ƏDV qeydiyyatı keçmiş tarixlə aparıldıqda bəyannamə necə təqdim edilməlidir?

posted in: Xəbər | 0

ƏDV qeydiyyatıSuala vergi mütəxəssisi Xəyal Feyzullayev aydınlıq gətirir.

Vergi Məcəlləsinin 177.5-ci maddəsində göstərilir ki, qeydiyyat Məcəllənin 157.3.3-cü maddəsinə uyğun olaraq keçmiş tarixlə aparıldıqda, vergi ödəyicisi qeydiyyatın qüvvəyə mindiyi tarixdən etibarən vergiyə cəlb edilən əməliyyatlar üzrə ƏDV ödəməlidir və müəyyən edilmiş qaydada vergi məbləğlərini əvəzləşdirmək hüququna malikdir. Müvafiq əməliyyatlar vergi ödəyicisi tərəfindən verilən birinci bəyannamədə əks etdirilməlidir. Bu əməliyyatlar bəyannamənin verildiyi ay ərzində aparılmış əməliyyatlar sayılır.

Lakin qeydiyyat Vergi Məcəlləsinin 157.3.1-ci maddəsinə uyğun olaraq keçmiş tarixlə aparıldıqda, həmin dövrlər üzrə müvafiq əməliyyatların vergi ödəyicisi tərəfindən verilən birinci bəyannamədə əks etdirilməsi halı Məcəllənin 177.5-ci maddəsində nəzərdə tutulmadığından vergi ödəyicisi qeydiyyat qüvvəyə mindiyi tarixdən etibarən ƏDV bəyannamələrini hər ay üzrə ayrı-ayrılıqda təqdim edilməlidir.

Belə ki, Vergi Məcəlləsinin 177.5-ci maddəsi 157.3.1-ci maddəyə deyil, bilavasitə 157.3.3-cü maddəyə əsaslandığı üçün müvafiq əməiyyatların vergi ödəyicisi tərəfindən birinci bəyannamədə əks etdirilməsini bildirir.

Misal 1: Sadələşdirilmiş vergi ödəyicisi olan “A” MMC 1 avqust 2022-ci ildə vergi orqanına könüllü olaraq ƏDV məqsədləri üçün qeydiyyata dair ərizə verərək ƏDV qeydiyyatının qüvvəyə mindiyi tarixin 1 yanvar 2020-ci il olduğunu qeyd edib. Vergi orqanı tərəfindən Vergi Məcəlləsinin 157.3.3-cü maddəsinə əsasən “A” MMC ƏDV qeydiyyatına alınıb. Qeydiyyatın qüvvəyə mindiyi tarix 1 yanvar 2020-cu il qəbul edilib. Bu halda “A” MMC 1 yanvar 2020-ci il tarixdən 31 avqust 2022-ci il tarixədək olan dövr üzrə vergi tutulan əməliyyatlarını və həmin dövr üzrə qanunvericilikdə müəyyən edilmiş qaydada əvəzləşdirilən ƏDV məbləğlərini birinci bəyannamədə, yəni 2022-ci ilin avqust ayının ƏDV bəyannaməsində göstərməlidir.

Misal 2: Sadələşdirilmiş vergi ödəyicisi olan “B” MMC əvvəlki hesabat dövrlərində ƏDV məqsədləri üçün qeydiyyata dair ərizə vermək öhdəliyinin yarandığı və qanunvericiliyə əsasən məcburi olaraq 1 yanvar 2020-ci il tarixdən qeydiyyatın qüvvəyə minməli olduğu halda, vergi orqanına ərizə təqdim etməyib. Qeyd olunan kənarlaşma vergi orqanı tərəfindən 2022-ci ilin avqust ayında aşkar edilib və MMC məcburi qaydada ƏDV qeydiyyatına alınıb. Bu halda, MMC 1 yanvar 2020-ci il tarixdən 31 avqust 2022-ci il tarixədək olan dövr üzrə hər ay üzrə ayrı-ayrılıqda ƏDV bəyannamələri təqdim etməlidir. Bundan əlavə, “B” MMC Vergi Məcəlləsinin 57-ci və 58-ci maddələrinə əsasən məsuliyyətə cəlb oluna bilər.

Mənbə: vergiler.az


Borcun tələb edilməsinin bilinməyən, lakin faydalı üsulu – icra qeydi


Borcun tələb edilməsinin bilinməyən, lakin faydalı üsulu – icra qeydi

posted in: Xəbər | 0

icra qeydiMövcud qanunvericiliyə əsasən bir şəxsin digər şəxsə verdiyi borcun ödənilməməsi ilə əlaqədar məhkəməyə müraciət edilərkən 1000 manatadək məbləğdə iddia tələbləri üzrə 30 manat məbləğində, bu məhkəməyə müraciət edilmədən həyata keçirildikdə isə notariusun icra qeydi ilə aparılarsa, 25 manat məbləğində dövlət rüsumu ödənilməlidir. Qeyd edək ki, məhkəməyə müraciət üzrə iddia tələbinin məbləği daha çox olduqda, dövlət rüsumunun məbləği 1290 manatdan da çox ola bilir. İcra qeydi üzrə isə bu rüsum sabit həcmdə müəyyən edilmişdir.

