Əmək Məcəlləsinin 115, 116, 117 və 118-1-ci maddələrinə əsasən, bəzi işçilərə əsas məzuniyyətindən əlavə məzuniyyət günü verilməlidir. Onlar iş stajına, əmək şəraitinə və işçinin sosial statusuna (müharibə veteranı, əlilliyi olan şəxs, hamilə qadınlar və s.) görə fərqləndirilir. “EN Group Consulting” MMC-nin direktoru Elvin Zaidov həmin məqamları açıqlayır.
Məcəllənin 115, 116 və 117-ci maddələri ancaq Əmək Məcəlləsinin 114.2-ci (21 təqvim günü) və 114.3-cü (30 təqvim günü) maddələri üzrə məzuniyyət hüququ olan şəxslərə tətbiq olunur. Yəni, Məcəllənin 118-ci (56 və ya 42 təqvim günü), 119-cu (42 və ya 35 təqvim günü), 120-ci (46 təqvim günü) və 121-ci (42 və ya 35 təqvim günü) maddələri üzrə məzuniyyət hüququ olan şəxslərə tətbiq olunmur. Bunları nümunələrlə izah edək:
1) Əmək Məcəlləsinin 115-ci maddəsi üzrə əmək şəraitinə və əmək funksiyasının xüsusiyyətlərinə görə əlavə məzuniyyətlərin müddətləri
1.1. Yeraltı işlərdə çalışan, əmək şəraiti zərərli və ağır, habelə əmək funksiyası yüksək həssaslıq, həyəcan, zehni və fiziki gərginliklə bağlı olan işçilərə əməyin şəraitinə və əmək funksiyasının xüsusiyyətlərinə görə əlavə məzuniyyətlər verilir. Əmək şəraitinə və əmək funksiyasının xüsusiyyətlərinə görə əlavə məzuniyyətin müddəti 6 təqvim günündən az olmamalıdır.
1.2. Əmək şəraitinə və əmək funksiyasının xarakterinə görə əlavə məzuniyyət hüququ verən, zərərli və ağır istehsalatların, peşə və vəzifələrin siyahısı əlavə məzuniyyətlərin müddəti göstərilməklə müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2004-cü il 5 iyul tarixli 92 nömrəli qərarı ilə təsdiq edilib).
Misal 1: İşçi “AA” MMC-də tərkibi 10% və daha artıq silisium 4-oksiddən ibarət olan filiz və süxurlardan toz yaranan yeraltı dağ-mədən işləri ilə məşğuldur. İşçi 01.04.2025-ci ildə partladıcı vəzifəsində əmək müqaviləsi ilə işə başlayıb. 01.11.2025-ci ildə “AA” MMC-də dağ-mədən kombaynının maşinisti vəzifəsinə keçib. İşçi 20.04.2026-ci il tarixində 01.05.2026-cı il tarixindən məzuniyyətə çıxmaq istədiyi barədə ərizə verib. Gəlin bu zaman ona neçə gün məzuniyyət verilməli olduğunu hesablayaq:
- a) Əsas məzuniyyət günlərinin sayı – 21 təqvim günü;
- b) İşçi partladıcı vəzifəsində işlədiyi üçün 12 təqvim günü əlavə məzuniyyət hüququ vardır. Amma bu vəzifədə 01.04.2025-31.10.2025-ci il tarixi aralığında işləyib. Bu da 7 ay edir. Bunun üçün də əlavə məzuniyyət mütənasib hesablanacaq:
(7 : 12) x 12 = 7 gün
- c) İşçi dağ-mədən kombaynının maşinisti vəzifəsində işlədiyi üçün 18 təqvim günü əlavə məzuniyyət hüququ vardır. Amma bu vəzifədə 01.11.2025 – 30.04.2026-ci il tarixi aralığında işləyib. Bu da 5 ay edir. Bunun üçün də əlavə məzuniyyət mütənasib hesablanacaq:
(5 : 12) x 18 = 8 gün
Cəmi məzuniyyət günlərini sayı: 21 + 7 + 8 = 36 gün.
2) Əmək Məcəlləsinin 116-cı maddəsi üzrə əmək stajına görə əlavə məzuniyyətlərin müddətləri və verilmə qaydası
2.1. Əmək stajından asılı olaraq işçilərə:
- a) beş ildən on ilədək əmək stajı olduqda — 2 təqvim günü;
- b) on ildən on beş ilədək əmək stajı olduqda — 4 təqvim günü;
- c) on beş ildən çox əmək stajı olduqda — 6 təqvim günü müddətində əlavə məzuniyyət verilir.
