Vergitutma məqsədləri üçün gəlirlərin və xərclərin uçotunun aparılması qaydalarında bəzi dəyişikliklər edilib

posted in: Xəbər | 0

xərclərin uçotuAzərbaycan Respublikası Prezidentinin “İctimai iaşə fəaliyyəti sahəsində vergitutma məqsədləri üçün gəlirlərin və xərclərin uçotunun aparılması Qaydası”nın və “Pərakəndə ticarət fəaliyyəti sahəsində vergitutma məqsədləri üçün gəlirlərin və xərclərin uçotunun aparılması Qaydası”nın təsdiq edilməsi haqqında” 2017-ci il 19 aprel tarixli 1341 nömrəli, “Topdansatış ticarət fəaliyyəti sahəsində vergitutma məqsədləri üçün gəlirlərin və xərclərin uçotunun aparılması Qaydası”nın və “İstehsal fəaliyyəti sahəsində vergitutma məqsədləri üçün gəlirlərin və xərclərin uçotunun aparılması Qaydası”nın təsdiq edilməsi haqqında” 2017-ci il 16 iyun tarixli 1460 nömrəli, “Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin fəaliyyətinin təmin edilməsi və “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi haqqında Əsasnamə”nin təsdiqi və “Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin fəaliyyətinin təmin edilməsi və “Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyinin fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 28 dekabr tarixli 504 nömrəli Fərmanında dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 20 fevral tarixli 111 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 30 dekabr tarixli 911 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə” 2020-ci il 12 may tarixli 1017 nömrəli fərmanlarında və “Azərbaycan Respublikasında turizmin inkişafı ilə bağlı əlavə tədbirlər haqqında” 2016-cı il 1 sentyabr tarixli 2295 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2021-ci il 3 dekabr tarixli 406-VIQD nömrəli Qanununun icrası ilə əlaqədar qərara alıram:

1. “İctimai iaşə fəaliyyəti sahəsində vergitutma məqsədləri üçün gəlirlərin və xərclərin uçotunun aparılması Qaydası”nın və “Pərakəndə ticarət fəaliyyəti sahəsində vergitutma məqsədləri üçün gəlirlərin və xərclərin uçotunun aparılması Qaydası”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 19 aprel tarixli 1341 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017, № 4, maddə 555; 2019, № 12, maddə 1945; 2022, № 8, maddə 855) aşağıdakı dəyişikliklər edilsin:

1.1. həmin Fərmanla təsdiq edilmiş “İctimai iaşə fəaliyyəti sahəsində vergitutma məqsədləri üçün gəlirlərin və xərclərin uçotunun aparılması Qaydası” üzrə:

1.1.1. 3.4-cü bəndin üçüncü cümləsinə “əmtəə-nəqliyyat” sözlərindən əvvəl “elektron” sözü əlavə edilsin;

1.1.2. 3.6-cı bənddə “vasitəsinə” sözü “vasitəsi üçün” sözləri ilə, “verilir” sözü “tərtib edilir” sözləri ilə əvəz olunsun və həmin bəndə “avtonəqliyyatı üçün” sözlərindən sonra “elektron” sözü əlavə edilsin;

1.1.3. 7-ci hissə aşağıdakı redaksiyada verilsin:

“7. Yekun müddəalar

7.1. “Malların təhvil-qəbul aktı”, “Malların alış aktı”, “Malların təsərrüfatdaxili yerdəyişməsi qaimə-fakturası”, “Malların qaytarılması aktı”, “Alış sifarişi”, “Malların anbardan mətbəxə buraxılışı qaimə-fakturası”, “Malların mətbəxdən anbara qaytarılmasi aktı”, “İtmiş, əskik gəlmiş, xarab və ya zay olmuş və oğurlanmış mallar barədə akt”, “Fövqəladə hallarda malların itməsi, əskik gəlməsi və xarab və ya zay olması barədə akt” və “Satışın nəticələrinə görə malların (məhsulların) silinməsi barədə akt” Azərbaycan Respublikası Maliyyə Nazirliyinin təsdiq etdiyi formada vergi ödəyicisi tərəfindən kağız və ya elektron daşıyıcıda hazırlanaraq tətbiq edilir.

