Əmək qabiliyyətinin müvəqqəti itirilməsi və hamiləliyə görə müavinətlər

posted in: Xəbər | 0

Əmək qabiliyyətinin müvəqqəti itirilməsi,Əmək qabiliyyətinin müvəqqəti itirilməsi, eləcə də hamiləliyə və doğuma görə işçilərə ödənilən müavinətlərin bir sıra oxşar və fəqli cəhətləri var. Mövzunu insan resurslarının idarə olunması mütəxəssisi Nihad Əliyev şərh edir.

Hər iki müavinətin müəyyən olunması Nazirlər Kabinetinin 15 sentyabr 1998-ci il tarixli, 189 nömrəli “Məcburi dövlət sosial sığortası üzrə ödəmələrin və əmək qabiliyyətini müvəqqəti itirmiş işçilərə sığortaedənin vəsaiti hesabına ödənilən müavinətin hesablanması və ödənilməsi haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə” qərarı ilə tənzimlənir. Onlaırn ödənilməsi məcburi dövlət sosial sığorta ödəmələri vasitəsilə həyata keçirilir.

Bu müavinətlərin müəyyən olunmasında, hesablanmasında və ödənilməsində oxşar cəhətlər:

1. Müavinətin təyin olunması üçün əsas

Hər iki müavinət iççi tərəfindən verilmiş xəstəlik vərəqəsinə əsasən təyin edilir. Bəzən müavinət almaq üçün işçilər sağlamlıqla əlaqədar tibbi arayış təqdim edirlər. Amma bu, müavinətin ödənilməsi üçün əsas deyil.

Xəstəlik vərəqəsi itirildiyi halda müavinət dublikata əsasən verilə bilər.

2. Müavinətin təyin olunmasında azı 6 ay sosial sığorta stajı tələbi

Əmək qabiliyyətinin müvəqqəti itirilməsinə, eləcə də hamiləliyə və doğuma görə müavinət almaq hüququ ən azı 6 ay sosial sığorta stajı olan şəxslərə verilir. Sosial sığorta stajı üçünsə “Sosial sığorta haqqında” Qanunun 8-ci maddəsinə əsasən, sığortaolunanın xeyrinə məcburi dövlət sosial sığorta haqqı ödənilən əmək fəaliyyəti dövrlərinin ümumi müddəti nəzərə alınır. Yəni sosial sığorta stajı işçi işə qəbul olunduqdan sonra ona hesablanmış əməkhaqqı üzərindən işçinin xeyrinə ödənilmiş məcburi dövlət sosial sığorta haqları olan dövrdür. İşçi ödənişsiz məzuniyyətdə olanda ona əməkhaqqı hesablanmırsa və onun xeyrinə məcburi dövlət sosial sığorta haqları ödənilmirsə, həmin dövr sosial sığorta stajı sayılmır. Onu da qeyd etmək lazımdır ki, təcrübədə bəzən bu, yanlış anlaşılır: 6 ay sosial sığorta stajına yalnız son iş yerindəki staj aid edilir. Əslində isə ümumi staj aid edilməlidir.

Misal 1: İşçi 1 mart 2022-ci ildə ilk dəfə mühasib vəzifəsinə işə qəbul olunaraq əmək fəaliyyətinə başlayıb. O, 1 iyul 2022-ci ildən 1 oktyabr 2022-ci ilədək tərəflərin qarşılıqlı razılığı əsasında 3 ay müddətinə ödənişsiz məzuniyyətdən istifadə edib və ona əməkhaqqı hesablanmayıb. İşçi işəgötürənə 10 oktyabr 2022-ci ildən 20 oktyabr 2022-ci ilədək əmək qabiliyyətinin müvəqqəti itirilməsi ilə əlaqədar xəstəlik vərəqəsi təqdim edib. Bu halda işçiyə xəstəlik vərəqəsi əsasında əmək qabiliyyətinin müvəqqəti itirilməsi üçün müavinət ödənilməyəcəkdir. Çünki işçinin azı 6 ay sosial sığorta stajı yoxdur. İlk baxışda, işçinin işə qəbul tarixindən xəstəlik vərəqəsi təqdim edilən günə qədər 7 aydan çox müddət olsa da, işçi 3 ay ödənişsiz məzuniyyətdə olduğu və həmin müddətdə ona əməkhaqqı hesablanmadığı, məcburi dövlət sosial sığorta haqları ödənilmədiyi üçün həmin 3 aylıq dövr sosial sığorta stajı sayılmır.

