İctimai əhəmiyyətli funksiyaları yerinə yetirən hüquqi şəxslər hansılardır?

posted in: Xəbər | 0

ictimai əhəmiyyətli qurumlar, hüquqi şəxslər“Vətəndaş müraciətləri haqqında” Qanunla həmçinin ictimai əhəmiyyətli funksiyaları yerinə yetirən hüquqi şəxslərə müraciətlərin də dövlət orqanlarına edilən müraciətlər kimi tənzimlənməsi müəyyən edilmişdir. Belə ki, hər iki quruma ünvanlanan vətəndaş müraciəti qanunun tələbindəki kimi tənzimlənməlidir.

Bəs Qanunla bəhs edilən ictimai əhəmiyyətli funksiyaları yerinə yetirən hüquqi şəxslər hansılardır?

Qanunun 5.8-ci maddəsindən irəli gələrək Nazirlər Kabinetinin təsdiqlədiyi siyahıya görə bu hüquqi şəxslərə aiddir:

  1. Publik hüquqi şəxslər.
  2. İctimai birliklər və fondlar.
  3. Dini qurumlar.
  4. Kredit təşkilatları.
  5. Sığorta şirkətləri.
  6. İnvestisiya fondları və bu fondların idarəçiləri.
  7. Qeyri-dövlət (özəl) sosial fondlar.
  8. Qiymətli kağızlar bazarında lisenziyalaşdırılan şəxslər.
  9. Qiymətli kağızları fond birjasında dövriyyədə olan hüquqi şəxslər.
  10. Kütləvi informasiya vasitələri ilə məhsullarının istehsalını və (və ya) yayılmasını həyata keçirən hüquqi şəxslər.
  11. Telekommunikasiya xidməti göstərən müəssisələr.
  12. Poçt müəssisələri.
  13. Müntəzəm sərnişin və yük daşımalarını həyata keçirən nəqliyyat müəssisələri.
  14. Kommersiya təşkilatlarının ictimai əhəmiyyətli qurumlara aid edilməsi üçün meyar göstəricilərinə cavab verən hüquqi şəxslər (2, 4-9-da göstərilən şəxslərdən başqa).

Göründüyü kimi həqiqətən də bu hüquqi şəxslər ictimai əhəmiyyətli funksiyaları yerinə yetirirlər. Bu səbəbdən də həmin hüquqi şəxslərə edilən vətəndaş müraciətləri mütləq qaydada mövcud qanunvericiliyin tələbləri əsas tutulmaqla tənzimlənməlidir.

Nəzərə almaq lazımdır ki, Nazirlər Kabinetinin müvafiq qərarı ilə kommersiya təşkilatlarının ictimai əhəmiyyətli qurumlara aid edilməsi üçün aşağıdakı meyar göstəriciləri müəyyən edilmişdir:

İllik gəlir

(mln.manat)

Hesabat ili ərzində işçilərin orta hesabla sayı

(nəfər)

Balansın yekun məbləği

(mln.manat)

200,0 1500 500,0

 

Yekunda isə qeyd etmək mümkündür ki, bu qurumlara edilən müraciətlərə baxılması müddətləri, həmin qurumlarda kargüzarlığın aparılması, telefon vasitəsilə edilən müraciətlərin qeydiyyatı və cavablandırılması da dövlət qurumları üçün müəyyən edilmiş tələblərə cavab verməlidir.


Məhkəmə iclasında cərimələnməmək üçün bunları bilmək lazımdır


Kapital Bank sahibkarların məsafədən imzalaya bildiyi sənədlərin sayını artırdı

posted in: Xəbər | 0

Kapital Bank məsafədən imzaXəbər verdiyimiz ki, Kapital Bank fiziki şəxslər üçün müqavilələrin məsafədən imzalaması imkanını təqdim edir. Xidmət çərçivəsində fiziki şəxslərin zaminlik müqavilələri, hüquqi şəxslərin təsisçiləri fiziki şəxs olduqda təsisçi qərarları, həmçinin fərdi sahibkarların bütün öhdəlik müqavilələri, dövlət qeydiyyatına alınmayan girov müqavilələri və bu növ digər bütün sənədlər üz tanıma sistemi vasitəsilə banka gəlmədən və əlavə tətbiqdən istifadə etmədən imzalana bilər.

