Daha çox8
Daha çox8

Hüquqi Ekspertiza və Qanunvericilik Təşəbbüsləri Mərkəzi auditor seçir

posted in: Xəbər | 0

Hüquqi Ekspertiza və Qanunvericilik Təşəbbüsləri Mərkəzi 2025-ci il üzrə audit rəyinin verilməsi və məsləhət xidməti üçün kotirovka sorğusu elan edib.

Kotirovkada iştirak haqqı 11,3 manatdır.

İddiaçılar təkliflərini fevralın 18-nə qədər Mərkəzin yerləşdiyi Bakı şəhəri, Nəsimi rayonu, Mərdanov qardaşları küçəsi, 117C ünvanına təqdim edə bilərlər.

Təkliflərə fevralın 18-də, saat 12:00-da qeyd olunan ünvanda baxılacaq.

2024-cü il üzrə audit xidmətləri “Professional Financial Experts” MMC göstərib. Şirkətə bu xidmətlərə görə 2 997 manat ödənilib.

Hüquqi Ekspertiza və Qanunvericilik Təşəbbüsləri Mərkəzi ölkə Prezidentinin 19 may 2022-ci il tarixli fərmanı ilə yaradılıb. Mərkəz normayaratma fəaliyyətinin keyfiyyətinin yüksəldilməsi, dövlət orqanları əməkdaşlarının hüquq normalarının tətbiqi sahəsində bilik, bacarıq və səriştələrinin inkişaf etdirilməsi, hüquqi maarifləndirmə, hüquqi ekspertizanın aparılması və hüquqi tənzimləmənin təsirinin qiymətləndirilməsi, habelə qabaqcıl beynəlxalq təcrübə nəzərə alınmaqla hüquqi islahatların həyata keçirilməsinə dair təkliflər hazırlanması və bunlarla bağlı işlərin səmərəli əlaqələndirilməsi sahəsində fəaliyyət göstərən publik hüquqi şəxsdir.

Mənbə: report.az

İşçilərin süni şəkildə yararlandığı kompensasiya tələbinə son

İşçilərin süni şəkildə yararlandığı kompensasiya tələbinə son

posted in: Xəbər | 0

Əmək Məcəlləsində edilmiş sonuncu dəyişikliklərdən biri də məzuniyyət hüququ, onun rəsmiləşdirilməsi və uçotu ilə bağlıdır.

Yeniliyi sərbəst auditor Altay Cəfərov şərh edir.

Əmək Məcəlləsinin 138-ci maddəsi işçilərə məzuniyyətlərin verilməsinin rəsmiləşdirilməsi və uçotunun aparılmasını müəyyən edir. Maddənin 1-ci hissəsində göstərilib ki, bu maddənin 2-1-ci hissəsində müəyyən edilmiş hal istisna olmaqla, bütün növ məzuniyyətlərin verilməsi işçinin yazılı (kağız daşıyıcıda və ya elektron informasiya sistemi vasitəsilə) ərizəsi əsasında işəgötürənin əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilir. Həmin maddənin 2-ci bəndində isə qeyd olunub ki, məzuniyyətin verilməsi barədə əmr (sərəncam, qərar) məzuniyyətin başlanmasına azı beş gün qalmış verilir və işçi onunla tanış edilir.

Əmək Məcəlləsinin 138-ci maddəsinə yeni əlavə edilmiş 2-1-ci hissəyə əsasən, işəgötürənin yazılı (kağız daşıyıcıda və ya elektron informasiya sistemi vasitəsilə) xəbərdarlığından sonra işçi əmək məzuniyyətinin növbəlilik cədvəlinə və başqa vaxta keçirilməsi şərtləri və qaydasına riayət etməyib məzuniyyətdən istifadə etmək (tam, yaxud bir hissəsindən) üçün işəgötürənə ərizə ilə müraciət etmədikdə işəgötürənin əmri (sərəncamı, qərarı) ilə müvafiq iş ilinin əmək məzuniyyətinə göndərilir. Eyni zamanda, Məcəllənin 135-ci maddəsinin 1-ci bəndində göstərilib ki, bu Məcəlləyə uyğun olaraq işəgötürən tərəfindən işçiyə əmək məzuniyyətinin verilməməsi qadağandır.