Misal 2: İşçi 1 mart 2019-cu ildən ilk dəfə mühasib vəzifəsinə işə qəbul olunaraq əmək fəaliyyətinə başlayıb və 1 oktyabr 2019-ci ilədək həmin müəssisədə çalışıb. Bir müddət çalışmadıqdan sonra 1 fevral 2022-ci ildə başqa bir müəssisədə mühasib vəzifəsinə işə qəbul olub. 1 ay sonra – 1 mart 2022-ci ildən 10 mart 2022-ci ilədək əmək qabiliyyətini müvəqqəti itirib və iş yerinə xəstəlik vərəqəsi təqdim edib. Bu halda ona xəstəlik vərəqəsi əsasında əmək qabiliyyətinin müvəqqəti itirilməsi üçün müavinət hesablanacaq və ödəniləcəkdir. Çünki onun azı 6 ay sosial sığorta stajı var.

Azı 6 ay sosial sığorta stajı tələbi eynilə hamiləliyə və doğuma görə müavinətin hesablanması və ödənilməsinə də aiddir. Ancaq bunu qeyd etmək lazımdır ki, bəzən yanlışlıqla xanım işçi çalışdığı müəssisədə azı 6 ay ümumi sosial sığorta stajı olmadığı zaman hamiləliyə və doğuma görə məzuniyyətə buraxılmır, onun hüquqları məhdudlaşdırılır. Bu, ciddi məsələdir, sosial sığorta stajından asılı olmayaraq işçi istənilən halda, Əmək Məcəlləsinin 125-ci maddəsinə əsasən, hamiləliyə və doğuma görə 126 təqvim günü məzuniyyətdən istifadə etməlidir, işçinin bu hüququnu məhdudlaşdırmaq olmaz. Lakin azı 6 ay sosial sığorta stajı olmadığı üçün işçiyə 126 təqvim gününə düşən iş günlərinə görə hamiləliyə və doğuma görə məzuniyyət üçün müavinət hesablanmayacaqdır və ödənilməyəcəkdir.



3. Müavinətin aylıq maksimal həddi

Hər iki halda müavinətin aylıq maksimal həddi “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 6-1-ci maddəsinə uyğun olaraq əmək pensiyasının minimum məbləğinin 25 mislindən artıq ola bilməz. Mövcud qanunvericiliyə əsasən, əmək pensiyasının minimum məbləği 1 yanvar 2022-ci ildən 240 manatdır. 240 manatın 25 misli isə 6.000 manat (240×25=6.000) edir. Yəni hər iki halda müavinət hesablanan zaman onun aylıq maksimal həddi 6.000 manatdan çox ola bilməz. Bəzən bunu təcrübədə yanlış olaraq əmək qabiliyyətinin müvəqqəti itirildiyi tam dövr və ya hamiləliyə və doğuma görə məzuniyyətin 126 təqvim günü olan tam dövrü üçün müavinətin ümumi məbləği kimi başa düşürlər. Burada söhbət müavinətin aylıq maksimal həddindən gedir – işçinin əvvəlki aylarda gəlirlərindən asılı olmayaraq ona verilən müavinətin bir aylıq məbləği 6.000 manatdan yuxarı ola bilməz.

Hamiləliyə və doğuma görə ödənilən müavinətlə əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə ödənilən müavinətin fərqləri isə bunlardır:

1. Ümumi sosial sığorta stajına uyğun müəyyən olunan faiz dərəcələri

Burada diqqət ediləsi məqamlardan biri sosial sığorta stajına və digər hallara əsasən müəyyən olunan faizlərdir. Əmək qabiliyyətinin müvəqqəti itirilməsi zamanı işçiyə sosial sığorta stajı:

– 6 aydan 8 ilədək olduqda – 60%;
– 8 ildən 12 ilədək olduqda – 80%;
-12 ildən yuxarı olduqda isə 100%

əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinət hesablanır və ödənilir. Hamiləliyə və doğuma görə işçiyə ümumi sosial sığorta stajı 6 aydan yuxarı olduqda 100% müavinət hesablanır və ödənilir.