7.2. “Malların alınması üçün vəkalətnamə” ciddi hesabat blankıdır, onun forma və rekvizitlərini Azərbaycan Respublikasının Maliyyə Nazirliyi təsdiq edir.

7.3. “Elektron qaimə-fakturanın forması, tətbiqi, uçotu və istifadəsi qaydaları”, “Elektron əmtəə-nəqliyyat qaiməsinin və yük avtonəqliyyatı üçün elektron yol vərəqinin forması, tətbiqi, uçotu və istifadəsi qaydası” və “Elektron alış aktının forması, tətbiqi, uçotu və istifadəsi qaydası” Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq edilir.”;

1.2. həmin Fərmanla təsdiq edilmiş “Pərakəndə ticarət fəaliyyəti sahəsində vergitutma məqsədləri üçün gəlirlərin və xərclərin uçotunun aparılması Qaydası” üzrə:

1.2.1. 1.3.1-ci yarımbənd aşağıdakı redaksiyada verilsin:

“1.3.1. pərakəndə satış – malların alıcıya satışının (təqdim edilməsinin) son istehlak məqsədilə və yalnız Azərbaycan Respublikasının Vergi Məcəlləsində müəyyən edilmiş qaydada qəbz və ya nəzarət-kassa aparatının çeki təqdim edilməklə həyata keçirilməsi üzrə ticarət fəaliyyəti;”;

1.2.2. 3.4-cü bəndin üçüncü cümləsinə “əmtəə-nəqliyyat” sözlərindən əvvəl “elektron” sözü əlavə edilsin;

1.2.3. 3.6-cı bənddə “vasitəsinə” sözü “vasitəsi üçün” sözləri ilə, “verilir” sözü “tərtib edilir” sözləri ilə əvəz olunsun və “avtonəqliyyatı üçün” sözlərindən sonra “elektron” sözü əlavə edilsin;

1.2.4. 7-ci hissə aşağıdakı redaksiyada verilsin:

“7. Yekun müddəalar

7.1. “Malların təhvil-qəbul aktı”, “Malların alış aktı”, “Malların təsərrüfatdaxili yerdəyişməsi qaimə-fakturası”, “Malların qaytarılması aktı”, “İtmiş, əskik gəlmiş, xarab və ya zay olmuş və oğurlanmış mallar barədə akt” və “Fövqəladə hallarda malların itməsi, əskik gəlməsi və xarab və ya zay olması barədə akt” Azərbaycan Respublikası Maliyyə Nazirliyinin təsdiq etdiyi formada vergi ödəyicisi tərəfindən kağız və ya elektron daşıyıcıda hazırlanaraq tətbiq edilir.

7.2. “Malların alınması üçün vəkalətnamə” ciddi hesabat blankıdır, onun forma və rekvizitlərini Azərbaycan Respublikasının Maliyyə Nazirliyi təsdiq edir.

7.3. “Elektron qaimə-fakturanın forması, tətbiqi, uçotu və istifadəsi qaydaları”, “Elektron əmtəə-nəqliyyat qaiməsinin və yük avtonəqliyyatı üçün elektron yol vərəqinin forması, tətbiqi, uçotu və istifadəsi qaydası” və “Elektron alış aktının forması, tətbiqi, uçotu və istifadəsi qaydası” Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq edilir.”.

