Vergi Məcəlləsinə dəyişiklik edilib

posted in: Xəbər | 0

Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) Azərbaycanda keçirilməsi ilə əlaqədar vergi güzəştləri müəyyənləşib.

Prezident İlham Əliyev Vergi Məcəlləsinə dəyişiklik edilməsi haqqında qanunu imzalayıb.

Qanuna əsasən, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiqedici sənədi əsasında Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) Azərbaycan Respublikasında keçirilməsi ilə əlaqədar malların təqdim edilməsinə, işlərin görülməsinə və xidmətlərin göstərilməsinə cəlb olunmuş qeyri-rezident fiziki şəxslərin bu fəaliyyət çərçivəsində əldə etdiyi gəlirlər – 2024-cü il martın 1-dən 9 ay müddətinə gəlir vergisindən azad olunub.

Bundan əlavə, Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) Azərbaycan Respublikasında keçirilməsi ilə əlaqədar qeyri-maddi aktivlər üzərində müəllif hüquqlarından istifadə olunmasına, yaxud istifadə hüquqlarının verilməsinə görə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanla (qurumla) bağlanılmış müqavilə əsasında onun tərəfindən qeyri-rezident hüquqi şəxsə ödənilən royalti gəlirləri 2024-cü il martın 1-dən 9 ay müddətinə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiqedici sənədi əsasında Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) Azərbaycan Respublikasında keçirilməsi ilə əlaqədar qeyri-rezident hüquqi şəxslər tərəfindən işlərin görülməsindən və xidmətlərin göstərilməsindən əldə edilən gəlirlər 2024-cü il martın 1-dən 9 ay müddətinə vergidən azad edilib.

Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) Azərbaycan Respublikasında keçirilməsi ilə əlaqədar müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanla (qurumla) bağlanılmış müqavilə əsasında qeyri-rezident şəxslər tərəfindən işlərin görülməsi və xidmətlərin göstərilməsi, habelə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiqedici sənədi əsasında malların idxalı 2024-cü il martın 1-dən 9 ay müddətinə ƏDV-dən azad olunub.

Mənbə: vergiler.az

Məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi ilə bağlı zəruri məqam

Dövlət Əmək Müfəttişliyi Xidməti tərəfindən əmək müqaviləsinə xitam verilməsi qaydası

posted in: Xəbər | 0

Təcrübədə əksər hallarda işəgötürən və işçilər üçün müəyyən mənada çətinlik törədən məqamlardan biri də işəgötürən və işçidən asılı olmayan bəzi hallarda əmək müqaviləsinə xitam verilməsi ilə bağlıdır. Məsələn, vergi ödəyicisi olan fiziki şəxsin vəfat etməsi halında işçi ilə bağlanmış əmək müqaviləsinə kim tərəfindən və hansı qaydada xitam verilməsi məsələsini buna nümunə kimi göstərmək olar. 

Əmək qanunverisiliyi üzrə ekspert Nüsrət Xəlilov mövzu ilə bağlı qanunvericiliyin tələblərini açıqlayır:

13.05.2022-ci il tarixli “Əmək Məcəlləsində dəyişiklik edilməsi haqqında” Qanunla Məcəllənin 49, 74 və 87-ci maddələrinə müvafiq dəyişikliklər olunub, bu və bu kimi hallar da həmin dəyişikliklərdə öz həllini tapıb. Belə ki, Əmək Məcəlləsinin 74-cü maddəsinə aşağıdakı məzmunda yeni mətn əlavə edilib:

Aşağıdakı hallar fiziki şəxs olan işəgötürənlə bağlanmış əmək müqaviləsinə işçinin əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini hǝyata keçirən orqana müraciəti əsasında xitam verilmiş hesab edilməsi üçün əsasdır:

  • fiziki şəxs olan işəgötürən vəfat etdikdə, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında xəbərsiz itkin düşmüş və ya ölmüş elan edildikdǝ;
  • fiziki şəxs olan işəgötürən barəsində məhkəmə tərəfindən həbs qətimkan tədbiri seçildikdə, yaxud o, məhkəmənin qanuni qüvvəyə minmiş qǝrarı ilə azadlıqdan məhrum edildikdə;
  • fiziki şəxs olan işəgötürən məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında fəaliyyət qabiliyyəti olmayan və ya məhdud fəaliyyət qabiliyyətli şəxs hesab edildikdə;
  • Azərbaycan Respublikasının Mülki Prosessual və Azərbaycan Respublikasının Cinayət Prosessual məcəllələrinə uyğun olaraq fiziki şəxs olan işəgötürənin axtarışı elan olunduqda;
  • Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq əcnəbi və vətəndaşlığı olmayan işəgötürən barəsində ölkə hüdudlarından kənara inzibati qaydada çıxarma tətbiq edildikdə.