İcra qeydi kimlər tərəfindən aparılır?

Ölkə ərazisində dövlət və ya xüsusi notarius vasitəsilə, ölkə xaricində isə Azərbaycan Respublikası konsulluqlarında (10 USD dövlət rüsumu ödəməklə) müvafiq icra qeydləri əsasında borcludan tələb edilən məbləğ geri alına bilər.

Borcludan pul məbləğlərini tutmaq və ya əmlakı tələb edib almaq üçün borclunun olduğu yer üzrə notarius borcu müəyyən edən sənədlərdə icra qeydləri aparmalıdır. Bu icra qeydləri yalnız təqdim olunan sənədlər borcun mübahisəsiz olduğunu təsdiq etdiyi halda tətbiq edilir. Notariusa yazılı və ya elektron imza ilə bu barədə müraciət etmək mümkündür. Nəzərə almaq lazımdır ki, icra qeydi məhkəmə qətnaməsinə bərabər hüquqi statusa malik olmaqla, yenidən məhkəmə qərarı tələb edilmədən icra məmurları tərəfindən borcun tələb edilməsinə əsas verən icra sənədi hesab edilir. Onu da qeyd edək ki, məhkəmə qətnaməsi 1 ay ərzində icraya yönəldiyi halda, icra qeydi dərhal icra məmuru tərəfindən icraya götürülür.

Tələbkar şəxs notariusa (konsulluğa) müraciət etdiyi vaxtdan 1 iş günü müddətində müraciət üzrə icra qeydi aparılır və elektron qaydada icra məmurlarının sisteminə icra sənədini göndərir. Halbuki məhkəməyə müraciət zamanı prosedur müddətlər daha çox vaxt tələb edir.

İcra qeydinin aparılması üçün şəxs notariusa pulun ödənilməsini, əmlakın qaytarılmasını və ya verilməsini tələb edən notariat qaydasında təsdiq olunmuş əqdin əslini təqdim etməlidir. Həmçinin qeyd edək ki, icra qeydləri digər hallar üzrə də aparıla bilər. Həmin hallara aiddir:

  • Hesablaşma və kredit münasibətlərindən irəli gələn əsaslarla borcun alınması;
  • İşçilər əmək münasibətlərini pozduqda, onların müəssisəyə, idarəyə və təşkilata ödəmədikləri borcun alınması;
  • Nisyə alınmış mallar üçün borcun və müamilənin alınması;
  • Yüklərin daşınmasından əmələ gələn borcun və müəyyən edilmiş müddət ərzində dispaşa üzrə çatası məbləğlərin alınması;
  • Taranı vaxtında qaytarmamağa görə cərimənin alınması;
  • Yaşayış və qeyri-yaşayış sahələrindən kirayə müqavilələri üzrə, habelə kommunal xidmətləri üçün borcun alınması;
  • Müəlliflik hüququ ilə əlaqədar münasibətlərdən əmələ gələn borcun alınması;
  • Uşaqları uşaq tərbiyə müəssisələrində saxlamağa görə valideynlərdən borcun alınması və digər hallar.

Bu hallarla bağlı sənədlərin siyahısı Nazirlər Kabinetinin müvafiq qərarı ilə təsdiq edilmişdir. Göründüyü kimi icra qeydləri əsasında aparılan tələblərin icrası və tələb edilməsi qaydası daha sərfəlidir.

“Notariat haqqında” Qanun

“Dövlət rüsumu haqqında” Qanun

“İcra haqqında” Qanun

“Borcların icra qeydləri əsasında mübahisəsiz qaydada alınmasına əsas olan sənədlərin siyahısının təsdiq edilməsi haqqında” Nazirlər Kabinetinin Qərarı.


İnzibati cərimənin əməkhaqqıdan tutulması


İnzibati cərimənin əməkhaqqıdan tutulması

posted in: Xəbər | 0

inzibati cəriməQanunvericiliklə nəzərdə tutulan bir sıra hallarda (yol hərəkəti qaydalarının pozulması, karantin qaydalarını pozma, döymə, tütündən istifadə qadağan olunan yerdə tütündən istifadə, ev heyvanlarının gəzdirilməsi qaydalarını pozma və s.) inzibati xəta törətmiş şəxs barəsində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilə bilir. İnzibati cərimə məhkəmə və ya səlahiyyətli orqan tərəfindən tətbiq edilir.

  • Məhkəmə qərarı ilə tətbiq edilən inzibati cərimə qərar qüvvəyə mindikdən sonra 10 gün,

  • Səlahiyyətli orqanın qərarı ilə tətbiq edilən inzibati cərimə isə qərar qüvvəyə mindikdən sonra 30 gün müddətində ödənilməlidir.