2. “Topdansatış ticarət fəaliyyəti sahəsində vergitutma məqsədləri üçün gəlirlərin və xərclərin uçotunun aparılması Qaydası”nın və “İstehsal fəaliyyəti sahəsində vergitutma məqsədləri üçün gəlirlərin və xərclərin uçotunun aparılması Qaydası”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 16 iyun tarixli 1460 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017, № 6, maddə 1076; 2019, № 12, maddə 1945; 2022, № 8, maddə 855) aşağıdakı dəyişikliklər edilsin:

2.1. həmin Fərmanla təsdiq edilmiş “Topdansatış ticarət fəaliyyəti sahəsində vergitutma məqsədləri üçün gəlirlərin və xərclərin uçotunun aparılması Qaydası” üzrə:

2.1.1. 3.4-cü bəndin üçüncü cümləsinə “əmtəə-nəqliyyat” sözlərindən əvvəl “elektron” sözü əlavə edilsin;

2.1.2. 3.6-cı bənddə “vasitəsinə” sözü “vasitəsi üçün” sözləri ilə, “verilir” sözü “tərtib edilir” sözləri ilə əvəz olunsun və həmin bəndə “avtonəqliyyatı üçün” sözlərindən sonra “elektron” sözü əlavə edilsin;

2.1.3. 7-ci hissə aşağıdakı redaksiyada verilsin:

“7. Yekun müddəalar

7.1. “Malların təhvil-qəbul aktı”, “Malların alış aktı”, “Malların təsərrüfatdaxili yerdəyişməsi qaimə-fakturası”, “Malların qaytarılması aktı”, “İtmiş, əskik gəlmiş, xarab və ya zay olmuş və oğurlanmış mallar barədə akt” və “Fövqəladə hallarda malların itməsi, əskik gəlməsi və xarab və ya zay olması barədə akt” Azərbaycan Respublikası Maliyyə Nazirliyinin təsdiq etdiyi formada vergi ödəyicisi tərəfindən kağız və ya elektron daşıyıcıda hazırlanaraq tətbiq edilir.

7.2. “Malların alınması üçün vəkalətnamə” ciddi hesabat blankıdır, onun forma və rekvizitlərini Azərbaycan Respublikasının Maliyyə Nazirliyi təsdiq edir.

7.3. “Elektron qaimə-fakturanın forması, tətbiqi, uçotu və istifadəsi qaydaları”, “Elektron əmtəə-nəqliyyat qaiməsinin və yük avtonəqliyyatı üçün elektron yol vərəqinin forması, tətbiqi, uçotu və istifadəsi qaydası” və “Elektron alış aktının forması, tətbiqi, uçotu və istifadəsi qaydası” Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq edilir.”;

2.2. həmin Fərmanla təsdiq edilmiş “İstehsal fəaliyyəti sahəsində vergitutma məqsədləri üçün gəlirlərin və xərclərin uçotunun aparılması Qaydası” üzrə:

2.2.1. 3.4-cü bəndin üçüncü cümləsinə “əmtəə-nəqliyyat” sözlərindən əvvəl “elektron” sözü əlavə edilsin;

2.2.2. 4.5-ci bənddə “vasitəsinə” sözü “vasitəsi üçün” sözləri ilə, “verilir” sözü “tərtib edilir” sözləri ilə əvəz olunsun və həmin bəndə “avtonəqliyyatı üçün” sözlərindən sonra “elektron” sözü əlavə edilsin;

2.2.3. 9-cu hissə aşağıdakı redaksiyada verilsin:

“9. Yekun müddəalar

9.1. “İstehsal ehtiyatlarının təhvil-qəbul aktı”, “İstehsal ehtiyatlarının alış aktı”, “İstehsal ehtiyatlarının təsərrüfatdaxili yerdəyişməsi qaimə-fakturası”, “Malların (hazır məhsulların) təsərrüfatdaxili yerdəyişməsi qaimə-fakturası”, “Alış sifarişi”, “Hazır məhsulların təhvil-qəbul aktı”, “İstehsal ehtiyatlarının buraxılışı tələbnaməsi”, “İstehsal ehtiyatlarının istehsala buraxılışı qaimə-fakturası”, “Köməkçi istehsal məhsullarının əsas istehsala buraxılışı qaimə-fakturası”, “Zay məhsullara dair akt”, “Zay məhsulların təhvil-qəbul aktı”, “İtmiş, əskik gəlmiş, xarab və ya zay olmuş və oğurlanmış mallar barədə akt”, “Hazır məhsulların təsərrüfatdaxili yerdəyişməsi qaimə-fakturası” və “Fövqəladə hallarda malların itməsi, əskik gəlməsi və xarab və ya zay olması barədə akt” Azərbaycan Respublikası Maliyyə Nazirliyinin təsdiq etdiyi formada vergi ödəyicisi tərəfindən kağız və ya elektron daşıyıcıda hazırlanaraq tətbiq edilir.

