Mədəniyyət sahəsində hansı vergi güzəştləri tətbiq olunur?

posted in: Xəbər | 0

Mövzunu “Business Service Center” şirkətinin maliyyə-mühasibatlıq işləri üzrə mütəxəssisi Nihad Cavadov şərh edir. 

İyulun 1-dən etibarən teatr, kino, muzey və simfonik orkestr fəaliyyətinin inkişafı məqsədilə yeni vergi güzəştləri tətbiq edilib. Yeni güzəştlər mədəniyyət sahəsində göstərilən xidmətlərin maya dəyərinin azalmasına və nəticə etibarilə qiymətlərin aşağı düşməsinə səbəb ola bilər. Əlavə olaraq, dəyişikliklərin məqsədi bu sahəyə daha çox sərmayə cəlb etmək və mədəniyyət xidmətlərinin inkişafını stimullaşdırmaqdır.

Yeniliklərdən biri də mədəniyyət xidmətləri üzrə “ƏDV cashback” mexanizminin tətbiqidir. Vergi Məcəlləsində edilmiş dəyişikliklərə əsasən, bu sahədə göstərilən xidmətlərə görə nağdsız qaydada ödənilən ƏDV-nin 50 faizi fiziki şəxslərə geri qaytarılır. Müəssisə və prodüserlər isə 5 il müddətinə mənfəət və gəlir vergisinin 90 faizindən azad edilib. Qeyd edək ki, əvvəllər bu güzəşt 75 faiz idi.

Misal 1

“A Production” MMC film sektorunda fəaliyyət göstərir. 2025-ci ilin iyul ayında yeni filmin çəkilişləri üçün ümumilikdə 80.000 manat xərclənir. Sentyabr ayında ekranlara çıxarılan filmin gəlirləri 230.000 manat təşkil edir. MMC 1 iyul 2025-ci ilədək mənfəət vergisindən 75% güzəşt hüququ ilə 7.500 manat mənfəət vergisi ödəyəcəkdisə, bu tarixdən etibarən məbləğ 3.000 manat olacaq:

(230.000 – 80.000) x 20% = 30.000 manat;
30.000 – (30.000 x 75%) = 7.500 manat;
30.000 – (30.000 x 90%) = 3.000 manat.

2025-ci il yanvarın 1-dən fiziki şəxslərin dövriyyəsi 45.000 manat olan (xərclər nəzərə alınmadan) bir sıra fəaliyyət sahəsi üzrə əldə etdikləri gəlirlərin 75% hissəsi gəlir vergisindən azad olunub. Bu sahələrə mədəniyyət sahəsindəki fəaliyyətlər də aid edilib. Bundan əlavə, mədəniyyət obyektlərinin yerləşdiyi torpaqlar torpaq vergisindən, müəllif hüquqlarından əldə olunan royalti gəlirləri isə 5 il ərzində 14 faizlik vergi dərəcəsi ilə vergidən azad edilib.

Misal 2

Fərdi sahibkar səsyazma studiyasında bəstəkarlıq sahəsində fəaliyyət göstərir və bəstələnən musiqinin “YouTube” platformasında yayımlanması üçün “A Production” MMC-yə 10.000 manat qarşılığında müəllif hüquqlarını satır. Bu zaman göstərilən gəlir fərdi sahibkarın royalti gəliri hesab olunur, lakin Vergi Məcəlləsində edilmiş dəyişikliyə əsasən, 14% ödəmə mənbəyindən vergiyə cəlb edilmir.

Yeri gəlmişkən, güzəşt tətbiq edilən subyektlərin sayı da artırılıb – əvvəl 2 olan subyekt sayı 6-ya çatdırılıb. Siyahıya teatrlar, muzeylər, simfonik orkestr kollektivləri və film prodüserləri də daxil edilib. Analitik nöqteyi-nəzərdən, belə genişmiqyaslı vergi güzəştləri qeyri-neft sektorunda iqtisadi aktivliyi artırır, yeni iş yerlərinin yaranmasına və yaradıcı sinfin sosial statusunun möhkəmlənməsinə şərait yaradır. Bu yanaşma sektorun rəsmi dövriyyəsinin və iqtisadi çəkisinin artmasına, yaradıcı təşəbbüslər üçün rəqabət və innovasiya mühitinin formalaşmasına səbəb olur, Azərbaycanın mədəniyyət potensialının beynəlxalq platformalarda tanıdılması üçün institusional bazanı daha da möhkəmləndirir.

