Məcburi sosial sığortanı kimlər ödəyir?

posted in: Xəbər | 0

Hər bir dövlətdə əmək fəaliyyəti göstərən işçilər həmin dövləti qanunları çərçivəsində məcburi sosial sığorta ödəyirlər. İqtisadçı ekspert Radil Fətullayev Azərbaycanda qanunvericiliyin tələblərini şərh edir.

Azərbaycanda məcburi dövlət sosial sığortasına (MDSS-ə) cəlb olunan şəxslər 7 qrupa ayrılır:

1. Əmək müqaviləsi ilə işləyən Azərbaycan Respublikasının vətəndaşları və vətəndaşlığı olmayan şəxslər;

2. Fərdi qaydada sahibkarlıq və əmək fəaliyyəti ilə məşğul olan fiziki şəxslər;

3. Azərbaycan Respublikası mənbələrindən əmək ödənişi və məcburi dövlət sosial sığorta haqqına cəlb olunan digər gəlirləri əldə edən əcnəbilər (Neft-qaz sazişlər çərçivəsində fəaliyyət göstərən podratçı və subpodratçı tərəflərdə işləyən əcnəbilər və sənaye parkının rezidenti, onun podratçısı və podratçısı ilə birbaşa müqavilə bağlamış subpodratçı tərəfindən həmin fəaliyyətin məqsədləri üçün cəlb edilən işçilər (2016-cı il mayın 1-dən 5 il müddətində) istisna olmaqla);

4. Seçkili ödənişli vəzifələrdə işləyənlər, hərbi qulluqçular və xüsusi rütbəli şəxslər (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla);

5. Prokurorlar, prokurorun müavinləri və köməkçiləri, prokurorluğun müstəntiqləri vergi orqanlarının işçiləri;

6. Vəkillər kollegiyasının üzvləri;

7. Azərbaycan Respublikası Milli Məclisinin qərarı, Azərbaycan Respublikası prezidentinin fərman və sərəncamları ilə vəzifəyə təyin olunan şəxslər;

“Sosial sığorta haqqında” Qanuna əsasən, yuxarıdakı 7 qrupa daxil olan şəxslərin gəlirlərinin MDSS-ə cəlb olunması qaydası eyni deyil: onlarla bağlanmış müqavilələrin növündən və xarakterindən asılı olaraq, MDSS-ə cəlb olunma metodu da fərqli qaydada aparılır. Qeyd olunan cəlb olunma metodlarını aşağıdakı qrafik daha əyani əks etdirir:

MDSS-ə fərqli qaydada cəlb olunan işçilərin və gəlirlərin təsnifatı

Əmək müqaviləsi ilə işləyən işçilərin M.D.S.S-ə cəlb olunması

Xidmət müqaviləsi ilə çalışan işçilərin (vətəndaşların) M.D.S.S.-ə cəlb olunması

Fərdi sahibkarların M.D.S.S.-ə cəlb Olunması

Muzdlu işdən əldə olunan gəlirlər

Muzdlu işə aid olmayan və ya qeyri-sahibkarlıq faliyyətindən əldə olunan gəlirlər

Sahibkarlıq fəaliyyətindən əldə olunan gəlirlər

Bu cür işçilərin gəlirləri üzrə MDSS həm işəgötürən, həmdə işçi tərəfindən ödənilir. Belə ki, müəssisə (işəgötürən) hesablanmış ümumi əməkhaqqı fondundan qanunla müəyyən edilmiş qaydada MDSS ödəyir.

Bu cür işçilərin gəlirləri üzrə MDSS yalnız işçidən tutularaq ödənilir.

Bu cür işçilərin gəlirləri üzrə MDSS ölkə üzrə müəyyən edilmiş minimum əməkhaqqına nisbətdə müəyyən faizlə hesablanır. Bu zaman hesablanan faizlər sahibkarın fəaliyyət göstərdiyi sektordan (xidmət, tikinti, ticarət, istehsal və s.) asılı olaraq dəyişir.