9.2. “Malların alınması üçün vəkalətnamə” ciddi hesabat blankıdır, onun forma və rekvizitlərini Azərbaycan Respublikasının Maliyyə Nazirliyi təsdiq edir.

9.3. “Elektron qaimə-fakturanın forması, tətbiqi, uçotu və istifadəsi qaydaları”, “Elektron əmtəə-nəqliyyat qaiməsinin və yük avtonəqliyyatı üçün elektron yol vərəqinin forması, tətbiqi, uçotu və istifadəsi qaydası” və “Elektron alış aktının forması, tətbiqi, uçotu və istifadəsi qaydası” Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq edilir.”.

3. Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 12 may tarixli 1017 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020, № 5, maddə 542, № 7, maddə 862, № 9, maddə 1151; 2021, № 12, maddə 1398; 2022, № 9, maddə 1037) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Əsasnaməsi”nin 4.0.15-ci yarımbəndindən “səyyar” sözü çıxarılsın, həmin yarımbənddə “göstəriciləri” sözü “göstərici” sözü ilə əvəz olunsun və “təmin etmək” sözlərindən sonra “və aşkar edilmiş vergidən yayınma sxemlərini dərc etmək” sözləri əlavə edilsin.

4. “Azərbaycan Respublikasında turizmin inkişafı ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 1 sentyabr tarixli 2295 nömrəli Sərəncamının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016, № 9, maddə 1492; 2017, № 4, maddə 603; 2018, № 9, maddə 1840, № 12 (II kitab), maddə 2698; 2021, № 1, maddə 79; 2022, № 5, maddə 538) 3.3-cü və 4.1-ci bəndləri ləğv edilsin.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 23 yanvar 2023-cü il.

Mənbə: president.az


 

Müəssisənin və fərdi sahibkarın əmlakının vergi tutulan dəyərinin müəyyən edilməsi

posted in: Xəbər | 0

əsas vəsaitlərinin orta illik qalıq dəyəri2022-ci il başa çatdı. Hüquqi və fiziki şəxslər ötən il üzrə əmlak vergisi bəyannaməsini mart ayının 31-dən gec olmayaraq vergi orqanına təqdim etməlidirlər. Müəssisənin və fərdi sahibkarın əmlakının vergi tutulan dəyərinin müəyyən edilməsi qaydasını “Business Service Centre” şirkətinin maliyyə mütəxəssisi Fidan Salamova izah edir.

Vergi Məcəlləsinin 197.1-ci maddəsinə əsasən, aşağıdakılar vergitutma obyekti sayılır:

  • rezident və qeyri-rezident fiziki şəxslərin xüsusi mülkiyyətində olan və Azərbaycan Respublikasının ərazisində yerləşən tikililərin və ya onların hissələrinin (bundan sonra bina adlandırılacaq), həmçinin yerindən və istifadə edilib-edilməməsindən asılı olmayaraq rezident fiziki şəxslərə məxsus su və hava nəqliyyatı vasitələri;
  • müəssisələrin, habelə fərdi sahibkarların balansında olan əsas vəsaitlər (bu Məcəllənin 197.1.1-ci maddəsində göstərilən aktivlər istisna olmaqla);
  • Azərbaycan Respublikasında özünün daimi nümayəndəliyi vasitəsilə sahibkarlıq fəaliyyətini həyata keçirən şəxslər üçün – yalnız daimi nümayəndəliklə bağlı olan əsas vəsaitlər (bu Məcəllənin 197.1.1-ci maddəsində göstərilən aktivlər istisna olmaqla).