Əmək Məcəlləsində əmək məzuniyyəti ilə bağlı qısaca tələblər belədir:

– Növbəti ilin əmək məzuniyyəti üçün cari ilin sonlarında işəgötürən tərəfindən növbəlilik cədvəli tutulmalı və imzalanmalıdır (işçilərin rəyləri nəzərə alınmaqla).

– Əmək məzuniyyətinə çıxmazdan əvvəl işçi müvafiq ərizə ilə müraciət etməlidir.

– İşəgötürən əmr imzalamalı və həmin əmrlə işçini tanış etməlidir.

– Həmçinin işəgötürən tərəfindən işçiyə əmək məzuniyyətinin verilməməsi də qadağandır. Bu, inzibati məsuliyyət yaradır.

Ancaq təcrübədə tez-tez rastlaşdığımız hallardan biri işçinin əmək məzuniyyətindən istifadə etmək istəməməsidir. Səbəb kimi bildirirlər ki, əmək məzuniyyəti dövründə işləmək istəyirlər və sonradan məzuniyyətdən istifadə olunmamasına görə kompensasiya tələb edirlər. İşəgötürən də əmək məzuniyyətinin verilməməsinin qadağan olduğunu bildirdikdə və hökmən məzuniyyətə getməyi tələb etdikdə, bildirirlər ki, onlar əmək məzuniyyətinə getmək istəmələri haqqında işəgötürənə ərizə ilə müraciət etməyiblər.

Yəni işçi ərizə verməyibsə, işəgötürən onu əmək məzuniyyətinə göndərə bilməz.

Beləliklə, 138-ci maddəyə əlavə edilmiş 2-1-ci hissə bu boşluğu tam aradan qaldırmış olur. Artıq işəgötürən işçinin növbəlilik cədvəlinə uyğun əmək məzuniyyətinin vaxtı çatanda onun bu hüququndan istifadə etməsi ilə bağlı ərizəsi olmasa, ona yazılı xəbərdarlıq edəcək. Bu zaman işçi əmək məzuniyyətinin növbəlilik cədvəlinə uyğun olaraq əmək məzuniyyətindən istifadə edilməsi haqqında əzirə vermədikdə və başqa vaxta keçirilməsi şərtləri və qaydasına riayət etməyərək məzuniyyətdən istifadə etmək (tam, yaxud bir hissəsindən) üçün işəgötürənə ərizə ilə müraciət etmədikdə, o, artıq işəgötürənin əmri (sərəncamı, qərarı) ilə müvafiq iş ilinin əmək məzuniyyətinə göndəriləcək.

Sadə formada desək, işçi əmək məzuniyyətindən könüllü formada istifadə etmək istəmədiyi halda, işəgötürən xəbərdarlıq etməklə məcburi formada onu əmək məzuniyyətinə göndərəcək. İşçilərin və işəgötürənlərin hüquqlarının təmin olunması baxımından, bu dəyişiklik çox vacib bir yenilikdir.

Mənbə: vergiler.az

Bu müavinətləri müraciət etmədən almaq mümkün olacaq

Bu müavinətləri müraciət etmədən almaq mümkün olacaq

posted in: Xəbər | 0

Nazirlər Kabinetinin yeni qərarına əsasən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən daha 4 müavinət növü proaktiv qaydada təyin ediləcək.

Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən məlumat verilib.

Həmin müavinətlər aşağıdakılardır:

  • Əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinət (qanunvericiliklə müəyyən olunmuş dövr üçün);
  • hamiləliyə və doğuma görə müavinət;
  • 3 yaşınadək uşağa qulluğa görə müavinət;
  • dəfn üçün birdəfəlik müavinət;
    Bu müavinətlər proaktiv qaydada təyin ediləcək.

Bildirilib ki, proaktiv mexanizm əsasında təyin edilən digər sosial ödənişlərdə olduğu kimi, bu müavinətlərin alınması üçün də heç bir quruma müraciət etməyə və sənəd təqdim etməyə ehtiyac qalmayacaq.

Qeyd edilən müavinət növlərinin proaktiv qaydada təyin edilməsi prosesinə 2026-cı ilin mayın 1-dən başlanacaq.

Yeni qərarla, həmçinin MDSS əsaslı bir sıra müavinətlərin hesablanması qaydası və ödənilməsi müddətləri ilə bağlı humanist yanaşmalar nəzərdə tutulub.

Ümumilikdə son illərdə sosial sahədə icra olunan geniş elektronlaşma proqramı nəticəsində hazırda Nazirliyin xidmətlərinin 90 faizdən çoxu e-qaydada təqdim olunur.

