Daha çox8
Daha çox8

Övladlığa uşaq götürənlərə hansı imtiyazlar verilir?

posted in: Xəbər | 0

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin məlumatına görə, övladlığa uşaq götürmüş şəxslər aylıq sosial müavinətlə (3-18 yaş arası hər uşağa görə 240 manat, əlilliyi olan hər uşağa görə 600 manat) təmin edilməklə yanaşı, onlar sosial təminat, əmək, vergi münasibətləri sahələrində bir sıra güzəştlərə də malikdirlər:

– valideyn himayəsindən məhrum olmuş 8 yaşınadək övladlığa və ya qəyyumluğa götürülmüş uşaqlar da daxil olmaqla beş və daha çox uşağı olan qadınların və kişilərin 5 il erkən yaşa görə pensiya və ya yaşa görə müavinət hüququ var;

– əsas və əlavə məzuniyyətlərin müddətindən asılı olmayaraq, 14 yaşınadək iki uşağı olan qadınlar, bu yaşadək üç və daha çox uşağı, yaxud əlilliyi olan uşağı olan qadınlar üçün nəzərdə tutulan əlavə məzuniyyət uşaqları övladlığa götürmüş şəxslərə də şamil olunur;

– iki aylığadək yaşında uşağı övladlığa götürən qadınların doğuşdan sonra müəyyən edilmiş 56 günlük ödənişli sosial məzuniyyətdən istifadə etmək hüququ var.

– üç yaşadək uşağı övladlığa götürən qadınların 3 yaşadək uşağa qulluğa görə qismən ödənişli məzuniyyətdən istifadə etmək hüququ var;

– əlilliyi olan uşağı övladlığa götürən valideynlərin birinin hər hansı muzdlu işdən vergi tutulmalı olan aylıq gəliri 200 manat azaldılır.

Eyni zamanda övladlığa götürülmüş uşaqlar ailə başçısını (onları övladlığa götürmüş şəxsləri) itirdikdə, ailə başçısını itirməyə görə aylıq sosial ödənişlə (pensiya və ya müavinət) təmin edilirlər. Habelə valideyn himayəsindən məhrum olmuş və övladlığa götürülmüş uşaqlar ödənişli əsaslarla təhsil aldıqları müddətdə onların təhsil haqları dövlət büdcəsi vəsaiti hesabına ödənilir.

Mənbə: vergiler.az

Əsas vəsait ilin sonunda alınarsa amortizasiya mümkündür?

Əsas vəsait ilin sonunda alınarsa amortizasiya mümkündür?

posted in: Xəbər | 0

Əsas vəsait dekabrda istismara verilibsə, Vergi Məcəlləsinin 114-cü maddəsinə uyğun olaraq illik köhnəlmə hesablamaq olarmı? Qanunvericilikdə qeyd edilib ki, vergi ilinin sonuna qalıq dəyərinə tətbiq etməklə hesablanır.

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən bildirilib ki, amortizasiya ayırmaları Vergi Məcəlləsinin 114 -cü maddəsinin müddəalarına uyğun olaraq, gəlirdən çıxılır. Üfüqi monitorinqə qəbul edilən vergi ödəyiciləri tərəfindən amortizasiya ayırmaları düz xətt və ya azalan qalıq dəyəri metodu ilə, digər vergi ödəyiciləri tərəfindən isə yalnız azalan qalıq dəyəri metodu ilə (qeyri-maddi aktivlər üzrə amortizasiya ayırmaları istisna olmaqla) hesablanır.

Əlavə olaraq, Vergi Məcəlləsinin 114.4-cü maddəsinə əsasən, əsas vəsaitlərin kateqoriyaları üzrə azalan qalıq dəyəri metodu ilə amortizasiya ayırmaları Məcəllənin 114.3-cü maddəsi ilə hər kateqoriyaya aid olan əsas vəsaitlər üçün müəyyənləşdirilmiş amortizasiya normasını həmin kateqoriyaya aid əsas vəsaitlərin vergi ilinin sonuna balans üzrə qalıq dəyərinə tətbiq etməklə hesablanır.

Əsas: Vergi Məcəlləsinin 114-cü maddəsi

Mənbə: vergiler.az

Özəl sektor işçiləri üçün vergi güzəştləri – misallarla

Özəl sektor işçiləri üçün vergi güzəştləri – misallarla

posted in: Xəbər | 0

Məlum olduğu kimi, 2026-cı il yanvarın 1-dən özəl sektorda çalışan muzdlu işçilərin əməkhaqqına gəlir vergisi hesablanır. Əmək qanunvericiliyi üzrə ekspert Kəmalə Yusifova yeni qayda üzrə vergi və sosial ödənişlərin hesablanması şərtlərini açıqlayıb.

