın qiymətinin faizlə müəyyən edilmiş həddə çatması ilə əlaqədar sənəd (kalkulyasiya).

Agentlikdə sorğuya və ona əlavə olunmuş sənədlərə baxılır, təqdim olunmuş sənədlərdə həqiqətə uyğun olmayan və ya təhrif olunmuş məlumatlar olduqda sorğunun yerinə yetirilməsindən imtina olunur. Mənşə sertifikatının verilməsindən imtina edildikdə bu barədə istifadəçiyə əsaslandırılmış yazılı məlumat verilir. İmtina üçün əsaslar olmadıqda mənşə sertifikatının verilməsi barədə qərar qəbul edilir.

Sorğuda və ona əlavə edilən sənədlərdə aradan qaldırılması mümkün olan və imtina üçün əsas olmayan çatışmazlıqlar aşkar edildikdə bu barədə ərizəçiyə 1 gündən gec olmayaraq yazılı məlumat verilir. Onlar aradan qaldırıldıqdan sonra istifadəçi təkrar sorğu ilə müraciət edə bilər.

Sorğu və ona əlavə edilən sənədlərdə çatışmazlıqlar aşkar edilmədikdə malın mənşə ölkəsinin müəyyən edilməsi üzrə ekspertizanın keçirilməsi üçün sənədlər 1 gündən gec olmayaraq Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin tabeliyində olan “İstehlak Mallarının Ekspertizası Mərkəzi” MMC-yə təqdim olunur. Sənədlər təqdim olunduğu tarixdən 1 gündən gec olmayaraq sorğuya əlavə olunmuş sənədlər və istifadəçi ilə bağlanan müqavilə əsasında “İstehlak Mallarının Ekspertizası Mərkəzi” MMC-nin eksperti tərəfindən malın mənşə ölkəsinin müəyyən edilməsi qaydasına uyğun olaraq malın mənşə ölkəsi müəyyən edilir.

Ekspertizanın keçirilməsi zamanı həm də ixrac edilən mal partiyasının mövcudluğu, malın texnoloji prosesinin mərhələlər üzrə istehsal olunub-olunmadığı, istehsal üçün avadanlıqların və şəraitin olub-olmadığı araşdırılır. Ekspertiza nəticəsində tərtib olunan aktın bir nüsxəsi “İstehlak Mallarının Ekspertizası Mərkəzi” MMC-də qalır, bir nüsxəsi istifadəçiyə verilir, digər nüsxəsi isə Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinə təqdim olunur. Ekspertizaların nəticələrinə əsasən, Agentlik tərəfindən istifadəçinin sorğusuna dair müvafiq qərar qəbul edilir. İmtina üçün əsas olmadıqda, malın mənşə ölkəsini təsdiq edən sertifikatın verilməsi haqqında qərar qəbul edilir. Malın mənşə ölkəsini təsdiq edən sertifikatın verilməsi haqqında qərar qəbul edildikdən sonra istifadəçi dövlət rüsumunu ödəyir.

Malın mənşə ölkəsini təsdiq edən sertifikatın verilməsinə görə “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 30-1-ci maddəsinə əsasən, 30 AZN məbləğdə dövlət rüsumu nəzərdə tutulur. Mənşə sertifikatı Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin Bakı şəhəri şöbəsində və 2 saylı, 3 saylı, 6 saylı, 11 saylı,12 saylı və 13 saylı regional bölmələrində sahibkarlara təqdim olunur.

Mənşə sertifikatının etibarlılıq müddəti verildiyi tarixdən etibarən 1 ildir.

Malın mənşə ölkəsini təsdiq edən sertifikatların verilməsi prosesinin tam elektronlaşdırılması məqsədilə Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi tərəfindən “Mənşə sertifikatı” alt modulu hazırlanıb və Agentliyin Keyfiyyət informasiya sistemində (https://e-keyfiyyet.gov.az) istifadəyə verilib.

Keyfiyyət informasiya sistemi vasitəsilə müraciətlərin qəbulu ixracatçılar üçün aşağıdakı imkanları təqdim edir:

• elektron imza və ya asan imzadan istifadə etməklə şəxsi kabinetin yaradılması;
• real rejimdə müraciətlərin icra statusları barədə dəqiq məlumatların əldə edilməsi;
• malın mənşə ölkəsinin müəyyən edilməsi üzrə ekspertizanın keçirilməsi məqsədilə müqavilənin bağlanması və keçirilən ekspertiza üçün xidmət haqqının ödənilməsinin elektron qaydada həyata keçirilməsi;
• dövlət rüsumlarının elektron qaydada ödənilməsi;
• müəyyən dövr aralığında əldə edilmiş mənşə sertifikatları barədə statistik məlumatların əldə olunması;
• ixracatçıların təqdim etdiyi məlumatlar əsasında mənşə sertifikatlarının elektron qaydada formalaşdırılması;
• mənşə sertifikatlarının çevik və operativ əldə edilməsi və s.

Hazırda malın mənşə ölkəsini təsdiq edən sertifikatların əldə edilməsi üçün müraciətlər hibrid formada olmaqla həm Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin rəsmi internet səhifəsi üzərindən, həm də Keyfiyyət informasiya sistemi üzərindən qəbul edilir.

Məlumat üçün bildiririk ki, Agentliyin Bakı şəhəri və regional bölmələri tərəfindən sahibkarlıq subyektlərinə 2025-ci ilin I yarımilində ümumilikdə 46 119 mənşə sertifikatı təqdim olunub. Bu da ötən ilin analoji dövrü ilə müqayisədə 21,5% artım deməkdir.

Mənşə sertifikatları təqdim olunmuş ixracatçıların ixrac etdikləri mallar arasında meyvə-tərəvəz, tikinti materialları, neft və neft məhsulları üstünlük təşkil edir. İxrac olunan ölkələr arasında isə üstünlük Rusiya Federasiyası, Ukrayna, Gürcüstan, Türkiyə, Özbəkistan və Qazaxıstana məxsusdur.

Mənbə: vergiler.az

Sahibkarlıq fəaliyyəti ilə bağlı lisenziyanı necə əldə etmək olar?

1 135 136 137 138 139 140 141 2. 386