Daha çox8
Daha çox8

Əlavə əmək məzuniyyəti: kimlərə verilir və necə hesablanır?

posted in: Xəbər | 0

Əmək Məcəlləsinin 115, 116, 117 və 118-1-ci maddələrinə əsasən, bəzi işçilərə əsas məzuniyyətindən əlavə məzuniyyət günü verilməlidir. Onlar iş stajına, əmək şəraitinə və işçinin sosial statusuna (müharibə veteranı, əlilliyi olan şəxs, hamilə qadınlar və s.) görə fərqləndirilir. “EN Group Consulting” MMC-nin direktoru Elvin Zaidov həmin məqamları açıqlayır. 

Məcəllənin 115, 116 və 117-ci maddələri ancaq Əmək Məcəlləsinin 114.2-ci (21 təqvim günü) və 114.3-cü (30 təqvim günü) maddələri üzrə məzuniyyət hüququ olan şəxslərə tətbiq olunur. Yəni, Məcəllənin 118-ci (56 və ya 42 təqvim günü), 119-cu (42 və ya 35 təqvim günü), 120-ci (46 təqvim günü) və 121-ci (42 və ya 35 təqvim günü) maddələri üzrə məzuniyyət hüququ olan şəxslərə tətbiq olunmur. Bunları nümunələrlə izah edək:

1) Əmək Məcəlləsinin 115-ci maddəsi üzrə əmək şəraitinə və əmək funksiyasının xüsusiyyətlərinə görə əlavə məzuniyyətlərin müddətləri

1.1. Yeraltı işlərdə çalışan, əmək şəraiti zərərli və ağır, habelə əmək funksiyası yüksək həssaslıq, həyəcan, zehni və fiziki gərginliklə bağlı olan işçilərə əməyin şəraitinə və əmək funksiyasının xüsusiyyətlərinə görə əlavə məzuniyyətlər verilir. Əmək şəraitinə və əmək funksiyasının xüsusiyyətlərinə görə əlavə məzuniyyətin müddəti 6 təqvim günündən az olmamalıdır.

1.2. Əmək şəraitinə və əmək funksiyasının xarakterinə görə əlavə məzuniyyət hüququ verən, zərərli və ağır istehsalatların, peşə və vəzifələrin siyahısı əlavə məzuniyyətlərin müddəti göstərilməklə müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2004-cü il 5 iyul tarixli 92 nömrəli qərarı ilə təsdiq edilib).

Misal 1: İşçi “AA” MMC-də tərkibi 10% və daha artıq silisium 4-oksiddən ibarət olan filiz və süxurlardan toz yaranan yeraltı dağ-mədən işləri ilə məşğuldur. İşçi 01.04.2025-ci ildə partladıcı vəzifəsində əmək müqaviləsi ilə işə başlayıb. 01.11.2025-ci ildə “AA” MMC-də dağ-mədən kombaynının maşinisti vəzifəsinə keçib. İşçi 20.04.2026-ci il tarixində 01.05.2026-cı il tarixindən məzuniyyətə çıxmaq istədiyi barədə ərizə verib. Gəlin bu zaman ona neçə gün məzuniyyət verilməli olduğunu hesablayaq:

  1. a) Əsas məzuniyyət günlərinin sayı – 21 təqvim günü;
  2. b) İşçi partladıcı vəzifəsində işlədiyi üçün 12 təqvim günü əlavə məzuniyyət hüququ vardır. Amma bu vəzifədə 01.04.2025-31.10.2025-ci il tarixi aralığında işləyib. Bu da 7 ay edir. Bunun üçün də əlavə məzuniyyət mütənasib hesablanacaq:

(7 : 12) x 12 = 7 gün

  1. c) İşçi dağ-mədən kombaynının maşinisti vəzifəsində işlədiyi üçün 18 təqvim günü əlavə məzuniyyət hüququ vardır. Amma bu vəzifədə 01.11.2025 – 30.04.2026-ci il tarixi aralığında işləyib. Bu da 5 ay edir. Bunun üçün də əlavə məzuniyyət mütənasib hesablanacaq:

(5 : 12) x 18 = 8 gün

Cəmi məzuniyyət günlərini sayı: 21 + 7 + 8 = 36 gün.