2. Müavinətin aylıq məbləği

Digər fərqli məqamlardan biri də budur ki, əmək qabiliyyətinin müvəqqəti itirilməsi üçün ödənilən müavinətin hesablanması zamanı müavinətin aylıq məbləği ikiaylıq vəzifə maaşı və ya ikiqat tarif dərəcəsi məbləğindən artıq ola bilməz. Hamiləliyə və doğuma görə müavinət hesablanan zaman isə bu məhdudiyyət nəzərə alınmır.

Misal 3: Vəzifə maaşı 1.000 manat olan işçi xəstəlik baş verdiyi cari ildən öncəki ildə mükafat və əlavələr alıb və həmin əlavə və mükafatlarla birlikdə onun 12 aylıq orta aylıq qazancı 1.200 manat olub. Bu halda işçiyə vəzifə maaşı 1.000 manat olduğu üçün ödənilən müavinət 1.000 manatın iki mislindən – 2.000 manatdan çox ola bilməz, baxmayaraq ki, onun iki aylıq qazancı 2.400 manatdır. Hamiləliyə və doğuma görə müavinət hesablanan zaman isə 2.400 manat tam olaraq aylar üzrə qazanc kimi nəzərə alınacaq.

Bu hal eynilə əsas və əlavə iş yerləri olan işçiyə də aiddir. Təcrübədə bununla bağlı tez-tez suallar verilir: iki yerdə (əsas və əlavə) çalışan işçinin təqdim etdiyi xəstəlik vərəqəsi əsasında əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinət necə hesablanmalıdır? Nazirlər Kabinetinin 15 sentyabr 1998-ci il tarixli 189 saylı qərarına əsasən, müavinət işçinin əmək kitabçasının saxlanıldığı əsas iş yeri üzrə müdiriyyətin müavinət təyin edən komissiyası və ya komissiyanın səlahiyyət verilmiş üzvü tərəfindən təyin edilir. Deməli, müavinət əsas iş yerində hesablanıb ödənilir. Hesablanma qaydası isə, həmin qərara əsasən, işçi əsas iş yerindən əlavə başqa müəssisədə də əmək müqaviləsi əsasında işləyirsə, bu zaman müavinət işçinin hər iki iş yerində əldə etdiyi ümumi qazancın əsasında hesablanır və əsas iş yerində müəyyən olunmuş vəzifə maaşının ikiqat məbləğindən artıq olmamaq şərtilə ödənilir.

Misal 4: İşçinin əsas iş yerində vəzifə maaşı 1.000 manat, əlavə iş yerində isə 1.500 manatdır. İşçi əmək qabiliyyətini müvəqqəti itirərsə, ona ödənilən müavinət əsas iş yerindəki vəzifə maaşının iki mislindən çox ola bilməz. Yəni vəzifə maaşı 1.000 manat olduğu üçün onun iki mislindən – 2.000 manatdan çox ola bilməz. Baxmayaraq ki, işçinin iki iş yerindən aldığı aylıq vəzifə maaşı birlikdə 2500 manatdır.

Bu hal hamiləliyə və doğuma görə müavinətin hesablanması zamanı nəzərə alınmır. Yəni hesablama işçinin əsas və əlavə iş yerlərində əldə olunmuş tam qazancı üzərindən aparılır.


Dəyişiklikdən sonra faiz gəlirlərindən ödəmə mənbəyində vergi necə hesablanacaq?


3. Müavinətlərin iş günlərinə görə ödənilməsi

Əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinətin ilk 14 təqvim gününə düşən iş günləri işəgötürən tərəfindən nəzərə alınır. 14 təqvim gününə düşən iş günlərindən artıq hesablanmış müavinət isə Dövlət Sosial Müdafiə Fondu tərəfindən ödənilir. Əmək qabiliyyətinin müvəqqət itirilməsi fasiləsiz olaraq davam edərsə, bu zaman ilk xəstəlik vərəqəsi istisna olmaqla, digər xəstəlik vərəqələrinin hər birinə görə hesablanmış müavinət tam olaraq Dövlət Sosial Müdafiə Fondu tərəfindən ödənilir. Hamiləliyə və doğuma görə məzuniyyət üçün 126 təqvim gününə düşən iş günlərini əhatə edən məbləğ isə tam olaraq Dövlət Sosial Müdafiə Fondu tərəfindən məcburi dövlət sosial sığorta haqları hesabına ödənilir.