Həmçinin 1 nəfərdən artıq təsisçisi olan şirkətlərin təsisçi qərarları da məsafədən imzalana bilər. Bu zaman vaxta qənaət olunur, sənədlərin kağız daşıyıcılarda olması zərurəti aradan qalxır və bank tərəfindən müqavilənin əlavə təsdiq edilməsi tələb edilmir. İndiyədək digər imza üsullarında mütləq müqavilələr bank tərəfdən təsdiq edilməli, müştəri əlavə olaraq hər-hansı bir digər tətbiqdən istifadə etməli, fiziki imza zamanı müqavilələr kağız daşıyıcıda olmalı və müştəri banka fiziki olaraq yaxınlaşmalı idi.

Yeniliklər çərçivəsində artıq müştərilər bankın filialına yaxınlaşmadan, hətta ölkə xaricində olsalar belə, bank tərəfindən müqavilənin təsdiq etməsini gözləmədən müqaviləni imzalayırlar və bununla da imzalanan sənəd qüvvəyə minmiş sayılır. Bunun üçün müştərinin mobil nömrəsinə SMS ilə göndərilən linkə daxil olub, əlavə edilən sənədi təsdiq etmək zəruridir. Bu xidmətdən smartfon vasitəsilə də yararlanmaq mümkündür.

Qeyd edək ki, Kapital Bank mütəmadi olaraq müştərilərə göstərilən xidmətləri və təqdim edilən məhsulların şərtlərini sadələşdirərək məsafədən həyata keçirilməsi üçün müxtəlif yeniliklər təqdim edir. Bununla da müştərilər vaxta qənaət etməklə prosesləri daha sürətli yerinə yetirə bilirlər.


Kapital Bank 110-cu filialını istifadəyə verdi


Kapital Bank 110-cu filialını istifadəyə verdi

posted in: Xəbər | 0

Ölkənin ən geniş filial şəbəkəsinə malik olan Kapital Bank müştərilərə daha əlçatan olmaq məqsədilə yeni filialını istifadəyə verdi. Bu dəfə açılan yeni filial Bakı şəhəri, Xətai rayonu, Ayaz İsmayılov küçəsi 69X ünvanında (Xətai metro stansiyasının yaxınlığında) yerləşir. “Zəfər” filialı müştərilərə ənənəvi bank xidmətləri göstərmək üçün bütün zəruri imkanlara və şəraitə malikdir.

Kapital Bank-ın “Zəfər” filialı müştərilərə hesablaşma-kassa əməliyyatları, əmanətlər, müxtəlif növ kreditlər, plastik kartlar, kommunal, rabitə və digər xidmətlərin ödənişləri, valyuta mübadiləsi və sair bank xidmətlərini təklif edir.

Qeyd edək ki, Kapital Bank 2015-ci ildən etibarən Bakı və regionlarda həyata keçirdiyi filial şəbəkəsinin transformasiyası layihəsini həyata keçirir. İndiyədək 70-dən çox filialda əsaslı təmir və yerdəyişmə prosesi həyata keçirilib, 40-dan çox yeni filial və şöbə istifadəyə verilib. Layihənin davamı olaraq ilin sonuna qədər bir sıra şəhər və rayonlarda yeni xidmət nöqtələri açılacaq, həmçinin bəzi filial və şöbələr əsaslı təmir olunaraq müştərilərin xidmətinə veriləcək.

Ölkənin birinci bankı olan Kapital Bank PAŞA Holding-ə daxildir və Azərbaycanda ən böyük filial şəbəkəsi — 110 filialı və 24 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün https://kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz. Nağd pul krediti sifarişi üçün — https://kbl.az/krdt, Birbank kartı sifarişi üçün — https://kbl.az/tkstcrd.


Dövlət vergi orqanlarına işə qəbul elan edilib

posted in: Xəbər | 0

Dövlət vergi orqanlarına işə qəbulİqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti ərazi vergi orqanlarında və rayon vergilər şöbələrində (Dövlət Vergi Xidmətinin regionlarda yerləşən strukturları üzrə) vakant vəzifələrə işə qəbulla bağlı müsabiqə elan edib.

Müsabiqənin keçirilməsində məqsəd dövlət vergi orqanlarının regionlarda yerləşən strukturlarının kadr ehtiyacını qarşılamaq, eyni zamanda potensiallı gəncləri dövlət vergi orqanlarına işə qəbul etməkdir. Bu, dövlət vergi orqanlarına işə qəbulla bağlı sayca 18-ci müsabiqədir.