Göstərilən vergitutma obyektləri olan fiziki şəxslər və müəssisələr əmlak vergisinin ödəyiciləridir. 2022-ci ildən fiziki şəxslər və müəssisələrin balansında olan mexaniki nəqliyyat vasitələri əmlak vergisinə cəlb olunur. Müəssisələr və fərdi sahibkarlar əsas vəsaitlərin orta illik qalıq dəyərindən 1 faiz dərəcə ilə əmlak vergisi ödəməlidirlər.

Əsas vəsaitlərin qalıq dəyəri – ilkin dəyərdən əsas vəsaitlərə hesablanmış amortizasiya məbləği çıxılandan sonra qalan dəyərdir. Əsas vəsaitlərin orta illik qalıq dəyərini hesablamaq üçün ilin əvvəlinə qalıq dəyəri ilə ilin sonuna qalıq dəyəri toplanıb, ikiyə bölünür.

Vergitutma məqsədləri üçün müəssisənin və fərdi sahibkarın əsas vəsaitlərinin orta illik qalıq dəyəri götürülür. Müəssisənin və fərdi sahibkarın əsas vəsaitlərinin orta illik qalıq dəyəri bu qaydada hesablanır:

1. Müəssisənin və fərdi sahibkarın əsas vəsaitlərinin hesabat ilinin əvvəlinə və sonuna qalıq dəyəri toplanıb ikiyə bölünür. Müəssisənin və fərdi sahibkarın əsas vəsaitlərinin orta illik qalıq dəyəri hesablanarkən əsas vəsaitlərin (vəsaitin) yenidən qiymətləndirilməsindən yaranan artım (yenidən qiymətləndirilmə nəticəsində yaranan müsbət fərq) nəzərə alınmır.


Ailə üzvünə edilən yardımdan vergi tutulurmu?


Misal 1: Müəssisənin əmlakının ilin əvvəlinə qalıq dəyəri 240.000 manat (binalar 80.000, maşınlar 40.000, avtonəqliyyat vasitələri 55.000, hesablama texnikası 20.000, yanğından mühafizə avadanlığı 45.000 manat), ilin sonuna isə 355.000 manat (binalar 150.000, maşınlar 50.000, avtonəqliyyat vasitələri 80.000, hesablama texnikası 45.000, yanğından mühafizə avadanlığı 30.000 manat) olub.

Müəssisənin büdcəyə ödəməli olduğu əmlak vergisini hesablayaq:

Vergi Məcəlləsinin 199.4.1-ci maddəsinə əsasən, müəssisənin əmlakının dəyəri vergitutma məqsədləri üçün yanğından mühafizə avadanlığın dəyəri qədər azaldılır. Müəssisənin vergiyə cəlb olunan əmlakının ilin əvvəlinə qalıq dəyəri aşağıdakı kimi olacaq:

240.000 – 45.000 =195.000 manat.

Müəssisənin vergiyə cəlb olunan əmlakının ilin sonuna qalıq dəyəri aşağıdakı kimi olacaq:

355.000 – 30.000 = 325.000 manat

Deməli, müəssisənin vergi tutulan əmlakının orta illik qalıq dəyəri 260.000 manat təşkil edir:

(195.000 + 325.000) : 2 = 260.000 manat.

Müəssisələr əsas vəsaitlərinin orta illik qalıq dəyərini müəyyən etdikdən sonra onun dəyərindən 1faiz dərəcəsi ilə əmlak vergisi ödəyirlər.

260.000 x 1% = 2.600 manat.

Deməli, baxdığımız misalda müəssisə 2.600 manat məbləğində əmlak vergisi ödəməlidir.