Misal 5: 1 mart 2022-ci il tarixindən ilk dəfə mühasib vəzifəsinə işə qəbul olunaraq əmək fəaliyyətinə başlayan işçi işəgötürənə əmək qabiliyyətinin 10 noyabr 2022-ci ildən 30 noyabr 2022-ci ilədək müvəqqəti itirilməsi ilə əlaqədar xəstəlik vərəqəsi təqdim edib. Bu halda işəgötürən tərəfindən işçiyə xəstəlik vərəqəsi əsasında 10 noyabr 2022-ci ildən 23 noyabr 2022-ci ilədək (23 noyabr da daxil olmaqla) 14 təqvim gününə düşən iş günləri üçün əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinət hesablanacaq və ödəniləcək. 24 noyabr 2022-ci ildən 30 noyabr 2022-ci ilədək 30 noyabr da daxil olmaqla) 14 təqvim günündən artıq dövrə düşən iş günləri üçün müavinət isə Dövlət Sosial Müdafiə Fondu tərəfindən ödəniləcək.

Xəstəlik vərəqəsində işə çıxma tarixi qeyd olunmamaqla fasiləsiz olaraq 1 dekabr 2022-ci ildən 20 dekabr 2022-ci ilədək növbəti xəstəlik vərəqəsi müəssisəyə təqdim olunduğu halda isə bu, ikinci xəstəlik vərəqəsi olduğu üçün 1 dekabr 2022-ci ildən 20 dekabr 2022-ci ilədək bütün iş günləri üçün hesablanan müavinət Dövlət Sosial Müdafiə Fondu tərəfindən sosial sığorta haqları hesabına ödənəcək.

Misal 6: 1 mart 2019-cu ildən ilk dəfə insan resursları üzrə mütəxəssis vəzifəsinə işə qəbul olunaraq əmək fəaliyyətinə başlayan işçi 1 iyun 2022-ci ildən 4 oktyabr 2022-ci ilədək (4 oktyabr da daxil olmaqla) xəstəlik vərəqəsi əsasında hamiləlik və doğuşdan sonrakı dövr üçün məzuniyyətdən istifadə etmək üçün işəgötürənə xəstəlik vərəqəsi təqdim edib. Bu halda həmin xəstəlik vərəqəsi əsasında 126 təqvim gününə düşən bütün iş günlərinə görə müavinət Dövlət Sosial Müdafiə Fondu tərəfindən sosial sığorta haqları hesabına ödəniləcək.

Mənbə: “Əmək qanunvericiliyinin tətbiqi və əməkhaqqı hesablanması zamanı yaranan aktual məsələlərin tam praktiki izahı” kitabı.

Mənbə: vergiler.az


İşçilərin nahar fasiləsi fərqli vaxtlarda və fərqli müddətlərdə ola bilərmi?


PMS üzrə imtahan vaxtları açıqlandı

posted in: Xəbər | 0

PMS üzrə imtahan vaxtlarıDİM tərəfindən peşəkar mühasib sertifikatı (PMS) almaq istəyən namizədlər üçün imtahan keçiriləcək.

İmtahan kağız daşıyıcılar vasitəsilə 2 mərhələ üzrə təşkil olunacaq:

1-ci mərhələ (mühasibat uçotu üzrə) 25 sentyabr, 2-ci mərhələ (qanunvericilik üzrə) 9 oktyabr 2022-ci il tarixində keçiriləcək.

İmtahanın hər 2 mərhələsi üzrə qeydiyyat DİM-in rəsmi internet səhifəsi üzərindən 1-ci mərhələ üzrə 17 avqust–15 sentyabr, 2-ci mərhələ üzrə 23 avqust–29 sentyabr tarixlərində aparılacaq.

Namizədlər 1-ci mərhələ üzrə buradan və 2-ci mərhələ üzrə isə buradan qeydiyyatdan keçə bilərlər.

1-ci mərhələ (mühasibat uçotu) üzrə imtahanda iştirak etmək istəyən namizədlər aşağıda göstərilən sertifakat növlərinə uyğun istiqamətlərdən birini seçməklə qeydiyyatdan keçməlidirlər:

  1. Kiçik və Orta Sahibkarlıq Subyektləri üçün Maliyyə Hesabatlarının Beynəlxalq Standartları üzrə PMS;
  2. Maliyyə Hesabatlarının Beynəlxalq Standartları üzrə PMS;
  3. İctimai Sektor üçün Mühasibat Uçotunun Beynəlxalq Standartları üzrə – I, II səviyyə PMS.

