Aliment ödənişi zamanı vergi öhdəliklərinin ardıcıllığı

posted in: Xəbər | 0

Dövlət Vergi Xidmətinə fiziki şəxslərin muzdlu gəlirlərindən aliment tutulması zamanı verginin və sığorta haqlarının hesablanma ardıcıllığı ilə bağlı sorğular daxil olur. Bununla əlaqədar, Vergi Məcəlləsinin 102.1.5-ci maddəsi və Nazirlər Kabinetinin “Uşaqlar üçün valideynlərinin aliment tutulan, manat və xarici valyuta ilə aldıqları əməkhaqqının və (və ya) başqa gəlirlərinin Növləri”nin 7-ci bəndi ilə bağlı ətraflı izahatın verilməsi zərurəti yaranıb.

Vergi Məcəlləsinə əsasən, fiziki şəxslərin aliment gəlirləri gəlir vergisindən azaddır. Eyni zamanda, “Sosial sığorta haqqında” Qanunun 15-ci maddəsində aliment ödənişləri məcburi dövlət sosial sığorta haqqı hesablanmayan gəlir növlərinə aid edilib.

Bu azadolmalar alimenti alan şəxsə münasibətdə müəyyən edilib. Alimenti ödəyən şəxsə (əməkhaqqı alan işçiyə) münasibətdə işəgötürən tərəfindən əməkhaqqının hesablanması zamanı vergi və sığorta haqları üzrə həmin güzəştlər tətbiq edilmir.

Fiziki şəxslərin muzdlu işdən əldə olunan gəlirlərinin ümumi məbləğindən Vergi Məcəlləsinin müddəalarına uyğun olaraq gəlir vergisi, “Sosial sığorta haqqında”, “İşsizlikdən sığorta haqqında” və “Tibbi sığorta haqqında” Qanunlara uyğun olaraq sığorta haqları hesablanır.

Nazirlər Kabinetinin qərarı ilə “Uşaqlar üçün valideynlərinin aliment tutulan, manat və xarici valyuta ilə aldıqları əməkhaqqının və (və ya) başqa gəlirlərinin Növləri” təsdiq edilib və həmin gəlir Növlərinin 7-ci bəndinə əsasən aliment onu ödəyən şəxsə çatası qazancın (gəlirin) məbləğindən vergilər tutulduqdan sonra alınır. Həmin Qərarla alimenti ödəyən şəxsin əməkhaqqından hesablanan vergi və sığorta haqları üzrə dərəcələrin hansı məbləğə tətbiq olunması müəyyən edilmir, tutulmaların ardıcıllığı tənzimlənir. Burada “vergilər” dedikdə şəxsin əldə etdiyi gəlirlərdən Vergi Məcəlləsi ilə müəyyən edilmiş qaydada tutulan vergilər başa düşülür və bu anlayışa digər məcburi tutulmalar aid edilmir. Belə ki, alimenti ödəyən şəxsin qazancının (gəlirinin) ümumi məbləğindən vergi və sığorta haqları hesablandıqdan sonra aşağıdakı ardıcıllıqla tutulmalar həyata keçirilir:

1. Gəlir vergisi;

2. Gəlir vergisi tutulduqdan sonra qalan məbləğdən aliment;

3. Aliment ödənildikdən sonra qalan məbləğdən sığorta haqları.

Mənbə: vergiler.az

Minimum əməkhaqqı ildə bir dəfə nəzərdən keçiriləcək

Müharibə veteranları 2 vergi güzəştini eyni vaxtda istifadə edə bilərmi?

posted in: Xəbər | 0

Müharibə iştirakçısı olan şəxsə əməkhaqqı hesablanarkən vergidən azadolma məbləği 400 manat, yoxsa 600 manat olmalıdır? Əgər 600 manat qanunvericiliyə uyğundursa, niyə vergilərin rüblük hesabatını elektron qaydada verəndə 600 manat göstərici yoxdur (yəni 200 manat + 400 manat göstərilir)?  Ən böyük güzəşt kimi 200 manat, yoxsa 400 manat seçilir?

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən bildirilib ki, Vergi Məcəlləsinin 102.1.6-cı maddəsinə əsasən, fiziki şəxsin əsas iş yerində (əmək kitabçasının olduğu yerdə) hər hansı muzdlu işlə əlaqədar əldə edilən aylıq gəliri 2.500 manatadək olduqda 200 manat məbləğində olan hissəsi gəlir vergisindən azad edilir. Fiziki şəxsin muzdlu işlə əlaqədar aylıq gəliri 2.500 manatdan çox olduqda 200 manatlıq vergi güzəşti tətbiq edilmir.