 

Mənbə: vergiler.az



Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Əsas vəsaitlərin alışı zamanı nələrə diqqət yetirilməlidir?

posted in: Xəbər | 0

Əsas vəsaitlərin alışıVergi ödəyiciləri ticarət obyektlərindən əsas vəsaitlərin alışını həyata keçirərkən rəsmiləşdirmə ilə bağlı bəzi suallar meydana gəlir. Maraq doğuran suallara sərbəst auditor Altay Cəfərov konkret misalla aydınlıq gətirir.

Misal: Tutaq ki, “AA” MMC pərakəndə ticarət obyektindən 1000 manatlıq təmizləyici maşın alıb. Vəsait nağd ödənilib və ticarət okyekti tərəfindən elektron qaimə təqdim edilməyib, MMC-nin əlində yalnız kassa çeki var. Çekdə təmizləyici maşının adı göstərilib. Bundan əlavə, “AA” MMC digər ticarət obyektindən nağd ödənişlə 700 manatlıq kəsici maşın alıb və ticarət obyekti ona kassa çeki ilə yanaşı, elektron qaimə də göndərib.

Sual: Şirkət qeyd edilən əsas vəsaitləri nağd formada ala bilərmi?

Cavab: Həm Vergi Məcəlləsində, həm “Nağd hesablaşmalar haqqında” Qanunda, həm də digər normativ hüquqi aktlarda malların, əsas vəsaitlərin nağd formada alınması ilə bağlı məhdudiyyət yoxdur. Ancaq yaxşı olardı ki, əməliyyatlar limit daxilində aparılsın. Bizim misalımızda cəmi 1700 manatlıq nağd əməliyyat aparılıb: burada məbləğlə bağlı heç bir problem yoxdur.

Sual: “AA” MMC aldığı hər iki maşını istimara verərək əsas vəsait kimi uçota ala bilərmi? Hər iki halda amortizasiya xərcləri gəlirdən çıxılırmı?

Cavab: Vergi Məcəlləsinin 13.2.8-ci maddəsinə əsasən, mal dedikdə hər hansı maddi və ya qeyri-maddi əmlak (aktiv), o cümlədən elektrik və istilik enerjisi, qaz və su nəzərdə tutulur.

13.2.17-ci maddədə isə göstərilib ki, əsas vəsaitlər – istifadə müddəti bir ildən çox olan və dəyəri 500 manatdan çox olan, bu Məcəllənin 114-cü maddəsinə uyğun olaraq amortizasiya edilməli olan maddi aktivlərdir.

Deməli, alınmış əsas vəsaitlər ilk olaraq ümumi mal kateqoriyasına aiddir. Sonradan həmin mal istismara verilərək amortizasiya hesablanarkən əsas vəsait kateqoriyasına aid edilir. Yəni hər iki halda alınmış mallar maddi əmlak, yaxud maddi aktiv sayılır.

Sualımızın cavabının növbəti addımı kimi kassa aparatı çekinin əsas vəsaitin alışı üçün rəsmi sənəd kimi qəbul edilməsinə baxmalıyıq.

Vergi Məcəlləsinin 109.1-ci maddəsi əsas vəsaitlərin alınması ilə bağlı xərclərin gəlirdən çıxılmasına yol vermir. Məcəllənin 109.8-ci maddəsinə görə, nəzarət-kassa aparatının çeki və ya qəbz (bu Məcəllənin 16.1.11-6.1-ci – 16.1.11-6.3-cü maddələrində nəzərdə tutulan şəxslər tərəfindən verilən qəbz və ya digər ciddi hesabat blankları istisna olmaqla) malların (işlərin, xidmətlərin) alınması ilə bağlı çəkilən xərcləri təsdiq edən sənəd hesab olunmur. Buradan aydın olur ki, kassa çeki malların alınması ilə bağlı xərcləri təsdiq edən sənəd hesab edilmir.

Bəzi mühasiblər Vergi Məcəlləsinin 109.8-ci maddəsini ancaq istehsalatda, tikintidə, ticarətdə və ümumiyyətlə, istənilən fəaliyyət sahəsində birbaşa istifadə olunan, sərf edilən xammala, materiallara, mallara aid edirlər. Əslində isə bu maddə əsas vəsaitlərin alınmasına aid deyildir. Ona görə də, yuxarıda qeyd etdiyimiz kimi, əsas vəsaitlərin alınması ilkin olaraq malın alınması kimi qiymətləndirilir.