2-ci mərhələ (qanunvericilik üzrə) imtahanda iştirak etmək istəyən namizədlər isə aşağıda qeyd edilən sertifikat növlərinə uyğun istiqamətlərdən birini seçməklə qeydiyyatdan keçməlidirlər:

  • Kiçik və Orta Sahibkarlıq Subyektləri üçün Maliyyə Hesabatlarının Beynəlxalq Standartları üzrə PMS; Maliyyə Hesabatlarının Beynəlxalq Standartları üzrə PMS;
  • İctimai Sektor üçün Mühasibat Uçotunun Beynəlxalq Standartları üzrə – I, II səviyyə PMS.

İmtahan ödənişlidir və hər bir mərhələ üzrə iştirak haqqı 50 manat təşkil edir.

İmtahanın hər bir mərhəlisinin davametmə müddəti 3 saatdır.

Namizədlərin bilik və bacarıqlarının yoxlanılması məqsədilə hər iki mərhələ üzrə imtahanlarda 40 tapşırıqdan ibarət sual kitabçalarından istifadə olunur. İmtahanın hər bir mərhələsi üzrə test tapşırıqları 100 ballıq şkala üzrə qiymətləndirilir. İmtahanın birinci mərhələsi üzrə qapalı tipli test tapşırıqlarından 20-si 1 balla, 10-u 2 balla, açıq tipli test tapşırıqlarından 8-i 5 balla, 2-si 10 balla qiymətləndirilir. İmtahanın ikinci mərhələsi üzrə qapalı tipli test tapşırıqlarından 20-si 1 balla, 15-i 2 balla, açıq tipli 5 test tapşırığının hər biri 10 balla qiymətləndirilir.

Hər bir sertifikat növü üzrə imtahan proqramları DİM-in rəsmi internet səhifəsində yerləşdirilib. Namizədlər proqramlarla bu linkə daxil olaraq tanış ola bilərlər.

“Peşəkar mühasib sertifikatının verilməsi prosesinin təşkili, imtahanların keçirilməsi və peşəkar mühasib sertifikatı almış şəxslərin dövlət reyestrinin aparılması Qaydaları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 22 may tarixli 237 nömrəli Qərarının aşağıdakı bəndlərinə əsasən:

2.8. Maliyyə Hesabatlarının Beynəlxalq Standartları üzrə peşəkar mühasib sertifikatını və ya Kiçik və Orta Sahibkarlıq Subyektləri üçün Maliyyə Hesabatlarının Beynəlxalq Standartları üzrə peşəkar mühasib sertifikatını əldə etmək üçün müraciət etmiş namizəd aşağıdakı sertifikatlardan hər hansı birinə malik olduğu hallarda keçiriləcək imtahanın birinci mərhələsindən azad edilir:

2.8.1. İmtiyazlı və Sertifikatlaşmış Mühasiblər Assosiasiyasının FR – “Financial Reporting” imtahanını müvəffəqiyyətlə keçməsi barədə sənədə və ya “DipIFR” sertifikatına;

2.8.2. İmtiyazlı İdarəedici Mühasiblər İnstitutunun (CİMA – Chartered Institute of Management Accountants) F2 “Advanced Financial Reporting” sertifikatına;

2.8.3. Sertifikatlaşmış İctimai Mühasib (CPA – Certified Public Accountant) təşkilatının sertifikatına;

2.8.4. İmtiyazlı Mühasiblər Assosiasiyasının sertifikatına;

2.8.5. Sertifikatlı Maliyyə Menecerləri İnstitutunun sertifikatına (ICFM (Institute of Certified Financial Managers) – “Diploma in IFRS”.

2.9. İctimai Sektor üçün Mühasibat Uçotunun Beynəlxalq Standartları üzrə – I və ya II səviyyə peşəkar mühasib sertifikatını əldə etmək üçün müraciət etmiş namizəd İctimai Sektor üçün İmtiyazlı Maliyyə və Mühasibatlıq İnstitutunun (CİPFA- Chartered Instıtute Of Publıc Fınance & Accountancy) sertifikatına malik olduğu hallarda imtahanın birinci mərhələsindən azad edilir.