Əmək Məcəlləsinin 49-cu maddəsinin 5-ci bəndinə əsasən, yuxarıda nəzərdə tutulmuş hallarda elektron informasiya sistemində qüvvədə olan əmək müqaviləsi bildirişi əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən orqanın qərarı ilə qüvvədən düşmüş hesab edilir.

Yuxarıda qeyd edilən hallarda əmək müqaviləsinə xitam verilməsi ilə bağlı bildirişin elektron informasiya sisteminə daxil edilməsi mümkün olmadıqda, işçinin müraciəti əsasında əmək qanunvericiliyinə əməl edilməsinə dövlət nəzarətini həyata keçirən orqan tərəfindən işçinin qüvvədə olan əmək müqaviləsi bildirişinin qüvvədən düşməsi barədə inzibati akt formasında qərar qəbul edilir, bununla bağlı altsistemdə və işçinin əmək kitabçasında müvafiq qeydlər aparılır.

Misal

Hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən Vəkilov Osman Ağarza oğlu (adlar şərtidir) fərdi sahibkar kimi sahibkarlıq fəaliyyətini davam etdirib. 2022-ci ilin yanvar ayında vəfat edən sahibkarın 3 işçisi vardır: Əhmədov Sahib məşğulluq orqanına, Aygün Kazımova isə başqa işəgötürənlə əmək müqaviləsi bağlamaqdan ötrü müraciət etdikdə onların adına köhnə iş yerində aktiv əmək müqaviləsi bildirişi olması qeyd edilib. Aygün və Sahibin əmək müqaviləsi bildirişinə elektron informasiya sistemində necə xitam verilməlidir?

Bu halda, Sahib və Aygün yazılı ərizə ilə Dövlət Əmək Müfəttişliyi Xidmətinə müraciət edərək, əmək müqaviləsi bildirişlərinə xitam verilməsini xahiş edəcəklər. Yaxşı olar ki, bunun təsdiqinə dair fərdi sahibkarın ölüm haqqında şəhadətnaməsinin surəti əldə edilərək ərizəyə əlavə olunsun. Əks halda, bunun araşdırılması aparılmalıdır. Belə olan halda, əmək qanunvericiliyinə əməl edilməsinə dövlət nəzarətini həyata keçirən orqan – Dövlət Əmək Müfəttişliyi Xidməti işçinin qüvvədə olan əmək müqaviləsi bildirişinin qüvvədən düşməsi barədə inzibati akt formasında qərar qəbul edəcək və işçinin əmək kitabçasında müvafiq qeydlər aparacaq.

Qeyd olunan Qanunda edilmiş dəyişikliyə görə, yuxarıda göstərilmiş əsaslara uyğun olaraq, əmək müqaviləsinə xitam verilmiş hesab edilməsi əmək münasibətlərinin iştirakçılarını, habelə vəfat etmiş fiziki şəxs olan işəgötürənin vərəsələrini (miras payı həddində) işçiyə əmək qanunvericiliyi ilə müəyyən olunmuş ödənişləri ödəməkdən azad etmir. Bu ödənişlər miras payı həddindən yuxarı ola bilməz.

Mənbə: vergiler.az

Məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi ilə bağlı zəruri məqam

Məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi ilə bağlı zəruri məqam

posted in: Xəbər | 0

Vergi Məcəlləsinə görə, bəzi fəaliyyət növləri ilə fərdi qaydada, muzdlu işçi cəlb etmədən məşğul olan fiziki şəxslər həmin fəaliyyəti həyata keçirməyə başlayanadək İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin, məcburi dövlət sosial sıgorta və icbari tibbi sığorta haqqının ödənilməsi haqqında qəbz” almalıdırlar. Könüllü olaraq əldə edilən bu qəbzlər növbəti ay, rüb, yarımil və ya il üçün əldə edilir.

Belə kateqoriyaya aid sahələrdən biri də kənd təsərrüfatına yararlı torpaqları istifadə edən fiziki şəxslərin fəaliyyətidir. Bu şəxslər “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin, məcburi dövlət sosial sığorta və icbari tibbi sığorta haqqının ödənilməsi haqqında qəbz” əldə etməklə öhdəliklərini yerinə yetirirlər. Bir sıra hallarda onların bütün ailə üzvləri üzrə məcburi dövlət sosial sığorta haqları ödənilmədən “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin, məcburi dövlət sosial sığorta və icbari tibbi sığorta haqqının ödənilməsi haqqında qəbz”in əldə olunması üçün xidmət mərkəzlərinə müraciət etməsi hallarına rast gəlinir. Bu isə vergi qanunvericiliyinə ziddir.

“Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, digər sahələrdə işləyib məcburi dövlət sosial sığorta haqqı ödəyənlər istisna olmaqla, mülkiyyətində olan kənd təsərrüfatına yararlı torpaqları istifadə edən fiziki şəxslərin və ailə kəndli təsərrüfatlarının əmək qabiliyyətli ailə üzvlərinin hər biri üçün məcburi dövlət sosial sığorta haqqı ödənilməlidir. Burada məbləğ torpağın sahəsindən asılı olaraq minimum aylıq əməkhaqqının (345 manat) qanunvericilikdə göstərilən dərəcələri üzrə hesablanır.

Fərz edək ki, Şamaxı rayonunda vətəndaşın mülkiyyətində 2,5 hektar kənd təsərrüfatına yararlı torpaq mövcuddur. Torpaq mülkiyyətçisinin əmək qabiliyyətli ailə üzvlərinin sayı isə özündən savayı 2 nəfərdir. Bu halda, “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, torpağın sahəsi 2,5 hektar olduğu üçün bu torpaq sahəsi 1-ci kateqoriyaya şamil olunacaq (5 hektaradək). Bu halda torpaq mülkiyyətçisi özü və əmək qabiliyyətli ailə üzvləri üçün minimum əməkhaqqının 2 faizi miqdarında ödəniş etməsi tələb olunacaq. Yəni hər bir şəxs üçün 6,9 manat (345*2%=6,9) ödənilməsi tələb olunur. Yekunda isə 20,7 manat ödənilməsi zəruridir (6,9*3 (3 – ödəniş tələb olunan şəxslərin ümumi sayı)).

Torpaq sahəsinin ölçüsünə görə tətbiq olunan müvafiq dərəcələr aşağıdakı kimidir:

  • kənd təsərrüfatına yararlı torpaq sahəsi 5 hektaradək olduqda – əmək qabiliyyətli ailə üzvlərinin hər biri üçün minimum əməkhaqqının 2%-i miqdarında;
  • kənd təsərrüfatına yararlı torpaq sahəsi 5 hektardan 10 hektaradək olduqda – əmək qabiliyyətli ailə üzvlərinin hər biri üçün minimum əməkhaqqının 6%-i miqdarında;
  • kənd təsərrüfatına yararlı torpaq sahəsi 10 hektardan yuxarı olduqda – əmək qabiliyyətli ailə üzvlərinin hər biri üçün minimum əməkhaqqının 10%-i miqdarında.

Ödəniş edildikdən sonra yararlı torpaqları istifadə edən fiziki şəxslər və ailə kəndli təsərrüfatlarının başçıları tərəfindən “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin, məcburi dövlət sosial sığorta və icbari tibbi sığorta haqqının ödənilməsi haqqında qəbz” əldə olunmalıdır.

Əmək qabiliyyətli şəxslər dedikdə, orqanizmin funksiyalarının 61-100 %-inin pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslər və 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslər istisna olmaqla, 15 yaşından pensiya yaşına qədər olan şəxslər nəzərdə tutulur və onlar üçün ödənişin edilməsi zəruridir.

Qanunvericilikdə bu öhdəlikdən azad edilmiş müəyyən kateqoriyaya aid şəxslərlə bağlı müddəalar var. Həmin şəxslər yalnız digər sahələrdə işləyib məcburi dövlət sosial sığorta haqqı ödəyənlər, orqanizmin funksiyalarının 61-100%-inin pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslər və 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslər istisna olmaqla, 15 yaşından “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsi ilə müəyyən edilmiş yaş həddinədək olan şəxslərdir. Sadalanan şəxslər bu ödənişdən azaddırlar. Digər hallarda isə kənd təsərrüfatına yararlı torpaqların istifadəçisi olan fiziki şəxslərin digər bütün ailə üzvləri üçün məcburi dövlət sosial sığorta haqqının ödənilməsi zəruridir. Bu ödənişlər ödəniş edilmiş şəxs üçün pensiya kapitalının formalaşmasında mühüm rol oynayır.

Mənbə: vergiler.az

Xarici ölkəyə ezamiyyətə gedən işçiyə taksidən istifadəyə görə ödəniş edilirmi?

Xarici ölkəyə ezamiyyətə gedən işçiyə taksidən istifadəyə görə ödəniş edilirmi?

posted in: Xəbər | 0

Mövzunu sərbəst auditor Altay Cəfərov şərh edir.

Son vaxtlar ezamiyyə normalarına edilmiş dəyişikliklərdən biri də xarici ezamiyyələr zamanı “taksidən istifadə istisna olmaqla” ifadəsinin ləğv edilməsidir.

Bu məsələlər Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 yanvar 2008-ci il tarixli 14 nömrəli “Ezamiyyə xərclərinin normaları haqqında” qərarı ilə tənzimlənilir. 4 aprel 2024-cü il tarixli 200 nömrəli qərarla isə həmin qərara dəyişiklik edilib.