Burada başqa bir məqam da var. Vergi Məcəlləsində xərc anlayışının açılışı verilməyib. Ona görə də Məcəllənin tələblərinə uyğun olaraq digər normativ aktlara müraciət etməliyik. Beynəlxalq Mühasibat Uçotu Standartlarının Konseptual Əsaslarında və digər BMUS, BMHS-da xərc anlayışının açılışı belə verilib: Xərclər – mülkiyyətçilər аrаsında kapitalın bölüşdürülməsi ilə əlaqəli оlmаyаn, lakin kapitalın аzаlmаsı ilə nəticələnən, hesabat dövrü ərzində aktivlərin kənara ахını və yа аzаlmаsı və ya öhdəliklərin artması hesabına baş verən iqtisadi səmərənin аzаlmаsıdır.

Bu ifadənin açılışı genişdir, sadəcə, bildirmək istərdim ki, xərc dedikdə, təkcə gəlirdən çıxılan və ya çıxılmayan vəsait deyil, ümumiyyətlə, aktivlərin, həmçinin pul vəsaitlərinin axını nəzərdə tutulur. Buna görə də Vergi Məcəlləsində aktivlərin formalaşması ilə bağlı müddəalara baxmalıyıq. Məcəllənin 143-cü maddəsinə əsasən, aktivlərin dəyərinə onların alınması, gətirilməsi, istehsalı, tikilməsi, quraşdırılması və qurulması üçün çəkilən xərclər, həmçinin vergi ödəyicisinin gəlirdən çıxmaq hüququna malik olduğu xərclər və əsas vəsaitlərin (vəsaitin) yenidən qiymətləndirilməsindən yaranan artım (yenidən qiymətləndirilmə nəticəsində yaranan müsbət fərq) istisna edilməklə, aktivlərin dəyərini artıran digər xərclər daxil edilir.

Nəticə olaraq:

  • alınmış əsas vəsaitlər ilkin olaraq mallara aid olunur;
  • onlar istismara veriləndən sonra əsas vəsait kimi qəbul edilir;
  • malların alınması üçün vəsait xərcləmək lazımdır;
  • malların alınması üçün çəkilən xərc dedikdə pul vəsaitlərinin axını nəzərdə tutulur;
  • kassa çeki ilə alınan mallar vergitutma məqsədləri üçün xərc kimi qəbul edilmir.

Beləliklə, nəzərdən keçirdiyimiz misalda “AA” MMC-nin aldığı 1000 manatlıq malın kassa çeki gəlirdən çıxılan xərc kimi deyil, gəlirdən çıxılmayan xərc kimi qəbul olunur. Vergi Məcəlləsinin 109.8-ci maddəsi bu təsnifata aid olduğundan kassa çeki ilə alınan mal gəlirdən çıxılan yox, gəlirdən çıxılmayan xərc kimi təsnifatlanır. 1000 manatlıq maşın əsas vəsait kimi uçota alınır, hesablanmış amortizasiya isə gəlirdən çıxılmır.

MMC tərəfindən alınmış 700 manatlıq digər maşın isə əsas vəsait kimi normal formada uçota alınacaqdır. Çünki ona kassa çeki ilə yanaşı, elektron qaimə-faktura da verilib.

Tövsiyə edərdim ki, belə problemlərlə üzləşməmək üçün vergi ödəyicilərinin əlində aldıqları mallara, işlərə və xidmətlərə görə kassa çekləri ilə yanaşı, elektron qaimə-faktura da olsun.

Mənbə: vergiler.az



Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Başqa işə keçirilmənin sənədləşdirilməsi

posted in: Xəbər | 0

Başqa işə keçirilmənin sənədləşdirilməsi Başqa işə keçirilməBir çox hallarda işəgötürənlər əmək müqavilələrində aparılmış dəyşiklikləri əmr əsasında rəsmiləşdirirlər. Burada nələrə diqqət yetirilməlidir? Mövzunu sərbəst auditor Altay Cəfərov şərh edir.

Bu məsələyə tam aydınlıq gətirmək üçün ilkin olaraq Əmək Məcəlləsinin 82-ci maddəsinə nəzər yetirək.