2) Əmək Məcəlləsinin 116-cı maddəsi üzrə əmək stajına görə əlavə məzuniyyətlərin müddətləri və verilmə qaydası

2.1. Əmək stajından asılı olaraq işçilərə:

  1. a) beş ildən on ilədək əmək stajı olduqda — 2 təqvim günü;
  2. b) on ildən on beş ilədək əmək stajı olduqda — 4 təqvim günü;
  3. c) on beş ildən çox əmək stajı olduqda — 6 təqvim günü müddətində əlavə məzuniyyət verilir.

2.2. Əmək stajına görə əlavə məzuniyyətin müddəti işçinin işəgötürənlə əmək müqaviləsi bağlayaraq faktik olaraq işlədiyi dövrə əsasən müəyyən edilir. Bu əmək stajına işçinin əmək müqaviləsi üzrə faktik işlədiyi müddətdən başqa yalnız əmək qabiliyyətini müvəqqəti itirdiyi, habelə bu Məcəllənin 179-cu maddəsində nəzərdə tutulan hallarda iş yeri və orta əmək haqqı saxlanıldığı dövrlər daxil edilir.

Qeyd edək ki, burada əmək stajı deyəndə bütün iş yerləri üzrə əmək stajı nəzərdə tutulur.

Misal 2: İşçi “C” MMC-də baş mühasib vəzifəsində işləyir. Onun 31.05.2026-ci il tarixinə qədər əmək stajı aşağıdakı kimi olub:

Müəssisə İş yeri İşlədiyi tarix aralığı İşlədiyi müddət
“A” MMC Əsas 06.01.2019-31.07.2021 2 il 7 ay
“B” MMC Əsas 01.08.2021-30.12.2023 2 il 5 ay
“C” MMC Əsas 06.01.2024-31.05.2026 2 il 5 ay
Ümumi əmək stajı 7 il 5 ay

Burada “C” MMC-də əmək stajına görə əlavə məzuniyyət 2 gün verilməlidir. Təkcə “C” MMC-də olan əmək stajı deyil, ümumi əmək stajı nəzərə alınır.

Qeyd edək ki, əgər işlədiyi dövrdə bir neçə iş yerində işləyibsə, hər bir iş yeri üzrə olan dövr cəmlənməyəcək. Burada il, ay və gün üzrə götürüldüyü üçün, bir gündə işçi 2 iş yerində işləyibsə, həmin iki iş yerinin günləri cəmlənməyəcək.

Misal 3: İşçi “C” MMC-də baş mühasib vəzifəsində və “F” MMC-də vergi məsləhətçisi vəzifəsində işləyir. 31.05.2026-ci il tarixinə qədər əmək stajı aşağıdakı kimi olub:

Müəssisə İş yeri İşlədiyi tarix aralığı İşlədiyi müddət
“A” MMC Əsas 06.01.2019-31.07.2021 2 il 7 ay
“D” MMC Əlavə 06.01.2020-30.12.2020 1 il
“B” MMC Əsas 01.08.2021-30.12.2023 2 il 5 ay
“E” MMC Əlavə 06.01.2022-30.12.2022 1 il
“C” MMC Əsas 06.01.2024-31.05.2026 2 il 5 ay
“F” MMC Əlavə 06.01.2025-31.05.2026 1 il 5 ay

Burada əmək stajını müəyyənləşdirərkən, eyni dövrə düşən staj müddəti 1 müddət kimi götürülməlidir, yəni cəmlənmir. Yanaşma ən yüksək dövrün götürülməsidir.