“Ezamiyyə xərclərinin normaları haqqında” qərarda əvvəlki versiyada belə yazılıb:

“Müəyyən edilsin ki, ezamiyyə xərclərinin 1 günlük normasına gündəlik, mehmanxana, rabitə, şəhərdaxili nəqliyyat (taksidən istifadə istisna olmaqla) və digər xidmətlərlə bağlı xərclər daxildir”. 4 aprel 2024-cü il tarixli dəyişiklikdən sora isə həmin maddə aşağıdakı kimi verilib: “Müəyyən edilsin ki, ezamiyyə xərclərinin 1 günlük normasına mehmanxana xərcləri və gündəlik xərclər (yemək, şəhərdaxili nəqliyyat, rabitə və digər xidmətlərlə bağlı xərclər) daxildir”.

Bu halda ezamiyyələr zamanı taksiyə görə xərclər üçün əlavə ödənişlər edilməlidirmi?

Məsələyə tam aydınlıq gətirmək üçün şəhərdaxili nəqliyyat anlayışını açıqlamalıyıq. Belə ki, nəqliyyat ifadəsi “Nəqliyyat haqqında” 11 iyun 1999-cu il tarixli Qanun ilə tənzimlənilir. Qanunun 1-ci maddəsində göstərilib ki, “nəqliyyat” – Azərbaycan Respublikasının ərazisində müəyyən edilmiş qaydada dövlət qeydiyyatına alınmış yüklərin və insanların daşınma vasitələridir, o cümlədən dəmir yolu, avtomobil, dəniz, daxili su, hava, şəhər və şəhərətrafı elektrik, metropoliten, həmçinin Azərbaycan Respublikasının ərazisində yerləşən magistral boru kəmərləri hesab edilir. Maddədən aydın olur ki, avtobuslar, tramvaylar, qatarlar, taksilər və digərləri nəqliyyat vasitəsi sayılır.

Bundan əlavə, ictimai nəqliyyat ifadəsi əhalinin geniş istifadə etdiyi sərnişin nəqliyyatı vasitəsi mövcuddur. İctimai nəqliyyat xidmətlərində, bir qayda olaraq, müəyyən ödəniş tələb olunur. İctimai nəqliyyat müəyyən marşrut xətti (cədvələ və ya tələbata uyğun olaraq) üzrə nəqliyyat vasitələri ilə sərnişin daşınmasını həyata keçirən xidmət sahəsidir. Onlara misal olaraq avtobus, qatar, metro, təyyarə və bu kimi başqa nəqliyyat sistemlərini göstərmək olar.

Göründüyü kimi, ictimai nəqliyyat hamının istifadə edəcəyi nəqliyyat vasitələridir. Yəni, yuxarıda qeyd etdiyimiz kimi, avtobuslar, tramvaylar, qatarlar, trolleybuslar ictimai nəqliyyat sayılır. Ancaq taksi hamının istifadə etməsi üçün nəzərdə tutulmuş ictimai nəqliyyat deyil. Eyni zamanda, taksi xidməti şəhərdaxili nəqliyyat sayılır. Ona görə də 4 aprel 2024-cü ilə kimi qaydalarda taksi şəhərdaxili nəqliyyat sayıldığından və normalarda taksiyə görə ödənilən haqlar da ezamiyyə normalarında daxil olmadığına görə, bu xərc üçün təsdiqedici sənədlərlə əlavə vəsait ödənilirdi.

Məsələn, 04.04.2024-cü il tarixinə kimi işçi xarici ölkəyə ezamiyyətə gedibsə və həmin ölkədə taksidən istifadə edibsə, onda taksi xidmətinə görə ödənilən vəsaitlərin təsdiqedici sənədlərini təqdim etməklə həmin vəsaiti ala bilərdi.

Amma 04.04.2024-cü il tarixindən “taksidən istifadə istisna olmaqla” ifadəsi ləğv edildiyindən, artıq taksi xidmətinə görə ödənilən vəsait də xarici ezamiyyələr zamanı ödənilən normalara daxildir.
Bəs şəhərlər arasında ödənilən taksi və ya digər ictimai nəqliyyat xərcləri bu normalara daxildirmi? Qaydalardan da göründüyü kimi, normalara ancaq şəhərdaxili nəqliyyat xərcləri daxildir. Əgər ezamiyyə müddətində işçi müxtəlif şəhərlərə gedərsə, şəhərlər arasında ödənilmiş ictimai nəqliyyat və taksi xidmətlərinə görə məbləğlər təsdiqedici sənədlər əsasında əlavə olaraq ödənilməlidir.

Mənbə: vergiler.az

Kənd təsərrüfatı məhsulları idxal edən vergi ödəyicisi ƏDV-ni necə əvəzləşdirə bilər?

1 310 311 312 313 314 315 316 2. 397