2. Müəssisə və ya fərdi sahibkar hesabat ili ərzində yaradıldıqda (uçota alındıqda) və ya əmlak vergisi ödəyicisi olduqda onun əsas vəsaitlərinin yaradıldığı (uçota alındığı) və ya əmlak vergisi ödəyicisi olduğu tarixə və ilin sonuna qalıq dəyəri toplanaraq 24-ə bölünür və müəssisənin və ya fərdi sahibkarın yaradıldığı (uçota alındığı) və ya əmlak vergisi ödəyicisi olduğu aydan sonra, ilin sonuna qədər olan ayların sayına vurulur.


Müharibə iştirakçılarının əmək məzuniyyətləri necə tənzimlənir?


Misal 2: Müəssisə aprel ayında yaradılıb və yaradıldığı tarixə onun əmlakının qalıq dəyəri 50.000 manat (avadanlıq 40.000, hesablama texnikası 10.000 manat) olub. Həmin ilin sonuna müəssisənin əmlakının balans üzrə qalıq dəyəri 88.000 manat (avadanlıq 63.000, hesablama texnikası 25.000 manat) təşkil edib. Bu halda həmin müəssisənin əmlakının orta illik qalıq dəyəri 46.000 manatdır:

50.000 + 88.000 = 138.000 manat;
138.000 : 24 = 5.750 manat;
5.750 x 8 = 46.000 manat.

Müəssisə tərəfindən bu ödənilməli olan əmlak vergisinin məbləği:

46.000 x 1% = 460 manat.

3.Müəssisə və ya fərdi sahibkar hesabat ili ərzində ləğv edildikdə və ya uçotdan çıxarıldıqda onun əsas vəsaitlərinin ilin əvvəlinə və ləğv edildiyi və ya uçotdan çıxarıldığı tarixə qalıq dəyəri toplanaraq 24-ə bölünür və ilin əvvəlindən müəssisənin ləğv edildiyi və ya fərdi sahibkarın uçotdan çıxarıldığı aya qədər olan ayların sayına vurulur.

Misal 3: Müəssisənin əmlakının hesabat ilinin əvvəlinə dəyəri 255.000 manat (binalar 170.000, avadanlıq 45.000, nəqliyyat vasitəsi 40.000 manat) olub. Müəssisə noyabr ayında ləğv edilib və həmin tarixə onun əmlakının qalıq dəyəri 415.000 manat (binalar 290.000, avadanlıq 55.000, nəqliyyat vasitəsi 70.000 manat) təşkil edib. Bu halda həmin müəssisənin əmlakının orta illik qalıq dəyəri 279.166,67 manat olacaq:

255.000 + 415.000 = 670.000 manat;
670.000 : 24 = 27.916,67 manat
27.916,67 x 10 = 279.166,67 manat.

Bu əmlak üzrə verginin məbləği:

279.166,67 x 1% = 2.791 manat 67 qəpik.

Dövlət büdcəsinə hesabat dövrü üçün ödənilməli olan verginin məbləği hesabat dövrü ərzində əvvəllər hesablanmış ödəmələr nəzərə alınmaqla müəyyən edilir.

Mənbə: vergiler.az


 

Ailə üzvünə edilən yardımdan vergi tutulurmu?

posted in: Xəbər | 0

vergiMən Almaniyada yaşayıram. Bakıda yaşayan atamın bank hesabına pul köçürmək istəyirəm. Köçürüləcək pula görə Azərbaycanda hər hansı vergi tutulurmu?

Dövlət Vergi Xidmətindən bildirilib ki, Vergi Məcəlləsinin 102.1.3.2-ci maddəsinə əsasən, hədiyyə, maddi yardım və miras vergi ödəyicisinin ailə üzvlərindən alındığı halda, onun tam dəyəri gəlir vergisindən azaddır.