2.2. Əmək stajına görə əlavə məzuniyyətin müddəti işçinin işəgötürənlə əmək müqaviləsi bağlayaraq faktik olaraq işlədiyi dövrə əsasən müəyyən edilir. Bu əmək stajına işçinin əmək müqaviləsi üzrə faktik işlədiyi müddətdən başqa yalnız əmək qabiliyyətini müvəqqəti itirdiyi, habelə bu Məcəllənin 179-cu maddəsində nəzərdə tutulan hallarda iş yeri və orta əmək haqqı saxlanıldığı dövrlər daxil edilir.
Qeyd edək ki, burada əmək stajı deyəndə bütün iş yerləri üzrə əmək stajı nəzərdə tutulur.
Misal 2: İşçi “C” MMC-də baş mühasib vəzifəsində işləyir. Onun 31.05.2026-ci il tarixinə qədər əmək stajı aşağıdakı kimi olub:
| Müəssisə | İş yeri | İşlədiyi tarix aralığı | İşlədiyi müddət |
| “A” MMC | Əsas | 06.01.2019-31.07.2021 | 2 il 7 ay |
| “B” MMC | Əsas | 01.08.2021-30.12.2023 | 2 il 5 ay |
| “C” MMC | Əsas | 06.01.2024-31.05.2026 | 2 il 5 ay |
| Ümumi əmək stajı | 7 il 5 ay | ||
Burada “C” MMC-də əmək stajına görə əlavə məzuniyyət 2 gün verilməlidir. Təkcə “C” MMC-də olan əmək stajı deyil, ümumi əmək stajı nəzərə alınır.
Qeyd edək ki, əgər işlədiyi dövrdə bir neçə iş yerində işləyibsə, hər bir iş yeri üzrə olan dövr cəmlənməyəcək. Burada il, ay və gün üzrə götürüldüyü üçün, bir gündə işçi 2 iş yerində işləyibsə, həmin iki iş yerinin günləri cəmlənməyəcək.
Misal 3: İşçi “C” MMC-də baş mühasib vəzifəsində və “F” MMC-də vergi məsləhətçisi vəzifəsində işləyir. 31.05.2026-ci il tarixinə qədər əmək stajı aşağıdakı kimi olub:
| Müəssisə | İş yeri | İşlədiyi tarix aralığı | İşlədiyi müddət |
| “A” MMC | Əsas | 06.01.2019-31.07.2021 | 2 il 7 ay |
| “D” MMC | Əlavə | 06.01.2020-30.12.2020 | 1 il |
| “B” MMC | Əsas | 01.08.2021-30.12.2023 | 2 il 5 ay |
| “E” MMC | Əlavə | 06.01.2022-30.12.2022 | 1 il |
| “C” MMC | Əsas | 06.01.2024-31.05.2026 | 2 il 5 ay |
| “F” MMC | Əlavə | 06.01.2025-31.05.2026 | 1 il 5 ay |
Burada əmək stajını müəyyənləşdirərkən, eyni dövrə düşən staj müddəti 1 müddət kimi götürülməlidir, yəni cəmlənmir. Yanaşma ən yüksək dövrün götürülməsidir.
“A” MMC ilə “D” MMC-də işlədiyi müddət eyni dövrə düşür. Ən yüksək dövr “A” MMC-də olan dövrdür. “B” MMC ilə “E” MMC-də işlədiyi müddət eyni dövrə düşür. Ən yüksək dövr “B” MMC-də olan dövrdür. “C” MMC ilə “F” MMC-də işlədiyi müddət eyni dövrə düşür. Ən yüksək dövr “C” MMC-də olan dövrdür. Yekunda cəmlənəcək müddətlər:
2 il 7 ay + 2 il 5 ay + 2 il 5 ay= 7 il 5 ay
3) Əmək Məcəlləsinin 117-ci maddəsi üzrə uşaqlı qadınların əlavə məzuniyyətləri
3.1. Əsas və əlavə məzuniyyətlərin müddətindən asılı olmayaraq, 14 yaşınadək iki uşağı olan qadınlara 2 təqvim günü, bu yaşadək üç və daha çox uşağı olan və ya əlilliyi olan uşağı olan qadınlara isə 5 təqvim günü müddətində əlavə məzuniyyət verilir.
3.2. Uşaqlarını təkbaşına böyüdən ataların, həmçinin uşaqları övladlığa götürmüş şəxslərin bu maddənin birinci hissəsində nəzərdə tutulan əlavə məzuniyyət hüququ vardır.
3.3. Bu maddə ilə müəyyən edilmiş əlavə məzuniyyət hüququ müvafiq təqvim ilinin sonunadək uşaqlardan birinin 14 yaşı tamam olduğu hallarda da saxlanılır.