“A” MMC ilə “D” MMC-də işlədiyi müddət eyni dövrə düşür. Ən yüksək dövr “A” MMC-də olan dövrdür. “B” MMC ilə “E” MMC-də işlədiyi müddət eyni dövrə düşür. Ən yüksək dövr “B” MMC-də olan dövrdür. “C” MMC ilə “F” MMC-də işlədiyi müddət eyni dövrə düşür. Ən yüksək dövr “C” MMC-də olan dövrdür. Yekunda cəmlənəcək müddətlər:

2 il 7 ay + 2 il 5 ay + 2 il 5 ay= 7 il 5 ay

3) Əmək Məcəlləsinin 117-ci maddəsi üzrə uşaqlı qadınların əlavə məzuniyyətləri

3.1. Əsas və əlavə məzuniyyətlərin müddətindən asılı olmayaraq, 14 yaşınadək iki uşağı olan qadınlara 2 təqvim günü, bu yaşadək üç və daha çox uşağı olan və ya əlilliyi olan uşağı olan qadınlara isə 5 təqvim günü müddətində əlavə məzuniyyət verilir.

3.2. Uşaqlarını təkbaşına böyüdən ataların, həmçinin uşaqları övladlığa götürmüş şəxslərin bu maddənin birinci hissəsində nəzərdə tutulan əlavə məzuniyyət hüququ vardır.

3.3. Bu maddə ilə müəyyən edilmiş əlavə məzuniyyət hüququ müvafiq təqvim ilinin sonunadək uşaqlardan birinin 14 yaşı tamam olduğu hallarda da saxlanılır.

Misal 4: İşçi “C” MMC-də baş mühasib vəzifəsində işləyir. Onun 30.05.2026-cı il tarixinə kimi 7 il 5 ay stajı var. İşçi, həmçinin 14 yaşına çatmamış 2 az yaşlı uşağına baxan atadır. Bu zaman məzuniyyət hüququ aşağıdakı kimi olacaq:

Əsas məzuniyyət günləri 30 təqvim günü
Əmək satjına görə əlavə məzuniyyət günləri 2 təqvim günü
14 yaşına çatmamış 2 uşağı tək başına böyüdən atalığa görə əlavə məzuniyyət günləri 2 təqvim günü
Cəmi 34 təqvim günü

4) Əmək Məcəlləsinin 118-1-ci maddəsi üzrə Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində işləyən mütəxəssislərin əlavə məzuniyyəti

Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində işləyən mütəxəssislərə bu Məcəllənin 21-1-ci maddəsi nəzərə alınmaqla əsas və əlavə məzuniyyətlərin müddətindən asılı olmayaraq 5 təqvim günü müddətində əlavə məzuniyyət verilir.

Əmək Məcəlləsinin 21-1-ci maddəsi: Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində işləyən mütəxəssislərin işinin xüsusiyyətləri;

21-1.1. Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində işləyən mütəxəssislər aşağıdakı şərtlər birgə mövcud olduğu hallarda bu Məcəllədə və Azərbaycan Respublikasının digər qanunlarında nəzərdə tutulan güzəştlərdən və imtiyazlardan istifadə etmək hüququna malikdirlər:

21-1.1.1. mütəxəssislərin əmək müqaviləsi (kontraktı) bağladıqları işəgötürən (o cümlədən, hüquqi şəxs olduqda onun Azərbaycan Respublikası Vergi məcəlləsinin 33.2-ci maddəsinə uyğun olaraq vergi uçotuna alınmış filialı, nümayəndəliyi) Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində vergi uçotunda olduqda;

21-1.1.2. mütəxəssislərin əmək müqaviləsi (kontraktı) üzrə iş yeri Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində yerləşdikdə;

21-1.1.3. mütəxəssislər Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində məskunlaşdıqda (yaşayış yeri və ya olduğu yer üzrə qeydiyyata alındıqda).

21-1.2. Bu Məcəllənin 21-1.1.1–21.1.1.3-cü maddələrində nəzərdə tutulan şərtlər pozulduqda güzəştlərin və imtiyazların tətbiqi dayandırılır.

Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində işləyən mütəxəssis anlayışı Əmək Məcəlləsinin 3-cü maddəsinin 2-1-ci bəndində izah edilib: Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində işləyən mütəxəssis – peşə, orta ixtisas və ali təhsil haqqında dövlət sənədi və son 60 ay ərzində ən azı 24 ay əmək stajı olan və Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində əmək müqaviləsi (kontraktı) əsasında işləyən şəxs (xüsusi rütbəli şəxslər istisna olmaqla).