2026-cı il və qarşıdakı illərdə neft-qaz sahəsində fəaliyyəti olmayan və qeyri-dövlət sektoruna aid edilən vergi ödəyicilərində işləyən fiziki şəxslərin muzdlu işdən aylıq gəlirlərindən aşağıdakı dərəcələrlə vergi tutulacaq:

– 2026-cı il yanvarın 1-dən 2027-ci il yanvarın 1-dək – 2.500 manatadək aylıq gəlirdən 3 faiz, 2.500 manatdan 8.000 manatadək olan aylıq gəlirdən 75 manat + 2.500 manatdan 8.000 manatadək olan məbləğin 10 faizi və aylıq gəlir 8.000 manatdan çox olduqda 625 manat + 8.000 manatdan çox olan məbləğin 14 faizi;

– 2027-ci ilin yanvarın 1-dən 2028-ci il yanvarın 1-dək – 2.500 manatadək aylıq gəlirdən 5 faiz, 2.500 manatdan 8.000 manatadək olan aylıq gəlirdən 125 manat + 2.500 manatdan 8.000 manatadək olan məbləğin 10 faizi və aylıq gəlir 8.000 manatdan çox olduqda 675 manat + 8.000 manatdan çox olan məbləğin 14 faizi;

– 2028-ci il yanvarın 1-dən – 2.500 manatadək aylıq gəlirdən 7 faiz, 2.500 manatdan 8.000 manatadək olan aylıq gəlirdən 175 manat + 2.500 manatdan 8.000 manatadək olan məbləğin 10 faizi və aylıq gəlir 8.000 manatdan çox olduqda 725 manat + 8.000 manatdan çox olan məbləğin 14 faizi gəlir vergisinə cəlb ediləcək.

Qeyd edək ki, Vergi Məcəlləsinin 102.1-1-ci, 102.2-ci, 102.3-cü, 102.4-cü və 102.5-ci maddələrinə əsasən, muzdlu işçilərə gəlir vergisindən azadolmalar və güzəştlər tətbiq edilir:

– Şəhid statusu almış şəxslərin valideynlərinin, dul arvadlarının (ərlərinin) və övladlarının hər hansı muzdlu işdən vergi tutulmalı olan aylıq gəliri 800 manat məbləğində azaldılır.

– Aşağıdakı fiziki şəxslərin hər hansı muzdlu işdən vergi tutulmalı olan aylıq gəliri 400 manat məbləğində azaldılır:

• Azərbaycanın Milli Qəhrəmanlarının;

• Müharibə ilə əlaqədar əlilliyi olan şəxslərin;

• Həlak olmuş, yaxud sonralar vəfat etmiş döyüşçülərin (şəhid statusu almış şəxslər istisna olmaqla) dul arvadlarının (ərlərinin) və övladlarının;

• 1941-1945-ci illərdə arxa cəbhədə fədakar əməyinə görə orden və medallar ilə təltif edilmiş şəxslərin;

• Qanunvericiliklə müəyyən edilmiş qaydada müharibə veteranı adı almış şəxslərin;

• Çernobıl AES-də qəza, mülki və ya hərbi təyinatlı atom obyektlərində digər radiasiya qəzaları nəticəsində xəstəlik keçirmiş şəxslərin.

– Orqanizmin funksiyalarının 61-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərin (müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər istisna olmaqla), əlilliyi olan uşaqların, daimi qulluq tələb edən əlilliyi olan uşağa və ya orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxsə baxan və onunla birlikdə yaşayan valideynlərdən (o cümlədən övladlığa götürən şəxslərdən) birinin (özlərinin istəyi ilə), arvadın (ərin), himayəçinin və ya qəyyumun hər hansı muzdlu işdən vergi tutulmalı olan aylıq gəliri 200 manat məbləğində azaldılır.

– Aşağıdakı fiziki şəxslərin hər hansı muzdlu işdən vergi tutulmalı olan aylıq gəliri 100 manat məbləğində azaldılır:

• Həlak olmuş, yaxud sonralar vəfat etmiş döyüşçülərin (şəhid statusu almış şəxslər istisna olmaqla) valideynləri, habelə vəzifələrinin icrası zamanı həlak olmuş dövlət qulluqçularının valideynləri və arvadları (ərləri). Bu şəxslərin arvadlarına (ərlərinə) güzəşt o halda verilir ki, onlar təkrar nikaha girmiş olmasınlar;

• Əfqanıstana və döyüş əməliyyatları aparılan başqa ölkələrə göndərilmiş hərbi qulluqçular və təlim-yoxlama toplanışlarına çağırılmış hərbi vəzifəlilər;

• Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər.