Misal 4: İşçi “C” MMC-də baş mühasib vəzifəsində işləyir. Onun 30.05.2026-cı il tarixinə kimi 7 il 5 ay stajı var. İşçi, həmçinin 14 yaşına çatmamış 2 az yaşlı uşağına baxan atadır. Bu zaman məzuniyyət hüququ aşağıdakı kimi olacaq:
| Əsas məzuniyyət günləri | 30 təqvim günü |
| Əmək satjına görə əlavə məzuniyyət günləri | 2 təqvim günü |
| 14 yaşına çatmamış 2 uşağı tək başına böyüdən atalığa görə əlavə məzuniyyət günləri | 2 təqvim günü |
| Cəmi | 34 təqvim günü |
4) Əmək Məcəlləsinin 118-1-ci maddəsi üzrə Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində işləyən mütəxəssislərin əlavə məzuniyyəti
Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində işləyən mütəxəssislərə bu Məcəllənin 21-1-ci maddəsi nəzərə alınmaqla əsas və əlavə məzuniyyətlərin müddətindən asılı olmayaraq 5 təqvim günü müddətində əlavə məzuniyyət verilir.
Əmək Məcəlləsinin 21-1-ci maddəsi: Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində işləyən mütəxəssislərin işinin xüsusiyyətləri;
21-1.1. Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində işləyən mütəxəssislər aşağıdakı şərtlər birgə mövcud olduğu hallarda bu Məcəllədə və Azərbaycan Respublikasının digər qanunlarında nəzərdə tutulan güzəştlərdən və imtiyazlardan istifadə etmək hüququna malikdirlər:
21-1.1.1. mütəxəssislərin əmək müqaviləsi (kontraktı) bağladıqları işəgötürən (o cümlədən, hüquqi şəxs olduqda onun Azərbaycan Respublikası Vergi məcəlləsinin 33.2-ci maddəsinə uyğun olaraq vergi uçotuna alınmış filialı, nümayəndəliyi) Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində vergi uçotunda olduqda;
21-1.1.2. mütəxəssislərin əmək müqaviləsi (kontraktı) üzrə iş yeri Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində yerləşdikdə;
21-1.1.3. mütəxəssislər Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində məskunlaşdıqda (yaşayış yeri və ya olduğu yer üzrə qeydiyyata alındıqda).
21-1.2. Bu Məcəllənin 21-1.1.1–21.1.1.3-cü maddələrində nəzərdə tutulan şərtlər pozulduqda güzəştlərin və imtiyazların tətbiqi dayandırılır.
Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində işləyən mütəxəssis anlayışı Əmək Məcəlləsinin 3-cü maddəsinin 2-1-ci bəndində izah edilib: Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində işləyən mütəxəssis – peşə, orta ixtisas və ali təhsil haqqında dövlət sənədi və son 60 ay ərzində ən azı 24 ay əmək stajı olan və Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində əmək müqaviləsi (kontraktı) əsasında işləyən şəxs (xüsusi rütbəli şəxslər istisna olmaqla).
Misal 5: İşçi 7 il 5 ay əmək stajına malikdir və o, işğaldan azad edilmiş ǝrazidə məktəb müəllimi vəzifəsində işləyir. Eyni zamanda 14 yaşınadək üç uşağı təkbaşına böyüdən ata statusuna malik olan işçinin illik məzuniyyət hüququ aşağıdakı kmi olacaq:
| Əsas məzuniyyət günlərin sayı | 56 təqvim günü |
| Əmək stajına görə əlavə məzuniyyət günlərinin sayı | 2 təqvim günü – tətbiq olunmayacaqdır. |
| 14 yaşınadək üç uşağı təkbaşına böyüdən ata statusuna görə əlavə məzuniyyət günlərinin sayı | 5 təqdim günü – tətbiq olunmayacaqdır |
| İşğaldan azad olunmuş ərazidə mütəxəssis vəzifəsində işlədiyi üçün (şərtlərə cavab verdiyinə görə) əlavə məzuniyyət günlərinin sayı | 5 təqvim günü |
| Cəmi məzuniyyət günlərinin sayı | 61 təqvim günü |
Əmək Məcəlləsinin 118-ci maddəsi üzrə məzuniyyət hüququ olan şəxslərə Məcəllənin 115, 116 və 117-ci maddələri üzrə əlavə məzuniyyət tətbiq olunmayacaq. Ona görə də həmin işçinin cəmi məzuniyyət hüququ illik 61 gün olacaq.
Mənbə: vergiler.az