Maddə 82. Başqa işə keçirilmə və buna müvafiq digər halların sənədləşdirilməsi

Bu Məcəllədə nəzərdə tutulmuş hallarda əmək funksiyasının, əmək şəraitinin və onun şərtlərinin dəyişdirilməsi, habelə əvəzçilik qaydasında əmək müqaviləsinin bağlanması işəgötürənin müvafiq məzmunda əmri (sərəncamı, qərarı) ilə sənədləşdirilə bilər. Bu zaman əmək müqaviləsinin bağlanması və ona dəyişikliklər edilməsi qaydalarına mütləq əməl edilməlidir.

İşəgötürənlər maddənin birinci cümləsində yazılmış “…əmək şəraitinin, əmək funksiyalarının dəyişdirilməsi işəgötürənin əmri, qərarı, sərəncamı ilə sənədləşdirilə bilər…” ifadəsini əsas kimi götürürlər.

Amma məsələ tamamilə başqa yolla həll olunmalıdır. Bunun üçün maddənin ikinci cümləsi nəzərə alınmalıdır: əmr verilməzdən əvvəl əmək müqaviləsində dəyişikliyin və əlavələrin olunması üçün məcəllənin digər qaydalarına əməl edilməlidir.

Bu sualın cavabı Əmək Məcəlləsinin 46-cı maddəsində əks olunub.

Maddə 46. Əmək müqaviləsinin bağlanması və ona dəyişikliklərin edilməsi qaydası

6. Əmək müqaviləsinə dəyişikliklər yalnız tərəflərin razılığı ilə edilir. Razılaşdırılmış dəyişikliklər əmək müqaviləsinə daxil edilir. Həcmcə çox olduğuna görə dəyişiklikləri əmək müqaviləsinə daxil etmək mümkün olmadıqda ilkin əmək müqaviləsi yenidən tərtib edilir, yaxud həmin dəyişikliklər ayrılıqda tərtib edilib təsdiqlənirlər.

Deyilənləri aydınlaşdırmaq üçün misala baxaq:

Misal: Tutaq ki, işçinin əməkhaqqı 1 avqust 2020-ci il tarixindən artırılaraq 1000 manat olmuşdur. Bununla bağlı ancaq Əmək və Əhalinin Sosial Müdafiəsi Hazirliyinin ()ƏƏSMN) bildiriş bazasında 1 avqust 2020-ci ildə dəyişiklik edilmişdir. Həmin tarixdə işçinin əməkhaqqı artırılaraq 1000 manat olması barədə əmr verilmişdir. Amma əmək müqaviləsinə əlavə və ya dəyişiklik tərtib edilməmişdir.

Digər işçinin əməkhaqqı artırılmış və bu barədə 1 avqust 2020-ci il tarixində əmr verilmişdir, müqaviləyə əlavə tərtib edilib imzalanmışdır. Amma ƏƏSMN-in bazasına dəyişiklik bildirişi daxil edilməmişdir.

Üçüncü işçi ilə bağlı isə əməkhaqqının 1000-a artırılması ilə bağlı əmək müqaviləsinə əlavə imzalanmış və ƏƏSMN-in bildiriş bazasına daxil edilmişdir, əmr isə verilməmişdir.

Sual: Bu sənədləşmənin hansı düzgündür və hüquqi qüvvəyə malikdir?

Birinci halda artırılma tam rəsmiləşdirilməmişdir. Belə ki, Əmək Məcəlləsinin 49-cu maddəsinə əsasən dəyişiklik bildiriş bazasına salınmış, əmr verilmişdir, amma nəzərə alınmamışdır ki, bütün bu proseslərin başlanması üçün 46-cı maddəyə əsasən müqaviləyə əlavə və ya dəyişiklik olmalıdır. Hətta bildirişin əmək münasibətlərini tam hüquqi qüvvəyə mindirməsinə baxmayaraq, ilkin olaraq müqavilə bağlanmalı, müqaviləyə əlavələr edilməlidir. Əgər bu, yoxdursa, əməliyyatın hüquqi qüvvəsi olmur. Ona görə də birinci halda sənədləşmə hüquqi qüvvəyə malik deyildir.