Misal 5: İşçi 7 il 5 ay əmək stajına malikdir və o, işğaldan azad edilmiş ǝrazidə məktəb müəllimi vəzifəsində işləyir. Eyni zamanda 14 yaşınadək üç uşağı təkbaşına böyüdən ata statusuna malik olan işçinin illik məzuniyyət hüququ aşağıdakı kmi olacaq:

Əsas məzuniyyət günlərin sayı 56 təqvim günü
Əmək stajına görə əlavə məzuniyyət günlərinin sayı 2 təqvim günü – tətbiq olunmayacaqdır.
14 yaşınadək üç uşağı təkbaşına böyüdən ata statusuna görə əlavə məzuniyyət günlərinin sayı 5 təqdim günü – tətbiq olunmayacaqdır
İşğaldan azad olunmuş ərazidə mütəxəssis vəzifəsində işlədiyi üçün (şərtlərə cavab verdiyinə görə) əlavə məzuniyyət günlərinin sayı 5 təqvim günü
Cəmi məzuniyyət günlərinin sayı 61 təqvim günü

Əmək Məcəlləsinin 118-ci maddəsi üzrə məzuniyyət hüququ olan şəxslərə Məcəllənin 115, 116 və 117-ci maddələri üzrə əlavə məzuniyyət tətbiq olunmayacaq. Ona görə də həmin işçinin cəmi məzuniyyət hüququ illik 61 gün olacaq.

Mənbə: vergiler.az

Azərbaycanda bu şəxslər kameral vergi yoxlamalarına cəlb ediləcək

Azərbaycanda bu şəxslər kameral vergi yoxlamalarına cəlb ediləcək

posted in: Xəbər | 0

İqtisadiyyat Nazirliyinin Kollegiyası “Vergi inzibatçılığının təkmilləşdirilməsi məqsədi ilə bir sıra normativ hüquqi aktların təsdiq edilməsi haqqında” qərarda dəyişiklik edib.

Bununla bağlı nazir Mikayıl Cabbarov qərar imzalayıb.

Qərara əsasən, Azərbaycanda xüsusi notariuslarla yanaşı, xüsusi icra məmuru fəaliyyəti ilə məşğul olan, lakin məcburi dövlət sosial sığorta haqları göstərməyən vergi ödəyicilərinin təhlili üzrə Avtomatlaşdırılmış Vergi İnformasiya Sistemindən (AVİS) kənar qaydada kameral vergi yoxlamaları aparılacaq.

Xüsusi notariusların gəlir vergisi bəyannaməsinin İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən təsdiq edilmiş müvafiq forma üzrə bölmələri, eləcə də xüsusi notariusların gəlir vergisi bəyannaməsinin əlavələri xüsusi icra məmurlarına da aid edilib.

Bundan başqa, xüsusi notariuslarda olduğu kimi, xüsusi icra məmurlarının gəlir vergisi ödəyiciləri üzrə risklərin müəyyən edilməsi zamanı müəyyən edilən risk meyarları nəzərə alınmaqla AVİS-dən kənar qaydada kameral vergi yoxlamaları aparılacaq.

Xüsusi icra məmurunun fəaliyyətinə görə bir ay ərzində alınan standart və əlavə icra haqları (xərclər nəzərə alınmadan) vergitutma obyekti hesab ediləcək.

Xüsusi icra məmurunun fəaliyyətinə görə bir ay ərzində alınan standart və əlavə icra haqlarından (xərclər nəzərə alınmadan) və xüsusi notarius tərəfindən aparılan notariat hərəkətlərə, habelə notariat hərəkətləri ilə əlaqədar göstərilən xidmətlərə görə alınan haqlardan verginin düzgün tutulması, gəlirin yoxlanması zamanı nəzərə alınacaq.