Bu sertifikatlara malik olan namizədlər imtahanın 2-ci mərhələsi üzrə qeydiyyatdan keçməlidirlər. Onlar öz sertifikatlarının  surətini elektron şəkildə qeydiyyatdan keçdikləri səhifədə göstərilən ünvana yükləməlidirlər.

Həmin sertifikatların həqiqiliyi DİM tərəfindən yoxlanılaraq namizədə məlumat veriləcək.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 237 saylı 22 may 2019-cu il tarixli qərarının aşağıdakı bəndinə əsasən namizədlər göstərilən sənədləri təqdim etməklə imtahanda iştirak edə bilərlər:

2.10.2. iqtisadi sahədə orta ixtisas təhsili haqqında sənədin (diplomun) və mühasibatlıq sahəsində azı 5 (beş) illik iş stajına malik olmasını təsdiq edən sənədin surətləri və yaxud ali təhsil haqqında sənədin (diplomun) surəti.

PMS imtahanında iştirak etmək hüququ verən orta ixtisas təhsilinə aid ixtisasların siyahısı DİM-in rəsmi internet səhifəsində (link) yerləşdirilib.

Bu ixtisaslar üzrə orta ixtisas təhsili olan namizədlər mühasibatlıq sahəsində azı beş illik iş stajı haqqında məlumat göstərilmiş əmək kitabçasının surətini elektron şəkildə qeydiyatdan keçdikləri səhifədə göstərilən ünvana yükləməlidirlər. Əmək kitabçasında göstərilən məlumatların həqiqiliyi DİM tərəfindən yoxlanılacaq və namizədə bu barədə bildiriş göndəriləcəkdir.

İmtahandan 5 gün əvvəl namizədlər Mərkəzin saytından “İmtahana buraxılış vərəqəsi”ni və “Namizədin yaddaş kitabçası”nı çap edib götürə bilərlər.

Diqqət: Nazirlər Kabineti yanında Operativ Qərargahın verəcəyi qərarlardan asılı olaraq imtahan tarixi dəyişə bilər. Namizədlərə tövsiyə edilir ki, DİM-in rəsmi internet saytını müntəzəm olaraq izləsinlər.

Qeyd: PMS üzrə növbəti imtahanın 2022-ci ilin noyabr-dekabr aylarında keçirilməsi nəzərdə tutulub.

Mənbə: dim.gov.az


 

Rəsmiləşdirilməyən alışa görə hansı maliyyə sanksiyası tətbiq oluna bilər?

posted in: Xəbər | 0

Fərdi sahibkar şəxsi mənzilində istifadə etdiyi mebeli sahibkarlıq fəaliyyəti göstərdiyi ofisə almışdır. Mebelin alışı nağd qaydada həyata keçirilmiş və elektron alış aktı tərtib edilməmişdir. Bu halda fərdi sahibkara cərimə tətbiq oluna bilərmi?

Dövlət Vergi Xidmətindən bildirilib ki, vergi qanunvericiliyinə əsasən, vergi orqanında uçotda olmayan fiziki şəxslərdən alınmış mallara görə alış aktını tərtib etmək vergi ödəyicisinin vəzifəsidir və vergi orqanında uçotda olmayan şəxslərdən mallar alındıqda alınmış mallara görə alış aktları və malların alışı tarixindən 5 gün müddətində elektron alış aktı tərtib edilməlidir.

Eyni zamanda qanunvericiliyə görə vergi ödəyicisi tərəfindən Vergi Məcəlləsində nəzərdə tutulmuş qaydada gəlirlərin və xərclərin uçotu aparılmadıqda alıcıya rəsmiləşdirilməyən xərclərin 10 faizi miqdarında maliyyə sanksiyası tətbiq edilir. Bunlara əsasən sorğuda göstərilən halda vətəndaşdan əldə edilmiş mebelin alışı müvafiq aktla rəsmiləşdirilmədiyi üçün fərdi sahibkara alış aktı ilə rəsmiləşdirilməyən xərcin 10 faiz miqdarında maliyyə sanksiyası tətbiq edilir.

Əsas: Vergi Məcəlləsinin 16-cı, 58-ci və 71-2-ci maddələri.

Mənbə: vergiler.az


Vergidən azad olunan gəlirlərin bəyan edilməməsinə görə maliyyə sanksiyası tətbiq olunurmu?