Mənbə: vergiler.az

MMX-da qeydiyyatdan keçən mühasibat və vergi məsləhəti xidməti göstərən şəxslərin sayı məlum olub

Oktyabrın 1-dən bazarlara vergi nəzarəti gücləndirilir

posted in: Xəbər | 0

Bazarlara vergi nəzarətinin təmin edilməsi ilə bağlı Vergi Məcəlləsinə ötən ilin sonunda edilmiş dəyişikliklər oktyabrın 1-dən qüvvəyə minəcək. Dəyişikliklərə əsasən, bazarlarda icarəçilərin faktiki fəaliyyət göstərməsi yalnız onların icarəyə götürdükləri obyektlərin vergi orqanında uçota alınması təmin edildikdən sonra mümkün olacaq. Bu öhdəliyin təmin edilməsi bazar mülkiyyətçiləri tərəfindən həyata keçirilməlidir.

Bununla yanaşı, bazarlarda daşınmaz əmlaklar sahibkarlıq fəaliyyəti məqsədləri üçün istifadə edildikdə təsərrüfat obyektinin girişində onun vergi orqanında uçota alınması ilə bağlı informasiya, yəni vergi ödəyicisinin adı və VÖEN-i göstərilən məlumat yerləşdirilməlidir.

Qanunvericiliyin yeni tələblərinə əsasən, bazarların mülkiyyətçiləri tərəfindən icarə müqaviləsinə xitam verilmiş, fəaliyyətini dayandıran, eləcə də fəaliyyətini davam etdirən vergi ödəyiciləri barədə məlumat formasının rübdə 1 dəfə vergi orqanlarına təqdim edilməsi ilə bağlı vəzifə də müəyyən edilib. Dəyişikliklər kənd təsərrüfatı məhsulları bazarları və kənd təsərrüfatı kooperativi bazarlarına aid deyil.

Bazarların mülkiyyətçiləri tərəfindən oktyabrın 1-dən növbəti 6 ay ərzində vergi orqanında uçota alınmamış təsərrüfat obyektinin və həmin obyekti icarəyə götürənlərin uçota alınması təmin edilməlidir.

Dəyişikliklər qanunsuz sahibkarlıq fəaliyyətinin qarşısının alınması və uçot intizamının gücləndirilməsinə xidmət edəcək, bazarlarda uçotsuz fəaliyyətin qarşısı alınacaq. Bu isə, öz növbəsində, icarə haqlarının rəsmiləşdirilməsinə, bazar mülkiyyətçilərinin qanunauyğun şəkildə fəaliyyət göstərməsinə gətirib çıxaracaq.

Mənbə: vergiler.az

Azərbaycanda son 7 ildə könüllü vergi daxilolmaları 2 dəfədən çox artıb

Qeyri-rezidentdən marketinq xidməti alan MMC bu əməliyyata görə hansı vergiləri ödəməlidir?

posted in: Xəbər | 0

MMC ilə qeyri-rezident şəxs arasında bağlanan müqaviləyə uyğun olaraq, MMC-nin sifarişi əsasında qeyri-rezident şəxs tərəfindən marketinq xidməti göstərilir. Bu halda qeyri-rezidentə edilən ödənişlər hansı qaydada vergiyə cəlb olunmalıdır?

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən bildirilib ki, Vergi Məcəlləsinin 125.1.5-ci maddəsinin müddəalarına əsasən qeyri-rezidentin, Vergi Məcəlləsinin 13.2.16-cı maddəsi ilə Azərbaycan mənbəyindən əldə olunan gəliri kimi müəyyən edilən və qeyri-rezidentin Azərbaycan Respublikasının ərazisindəki daimi nümayəndəliyinə aid olmayan işlərin görülməsindən və ya xidmətlərin göstərilməsindən əldə edilən digər gəlirlərindən ödəmə mənbəyində xərclər çıxılmadan 10 faiz dərəcə ilə vergi tutulur.

Xidmətdən bildirilib ki, Vergi Məcəlləsinin 169.1-ci maddəsinə əsasən, ƏDV-nin məqsədləri üçün qeydiyyata alınmayan qeyri-rezident Azərbaycan Respublikasının ərazisində bu Məcəllənin 169.2-ci və ya 169.5-ci maddələrində adıçəkilən vergi agenti üçün xidmət göstərirsə və ya iş görürsə (o cümlədən elektron ticarət qaydasında Azərbaycan Respublikasının hüdudlarından kənarda otel xidmətlərinin və aviabiletlərin sifarişi üzrə xidmətlər istisna olmaqla, işlərin görülməsi və xidmətlərin göstərilməsi), bu fəslin məqsədləri üçün işlərin görülməsi və ya xidmətlərin göstərilməsi bu maddəyə uyğun olaraq vergiyə cəlb edilir.

