Standard & Poor’s agentliyi Kapital Bank-ın reytinq proqnozunu yüksəltdi

posted in: Xəbər | 0

Kapital BankStandard & Poor’s Beynəlxalq Reytinq Agentliyi növbəti qiymətləndirmənin yekunu olaraq Kapital Bank-ın reytinq proqnozunu “stabil”dən “pozitivə” yüksəltdi, uzunmüddətli və qısamüddətli kredit reytinqlərini isə “BB-/B” səviyyəsində təsdiqlədi. Bu reytinqlər ölkə bankları arasında ən yüksək göstəricilərdən hesab olunur.           

Agentliyin hesabatında qeyd olunur ki, bu reytinqlər Kapital Bank-ın digər yerli və oxşar beynəlxalq banklarla müqayisədə yüksək gəlirliyindən, aktivlərinin keyfiyyətindən, həmçinin 2022-ci ilin sonuna problemli kreditlərin (“Stage 3”) ümumi portfeldəki həcminin cəmi 2,3% faiz təşkil etməsindən irəli gəlir. “Pozitiv” reytinq proqnozu bankın gəlirlilik, aktivlərin keyfiyyəti və kapitallaşma baxımdan növbəti 12-24 ay ərzində də öz rəqiblərini üstələyəcəyini əks etdirir.

Agentliyin fikrincə, Kapital Bank Azərbaycanın bank sektorunda rekord mənfəət göstəricisinə korporativ, kiçik, orta sahibkarlıq (KOB) və pərakəndə bankçılıq arasında diversifikasiyanın düzgün həyata keçirməsi, aktivlərdən səmərəli istifadə sayəsində nail ola bilib. Bankın 2020-2022-ci illərdə aktivlərinin gəlirliyi (ROA) ortalama 4,5%, kapitalının gəlirliyi (ROE) isə ortalama 36% təşkil edib.

Ölkənin birinci bankı olan Kapital Bank PAŞA Holding-ə daxildir və Azərbaycanda ən böyük filial şəbəkəsi — 114 filialı və 25 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün https://kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz. Nağd pul krediti sifarişi üçün — https://kbl.az/krdt, Birbank kartı sifarişi üçün — https://kbl.az/tkstcrd.


İşğaldan azad edilmiş ərazilərdə sahibkarlara maliyyə yardımı göstəriləcək

posted in: Xəbər | 0

maliyyə yardımı,Prezident İlham Əliyev “İşğaldan azad edilmiş ərazilərdə istehsal fəaliyyəti ilə məşğul olan sahibkarlara kommunal xidmətlərdən istifadəyə görə maliyyə yardımı göstərilməsi haqqında” Fərman imzalayıb.

Fərmana əsasən, işğaldan azad edilmiş ərazilərdə iqtisadi canlanmanın sürətləndirilməsi, investisiya cəlbediciliyinin artırılması, müasir və effektiv istehsal, ticarət və xidmət infrastrukturunun yaradılması, innovativ texnologiyaların tətbiqi, sənaye potensialının reallaşdırılması və sahibkarlıq fəaliyyəti üçün əlverişli şərait yaradılması məqsədilə qərara alınıb ki, işğaldan azad edilmiş ərazilərdə istehsal fəaliyyəti ilə məşğul olan sahibkarlara 2023-cü il yanvarın 1-dən 10 il müddətində hər ay istehlak olunan kommunal xidmətlərin (elektrik enerjisi, təbii qaz, su təchizatı və tullantı sularının axıdılması xidməti) tariflərinə uyğun olaraq ödədikləri vəsaitin 20 faizi məbləğində dövlət büdcəsinin vəsaiti hesabına maliyyə yardımı ödənilsin.

Nazirlər Kabinetinə tapşırılıb ki, işğaldan azad edilmiş ərazilərdə istehsal fəaliyyəti ilə məşğul olan sahibkarlara kommunal xidmətlərdən (elektrik enerjisi, təbii qaz, su təchizatı və tullantı sularının axıdılması xidməti) istifadəyə görə maliyyə yardımının ödənilməsi qaydasını on beş gün müddətində Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla təsdiq etsin və nəzərdə tutulan maliyyə yardımının ödənilməsi ilə bağlı tələb olunan vəsaitin müvafiq illərin dövlət büdcəsi layihələrində nəzərdə tutulmasını təmin etsin.

Nazirlər Kabineti bu Fərmanın icrası barədə ildə bir dəfə ‒ hər il aprelin 1-dək Azərbaycan Respublikasının Prezidentinə məlumat verməli və digər məsələləri həll etməlidir.