Mənbə: banker.az

Kimlər 75%-lik vergi güzəştindən yararlana bilər?

Kimlər 75%-lik vergi güzəştindən yararlana bilər?

posted in: Xəbər | 0

2025-ci ilin oktyabr ayında əmək müqaviləmə xitam verib fərdi sahibkar kimi fəaliyyətə başlamışam. Banklara (əvvəlki iş yerimdən fərqli yerə) “6202202 – Optimal qərarların seçilməsi məsələləri üzrə məsləhətlər” koduna uyğun məsləhət xidməti göstərirəm. 2025-ci il oktyabr-dekabr dövrü üzrə sahibkarlıq fəaliyyətindən gəlirim 45.000 manatdan azdır. 2025-ci il üzrə gəlir vergisi ödəyərkən 75%-lik güzəştdən yararlana bilərəmmi?

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən bildirilib ki, 2025-ci il yanvarın 1-dən etibarən Vergi Məcəlləsinin 102.1.30-1-ci maddəsində qeyd olunan fəaliyyət növləri ilə məşğul olan fiziki şəxslərin həmin fəaliyyət növlərindən təqvim ili üzrə əldə etdiyi gəlirlərin (xərclər nəzərə alınmadan) həcmi 45.000 manata qədər olduqda, həmin gəlirlərin 75 faizi gəlir vergisindən azaddır.

Qeyd olunan fəaliyyət növlərinə proqram təminatının işlənməsi sahəsində xidmətlər, layihə-dizayn və dekorasiya xidmətləri, tərcümə xidməti, reklam xidməti, araşdırma və tədqiqat sahəsində fəaliyyət, elm, təhsil, mədəniyyət və idman sahəsində göstərilən xidmətlər, hüquq, sərbəst auditor, mühasibat və maliyyə sahəsi üzrə məsləhət xidmətləri, jurnalistlərin fəaliyyəti, bazar konyukturunun öyrənilməsi, qiymətləndirmə fəaliyyəti, avtonəqliyyat vasitələri ilə yükdaşımalar istisna olmaqla, sifarişlərin çatdırılması və kuryer fəaliyyəti, turizm bələdçiliyi və xidmətlərin ixracı aiddir.

Bildiririk ki, vergi ödəyicisi tərəfindən əmtəəsiz əməliyyatlar aparıldığı halda, bu maddə ilə müəyyən edilmiş vergi güzəşti əmtəəsiz əməliyyatlardan yaranan gəlirlərə və Vergi Məcəllənin 102.1.30-1-ci maddəsində nəzərdə tutulan fəaliyyət sahələrində muzdlu işçi kimi çalışan fiziki şəxsin əmək müqaviləsinə xitam verildiyi, həmin fəaliyyətlə fərdi sahibkar kimi məşğul olduğu və fərdi sahibkar kimi fəaliyyətə başladığı tarixdən bir il müddətində eyni xidmətləri tam və ya qismən əvvəlki işəgötürənə göstərdiyi halda, həmin fərdi sahibkara nəzərdə tutulan güzəşt şamil edilmir.

Əlavə olaraq nəzərinizə çatdırırıq ki, nəzərdə tutulan fəaliyyət sahələri ilə məşğul olan fiziki şəxs eyni zamanda digər fəaliyyət sahəsi ilə də məşğul olduqda, Vergi Məcəlləsinin 102.1.30-1-ci maddəsində nəzərdə tutulmuş güzəşt hüququndan yalnız o halda istifadə edə bilər ki, həmin fəaliyyət sahələrindən əldə edilən illik gəlirlərin illik ümumi gəlirlərdə xüsusi çəkisi 50 faizdən az olmasın.

Sorğuya cavab olaraq bildirik,ki optimal qərarların seçilməsi məsələləri üzrə məsləhət xidmətləri Vergi Məcəlləsinin 102.1.30-1 ci maddəsində qeyd edilmiş fəaliyyət növünə aid olunmadığından, nəzərdə tutulan güzəşt şamil edilməyəcək.

Əsas: Vergi Məcəlləsinin 102.1.30-1-ci maddəsi

Mənbə: vergiler.az

Vergi hesablanan əməkhaqqı məbləğinin 200 manat azaldılması nəyə əsaslanır?

1 46 47 48 49 50 51 52 2. 382
error: Content is protected !!