Daha çox8
Daha çox8

Vergi güzəştləri bütün İT mütəxəssislərinə tətbiq ediləcək?

posted in: Xəbər | 0

Vergi güzəştləri27 dekabr 2022-ci il tarixli “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikasının Qanunu” ilə sistem inteqrasiyası, proqram təminatının hazırlanması və inkişaf etdirilməsi fəaliyyətini həyata keçirən bəzi vergi ödəyicilərinə fərqli yanaşmalar tətbiq edilib.

Qeyd edilən dəyişikliklərlə bağlı ən çox rast gəlinən suallardan biri Vergi Məcəlləsində nəzərdə tutulan güzəştlərin informasiya texnologiyaları sahəsində ixtisaslaşan vergi ödəyicilərinin hamısına tətbiq edilib-edilməməsi ilə bağlıdır. Bununla bağlı suallara iqtisadçı ekspert Anar Bayramov aydınlıq gətirir.

Əvvəlcə Vergi Məcəlləsinin 13.2.53-cü maddəsinə edilən dəyişikliyə diqqət yetirək: Texnologiyalar parkının rezidenti – müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada texnologiyalar parkının qeydiyyat şəhadətnaməsini almış və texnologiyalar parkında və ya texnologiyalar parkından kənar fəaliyyət göstərən hüquqi şəxs və ya hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən fiziki şəxsdir.

Vergi Məcəlləsinin 13.2.53-cü maddəsinə ““və ya texnologiyalar parkından kənar” sözləri əlavə edilib.

Suala cavab olaraq bildirək ki, vergi azadolmaları yalnız texnologiyalar parkının qeydiyyat şəhadətnaməsini almış hüquqi şəxs və ya fərdi sahibkarlara şamil ediləcək.

Misal 1: Bankla bağlanın müqavilə əsasında sistem inteqrasiyasını həyata keçirən və texnologiyalar parkının qeydiyyat şəhadətnaməsinə malik olmayan fərdi sahibkara və ya hüquqi şəxsə vergi azadolmalar ilə bağlı güzəşt tətbiq edilməyəcək.

Misal 2: Texnologiyalar parkının qeydiyyat şəhadətnaməsinə malik olub, amma texnologiyalar parkından kənar vergi ödəyiciləri üçün proqram təminatının hazırlanmasını həyata keçirən fərdi sahibkara və ya hüquqi şəxsə Vergi Məcəlləsində nəzərdə tutulan güzəştlər şamil olunacaq.

Bəs vergi ödəyiciləri texnologiyalar parkının qeydiyyat şəhadətnaməsini necə ala bilərlər?

Azərbaycan Respublikası Prezidentinin 15 may 2014-cü il tarixli, 168 nömrəli Fərmanı ilə “Texnologiyalar parkı haqqında Nümunəvi Əsasnamə” təsdiq edilib. Texnologiyalar parkının qeydiyyat şəhadətnaməsinə malik olmaqla bağlı tələblər əsasnamədə öz əksini tapıb.

Əsasnamənin 9-1.2-ci maddəsinə uyğun olaraq, texnologiyalar parkının rezidenti kimi qeydiyyatdan keçmək üçün sistem inteqrasiyası və (və ya) proqram təminatının hazırlanması və inkişafı sahələrində fəaliyyət göstərən hüquqi və fiziki şəxslər aşağıdakı tələblərə cavab verməlidirlər:

  • hüquqi şəxs olduqda – hüquqi şəxslərin dövlət reyestrində qeydiyyatda olmalı;
  • fiziki şəxs olduqda – vergi uçotuna alınmalı;
  • kiçik, orta və ya iri sahibkarlıq subyektlərindən birinə aid edilməli;
  • vergilərin və digər icbari ödənişlərin ödənilməsi ilə bağlı borcu olmamalı;
  • müvafiq sahibkarlıq fəaliyyəti növünün həyata keçirilməsi və ya müəyyən hərəkətlərin yerinə yetirilməsi üçün qanunla nəzərdə tutulan müvafiq lisenziyaya və ya icazəyə malik olmalı;
  • müflis elan olunmamalı, əmlakı üzərinə həbs qoyulmamalı və ödənişə yönəlmiş girovu olmamalı;
  • məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə müvafiq fəaliyyətlə məşğul olmaq hüququndan məhrum edilməməli;
  • bu Əsasnamənin 9-1.1-ci bəndində qeyd edilən sahələrdə (Sistem inteqrasiyası və proqram təminatının hazırlanması və inkişafı sahələrində) ən azı 1 (bir) il fəaliyyət göstərməli;
  • fəaliyyət göstərdiyi dövr ərzində ən azı 1 (bir) məhsulu tətbiq edilməli (reallaşdırılmalı), o cümlədən satılmalı;
  • informasiya kommunikasiya texnologiyaları sahəsində təhsil almış, o cümlədən əlavə təhsil müəssisələrini bitirmiş və ya ən azı 1 (bir) il iş təcrübəsi olan mütəxəssislərə malik olmalı.

Tələblərlə bağlı diqqət çəkən məqamlardan biri mikro sahibkarlıq subyektlərinin texnologiyalar parkının rezidenti kimi qeydiyyat üçün müraciət edə bilməməsidir. Nazirlər Kabinetinin 21 dekabr 2018-ci il tarixli, 556 nömrəli Qərarı ilə təsdiq edilən “Mikro, kiçik, orta və iri sahibkarlıq subyektlərinin bölgüsü” Meyarlarına əsasən, mikro sahibkarlıq subyekti işçilərinin orta siyahı sayı 1-10 nəfər və illik gəliri 200 min manatdan aşağı olan şəxlərdir.