Yetkinlik yaşına çatmayan şəxsin qazancı olmadıqda, onun əvəzindən valideynləri cəriməni ödəmək öhdəliyi daşıyır. Nağdsız əməliyyatlarla bağlı qanunvericiliyə əsasən inzibati cərimələr nağdsız qaydada ödənilməlidir.

Fiziki şəxslərin barəsində cərimə tətbiq edildikdə cərimənin göstərilən müddətdə ödənilməməsi aşkar edildikdən dərhal sonra səlahiyyətli orqan tərəfindən qərarın surəti onun əməkhaqqısından, təqaüdündən, pensiyasından və ya digər gəlirlərindən tutulması üçün şəxsin işlədiyi və ya oxuduğu, yaxud əməkhaqqı aldığı müəssisəyə, idarəyə, təşkilata və ya pensiya təyin edən orqana göndərilir.

Həmin şəxs işdən çıxdıqda və ya inzibati cəriməni onun əməkhaqqısından, yaxud digər gəlirlərindən tutmaq imkanı olmadıqda, işəgötürən üç günədək müddətdə inzibati məsuliyyətə cəlb edilən şəxsin yeni iş yerini göstərməklə (əgər bu mümkündürsə), ödəmənin mümkünsüzlüyünün səbəblərini, eləcə də ödəmə olmuşdursa, bu barədə müvafiq qeyd aparılmaqla, inzibati cərimə barədə qərarın surətini onu qəbul etmiş səlahiyyətli orqana (vəzifəli şəxsə) qaytarır. Şəxs işləmirsə, yaxud onun əməkhaqqısından və ya digər gəlirlərindən inzibati cərimənin ödənilməsi mümkün deyildirsə, yaxud cərimə könüllü qaydada ödənilmədikdə inzibati cərimə tətbiq etmə haqqında qərar məcburi icraya yönəldilir. Yekunda isə qeyd etmək mümkündür ki, müvafiq olaraq gəlirlərdən tutulma barədə qərarın icra edilməməsi pozuntunu törədən şəxsin də məsuliyyətə cəlb edilməsinə səbəb olur, həmçinin əməkhaqqıdan bir neçə icra sənədinə əsasən məbləğlər tutularkən, bütün hallarda işçinin əməkhaqqısının əlli faizi saxlanmalıdır.


Qrant vəsaitindən məcburi dövlət sosial sığorta haqqı tutulurmu?


Qrant vəsaitindən məcburi dövlət sosial sığorta haqqı tutulurmu?

posted in: Xəbər | 0

məcburi dövlət sosial sığorta haqqıTəhsil Nazirliyinin keçirdiyi qrant müsabiqəsində fiziki şəxs qalib gəlmişdir. Qrant müqaviləsinə əlavə edilmiş xidmətlərin smetasında isə məcburi dövlət sosial sığorta ödənişi nəzərdə tutulmamışdır. Qrant kimi alınan pul vəsaitindən məcburi dövlət sosial sığorta haqqı ödənilməlidirmi?

“Qrant haqqında” Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsinin müddəalarına əsasən, qrant – humanitar, sosial və ekoloji layihələri, müharibə və təbii fəlakət nəticəsində ziyan çəkmiş ərazilərdə dağılmış istehsal, sosial təyinatlı obyektlərin və infrastrukturun bərpası üzrə işləri, təhsil, səhiyyə, mədəniyyət, hüquqi məsləhət, informasiya, nəşriyyat və idman sahələrində proqramları, elm, tədqiqat və layihələşdirmə proqramlarını, dövlət və cəmiyyət üçün əhəmiyyət kəsb edən digər proqramları hazırlamaq və həyata keçirmək üçün bu Qanunla nəzərdə tutulmuş qaydada göstərilən yardımdır. Qrant yalnız konkret məqsəd (məqsədlər) üçün verilir.

Qrant maliyyə vəsaiti şəklində və (və ya) başqa maddi formada verilir.

“Qrant haqqında” Qanunun 5.3-cü maddəsinə əsasən, bu Qanuna müvafiq olaraq qrant kimi alınan pul vəsaitinin məcburi dövlət sosial sığortasına cəlb olunması “Sosial sığorta haqqında” Qanun ilə tənzimlənir.

“Sosial sığorta haqqında” Qanununun 15-ci maddəsində məcburi dövlət sosial sığorta haqlarından azad olunan gəlir növlərinin siyahısı verilmişdir və həmin maddənin 12-ci abzasında maddi yardımın sosial sığorta haqqından azad olunduğu göstərilmişdir.

Qeyd olunanlara əsasən, sorğuda göstərilən halda, qrant üzrə resipiyent olan fiziki şəxsin qrant layihəsi çərçivəsində ona ayrılan vəsaitə görə sosial sığorta haqqı ödəmək öhdəliyi yaranmır.

Əsas: “Qrant haqqında” Qanunun 1-ci, 5-ci, 15-ci və “Sosial sığorta haqqında Qanunun 15-ci maddələri.

Mənbə: vergiler.az


Çoxnövbəli iş rejimində növbələrin müəyyən olunması və əməkhaqqının hesablanması


1 474 475 476 477 478 479 480 2. 387