İkincı halda da dəyişikliyin hüquqi qüvvəsi olmayacaqdır. Ona görə ki, müqaviləyə əlavələr olsa, əmr verilsə də, ƏƏSMN-in bildiriş bazasında dəyişiklik edilməmişdir. Buna görə də sənədləşmə hüquqi qüvvəyə malik olmur.

Üçüncü halda əmr verilməməsinə baxmayaraq dəyişikliyin hüquqi qüvvəsi vardır. Ona görə ki, belə əmrlərin verilməsi 82-ci maddəyə görə məcburu deyildir. Yəni əmr verilə də bilər, verilməyə də. Əsas odur ki, müqaviləyə əlavə və dəyişiklik edilsin və ƏƏSMN-in bildiriş bazasına daxil edilsin.

Mənbə: vergiler.az



Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

ABŞ-da maaşlar nə qədərdir? Amerikada minimal və orta əməkhaqqı (5-ci hissə)

posted in: Xəbər | 0

ABŞ-da maaşlar nə qədərdir? Amerikada minimal və orta əməkhaqqı (5-ci hissə)əməkhaqqı

Birləşmiş Ştatlar – bu, mühacirlər tərəfindən inşa edilmiş, insanlar üçün böyük imkanlar yaradan bir ölkədir. Dinamik inkişaf edən iqtisadiyyat, böyük əmək bazarı, layiqli maaşlar, bütün dünyada qiymət verilən yüksək həyat səviyyəsi və keyfiyyətli təhsil müxtəlif ölkələrdən olan insanların Amerikaya köçməsi üçün bir stimuldur. Lakin, köçməyə qərar verməzdən əvvəl, öz imkanlarınızı və işədüzəlmə şansınızı, eləcə də ixtisasınızı təmin edəcək əməkhaqqı səviyyəsini dərk edərəkdən qiymətləndirmək lazımdır.

ABŞ-da aylıq maaş dollarla nə qədərdir

Əmək haqqının minimum saatlıq məbləği 7,25 dollardır. Bir saat ərzində ABŞ-da bu qədər qazanırlar:

Peşə Əməyin ödənilməsi məbləği dollar-saat
Fast-fud işçiləri                    9,1
Super-market kassirləri                   11,2
Dalandarlar                  13,5
Avtobus sürücüləri                  17,4
Tikinti işçiləri                  18,8
Dam örtüyü ustaları                  21,8
Uzaq məsafə qət edən avtomobil sürücü                  21,9
Dülgərlər                  24,6
Yanğınsöndürənlər                  25,6
Elektriklər                  31,3
Polislər                  31,5
Mühəndislər                  44,0
Proqramçılar                  47,7
Vəkillər                  69,3
Stomatoloqlar                  86,8
Cərrahlar                 122,7

 

Hər bir ştatın öz maaşları var

Əməkhaqqı müxtəlif ştatlarda əhəmiyyətli dərəcədə fərqlənə bilər. Məsələn, ABŞ-da ən populyar peşələrdən biri olan tibb bacısı peşəsi orta hesabla ölkə üzrə ildə 74 min dollar pul qazanırlar. Bununla yanaşı, qeyd etmək lazımdır ki, Kaliforniyada tibb bacısı 102,7 min dollar, Cənubi Dakotada isə 57 min dollar alır.

Məqalənin 4-cü hissəsini buradan oxuya bilərsiniz


Aparıcı IT şirkətlərinin qərargahı yerləşən Silikon vadisində Amerika Birləşmiş Ştatlarının ən yüksək maaşlarından biri (Californiyanın, San Fransisko rayonu) verilir. Regionda gəlirlərin səviyyəsi ölkə üzrə orta göstəricidən xeyli çoxdur. Amerikanın ən yüksək əməkhaqqı ödəyən 25 korporasiyalarından 20-si məhz, burada yerləşir. Bununla birlikdə, San-Fransiskoda həyat səviyyəsi digər Amerika şəhərlərinə nisbətən, məsələn, Sietl – xeyli yüksək olduğu nəzərə alınmalıdır.


Məqalənin 6-сı hissəsini buradan oxuya bilərsiniz



Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

1 719 720 721 722 723 724 725 2. 391