Yuxarıda qeyd edilən tələblərə uyğun olan hüquqi və fiziki şəxslər sistem inteqrasiyası və (və ya) proqram təminatının hazırlanması və inkişafı sahələrində fəaliyyət göstərmək üçün hüquqi və fiziki şəxslər vergi orqanında qeydiyyata (uçota) alındıqdan sonra Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə müraciət edərək texnologiyalar parkının rezidenti olaraq qeydiyyatdan keçməli və texnoparkın qeydiyyat şəhadətnaməsini almalıdırlar.

Mənbə: Anar Bayramov: “Vergi uçotu” kitabı / vergiler.az


Azərbaycanda vergi daxilolmaları artıb

posted in: Xəbər | 0

vergi daxilolmalarıBu ilin I yarısında İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti xətti ilə dövlət büdcəsinə vergi daxilolmalarının məbləği ötən ilin eyni dövrü ilə müqayisədə 41,6 % artaraq 9 milyard 181,4 milyon manat təşkil edib.

Bunu nazir Mikayıl Cabbarov tvitter hesabında bildirib. Onun sözlərinə görə, 6 aylıq vergi daxilolmalarının 5 milyard 199,4 milyon manatı qeyri-neft-qaz sektorunun hesabına formalaşıb. Bu isə 1 il əvvələ nisbətən 18,2 % çoxdur.

“İqtisadiyyatda şəffaflaşmanın artması, “kölgə iqtisadiyyatı”nın miqyasının azaldılması, biznes fəaliyyətinin leqallaşdırılması vergi daxilolmalarının dinamik artımı ilə nəticələnir”, – deyə nazir qeyd edib.

Mənbə: report.az


Ofisiantlar nə qədər vergi və sosial ödənişlər ödəməlidirlər?

posted in: Xəbər | 0

sosial sığorta haqqıRestoranlarda xidmət göstərən fiziki şəxslər (ofisiantlar) vergi ödəməlidirlərmi? Ödəməlidirlərsə, neçə manat ödəməlidirlər?

Dövlət Vergi Xidmətindən bildirilib ki, iaşə obyektlərində müştərilərə xidmət göstərən fiziki şəxslər (ofisiant) vergi öhdəliklərini “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin, məcburi dövlət sosial sığorta və icbari tibbi sığorta haqqının ödənilməsi haqqında qəbz” almaqla yerinə yetirirlər.

Buna əsasən iaşə obyektlərində müştərilərə xidmət göstərən fiziki şəxs (ofisiant) vergi orqanında uçota alınmalı, VÖEN əldə etməli və bu fəaliyyəti həyata keçirməyə başlayanadək, Dövlət Vergi Xidmətindən könüllü olaraq növbəti ay, rüb, yarımil və ya il üçün “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin, məcburi dövlət sosial sığorta və icbari tibbi sığorta haqqının ödənilməsi haqqında qəbz” almalıdır.

Vergi Məcəlləsinə əsasən, iaşə obyektlərində müştərilərə xidmət göstərən fiziki şəxs (ofisiant) aylıq 10 manat məbləğə Bakı şəhəri üçün 2 əmsalı tətbiq etməklə 20 manat sadələşdirilmiş vergi ödəyir.
Qeyd olunan şəxslər tərəfindən Bakı şəhərində (kənd və qəsəbələr daxil olmaqla) minimum aylıq əməkhaqqının 3 faizinin 2,0 əmsalı (345 x 3% x 2 = 20,7 manat) miqdarında məcburi dövlət sosial sığorta haqqı və minimum aylıq əməkhaqqının 4 faizi məbləğində icbari tibbi sığorta haqqı ödənilməlidir.

“Sadələşdirilmiş vergi üzrə sabit məbləğin və məcburi dövlət sosial sığorta haqqının ödənilməsi haqqında qəbz” vergi ödəyicisi yazılı müraciət etdikdə iki iş günündən gec olmayaraq, elektron qaydada müraciət etdikdə isə real vaxt rejimində verilir. Həmin şəxslər sabit qəbz almaq üçün yazılı müraciət etdikdə, sadələşdirilmiş verginin, məcburi dövlət sosial sığorta və icbari tibbi sığorta haqqının ödənilməsini təsdiq edən ödəniş sənədini müraciətinə əlavə edir, elektron qaydada müraciət etdikdə isə, ödənişi müraciətin edildiyi zaman elektron qaydada həyata keçirir.

Əsas: Vergi Məcəlləsin 16-cı, 33-cü, 218-ci, 220-ci və 221-ci maddələri və “Tibbi sığorta haqqında”, “Sosial sığorta haqqında” haqqında Azərbaycan Respublikasının Qanunları.

Mənbə: vergiler.az


Şəhid ailəsinin üzvlərinə nə qədər vergi güzəşti tətbiq edilir?

posted in: Xəbər | 0

Övladım Vətən müharibəsində şəhid olub. Hal-hazırda dövlət məktəbində müəllim işləyirəm. Bilmək istəyirəm ki, mənə münasibətdə hər hansı vergi güzəşti nəzərdə tutulubmu?

Dövlət Vergi Xidmətindən bildirilib ki, Vergi Məcəlləsinin 1 yanvar 2023-cü ildən qüvvəyə minmiş müddəalarına əsasən, şəhid ailəsi statusu verilmiş şəxslərin valideynlərinin, dul arvadlarının (ərlərinin) və övladlarının hər hansı muzdlu işdən vergi tutulmalı olan aylıq gəliri 800 manat məbləğində azaldılır.

Qeyd olunanlara əsasən, Sizin muzdlu işdən vergi tutulmalı olan aylıq gəlirinizə 800 manat məbləğində azadolma tətbiq edilir.

Əsas: Vergi Məcəlləsinin 102.1-1-ci maddəsi.

Mənbə: vergiler.az


1 404 405 406 407 408 409 410 2. 400
error: Content is protected !!