Vergi Məcəlləsinin 102.2.7-ci maddəsinə əsasən, qanunvericiliklə müəyyən edilmiş qaydada müharibə veteranı adı almış və ya müharibə ilə əlaqədar əlilliyi olan şəxslərin hər hansı muzdlu işdən vergi tutulmalı olan aylıq gəliri 400 manat məbləğində azaldılır.

Sorğuda qeyd olunan halda, yəni fiziki şəxsin Vergi Məcəlləsinin 102.1.6-cı və 102.2-ci maddələrində nəzərdə tutulan güzəştlərə hüququ olduqda, həmin şəxs hər iki güzəştdən yararlana bilər.
Bəyannamələrin təqdim olunması zamanı yaranan suallarla bağlı ətraflı məlumat üçün Çağrı Mərkəzinə (195-1) və ya vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət etməyiniz tövsiyə olunur.

Əsas: Vergi Məcəlləsinin 102-ci maddəsi

Mənbə: vergiler.az

Özəl sektor işçiləri üçün vergi güzəştləri – misallarla

Minimum əməkhaqqı ildə bir dəfə nəzərdən keçiriləcək

posted in: Xəbər | 0

Prezident İlham Əliyevin təsdiq etdiyi yeni “Azərbaycan Respublikasının Əmək Məcəlləsində dəyişiklik edilməsi haqqında” Qanunla Məcəllədə sosial müdafiənin səmərəli aləti sayılan minimum əməkhaqqının məbləğinə baxılmasının dövriliyini təmin edən dəyişiklik edilib.

Dövlətimizin başçısı “Azərbaycan Respublikasının Əmək Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2026-cı il 13 fevral tarixli 354-VIIQD nömrəli Qanununun tətbiqi və “Azərbaycan Respublikası Əmək Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 15 aprel tarixli 122 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında” Fərman da imzalayıb.

Son illər dövlətimizin başçısının tapşırıqları əsasında aparılan ardıcıl sosial islahatlar çərçivəsində sosial ödənişlərdə ciddi artımlara nail olunub. O cümlədən, bu islahatlar minimum əməkhaqqının da 3,1 dəfə artırılmasına imkan verib.

Yeni qanunvericilik aktları ilə Əmək Məcəlləsinə minimum əməkhaqqının məbləğinə Azərbaycan Respublikası Nazirlər Kabinetinin təkliflləri əsasında Azərbaycan Respublikasının Prezidenti tərəfindən ildə bir dəfədən az olmayaraq yenidən baxılmasını nəzərdə tutan cümlə əlavə edilib.

Bu dəyişiklik əmək sahəsində milli qanunvericiliyin beynəlxalq standartlara uyğun təkmilləşdirilməsində daha bir addım olmaqla, Azərbaycanda işçilərin minimum yaşayış səviyyəsini təmin edən minimum əməkhaqqı məbləğində ardıcıl artım dinamikasının qarşıdakı dövrdə də uğurla davam etməsinə imkan yaradır.

Qeyd edək ki, minimum əməkhaqqı “Yaşayış minimumu haqqında” Qanuna uyğun olaraq ixtisassız əməyə və xidmətə görə aylıq əməkhaqqının ən aşağı səviyyəsini müəyyən edən sosial normativdir. Aylıq iş vaxtı normasını işləmiş və əmək funksiyasını yerinə yetirmiş işçinin aylıq əməkhaqqı dövlət tərəfindən müəyyən edilmiş minimum əməkhaqqı məbləğindən aşağı ola bilməz.

Məcəllədə həmçinin bəzi texniki dəyişikliklər də edilib.

Mənbə: vergiler.az

İstifadə edilməmiş məzuniyyət pulu: hesablama qaydası

İstifadə edilməmiş məzuniyyət pulu: hesablama qaydası

posted in: Xəbər | 0

Yeni qərarı  insan resursları üzrə ekspert Ramin Hacıyev şərh edir.

Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (Ombudsman) Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə sorğu ilə müraciət edərək Azərbaycan Respublikası Əmək Məcəlləsinin 144-cü maddəsinin 2 və 3-cü hissələrinin Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinin I, III, IV və V hissələrinə, 37-ci maddəsinin I və II hissələrinə, 71-ci maddəsinin I, II, V və VI hissələrinə, 149-cu maddəsinin I və III hissələrinə uyğunluğunun yoxlanılmasını xahiş edib.