Fərmanla İqtisadiyyat Nazirliyi Maliyyə Nazirliyi və Energetika Nazirliyi ilə razılaşdırmaqla, Fərmanın icrası ilə bağlı 2023-cü ildə tələb olunan vəsait barədə təkliflərini on beş gün müddətində Nazirlər Kabinetinə təqdim etməli, Fərmanın icrası ilə bağlı illik icmal hesabatı növbəti il fevralın 1-dək Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim etməlidir.

Mənbə: vergiler.az


İşğaldan azad edilmiş ərazilərdə çalışanlara verilən birdəfəlik müavinət

posted in: Xəbər | 0

birdəfəlik müavinət,Müavinətin verilmə qaydası ilə bağlı əmək qanunvericiliyi eksperti Nüsrət Xəlilovun şərhi.

İşğaldan azad edilmiş ərazilərdə çalışanlara verilmiş növbəti imtiyazlardan biri də “Sosial müavinətlərin məbləğinin artırılması haqqında” Qanuna edilmiş dəyişiklikdə öz əksini tapmış birdəfəlik müavinətdir.

Dəyişikliyə əsasən, işğaldan azad edilmiş ərazilərdə işləyən mütəxəssisə ilkin maddi-məişət şəraitinin dəstəklənməsi üçün 600 manat birdəfəlik müavinət verilir. Müavinətin 2023-cü il yanvarın 1-dən 2028-ci il yanvarın 1-dək verilməsi nəzərdə tutulub. Müavinət verilərkən bəzi zəruri şərtlərə diqqət yetirmək lazımdır.

Misal. İşğaldan azad edilmiş ərazilərin rezidenti olan müəssisənin işçisi əmək müqaviləsi əsasında işğaldan azad edilmiş ərazilərdə fəaliyyət göstərən müəssisədə çalışır və son 5 ildə 4 illik əmək stajına malik olmaqla ali təhsilli mütəxəssisdir. İşçi Daşkəsən rayonunda yaşayır.

Bu halda işçiyə Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində işləyən mütəxəssis üçün nəzərdə tutulmuş ilkin maddi-məişət şəraitinin dəstəklənməsi məqsədilə 600 manatlıq müavinət ödənilməyəcək. Çünki Əmək Məcəlləsinin 21-1-ci maddəsində qeyd olunub ki, Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində işləyən mütəxəssislər maddədə nəzərdə tutulmuş şərtlər birgə mövcud olduğu hallarda Əmək Məcəlləsi və Azərbaycan Respublikasının digər qanunlarında nəzərdə tutulan güzəştlərdən və imtiyazlardan istifadə etmək hüququna malikdirlər. İşçi Əmək Məclləsinin 3-cü maddəsində nəzərdə tutulmuş işğaldan azad edilmiş ərazilərdə işləyən mütəxəssis anlayışına uyğun gəlsə də, Əmək Məcəlləsinin 21-1.1.3-cü maddəsində nəzərdə tutulmuş tələbə (mütəxəssislər Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində məskunlaşdıqda) uyğun gəlmədiyi üçün nəzərdə tutulan imtiyaz ona şamil edilmir.

Mənbə: Nüsrət Xəlilov. “Əmək qanunvericiliyi: Testlər və praktiki məsələlər toplusu”.

Mənbə: vergiler.az


Kənd təsərrüfatı məhsulları satan fiziki şəxslərdən hansı halda vergi tutulmur?

posted in: Xəbər | 0

kənd təsərrüfatı məhsulları,Vətəndaşlardan kənd təsərrüfatı məhsulları alan vergi ödəyiciləri bir çox hallarda vətəndaşlara ödədikləri məbləğlərdən vergi tutur, bunu ödəmə mənbəyində vergi hesabatlarında əks etdirirlər. Belə əməliyyatların rəsmiləşdirilməsi prosesini sərbəst auditor Altay Cəfərov şərh edib.

Vergi Məcəlləsinin 101.6.-cı maddəsinə əsasən, vergi ödəyicisi kimi vergi orqanında uçotda olmayan fiziki şəxslərin “Nağdsız hesablaşmalar haqqında” Qanunun 3.5-ci maddəsində göstərilən malların təqdim edilməsindən əldə edilən gəlirlərindən (bu Məcəllə ilə vergidən azad olunan gəlirlər istisna olmaqla) xərclər çıxılmadan 5 faiz dərəcə ilə vergi tutulur.