Mühasibat uçotunda müasir problemlər

posted in: Məqalə, Xəbər | 0

Müasir biznesin idarə olunması üçün informasiya texnologiyaları sahəsində müasir nailiyyətlərin tətbiqi, idarə olunan proseslər haqqında informasiyanın vaxtında və dolğunluğunun təmin olunmasına imkan yaradır, proseslərin daha dərindən təhlilinə, modelləşdirilməsinə və onların inkişafının proqnozlaşdırılmasına imkan verir.

Mühasibat uçotu informasiyanın daxili istifadəçiləri olan təşkilat rəhbərliyi tərəfindən ən mühüm idarəetmə qərarlarının qəbul edildiyi informasiya bazası kimi çıxış edir və müəssisənin fəaliyyəti dövlət tənzimləyici orqanları, səhmdarlar, investorlar, kreditorlar və s. kimi xarici istifadəçilər tərəfindən qiymətləndirilir.

Son illərdə biznes idarəçiliyində informasiya texnologiyalarının inkişafı çox sürətlə gedir. Müasir mühasib bu gün artıq avtomatlaşdırma vasitələrindən geniş istifadə etmədən mühasibat uçotunun aparılması prosesini təsəvvür belə, edə bilmir. Məhz, ona görə də mühasibat hesabatlarının formalaşdırılmasının əsas tətbiqi problemlərindən biri onun avtomatlaşdırılması və kompüter texnologiyaları dünyasında son tendensiyalarla əlaqələndirilməsi prosesidir.

Lakin bu gün mühasibat uçotunun avtomatlaşdırılması ilə bağlı meydana çıxan problemlər aktual olaraq qalır.

Mühasibat uçotunun avtomatlaşdırılmasının müxtəlif aspektləri müxtəlif müəlliflər tərəfindən öyrənilir. Bu, əsasən, müəyyən proqram məhsullarının tətbiqi və istifadəsi üzrə metodik tövsiyələrlə bağlıdır.

Mühasibat uçotunun müasir aktual problemlərindən biri mühasibat uçotunun avtomatlaşdırılmış formasının zəif işlənmiş metodologiyasıdır. Bütün hallarda proqram tərəfindən istifadə olunan alqoritmlər olduqca mürəkkəbdir. Buna görə də proqram təminatından istifadə ilə bağlı həmin proqramın yaradıcılarının verdikləri ipucları, tövsiyələri daha faydalıdır. Lakin eyni zamanda, mühasibat uçotunun avtomatlaşdırılmış formalarının metodologiyasının inkişaf etdirilməsi də çox zəruridir.

Müəlliflər yalnız bəzi işlərdə avtomatlaşdırılmış sistemlərin qurulması prinsiplərini təhlil edir, mühasibat uçotunun avtomatlaşdırılmış formasının inkişafının metodik, həm də metodoloji problemlərini nəzərdən keçirirlər. Özü də bu zaman mühasibat uçotunun aparılmasının avtomatlaşdırılmış forması təkcə bütövlükdə mühasibat uçotu ilə bağlı qurulmanın ümumi prinsiplərinə malik olmur, həm də özünəməxsus spesifik prinsipləri nəzərə almaqla həyata keçirilmədən avtomatlaşdırılmış mühasibat uçotu formasını qurmaq mümkün deyil.


Qədim dövrdən bizim günlərə qədər biznesin tarixi


Bundan əlavə, MHBS-a keçidlə əlaqədar olaraq mühasibat uçotunun avtomatlaşdırılmasının digər bir problemi yeni mühasibat standartlarına uyğun proqram məhsullarının təkmilləşdirilməsi zərurəti ilə əlaqədardır.

Mühasibat uçotunun müasir avtomatlaşdırılmasının digər mühüm bir problemi məlumatların saxlanılmasının etibarlılığının təmin edilməsi məsələsi olur. Çünki informasiya təşkilatın strateji resurslarından birinə çevrilir və onun fəaliyyətində getdikcə daha çox əhəmiyyət kəsb edir.