ƏDV-nin məqsədləri üçün qeydiyyatdan keçmədən iş görən və ya xidmət göstərən və Vergi Məcəlləsinin 169-cu maddəsinə müvafiq surətdə vergiyə cəlb edilməli olan qeyri-rezident şəxs həmin işlər və ya xidmətlər üzrə vergi ödəyicisi sayılır.

ƏDV qeydiyyatında olan vergi ödəyicisi qeyri-rezidentin göstərdiyi xidmətlərə görə ona ödənilməli olan məbləğə hesablanmış ƏDV-ni dövlət büdcəsinə ödədiyi halda, Vergi Məcəlləsinin müddəalarına uyğun olaraq, əvəzləşdirmək hüququna malik olur.

Belə ki, Vergi Məcəlləsinin 169.4-cü maddəsinə əsasən, vergi agenti ƏDV-nin məqsədləri üçün qeydiyyatdan keçmişdirsə, hesablanan vergi əməliyyatın aparıldığı ay üçün ƏDV-nin bəyannaməsi verilərkən ödənilir. Hesablanan verginin ödənilməsini təsdiq edən ödəmə sənədi bu Məcəllənin 175-ci maddəsinin müddəalarına uyğun olaraq vergi agentinə ƏDV-nin məbləğini əvəzləşdirmək hüququnu verən sənəd elektron qaimə-fakturadır.

Qeyd olunub ki, Vergi Məcəlləsinin 169.3-cü maddəsinin müddəalarına əsasən, bu Məcəllənin 169.1-ci maddəsi tətbiq edildikdə, vergi tutulan əməliyyatın vaxtı ödəmənin həyata keçirildiyi vaxt sayılır. Ödəmə əməliyyatın həyata keçirilməsinədək aparıldıqda, vergi tutulan əməliyyat ödəmə həyata keçirildikdə aparılmış sayılır.

Buna əsasən, qeyri-rezidentin göstərdiyi xidmətlərə görə ƏDV həmin xidmətlərin dəyərinin qeyri-rezidentə ödənildiyi günün məzənnəsinə uyğun hesablanır və ödənişin aparıldığı ayın ƏDV bəyannaməsində əks etdirilir.

Əlavə olaraq bildirilib ki, müraciətdə qaldırılan məsələlərə konkret hal üzrə dəqiq münasibət bildirilməsi üçün aparılan əməliyyat üzrə işin faktiki halları və müvafiq təsdiqedici sənədlərlə birlikdə vergi ödəyicisinin qeydiyyatda olduğu vergi orqanına müraciət etmək tövsiyə edilir.

Əsas: Vergi Məcəlləsinin 13-cü, 125-ci, 169-cu, 175-ci maddələri

Mənbə: vergiler.az

Azərbaycanda gecikmə ilə təqdim edilən vergi bəyannamələrinin payı yüksəlib

PMS II mərhələ üzrə imtahana hazırlıq kursu

posted in: Xəbər | 0

PMS 2 imtahanına hazırlıq kursu

Peşəkar Mühasib Sertifikatı (PMS) ölkəmizdə peşəkar mühasib adını qazanmaq istəyən namizədlər üçün nəzərdə tutulmuş sertifikasiyadır.

Azərbaycan Mühasiblər Məktəbi olaraq, PMS imtahanına hazırlaşan mühasiblərə dəstək olmaq məqsədilə, 3 aylıq PMS 2-ci mərhələsinə hazırlıq kursuna başladıq.

Kursumuz PMS imtahanının 2-ci mərhələsi – qanunvericilik üzrə aşağıdakı növlərdə keçirilir:

  • Kiçik və Orta Sahibkarlıq Subyektləri (KOS) üçün Maliyyə Hesabatlarının Beynəlxalq Standartları (MHBS) üzrə PMS;
  • Maliyyə Hesabatlarının Beynəlxalq Standartları (MHBS) üzrə PMS;
  • İctimai Sektor üçün Mühasibat Uçotunun Beynəlxalq Standartları üzrə – I, II səviyyə peşəkar mühasib sertifikatı.

Təlimçi: Azər Qənbərov

Tural Abbasov vergi qanunvericiliyi, vergi inzibatçılığı və mühasibat uçotu sahəsində ixtisaslaşmış təcrübəli mütəxəssisdir. Hal-hazırda “SOCAR PETROLEUM” QSC-də Vergi üzrə böyük mütəxəssis olaraq çalışır. Daha öncə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Tədris Mərkəzində baş müəllim vəzifəsində fəaliyyət göstərmişdir.

Uzun illər vergi orqanlarında müxtəlif vəzifələrdə çalışmış, bölmə rəisi və baş dövlət vergi müfəttişi kimi mühüm idarəetmə və nəzarət funksiyalarını icra etmişdir.

Eyni zamanda, bir sıra universitetlərdə vergi və maliyyə sahələri üzrə tədris fəaliyyəti ilə məşğul olur.