“Nağdsız hesablaşmalar haqqında” Qanunun 3.5.-ci maddəsində isə göstərilib ki, vergi ödəyiciləri tərəfindən vergi ödəyicisi olmayan fiziki şəxslərdən aşağıdakı mallar nağd qaydada satın alına bilər:

  • kənd təsərrüfatı məhsullarının istehsalçılarından kənd təsərrüfatı məhsulları;
  • əlvan və qara metal qırıntıları;
  • utilizasiya və digər məqsədlər üçün kağız, şüşə və plastik məmulatları;
  • utilizasiya məqsədləri üçün işlənmiş şinlər;
  • xam dəri.

Qanunvericiliyin bu müddəalarına əsaslanarkən 101.6-cı maddədəki “bu Məcəllə ilə vergidən azad olunan gəlirlər istisna olmaqla” ifadəsi nəzərdən qaçırılmamalıdır. Bundan əlavə, Vergi Məcəlləsinin 102.1.11-ci maddəsində göstərilib ki, bilavasitə kənd təsərrüfatı məhsullarının istehsalından alınan gəlirlər gəlir vergisindən azaddır. Deməli, Məcəllənin 101.6-cı maddəsində ödəmə mənbəyində 5% vergi tutulması müddəası yazılsa da, 102.1.11-ci maddəyə əsasən, kənd təsərrüfatı məhsullarının istehsalçıları gəlir vergisindən azad edildiyinə görə onlara ödənilən gəlirlərdən 5% vergi tutulmur.

Məsələ ilə bağlı iki sual meydana gəlir:

  1. Hansı növ kənd təsərrüfatı məhsullarının istehsalı mövcuddur?
  2. Fiziki şəxslərdən kənd təsərrüfatı məhsullarını alan şəxslər həmin fiziki şəxslərin alıb-satan yox, istehsalçı olduqlarını necə müəyyənlədirə bilər?

İstehsal olunan kənd təsərrüfatı məhsulları dedikdə, adətən, heyvandarlıq və bitkiçilik məhsulları, məsələn, diri heyvanlar, meyvə, buğda, dənli bitkilər, süd, qatıq və s. nəzərədə tutulur.

İkinci suala gəldikdə, nə hər hansı qaydalara, nə də birbaşa təcrübədə kənd təsərrüfatı məhsullarını istehsal edən fiziki şəxslərin istehsalçı olub-olmadığının müəyyənləşdirilməsi prosedurları yoxdur.

Praktiki olaraq kənd təsərrüfatı məhsullarını istehsal edən fiziki şəxslərin bu məhsulları istehsal etmək üçün torpaq sahəsi, heyvanları, meyvə ağacları kimi aktivləri olmalıdır ki, o, istehsalçı kimi tanınsın. Kənd təsərrüfatı məhsulunu alan şəxs isə kənd təsərrüfatı məhsulunu satan şəxsdən qeyd edilmiş aktivlərinin olub-olmaması haqqında hər hansı sənəd tələb edə bilməz. Bu, qanunsuz tələb olardı.

Misal: “AA” MMC ictimai iaşə xidməti göstərən hüquqi şəxsdir və fiziki şəxslərdən mütəmadi olaraq hər ay 10.000 manatlıq kənd təsərrüfatı məhsulları alır. Şirkət ilkin olaraq fiziki şəxsdən məhsulları aldığını malların alış aktı (elektron) ilə rəsmiləşdirməlidir. Bu halda məhsul alan MMC məhsul satan fiziki şəxsin birbaşa istehsalçı olduğuna əmindirsə, ödəmə mənbəyində 5% vergini tutmayacaq.

Bəs MMC məhsul satan fiziki şəxsin birbaşa istehsalçı olmasına əmin deyilsə, 5% vergi tutumalıdırmı?

Vergi Məcəlləsinin 101.6.-cı maddəsi və “Nağdsız hesablaşmalar haqqında” qanunun 3.5.-ci maddəsi kənd təsərrüfatı məhsullarının istehsalçılarına tətbiq edilir, kənd təsərrüfatı məhsullarını alıb-satan, vergi ödəyicisi olmayan fiziki şəxlərə isə tətbiq edilmir. Odur ki, “AA” MMC hər iki halda kənd təsərrüfatı məhsulları ilə bağlı vergi ödəyicisi olmayan fiziki şəxlərə ödənilən məbləğdən heç bir vergi tutmayacaq.

Sadəcə, alıcı şirkət məhsulların alışını malların alış aktları ilə rəsmiləşdirdiyindən vergi orqanlarında bununla bağlı mənbəyi məlum olan məlumatlar formalaşdığına görə vergi orqanları müvafiq daxili prosedurlar aparmaqla kənd təsərrüfatı məhsulları alıb-satan vergi ödəyicisi olmayan fiziki şəxləri vergiyə cəlb edəcəklər.

Mənbə: vergiler.az


1 408 409 410 411 412 413 414 2. 387