Eyni zamanda, məlumatların virtualda mühafizəsi metodlarının tətbiqi ilə bağlı da bir sıra problemlər ortaya çıxır. Onlardan ən mühümü informasiya təhlükəsizliyinin təmin edilməsi problemidir. Bu günə qədər, məlumatların tam məxfiliyini təmin edən hər hansı bir xüsusi tənzimləmə aktları, eləcə də bunu yerinə yetirən texnologiyalar mövcud deyil. Nəticə etibarilə, ən qiymətli məlumatları ictimai virtual məkanda mühafizə etmək tövsiyə olunmur.

Müasir biznesin idarə olunması üçün informasiya texnologiyaları sahəsində müasir nailiyyətlərin tətbiqi idarə olunan proseslər haqqında informasiyanın vaxtında və dolğunluğunun təmin olunmasına imkan yaradır, proseslərin daha dərindən təhlilinə, modelləşdirilməsinə və onların inkişafının proqnozlaşdırılmasına imkan yaradır.

Məlumatların bütövlüyü məsələləri də aktual problem kimi çıxış edir. Belə ki, virtual məkan xidmətləri üçün internet şəbəkəsi ilə daimi əlaqənin təmin edilməsi zəruridir. Daimi əlaqə təmin edilmədikdə isə məlumat anbarlarında informasiyanın düzgün və vaxtında yenilənməsi ilə bağlı problemlər yarana bilər.

Yuxarıda göstərilən problemlərin həlli şirkətə məxsus olmayan serverlərdə informasiyanın itirilməsi və ya ona çıxış üçün şəraitin aradan qaldırılması üçün məqsədyönlü tədbirlər tələb edir.

Bundan başqa, proqram təminatının texniki dəstəyi ilə bağlı xərclərin azaldılmasına baxmayaraq, istifadəçi istifadə olunan təminatda məhdudiyyətlərlə üzləşir və bəzən isə öz məqsədləri üçün onu tam şəkildə tənzimləmək imkanı mövcud olmur.

Mühasibat uçotunun avtomatlaşdırılmasından istifadənin üstünlüklərinə baxmayaraq, onun bilavasitə müəssisə çərçivəsində istifadə edilməsinin aşağıdakı problemləri mövcuddur:

  1. Müəssisənin fəaliyyətinin əsaslarını və əsas biznes proseslərini müəyyən etmək zərurətindən ibarət olan avtomatlaşdırma məsələlərinin müəyyən edilməsi, bu da müəssisənin real tələbatından kənara çıxmamağa imkan verir.
  2. Mühasibat uçotu, hesabat və vergi qaydalarını tənzimləyən qaydalarda tez-tez yol verilən dəyişikliklər çevikliyə imkan vermir və kənar şəraitdəki dəyişiklikləri əks etdirə bilmir.
  3. İxtisaslı kadrların çatışmazlığı.
  4. Müəssisədəki mövcud məlumatların yeni bir sistemə köçürülməsi.

Yaponiyanın iqtisadiyyatı haqqında 13 fakt


Bütün bu problemlər mühasibat uçotunun aparılması üçün avtomatlaşdırılmış sistemin tətbiqinə çəkilən xərclərin artmasına və onun tətbiqindən iqtisadi effektin əldə olunmamasına gətirib çıxara bilər.

Sonda qeyd etmək lazımdır ki, hazırda mühasibat uçotunun aparılmasını informasiya texnologiyalarından istifadə etmədən təsəvvür etmək mümkün deyil. İnformasiya texnologiyalarının inkişafı ilə yeni imkanlar, eyni zamanda, mühasibat uçotunun avtomatlaşdırılmasının yeni problemləri meydana çıxır ki, bu da öz həllini tələb edir.

Mühasibat uçotu üzrə informasiya texnologiyalarının inkişafı mühasibin işinin effektivliyinin və keyfiyyətinin yüksəldilməsinə, müəssisənin maliyyə-təsərrüfat fəaliyyətinə nəzarətin yaxşılaşmasına imkan yaradır. Bununla yanaşı, qeyd etmək lazımdır ki, uçotun avtomatlaşdırılması sistemi mühasibləri tamamilə əvəz edə bilməz. Axı, bir çox məsələlər vardır ki, onların həlli zamanı peşəkar mühakimənin işlənib hazırlnmasına zərurət yaranır. Hansı ki, avtomatlaşdırma tərəfindən bu çox zəif təsdiq olunur, zira bu kimi məsələlərin həlli ilk növbədə insan təcrübəsinə əsaslanır.


 

1 496 497 498 499 500 501 502 2. 401