BMT, KOICA və USAID kimi beynəlxalq qurumların layihələrində ekspert-təlimçi kimi iştirak etmişdir.

Təhsil və Nailiyyətlər

Tural Abbasov Dövlət İdarəçilik Akademiyasında bakalavr, “Odlar Yurdu” Universitetində magistr təhsili almışdır. MHBS, KOS üçün MHBS və İctimai sektor üzrə beynəlxalq standartlar üzrə Peşəkar Mühasib sertifikatlarına malikdir.

Eyni zamanda, PMS 2 proqramı üzrə peşəkar təlimçidir və tələbələrinin yüksək nəticələri ilə seçilir.

Qrupda iştirakçı sayı: 12-15 nəfər

Kursun formatı: Ənənəvi və onlayn

Təlim sayı və vaxtı: Həftədə 1 dəfə, şənbə günləri.

Kursa daxildir:

  • 16 dərs (50 saat);
  • Sertifikatların təmini;
  • Video qeydlər, dərs materialları və testlərlə təminat;
  • Coffee break.

Qeydiyyatdan keçmək üçün linkə daxil olaraq formu doldurun: https://crmform.azgroup.az/

Təlim müddəti və sonrakı 1 ay boyu iştirakçılar öyrəndiklərini praktikada daha rahat tətbiq edə bilmək üçün və işlərində yaranmış çətinliklər ilə bağlı təlimçidən ödənişsiz konsultasiya dəstəyi ala bilirlər.

Təlimlərin video qeydiyyatı aparılır. Həm təkrar olaraq, həm qoşula bilmədiyiniz təlimləri izləyə bilirsiniz. Hər təlimdən sonra (1 gün ərzində) təlim materialları (köməkçi fayllar, cədvəllər) və video qeydlər iştirakçılarla bölüşülür.

Kursun proqramı aşağıdakı kimidir:

I Fəsil – Azərbaycan Respublikasının vergi qanunvericiliyi və vergi sistemi, vergi qanunvericiliyinin tətbiqi zamanı istifadə olunan anlayışların izahı 3 saat
II-III Fəsil – Vergi ödəyicisi və vergi agentinin vergitutma məsələləri üzrə əsas hüquq və vəzifələri 3 saat
IV Fəsil – Vergi nəzarəti tədbirləri 3 saat
IV Fəsil – Vergi qanunvericiliyinin pozulması halları və bu hallarla bağlı Vergi Məcəlləsində nəzərdə tutulan məsuliyyət tədbirləri 3 saat
V-VI Fəsil – Vergi qanunvericiliyinin pozulması halları və bu hallarla bağlı Vergi Məcəlləsində nəzərdə tutulan məsuliyyət tədbirləri, Vergi orqanlarının hərəkətlərindən şikayət edilməsi qaydası 3 saat
VII Fəsil – Bankların vergi ödəyicilərinin uçotu ilə bağlı  hüquq və vəzifələri, vergi sərəncamları və Vergi Məcəllədə nəzərdə tutulan digər müddəalar 3 saat
VIII Fəsil – Fiziki şəxslərin gəlir vergisi 3 saat
IX Fəsil – Hüquqi şəxslərin mənfəət vergisi 3 saat
X Fəsil – Fiziki şəxslərin gəlir vergisinə və hüquqi şəxslərin mənfəət vergisinə aid olan maddələr 3 saat
X Fəsil – Fiziki şəxslərin gəlir vergisinə və hüquqi şəxslərin mənfəət vergisinə aid olan maddələr 3 saat
X Fəsil – Fiziki şəxslərin gəlir vergisinə və hüquqi şəxslərin mənfəət vergisinə aid olan maddələr 3 saat
XI Fəsil – Əlavə dəyər vergisi 3 saat
XI Fəsil – Əlavə dəyər vergisi 3 saat
XI Fəsil – Əlavə dəyər vergisi 3 saat
XII Fəsil – Əmlak vergisi
XIII Fəsil – Torpaq vergisi
XIV Fəsil – Mədən vergisi
3 saat
XV Fəsil – Aksizlər
XVI Fəsil – Yol vergisi
XVII Fəsil – Sadələşdirilmiş vergi
3 saat
Ümumi təkrar | Sual-cavab 2 saat

 

Kurslara qoşulmaq və ya ödəniş, başlama tarixi və s. haqda məlumat almaq üçün müvafiq linkdən qeydiyyatdan keçə bilərsiniz. Ən qısa zamanda əməkdaşlarımız sizə geri dönüş edəcəklər: https://crmform.azgroup.az/


Əlaqə:


Ünvan: Caspian Plaza

1 136 137 138 139 140 141 142 2. 397