Qeyd edilib ki, rezidentlərin gəlirləri üzrə vergitutma obyekti vergi ili üçün rezidentlərin bütün gəliri ilə həmin dövr üçün Vergi Məcəlləsi ilə müəyyənləşdirilən gəlirdən çıxılan məbləğ arasındakı fərqdən ibarət olan vergiyə cəlb edilən gəlirdir.

Rezident vergi ödəyicisinin gəliri onun Azərbaycan Respublikasında və Azərbaycan Respublikasının hüdudlarından kənarda əldə etdiyi gəlirdən ibarətdir.

Azərbaycan Respublikasının rezidenti olduğunuz halda, Almaniya Federasiyasında gəlir əldə etmək hüququnuz yarandığı gündən gec olmayaraq Azərbaycan Respublikasında vergi orqanına müraciət edərək uçota alınmalı, əldə etdiyiniz gəlirlərdən müvafiq təsdiqedici sənədlər əsasında gəlirin əldə edilməsi ilə bağlı xərcləri çıxdıqdan sonra 20 faiz dərəcəsi ilə gəlir vergisi ödəməlisiniz.

Bu zaman Azərbaycan Respublikasının hüdudlarından kənarda Azərbaycan mənbəyindən olmayan gəlirindən ödənilmiş gəlir vergisinin məbləğləri Azərbaycan Respublikasında həmin gəlirdən müəyyən edilmiş dərəcələrlə tutulan verginin məbləğindən çox olmamaq şərtilə həmin ölkənin səlahiyyətli dövlət orqanı tərəfindən vergilərin ödənildiyini təsdiq edən sənədin əsasında Azərbaycanda vergi ödənilərkən nəzərə alınır.

Əsas: Vergi Məcəlləsinin 13.2.5-ci, 33-cü, 34-cü, 96-cı, 101-ci, 102-ci və 127-ci maddələri.

Mənbə: vergiler.az


Müharibə iştirakçılarının əmək məzuniyyətləri necə tənzimlənir?


İşğaldan azad edilmiş ərazilərdə çalışan hansı işçilərə 600 manat müavinət ödəniləcək?

posted in: Xəbər | 0

Sosial müavinət“Sosial müavinətlər haqqında” Qanunda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2022-ci il 9 dekabr tarixli 683-VIQD nömrəli Qanununun tətbiqi, Azərbaycan Respublikası Prezidentinin “Sosial müavinətlərin məbləğinin artırılması haqqında” 2013-cü il 29 avqust tarixli 973 nömrəli və “Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında” 2018-ci il 10 dekabr tarixli 387 nömrəli fərmanlarında dəyişiklik edilməsi barədə” 28 dekabr 2022-ci il tarixli Azərbaycan Respublikası Prezidentinin Fərmanına əsasən “Sosial müavinətlər haqqında” Qanuna yeni müavinət növü – Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində işləyən mütəxəssisə ilkin maddi-məişət şəraitinin dəstəklənməsi üçün müavinət əlavə edilib. Həmin müavinətin məbləği, kimlərə veriləcəyi ilə bağlı suallara iqtisadçı ekspert Anar Bayramov aydınlıq gətirib.

“Sosial müavinətlərin məbləğinin artırılması haqqında” 29 avqust 2013-cü il tarixli, 973 saylı Prezident Fərmanına edilmiş dəyişiklik nəticəsində Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində işləyən mütəxəssisə ilkin maddi-məişət şəraitinin dəstəklənməsi üçün 600 manat məbləğində birdəfəlik müavinət müəyyən edilib. Bununla yanaşı, Əmək Məcəlləsinə “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində işləyən mütəxəsis” anlayışi əlavə edilib. Məcəllənin 3-cü, “Bu Məcəllədə istifadə edilən əsas anlayışlar” bölməsinə əlavə edilən yeni anlayışa əsasən, Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində işləyən mütəxəssis dedikdə peşə, orta ixtisas və ali təhsil haqqında dövlət sənədi və son 60 ay ərzində ən azı 24 ay əmək stajı olan və Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində əmək müqaviləsi (kontraktı) əsasında işləyən şəxs (xüsusi rütbəli şəxslər istisna olmaqla) başa düşülür.