Sorğuda qeyd olunub ki, Əmək Məcəlləsinin 144-cü maddəsinin 2-ci hissəsinə əsasən, əmək müqaviləsinə xitam verilməsinin səbəbindən və əsasından asılı olmayaraq, işçiyə işdən çıxan günədək hər hansı şərt və ya məhdudiyyət qoyulmadan istifadə etmədiyi bütün iş illərinin əsas məzuniyyətlərinə görə pul əvəzi ödənilməlidir. Həmin maddənin 3-cü hissəsinin tələbinə görə isə əmək münasibətlərinə xitam verilərkən bu Məcəllənin 115 və 116-cı maddələrində nəzərdə tutulmuş əlavə məzuniyyətlərə, təhsil və yaradıcılıq məzuniyyətlərinə, habelə sosial məzuniyyətlərə görə pul əvəzi verilmir.

Sorğu verənin qənaətinə görə, əmək müqaviləsinə xitam verilərkən işçilərin işləməklə əldə etdiyi Əmək Məcəlləsinin 115 və 116-cı maddələrində nəzərdə tutulmuş əmək şəraitinə, əmək funksiyasının xarakterlərinə və əmək stajına görə əlavə məzuniyyətlər üçün pul əvəzinin verilməsinin Əmək Məcəlləsinin 144-cü maddəsinin 3-cü hissəsi ilə məhdudlaşdırılması Konstitusiyanın bərabərlik hüququna və normativ hüquqi aktların hüquqa və haqq-ədalətə əsaslanmalı olmasına dair tələblərinə uyğun olmamaqla, Əsas Qanunun 37-ci maddəsi ilə təminat verilən istirahət hüququnun pozulmasına gətirib çıxarır.

Qeyd edək ki, hazırda Əmək Məcəlləsi ilə müəyyən edilən əlavə məzuniyyətlərə aşağıdakılar aiddir:

– əmək şəraitinə və əmək funksiyasının xüsusiyyətlərinə görə əlavə məzuniyyət (115-ci maddə);

– əmək stajına görə əlavə məzuniyyət (116-cı maddə);

– uşaqlı qadınların əlavə məzuniyyəti (117-ci maddə);

– Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində işləyən mütəxəssislərin əlavə məzuniyyəti (118-1-ci maddə).

Konstitusiya Məhkəməsinin Plenumu Ombudsmanın sorğusunu, məhkəmə və digər müvafiq qurumların mütəxəssislərinin mülahizələrini, ekspert rəylərini və iş materiallarını araşdırıb müzakirə edərək aşağıdakı kimi qərar qəbul edib:

Əmək Məcəlləsinin 144-cü maddəsinin 3-cü hissəsindəki “bu Məcəllənin 115–117 və 118-1-ci maddələrində nəzərdə tutulmuş əlavə məzuniyyətlərə görə kompensasiyanın verilməməsi” müddəası bərabərlik və normativ hüquqi aktların haqq-ədalətə əsaslanması prinsiplərinin tələbləri ilə uyğunsuzluq təşkil etdiyinə və ödənişli əmək məzuniyyəti hüququnu qeyri-mütənasib şəkildə məhdudlaşdırdığına görə Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinin I və III hissələrinə, 71-ci maddəsinin II hissəsinə və 149-cu maddəsinin I hissəsinə uyğun olmadığından tətbiqi dayandırılsın.

Konstitusiya Məhkəməsi Plenumunun bu Qərarının təsviri-əsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelərə əsasən, işdən çıxan günədək işçinin istifadə etmədiyi Əmək Məcəlləsinin 115–117 və 118-1-ci maddələrində göstərilən əlavə məzuniyyətlərə görə kompensasiya ödənilməsinin təmin edilməsi məqsədilə həmin Məcəllənin 144-cü maddəsinin 2 və 3-cü hissələri Azərbaycan Respublikası Konstitusiyanın 25-ci maddəsinin I və III, 71-ci maddəsinin II və 149-cu maddəsinin I hissələrinin tələblərinə uyğunlaşdırılsın.

Məsələ qanunvericilik qaydasında həll edilənədək Azərbaycan Respublikası Konstitusiyasının 25 və 149-cu maddələrinin tələbləri nəzərə alınmaqla mövcud qeyri-bərabərliyin qarşısının alınması məqsədilə, əmək müqaviləsinə xitam verilərkən işçiyə bütün iş illərinin istifadə etmədiyi Azərbaycan Respublikası Əmək Məcəlləsinin 115–117 və 118-1-ci maddələrində göstərilən əlavə məzuniyyətlərinə görə istifadə olunmamış əsas əmək məzuniyyəti üçün müəyyən edilmiş qaydada və məbləğdə hesablanan kompensasiyanın verilməsi təmin edilsin.