İşə qəbul Azərbaycan Respublikası Prezidentinin 15 aprel 2005-ci il tarixli fərmanı ilə təsdiq edilmiş “Dövlət vergi orqanlarına işə qəbul olunmaq üçün namizədlərin müsabiqəsinin keçirilməsi haqqında Əsasnamə”yə müvafiq qaydada, müsabiqə əsasında həyata keçirilir. Müsabiqə test imtahanı və müsahibədən ibarət olacaq. Müsabiqədə iştirak etmək istəyən namizədlər 19 sentyabr 2022-ci il tarixdən 16 oktyabr 2022-ci il tarixədək Dövlət Vergi Xidmətinin rəsmi internet səhifəsində yerləşdirilmiş elanda göstərilən elektron ərizə formasını doldurmaqla qeydiyyatdan keçməlidirlər.

Müsabiqənin test imtahanı mərhələsi 20 noyabr 2022-ci il tarixdə Dövlət İmtahan Mərkəzi tərəfindən təşkil olunacaq. Test imtahanından uğurla keçən namizədlərə müsahibə mərhələsi barədə əlavə məlumat veriləcək.

Müsabiqənin keçirilməsində yeni yanaşmalar

Yüksək intellektə, məntiqi düşünmə bacarığına və geniş dünyagörüşünə malik gənclərin müəyyən edilərək dövlət vergi orqanlarına işə qəbul olunması məqsədilə müsabiqə qaydalarında bir sıra dəyişikliklər edilib. Belə ki, hüquq sahəsi istisna olmaqla, digər sahələr üzrə namizədlər üçün ixtisas məhdudiyyəti götürülüb və qanunvericiliklə müəyyən edilmiş tələblər çərçivəsində ali təhsilə malik bütün vətəndaşların müsabiqədə iştirakına açıq və bərabər imkanlar yaradılıb.

Bundan əlavə, əvvəlki illərdən fərqli olaraq, bütün ixtisaslar üzrə test imtahanının sual bankından vergilər və vergitutma üzrə suallar çıxarılıb, əvəzində namizədlərin dünyagörüşünü, xüsusən də Azərbaycanın digər sahə qanunvericilik aktları, tarixi, coğrafiyası, müasir beynəlxalq münasibətləri, dünyada baş verən yeni tendensyalarla bağlı biliklərini, məntiqi düşüncə səviyyəsini və bacarığını ölçən testlərdən ibarət yeni sual bazası hazırlanıb.

Bu mərhələdə namizədlərə təqdim olunacaq sualları özündə əks etdirən ədəbiyyat siyahısı və sual nümunələri Dövlət Vergi Xidmətinin rəsmi internet səhifəsində yerləşdirilib (https://www.taxes.gov.az/az/page/edebiyyat-siyahisi-ve-test-tapsirigi-numuneleri).

Dəyişikliklərin edilməsində əsas məqsəd gənclərə dövlət vergi orqanlarına işə qəbul olunmaq üçün daha geniş imkan yaratmaq, daha potensiallı gəncləri müəyyən edərək işə qəbul etmək, onların vergilər və vergitutma sahəsində zəruri peşə biliklərini və bacarıqlarını nəzəri və praktiki təlimlər vasitəsilə artırmaq və dövlət vergi orqanları üçün hazırlıqlı kadr yetişdirməkdir.

Müsabiqə başa çatdıqdan sonra nəticələr Dövlət Vergi Xidmətinin rəsmi internet səhifəsi vasitəsilə ictimaiyyətə elan ediləcək. Müsabiqənin hər iki mərhələsindən uğurla keçən namizədlər kadr ehtiyatına daxil olunaraq həmin dövr üzrə vakant vəzifələrə təyin ediləcəklər. Vakant vəzifələrə təyin olunmamış namizədlərin kadr ehtiyatında saxlanılma müddəti 2 ildir.

Dövlət Vergi Xidmətinə işə qəbulla bağlı müsabiqə elanı ilə aşağıdakı link vasitəsilə daha ətraflı tanış ola bilərsiz: (https://www.taxes.gov.az/az/post/2090).

Mənbə: taxes.gov.az


Artıq ödənilmiş vergi məbləği vergi ödəyicisinə necə qaytarılır?


1 471 472 473 474 475 476 477 2. 387