– Qohumluq dərəcəsindən asılı olmayaraq, himayəsində azı üç nəfər, o cümlədən gündüz təhsil alan 23 yaşınadək şagirdlər və tələbələr olan ər və ya arvaddan birinin vergi tutulmalı olan aylıq gəliri 50 manat məbləğində azaldılır.

2026-cı il üçün gəlir vergisini nümunələr üzərində hesablayaq. DSMF ayırmalarına tutulan hissə dəyişməzsə, vergidən tutulmalar aşağıdakı kimi olacaq:

Misal 1

İşçi əsas iş yerində özəl sektorda çalışır. Aylıq vəzifə maaşı 1.500 manatdır və heç bir vergi güzəşt yoxdur. Bu halda onun əməkhaqqından tutulmalar aşağıdakı kimi olacaq:

Gəlir vergisi (1.500 – 200) x 3% = 39 manat;
Məcburi dövlət sosial sığorta haqqı: 6 + (1.500 – 200) x 10% = 136 manat;
İcbari tibbi sığorta haqqı: 1.500 x 2% = 30 manat;
İşsizlikdən sığorta haqqı: 1.500 x 0.5% = 7.5 manat;
Net əməkhaqqı məbləği: 1.500 – 39 – 136 – 30 – 7.5 = 1.287,5 manat.

Misal 2

İşçi özəl sektorda çalışır, aylıq vəzifə maaşı 3.000 manatdır. Əsas iş yerində çalışan işçinin müharibə ilə əlaqədar əlilliyi var. Ona görə də onun əməkhaqqı 400 manat azaldılaraq vergiyə cəlb ediləcək. Bu halda onun əməkhaqqından tutulmalar aşağıdakı kimi olacaq:

Gəlir vergisi: 75 + (3.000 – 2.500 – 400) x 10% = 75 + 10 = 85 manat;
Məcburi dövlət sosial sığorta haqqı: 6 + (3.000 – 200) x 10% = 286 manat;
İcbari tibbi sığorta haqqı: (2.500 x 2%) + (3.000 – 2.500) x 0.5% = 50 + 2.5 = 52.5 manat;
İşsizlikdən sığorta haqqı: 3.000 x 0.5% = 15 manat;
Net əməkhaqqı məbləği: 3.000 – 85 – 286 – 52.5 – 15 = 2.561,5 manat.

Misal 3

Özəl sektorda çalışan işçinin aylıq vəzifə maaşı 8.500 manatdır. İşçinin əsas iş yeridir, məcburi köçkündür, müharibə veteranıdır və himayəsində 3 uşaq var. Bu halda güzəştlərdən ən böyüyü – müharibə veteranlığına görə 400 manat və himayəsində 3 uşaq olduğu üçün 50 manat nəzərə alınacaq:

Gəlir vergisi: 625 + (8.500 – 8.000 – 400 – 50) x 14% = 632 manat;
Məcburi dövlət sosial sığorta haqqı: 6 + (8.500 – 200) x 10% = 836 manat;
İcbari tibbi sığorta haqqı: (2.500 x 2%) + (8.500 – 2.500) x 0.5% = 50 + 30 = 80 manat;
İşsizlikdən sığorta haqqı: 8.500 x 0.5% = 42.5 manat;
Net əməkhaqqı məbləği: 8.500 – 632 – 836 – 80 – 42.5 = 6.909,5 manat.

Mənbə: vergiler.az

Azərbaycanda özəlləşdirmədən büdcəyə daxilolmalar 23 % artıb

Azərbaycanda özəlləşdirmədən büdcəyə daxilolmalar 23 % artıb

posted in: Xəbər | 0

Bu ilin yanvar ayında Azərbaycanda dövlət əmlakının özəlləşdirilməsindən dövlət büdcəsinə 26,1 milyon manat vəsait daxil olub.

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 23 % çoxdur.

Ötən ay 4 hərrac keçirilib. Hərraclarda 29 nəqliyyat vasitəsi özəlləşdirilib.

Bundan başqa, ay ərzində Dövlət Xidməti 51-i qeyri-yaşayış, 405-i torpaq sahəsi üzrə olmaqla 456 yeni icarə müqaviləsi bağlayıb, bunun hesabına büdcəyə 1 il əvvələ nisbətən 48 % çox – 4,9 milyon manat vəsait ödənilib.

Mənbə: report.az

Kriptovalyuta ticarəti edən fiziki şəxslərin vergi öhdəlikləri

1 43 44 45 46 47 48 49 2. 391
error: Content is protected !!