Göründüyü kimi, işğaldan azad edilmiş ərazilərində çalışan işçilərə fərqli yanaşma tətbiq edilir. Qanunun tələbinə əsasən, həmin mütəxəssis üç şərtə cavab verməlidir:

  • peşə, orta ixtisas və ali təhsil haqqında dövlət sənədinə malik olmalıdır. Yəni işçi yalnız orta məktəbi bitiribsə, o zaman işğaldan azad edilmiş ərazilərdə işləyən mütəxəssis sayılmayacaq;
  • işçinin əmək stajı nəzərə alınır. Onun son 60 ay ərzində (son 5 ildə) fasiləli və ya fasiləsiz ən azı 24 ay əmək stajı olmalıdır;
  • işçi Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində əmək müqaviləsi (kontraktı) əsasında işləyən şəxs olmalıdır.

Müharibə iştirakçılarının əmək məzuniyyətləri necə tənzimlənir?


Əmək Məcəlləsinə Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində işləyən mütəxəssislə bağlı tələblərlə yanaşı, onun işinin xüsusiyyətlərindən bəhs edən maddə də əlavə edilib.

Məcəllənin “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində işləyən mütəxəssislərin işinin xüsusiyyətləri” maddəsinin 21-1.1-ci bəndinə əsasən, Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində işləyən mütəxəssislər aşağıdakı şərtlər birgə mövcud olduğu hallarda bu Məcəllədə və Azərbaycan Respublikasının digər qanunlarında nəzərdə tutulan güzəştlərdən və imtiyazlardan istifadə etmək hüququna malikdirlər:

  • mütəxəssislərin əmək müqaviləsi (kontraktı) bağladıqları işəgötürən (o cümlədən, hüquqi şəxs olduqda onun Azərbaycan Respublikası Vergi Məcəlləsinin 33.2-ci maddəsinə uyğun olaraq vergi uçotuna alınmış filialı, nümayəndəliyi) Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində vergi uçotunda olduqda (Maddə 21-1.1.1.);
  • mütəxəssislərin əmək müqaviləsi (kontraktı) üzrə iş yeri Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində yerləşdikdə (Maddə 21-1.1.2.);
  • mütəxəssislər Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində məskunlaşdıqda (Maddə 21-1.1.3.).

Əmək Məcələsinin 21-1.2-ci maddəsinə əsasən, bu Məcəllənin 21-1.1.1 və 21.1.1.3-cü maddələrində nəzərdə tutulan şərtlər pozulduqda güzəştlərin və imtiyazların tətbiqi dayandırılır.

Göründüyü kimi, işəgötürən həm özü Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində vergi uçotunda olmalıdır, həm də işçinin əmək müqaviləsi (kontraktı) üzrə iş yeri işğaldan azad edilmiş ərazilərdə yerləşməlidir.

Misal: Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində vergi uçotunda olan işəgötürən həmin ərazidə istehsal fəaliyyəti ilə məşğul olur. İstehsal üzrə mütəxəssis Laçın şəhərində məskunlaşıb, mühasib vəzifəsində çalışan işçi isə əmək funksiyasını Gəncə şəhərində yaşamaqla həyata keçirir. Bu zaman istehsal üzrə mütəxəssisə birdəfəlik 600 manat müavinət ödəniləcək. Digər işçiyə – mühasibə isə müavinət ödənilməyəcək. Cünki müavinətin məqsədi ilkin maddi-məişət şəraitinin dəstəklənməsidir. Təbii ki, birdəfəlik müavinət alması üçün istehsal üzrə mütəxəssis Əmək Məcəlləsinin 3-cü maddəsindəki tələblərə də cavab verməlidir.

Mənbə: vergiler.az


Gəlir anlayışı və onun növləri


1 443 444 445 446 447 448 449 2. 400