Mənbə: report.az

Qrant vəsaiti ilə idxal edilən mallar üzrə ƏDV qaydaları

Qrant vəsaiti ilə idxal edilən mallar üzrə ƏDV qaydaları

posted in: Xəbər | 0

Vergi Məcəlləsinin 165.1.2-ci maddəsində qrant müqaviləsi (qərarı) əsasında xaricdən alınan qrantlar hesabına malların idxalı, qrant üzrə resipiyentlərə malların təqdim edilməsi, işlərin görülməsi və xidmətlərin göstərilməsi qaydaları qeyd olunub. Qrant xaricdən deyil, yerli qurumdan alınırsa, o zaman həmin qrantın hesabına malların idxalı 0 dərəcə, yoxsa 18% dərəcə ilə ƏDV-yə cəlb olunacaq? Əgər 18% dərəcə ilə ƏDV-yə cəlb ediləcəksə, həmin hesabat dövründə idxalda ödənilən ƏDV-ni əvəzləşdirmək olarmı?

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən bildirilib ki, Vergi Məcəlləsinin 165.1.2-ci maddəsinə əsasən, qrant müqaviləsi (qərarı) əsasında xaricdən alınan qrantlar hesabına malların idxalı, qrant üzrə resipiyentlərə malların təqdim edilməsi, işlərin görülməsi və xidmətlərin göstərilməsi ƏDV-yə sıfır (0) dərəcə ilə cəlb edilir. Buna əsasən qrantın verilməsi və alınması haqqında müqavilələr qanunvericiliklə müəyyən edilmiş qaydada müvafiq orqanlarda qeydiyyata alınaraq qrant kimi tanındığı halda (müqavilənin qeydə alınmasını təsdiq edən bildiriş əsasında), həmin qrantlar hesabına resipiyentlərə malların təqdim edilməsi, işlərin görülməsi və xidmətlərin göstərilməsinə görə ƏDV sıfır (0) dərəcə ilə tutulur.

Bununla yanaşı, Vergi Məcəlləsinin 165.1.2-ci maddəsində yalnız xaricdən alınan qrantlar nəzərdə tutulduğundan, qrantın yerli mənbədən alınması halında həmin qrant hesabına malların idxalı ümumi qaydada ƏDV-yə cəlb olunur və idxal zamanı 18 faiz dərəcə ilə ƏDV hesablanır.

Eyni zamanda, ƏDV ödəyicisi olan şəxslər tərəfindən idxal edilmiş mallara görə gömrük orqanlarına ödənilmiş ƏDV məbləğləri idxal sənədləri əsasında, Vergi Məcəlləsinin 175-ci maddəsinə uyğun olaraq, əvəzləşdirilə bilər.

Əsas: Vergi Məcəlləsinin 165.1.2 və 175-ci maddələri

Mənbə: vergiler.az

Distant iş rejimi ilə bağlı hüquqi tələblər nələrdir?

Distant iş rejimi ilə bağlı hüquqi tələblər nələrdir?

posted in: Xəbər | 0

Mövzunu “Business Service Center” MMC şirkətinin HR meneceri Günay Səmədova şərh edir. 

Müasir dövrdə informasiya texnologiyalarının sürətli inkişafı əmək münasibətlərinin təşkilində yeni iş formalarının yaranmasına səbəb olur. Bu baxımdan məsafədən (distant) iş rejimi həm ölkəmizdə, həm də beynəlxalq praktikada geniş tətbiq olunmağa başlayıb. Xüsusilə COVID-19 pandemiyası dövründə işəgötürənlərin əksəriyyəti iş prosesinin fasiləsiz davam etdirilməsi məqsədilə işçilərin məsafədən fəaliyyət göstərməsi üçün müvafiq şərait yaradıb.

Əmək qanunvericiliyinə edilmiş son dəyişikliklərlə məsafədən iş anlayışı hüquqi baxımdan daha konkret şəkildə tənzimlənib. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 3-cü maddəsinə əlavə edilən 9-2-ci bəndə əsasən, məsafədən (distant) iş dedikdə əmək funksiyasının elektron, proqram-texniki və telekommunikasiya alətləri vasitəsilə müəssisədən və ya işəgötürənin yaratdığı iş yerlərindən kənarda yerinə yetirilməsi başa düşülür.