Konstitusiya Məhkəməsi Plenumunun bu Qərarı qüvvəyə minməsindən sonra əmək müqavilələrinə xitam verilməsi ilə bağlı yaranan münasibətlərə, habelə hazırda məhkəmələrin icraatında olan müvafiq işlərə şamil olunur. Qərar dərc edildiyi gündən -18 fevral 2026-cı il tarixdən qüvvəyə minib.

Qeyd edilən yeni halları misalla izah edək:

Misal 1

Mühasib vəzifəsində çalışan işçi 22.02.2025-ci il tarixdə işə qəbul olunub. Hesab edək ki, bir ilin tamamında, yəni 22.02.2026-cı il tarixdə əmək müqaviləsinə xitam verilir. İşçinin 30 təqvim günü əsas məzuniyyətə, 4 təqvim günü isə əmək stajına görə əlavə məzuniyyətə görə, cəmi 34 təqvim günü istifadə edilməmiş məzuniyyət hüququ var. Konstitusiya Məhkəməsinin 18 fevral 2026-cı il tarixli Qərarının tələbinə əsasən, işçiyə həm əsas (30 gün) məzuniyyətə, həm də əlavə (4 gün) məzuniyyətə görə, yəni 34 təqvim gününə görə kompensasiya verilməlidir.

Misal 2

Mühəndis vəzifəsində çalışan işçi 25.02.2025-ci il tarixdə işə qəbul olunub. Tutaq ki, bir ilin tamamında, yəni 25.02.2026-cı il tarixdə əmək müqaviləsinə xitam veriləcək. İşçinin 30 təqvim günü əsas məzuniyyətə, 6 təqvim günü əmək şəraitinə əlavə məzuniyyətə və 2 təqvim günü əmək stajına görə əlavə məzuniyyətə, cəmi 38 təqvim günü istifadə edilməmiş məzuniyyət hüququ var. Konstitusiya Məhkəməsinin 18 fevral 2026-cı il tarixli Qərarının tələbinə görə, işçiyə əsas (30 gün) və əlavə (6+2=8 gün) məzuniyyətə görə, yəni 38 təqvim gününə görə kompensasiya verilməlidir.

Misal 3

Sürücü vəzifəsində çalışan işçi 05.10.2025-ci il tarixdə işə qəbul olunub. Hesab edək ki, 02.03.2026-cı il tarixdə əmək müqaviləsinə xitam veriləcək. İşçinin 8.5 təqvim günü əsas məzuniyyətə (05.10.2025-02.03.2026-cı iş ili üzrə), 2 təqvim günü isə əmək stajına görə əlavə məzuniyyətə gör, cəmi 10.5 təqvim günü istifadə edilməmiş məzuniyyət hüququ var. Konstitusiya Məhkəməsinin 18 fevral 2026-cı il tarixli Qərarına əsasən, işçiyə əsas (8.5 gün) məzuniyyətə, həmçinin də əlavə (2 gün) məzuniyyətə görə, yəni 10.5 təqvim gününə görə kompensasiya verilməlidir.

Misal 4

Mühəndis vəzifəsində çalışan işçi 25.02.2025-ci il tarixdə işə qəbul olunub. Fərz edək ki, bir ilin tamamında, yəni 25.02.2026-cı il tarixdə əmək müqaviləsinə xitam veriləcək. İşçinin 30 təqvim günü əsas məzuniyyəti, 6 təqvim günü əmək şəraitinə görə əlavə məzuniyyəti və 5 gün təqvim günü Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində işləyən mütəxəssislərə verilən əlavə məzuniyyəti, cəmi 41 təqvim günü istifadə edilməmiş məzuniyyət hüququ var. Konstitusiya Məhkəməsinin 18 fevral 2026-cı il tarixli Qərarının tələbinə görə, işçiyə əsas (30 gün) və əlavə (6+5=11 gün) məzuniyyətlərə görə, yəni 41 təqvim gününə görə kompensasiya verilməlidir.

Mənbə: vergiler.az

Övladlığa uşaq götürənlərə hansı imtiyazlar verilir?

1 42 43 44 45 46 47 48 2. 391