Bu anlayışdan göründüyü kimi, distant iş rejiminin tətbiqi üçün əsas şərtlərdən biri əmək funksiyasının məsafədən icra edilməsinin mümkün olmasıdır. Belə ki, bəzi vəzifələr üzrə əmək funksiyasının iş yerindən kənarda yerinə yetirilməsi texniki və ya təşkilati baxımdan mümkün olmur. Məsələn, qaynaqçı, sürücü və ya istehsalat sahəsində çalışan digər işçilərin əmək funksiyaları bilavasitə iş yerində icra edilməlidir. Bu səbəbdən həmin vəzifələr üzrə distant iş rejiminin tətbiqi mümkün hesab edilmir.

Digər tərəfdən, informasiya texnologiyaları üzrə mütəxəssis, mühasib, insan resursları üzrə mütəxəssis, dizayner və digər oxşar vəzifələr üzrə əmək funksiyaları elektron vasitələrdən istifadə edilməklə məsafədən icra oluna bilər. Bu hallarda tərəflərin qarşılıqlı razılığı əsasında əmək müqaviləsinə müvafiq dəyişiklik edilərək işçinin distant iş rejimində fəaliyyəti müəyyən oluna bilər.

Distant iş rejimi tam və ya qismən tətbiq edilə bilər. Məsələn, işçi həftənin müəyyən günlərində işəgötürənin ünvanında, digər günlərdə isə evdən və ya başqa məkandan fəaliyyət göstərə bilər. Bu yanaşma həm iş prosesinin səmərəli təşkilinə, həm də işçi üçün daha çevik əmək şəraitinin yaradılmasına imkan verir.

Əmək qanunvericiliyinə əsasən, distant iş rejimində çalışan işçinin əmək şəraiti ilə bağlı əlavə şərtlər tərəflərin qarşılıqlı razılığı əsasında əmək müqaviləsində müəyyən edilir. Bu şərtlərə iş vaxtının təşkili, hesabatlılıq qaydaları, kommunikasiya vasitələrindən istifadə, məlumat təhlükəsizliyi, iş avadanlıqlarının təmin olunması və digər məsələlər aid edilə bilər. Qanunvericiliyin tələblərinə əsasən, məsafədən çalışan işçilər də istehsalatda baş verə biləcək bədbəxt hadisələrdən və peşə xəstəliklərindən icbari qaydada sığortalanmalıdırlar.

Distant iş münasibətləri zamanı əsas hüquqi məsələlərdən biri baş vermiş hadisələrin istehsalat qəzası və ya sığorta hadisəsi kimi qiymətləndirilməsidir. Məsafədən çalışan işçi əmək fəaliyyətini yerinə yetirdiyi müddətdə müxtəlif hallarla qarşılaşa bilər və bu zaman həmin hadisənin əmək fəaliyyəti ilə nə dərəcədə bağlı olması xüsusi əhəmiyyət kəsb edir.

Praktikada hər bir hadisə ayrıca qiymətləndirilir və onun əmək funksiyasının icrası ilə birbaşa əlaqəsinin olub-olmaması müəyyən edilir. Əgər baş verən hal işçinin əmək vəzifələrinin yerinə yetirilməsi nəticəsində yaranmırsa və ya şəxsi fəaliyyətindən irəli gəlirsə, belə hadisələr adətən istehsalat qəzası və ya sığorta hadisəsi hesab edilmir. Buna görə də distant iş rejimində əmək fəaliyyəti ilə şəxsi həyat arasındakı sərhədlərin müəyyən olunması hüquqi baxımdan mühüm əhəmiyyət daşıyır.

Nəticə etibarilə, distant iş modelinin tətbiqi həm üstünlüklər, həm də müəyyən hüquqi və praktiki risklər yaradır. Bununla belə, bu model düzgün hüquqi tənzimləmə, effektiv nəzarət mexanizmləri və uyğun sığorta təminatı ilə tətbiq olunduğu halda iqtisadi yükün azaldılması, iş mühitinin optimallaşdırılması və əmək məhsuldarlığının artırılması baxımından həm sosial, həm də biznes mühiti üçün müsbət nəticələr verə bilər.

Mənbə: vergiler.az

Ölkədaxili nağdsız əməliyyatların həcmi artıb

1 2 3 4 5 6 7 2. 406
error: Content is protected !!